Məhkəmə qərarları › İş №1(011)-383/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-383/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-383/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixdə ünvan ünvanda yerləşən “Nobel” hotelə müştəri qismində gəlib orada gecələdikdən sonra 22 yanvar 2024-cü il tarixdə saat 07:53-də hotelin qeydiyyat şöbəsində işləyən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə hotelin qaydalarına əsasən 12 saatlıq müddətin keçməsi ilə bağlı otağı boşaltma vaxtının bitməsini bildirib oranı tərk etməsini tələb etdikdə hotelin qeydiyyat şöbəsinə düşərək heçbir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruqla vurub zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan,lakin Zərərçəkmiş şəxs burun sümüyünün açıq yerdəyişmiş sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüs pozulması, hər iki gözaltı nahiyənin dərialtı hematomaları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi yazılı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilir. Hal-hazırda onun barəsində cinayət işi hazırlıq mərhələsindədir. Onun barəsində aparılan cinayət işinin istintaq dövründə onun müdafiə hüquqi pozulmuşdur. Belə ki o, təhsilini rus dilində aldığı halda və Azərbaycan dilini yaxşı bilmədiyi üçün ona tərcüməçi təyin edilməmişdir. Bundan əlavə ittiham olunan maddə üzrə özünü təqsirli bilmədiyi halda ittiham aktında özünü təqsirli bildiyi qeyd olunmuşdur. Odur ki, göstərilənlərə əsasən cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş vəsatətlə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı onun müdafiə hüququ və tərcüməçidən istifadə etmək hüququ pozularaq barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham aktı tərtib edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki o, orta təhsilini rus dilində almış, Azərbaycan dilində sadə sözləri danışa, yaza və oxuya bilsə də, ona hüquqi terminlərin mənası aydın olmamışdır. Həmçinin, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə baxmayaraq ittiham aktında onun özünü təqsirli bilməsi qeyd edilmişdir. Bu səbəbdən ittiham aktını aldıqdan sonra ona məlum olmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən ciddi nöqsanlara yol verilərək ona əsassız olaraq ittiham elan edilmişdir. Beləliklə o, ibtidai istintaq zamanı ona iş materiallarının rus dilində təqdim olunmadığını və rus dilinə tərcümənin təmin olunmadığını, tərəfindən cinayət işinin materiallarında və ittiham aktında göstərilmiş məzmunda izahatlar verilmədiyini bildirərək barəsində başlanmış cinayət işinə xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verilmədiyindən vəsatətin təmin edilməməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, ibtidai istintaq zamanı iş üzrə kobud pozuntulara yol verildiyindən Müdafiəçi vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 303.4-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 17 saylı tam orta məktəbi tərəfindən verilmiş A seriyalı 047791 nömrəli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 02 iyul 2011-ci il tarixdə Bakı şəhəri 17 saylı tam orta məktəbin rus bölməsini bitirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən ********* saylı cinayət işi üzrə aparılan istintaq zamanı CPM-nin tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən nöqsanlara yol verilmişdir. Məhkəmə ilk növbədə hesab edir ki, istintaq orqanı məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnu pozmaqla və təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının və digər zəruri sənədlərin surətlərini verməməklə cinayət prosessual qanunvericiliyinin tələblərini aşkar surətdə pozmuşdur. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan dilində çətinliklə danışa bilsə də, orta məktəbi rus dilində bitirmişdir. Bu səbəbdən də Azərbaycan dilində yazıb oxuya bilsə də əksər hüquqi terminləri və sözləri başa düşmür. Belə olan halda Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı cinayət prosesinə cəlb edildiyi andan tərcüməçi ilə təmin edilməli olduğu halda tərcüməçi ilə təmin olunmamış, sonrakı mərhələdə, yəni təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə və ittiham aktının təqdim olunması mərhələsində Təqsirləndirilən şəxs cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuş, ittiham aktının və digər zəruri sənədlərin surətləri onun başa düşdüyü dilə tərcümə olunmaqla ona təqdim olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı 14 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında xx.xx.2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi vaxt məhdudiyyəti olmadan cinayət işinin materialları ilə tanış olmaları qeyd edilsə də, ittiham aktının Təqsirləndirilən şəxs rus dilinə tərcümə edilmiş nüsxəsinin təqdim edilməsini təsdiqləyən qəbz iş materiallarına əlavə olunmamışdır. Başqa sözlə, istintaq orqanı tərəfindən rus dilinə tərcümə olunmuş ittiham aktının surətinin Təqsirləndirilən şəxs verilməsini təsdiq edən sənədlər, rus dilinə tərcümə edilmiş ittiham aktının sonuncu tərəfindən alınmasını təsdiq edən qəbzlər və rus dilində olan ittiham aktınının surəti cinayət işinin materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının öz ana dilindən istifadə etmək və ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək hüquqlarını təmin etməlidir. 26.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. 91.5.11 və 95.5.12-ci maddələrinə əsasən ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək təqsirləndirilən şəxsin hüquqları sırasına daxildir. 99.1-ci maddəsinə əsasən tərcüməçi cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında icraatın materiallarını, habelə məhkəmə iclasının gedişi, istintaq və ya digər prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Tərcüməçi cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər. 99.4.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tərcüməçi cinayət prosesini həyata keçirən orqana tərcümə edilən dilləri bilməsini təsdiq edən sənəd təqdim etmək; cinayət prosesini həyata keçirən orqanın, həmçinin məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə tərcüməni tam və düzgün yerinə yetirməsi qabiliyyətini düzgün qiymətləndirmək vəzifələrini yerinə yetirməlidir. Bununla da, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən məhkəməyədək icraat təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə aparılmışdır. Belə ki, təqsirləndirilən şəxsin tərcüməçi ilə təmin edilməməsi və bununlada iş materiallarında olan mühüm prosessual sənədlərin təqsirləndirilən şəxsin başa düşdüyü dilə tərcümə olunmaması həmin sənədlərin formal olaraq imzalandığını təsdiq edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs iş materialları ilə formal olaraq tanış olsa da, həmin sənədlərin məzmununu başa düşmədiyi üçün müdafiə imkanından da məhrum olmuşdur. Başqa sözlə, məhkəməyədək icraat zamanı istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin mühüm prosessual hüququ olan müdafiə hüququ pozulmuşdur. Nəzərə alınmalıdır ki, müdafiə hüququ cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin sadəcə müdafiəçi ilə təmin edilməsindən ibarət deyil. Bu hüquq şəxsin müdafiə hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlara dair məlumatlanmaq, eləcə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq kimi geniş prosessual imkanları əhatə edir. Göstərilən prosessual təminatlar tərcüməçi ilə təmin olunmaq hüququ ilə əlaqəli olduğundan həmin hüququn pozulması nəticə etibarilə müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəsin ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan göründüyü kimi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və tərəflər ifadələrini bir-birilərinin iştirakı ilə təsdiqlədikdən sonra Təqsirləndirilən şəxs “Oxudum. Əlavəm var düzgün yazılmayıb imzamla təsdiq edirəm” qeyd etməklə üzləşdirmə protokolunu imzalamışdır. Daha sonra, Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən qəbul edilmiş “vəsatətə baxılması haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs istintaq hərəkətinin protokolunu oxuduqdan sonra düzgün tərtib edilmədiyini qeyd etməsi vəsatət kimi qəbul edilmiş və Təqsirləndirilən şəxs üzləşdirmə protokolunda qeyd etdiklərinin müdafiə xarakterli olması əsas gətirilərək təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət əsassız olduğundan rədd edilmişdir. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər araşdırılmadan, onun xx.xx.2024-ci il tarixli üzləşdirmə protokolu ilə razılaşmamasının nədə ifadə olunması müəyyənləşdirilmədən, Təqsirləndirilən şəxs istintaq hərəkətinin protokolunu oxuduqdan sonra düzgün tərtib edilmədiyini qeyd etməsi formal olaraq vəsatət kimi qəbul edilməklə vəsatət rədd edilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edilməklə ittiham aktı tərtib edilmiş və ittiham aktında onun törədilən əməldə özünü təqsirli bilməsi qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 289.3.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməlidir. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.2. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması; 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1, 303.3.2 , 303.3.6 və 303.3.7-ci maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən müdafiəçinin vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X2 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Müdafiəçi vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar