Məhkəmə qərarları › İş №1(011)-382/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-382/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-382/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X2, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Yeniyol kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Məmmədrza Dizə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 29 dekabr 2021-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanda yerləşən binanın birinci mərtəbəsində yerləşən əlvan-metal qəbulu məntəqəsinin qarşısında elektrik naqili yandırmasına görə ona irad bildirən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bir dəfə əlində olan kəlbətin ilə sonuncunun sağ qulağından vuraraq ona sağ qulaq seyvanı nahiyəsində əzilmiş, cırılmış yara ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşadığı müddətdə metal toplamaqla məşğul olmuşdur. Topladığı metalları isə məntəqələrdə satmaqla pul əldə etmişdir. Barəsində axtarış elan olunmasından məlumatı olmamış və Naxçıvan Muxtar Respublikasında olmuşdur. 29 dekabr 2021-ci il tarixdə səhər saatlarında bir neçə gün ərzində topladığı metalları satmaq üçün ünvan 1 ünvanda yerləşən metal qəbulu məntəqəsinə getmişdir. Həmin məntəqə 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsində yerləşir. Gətirdiyi metalın içərisində elektrik naqili də olduğundan naqilin üzlüyündə olan materialları yandırmaq məcburiyyətində qalmışdır. Buna görə də naqilləri yerə qoyaraq alışqan ilə yandırmışdır. Özündə olan dəmir kəlbətin ilə naqilləri üzlüyünü yandıqdan sonra təmizləmişdir. Saat 11 radələrində bir nəfər kişi yaxınlaşmış və orada yaşamasını demişdir. Sonradan həmin şəxsin Zərərçəkmiş şəxs olmasanı öyrənmişdir. Həmin şəxsə elektrik naqilini nə üçün yandırmağını bildirib tüstünün evinin içərisinə daxil olmasını irad kimi bildirmişdir.Həmin şəxsdən üzür istəyərək ilk dəfə orada naqil yandırdığını ona bildirmişdir. Bu zaman həmin şəxs əlini onun üzünə qoyaraq itələmişdir. Həmin anda əlində olan kəlbətin ilə onun sağ qulağından bir dəfə vurmuşdur. Həmin hadisə zamanı orada heç kim olmamışdır. Kənardan isə kimlərin görməsini bilməmişdir. Bundan sonra isə oradan uzaqlaşıb getmişdir. Bir neçə gün sonra yaşadığı Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Məmmədrza kəndinə getmişdir. Sonradan isə cinayət işi başlanılmasını və axtarış olmağını bilmişdir. 07 iyun 2022-ci il tarixdə isə Naxçıvan Muxtar Respublikasında saxlanılmış və Bakı şəhərinə gətirilmişdir.Zərərçəkmiş şəxsdən dəfələrlə üzür istəməsinə baxmayaraq onunla barışmamışdır. Hal-hazırda törətdiyi əməldən paşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X2 həmin cinayət əməlinin törədilməsində təqsirinin olması özünün səmimi etirafı ilə yanaşı iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və cinayət işinin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı mənzilin yerləşdiyi binanın birinci mərtəbəsində əlvan metal sexi yerləşir. Həmin sexə tanımadığı şəxslər gələrək naqillər satırlar və naqillər satılan zaman isə sexin qarşısında yandırırlar. Bu səbəbdən də naqillərin tüstüsü yaşadığı mənzilə dolur. 29 dekabr 2021-ci il tarixdə saat 11 radələrində sexin qarşısında tanımadığı şəxsin naqil yandırmasını görmüşdür. Həmin şəxsə yaxınlaşıb öz iradını bildirmiş və əli ilə onu sifətindən itələmişdir.Bundan sonra həmin şəxs əlində olan dəmir parçası ilə onun sağ qulağından bir dəfə vurmuşdur. Sonra isə qaçaraq uzaqlaşmışdır. Arvadı Gülüş aşağı yenərək qulağının qanamasını görərək onu Respublika Neyrocərrahiyyə xəstəxanasına aparılmışdır. Xəstəxanada tibbi yardım göstərilmiş və özünü yaxşı hiss etdikdən sonra evə gəlmişdir. Evə gəldikdə arvadı Gülüş DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək yuxarıda sadalanan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Onun ifadəsi təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuş, heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs cinayət hadisəsi ünvan 1 ünvanda yerləşən binanın birinci mərtəbəsində yerləşən əlvan-metal qəbulu məntəqəsinin qarşısında baş verdiyini bildirmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 05 yanvar 2022-ci il tarixli 06 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət - sağ qulaq seyvanı nahiyəsində əzilmiş, cırılmış yara küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2021-ci il tarixdə və şəraitdə kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin şəxsin özü-özünə yetirməsinə xarakterik deyildir. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli axtarışda olan şəxsin saxlanılması haqqında protokoldan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Naxçıvan MR-da saxlanılmışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X5 barəsində 07 iyun 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 iyun 2022-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, X5 məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, X1 etirafı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyi ilə və digər iş materialları ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Məhkəmə, X2 törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X4 cəza təyin edərkən əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə X4 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi saxlandığı 01 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X2 üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs X4 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. X2 şübhəli şəxs kimi saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. X2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Naxçıvan MR Ədliyyə Nazirliyi Babək rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X5 barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar