Məhkəmə qərarları › İş №1(011)-381/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-381/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-381/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, ev 10A-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,389 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Xətai RPİ-nin 34-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 18 aprel 2022-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, ünvan 4ndə saxlanılıb ünvan 1 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,389 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, ev 10A-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi ünvanında yaşayır, ailəlidir, heç bir yerdə işləmir. O, 1 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, həmin narkotik və psixotrop maddələri Azərbaycan Respublikasının müxtəlif bölgələrindən və müxtəlif yerlərindən 10-20 manata alır. Uzun müddətdir ki, Qurban Salmanov ilə tanış olmuş, belə ki, Qurban da onun kimi narkotik vasitə və psixotrop maddələrin aludəçisidir. O, son zamanlar narkotik vasitələri tanışı Qurban Salmanovdan alaraq istifadə edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində tanışı Qurbana zəng edərək ona narkotik vasitə satmasını bildirmiş, həmin tarixdə saat 14:30-da Qurban ilə ünvan 4nin yaxınlığında görüşərək Qurban Salmanovdan 10 manat pul müqabilində bir büküm narkotik vasitə heroin almışdır. O, Qurban Salmanovdan aldığı narkotik vasitə heroini əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq piyada N.Əliyarov küçəsi ilə hərəkət etməyə başlamışdır. Bu zaman piyada hərəkət edən 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraqa özlərini təqdim etdikdən sonra onu 34-cü PŞ-nə dəvət etmiş, o etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə getmişdir. 34-cü PŞdə onun şəxsiyyətini dəqiqləşdirdikdən sonra, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli şəxs qismində saxladıqları barədə məlumat vermişlər, ona sərbəst müdafiəçi seçmək hüququ izah olunduqdan sonra, o vəkillərin siyahısı ilə tanış olmuş, özünə dövlət hesabına müdafiəçi seçmiş, həmin müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi barədə hüquq və vəzifələr izah olunmuşdur. 34-cü PŞ-nin xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə müdafiəçinin iştirakı ilə, təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim edilməsini istədikdə, o, könüllü şəkildə, qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni çıxardaraq stolun üzərinə qoymuşdur. Təhqiqatçı həmin maddənin nə olduğunu soruşduqda, o həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin maddəni ünvan 4 yaxınlığında tanışı Qurban Salmanovdan 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş həmin kütlə videoçəkilişdən istifadə etməklə elektron tərəzidə ölçülmüş və çəkisinin 0.59 qram olması müəyyən edilmişdir. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını və səmimi etirafını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri olmamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Xətai rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi nömrəsiz evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə etmiş, dərhal 34-cü PB-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:30 da ünvan 4 ünvanında saxlayaraq 34-cü PŞ-nə dəvət etmişlər. Əllərini ciblərinə salmağına imkan vermədən polis şöbəsinə aparılmış, təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra, Zöhrab Babayevin üzərinə şəxsi axtarış keçirilməsi barədə hüquq və vəzifələr izah olunmuş, videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. O bildirmişdir ki, təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmeti təqdim etməsini istədikdə könüllü sürətdə o, qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli, “Heroin”ə bənzər predmet və narkotik vasitəni həmin gün N.Əliyarov küçəsi yaxınlığında tanışı Qurban Salmanovdan şəxsi istifadəsi üçün 10 manata əldə edərək üzərində daşımışdır. Həmçinin bildirmişdir ki, həmin narkotik vasitələri və psixotrop maddələri uzun müddətdir ki, Qurban Salmanovdan pul müqabilində alaraq şəxsi istifadəsi üçün istifadə edir. Sonuncu dəfə isə həmin gün saat 14 radələrində Qurban Salmanovdan 1 büküm narkotik vasitə “heroin” almaq üçün, 10 manata şəxsi istifadəsi üçün almış, təhqiqatçı həmin kütlələri elektron tərəzidə ölçmüş, hamin kütlələrin ümumi çəkisi 0,59 qram müəyyən olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq iştirakının təmin edilməsi mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin və Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 18 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli olan narkotik vasitəyə bənzər maddənin bir gün bundan əvvəl Bakı şəhəri, Xətai rayonu, N.Əlyarov küçəsinin qarşısında Qurban adlı şəxsdən öz istifadəsi üçün 10 manata heroin olduğunu bilərək əldə etmişdir. Həmin maddə zərfdə qablaşdırılaraq möhürlənir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022ci il tarixli, 6/2211 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” möhür əksi, “Təqsirləndirilən şəxs.." və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,389 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. (Tədqiqatdan sonra qalıq 0.339 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2022-ci il tarixli 2424 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 04 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,339 qram narkotik vasitə heroin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «DVD» disk iş üzrə maddi sübut qismində tanınmış, cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «DVD» disk isə iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halarlın mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,339 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,339 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar