Məhkəmə qərarları › İş №1(011)-385/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-385/2022

05.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-385/2022 05.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,752 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin NMQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 may 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsində saxlanılıb, ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin inzibati binasına gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,752 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etməyə üç il əvvəl başlamışdır. O, hər gün tibbi iynə vasitəsilə narkotik vasitə istifadə etmiş, narkotik vasitələri müxtəlif şəxslərdən əldə etmiş, son dəfə narkotik vasitəni 06 may 2022-ci il tarixdə “Xətai” metrostansiyasının yaxınlığında Əli adlı şəxsdən almış, istifadə etmək üçün yaşadığı mənzilə gedərkən yolda polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə dəvət edilmişdir. Polis idarəsində üzərinə baxış keçirilərkən könüllü olaraq narkotik vasitəni təqdim etmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, 06 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş həmin məlumat yoxlanması üçün idarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alındıqdan sonra, Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra həmin gün saat 16:00 radələrində əməliyyat qrupunun digər üzvü ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsinə getmişlər. Qeyd edilən ünvan ətrafında əməliyyat mövqeyi tutaraq müşahidə aparan zaman xarici görünüşcə Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxs gəlmiş, onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, istifadə etməsi barədə məlumat daxil olduğunu bildirərək onu Xətai RPİ-nə dəvət etmişlər. Polis idarəsinə gəldikdən sonra vəkil dəvət edilmiş, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan 01 ədəd büküm narkotik vasitəni təqdim edib, bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş narkotik vasitə heroini Xətai metro stansiyasnın yaxınlığında Əli adlı şəxsdən öz istifadəsi üçün 10 manata qarşılığında aldığını bildirmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X3 tərəfindən, Xətai RPİ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs, mütəxəssis (ekspert) Xətai RPİ-nin KTQ-nun baş inspektor kriminalisti polis mayoru X7 və müdafiəçi X5 iştirakları ilə Xətai RPİ-nin inzibati binasında “Panasonic” markalı videokamera vasitəsilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində nə olması soruşulduqda, o, narkotik maddə olan heroin olmasını bildirmişdir. Həmin bükümdəki maddə elektron tərəzidə ölçülmüş və kütlənin çəkisi 1,03 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, o, 06 may 2022-ci il tarixdə saat 13 radələrində Xətai metrostansiyasının yaxınlığında özünü Əli kimi təqdim edən şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 155 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi qeyd edilmişdir (i.v. 34-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 may 2022-ci il tarixli 6/2647 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №155“ möhür əksi, “... Təqsirləndirilən şəxs... ” və s. Yazılar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,752 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbayacan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 43-46); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 55-56); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında Xətai rayon prokuroru Sərdar İmanovun 08 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Elşən Həsənovun 08 may 2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir (i.v. 74-75); polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə 08 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 77-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v. 79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 2850 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 81-82); videogörüntüyə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, videogörüntüdə baş təhqiqatçı Teymur Ağamirov tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılacağı barədə məlumat verir, ardınca axtarışda iştirak edəcək şəxsləri elan edir. Onun sağ tərəfində masa arxasında 13 saylı vəkil bürosunun vəkili X8, ön tərəfdə ayaq üstə əynində boz rəngli cins şalvar, qara rəngli gödəkçə və başında qara rəngli günlüklü papaq geyinmiş şəxs Təqsirləndirilən şəxs, habelə həmin şəxsin sağ və sol yan tərəfində isə Xətai RPİ-nin NMQ-nun əməliyyat müvəkkilli Şahid1 və 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 olması müşahidə edilir. Videoçəkilişin davamında baş təhqiqatçı Teymur Ağamirov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, anket məlumatlarını dəqiqləşdirir, ardınca üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm tərəziyə qoyularaq çəkilir və həmin kütlənin büküm ilə birlikdə çəkisi 1,03 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə heroin olduğunu, şəxsi istifadəsi üçün Əli adlı şəxsdən 10 manata aldığını qeyd edir (i.v. 93-94); sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkişi 0,752 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,702 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir ( i.v. 101-108); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-385/22 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixə, saat 11:00-da məcburi qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-385/22 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş və o, tapılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilməsi, həmçinin Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin 108-20344 nömrəli, 05 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 noyabr 2022-ci il tarixdə tutularaq məhkəməyə göndərilmişdir; Axtarışda olan şəxsin tutulması barədə 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:40 radələrində tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-385/22 nömrəli, 05 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə baxış iclası 05 noyabr 2022-ci il tarixə saat 14:15-ə təyin edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146-ci maddələri). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.752 qram heroin şəxsi istehlak miqdarından artıq hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2-ci maddə) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 06 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin axtarış qərarı əsasında 05 noyabr 2022-ci il tarixdə saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.752 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.702 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 110 (bir yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli axtarış qərarı əsasında saxlanıldığı 01(bir) gün, ümumilikdə 03 (üç) gün müddət, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.752 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.702 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar