Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-385/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin Xətai RETSİ-nin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Amasya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 13:35-də "xxxx" ASC-nin Xətai RETSİ-yə məxsus saxlanc yeri hesab edilən Bakı şəhəri, Xətai rayonu, Babək küçəsi 90 ünvanında yerləşən 320 saylı Transformator məntəqəsinə üzərində olan vintaçanla qapını açıb qanunsuz daxil olaraq həmin məntəqədən 1 ədədinin dəyəri 450 manat, cəmi dəyəri 900 manat olan 2 ədəd şin ayrıcı, dəyəri 900 manat olan 1 komplekt yağ açarının şitoklarını, cəmi dəyəri 380 manat olan 06 ədəd yağ açarının mühafizə dolaqlarını, yəni dövlət əhəmiyyətli elektrik xətlərinə münasibətdə gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" ASC-nin Xətai RETSİ-nə ümumi olaraq 2060 (iki min altmış) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş sifarişi aldığından xx.xx.2023-cü il tarixdə saat 13 radələrində «Xalqlar Dostluğu» metrostansiyası yaxınlığına gəlmiş, orada iş görməli olduğu mənzilin sahibindən təxminən 30 dəqiqə zəng gözləsə də heç kim ona zəng etməmişdir, o da yaxınlıqda avtobus dayanacağı axtardığı üçün «Sərhədçi» idman kompleksindən yuxarı istiqamətdə hərəkət etmişdir. Təxminən saat 14 radələrində həmin istiqamətdə hərəkətdə olan zaman Bakı şəhəri, Xətai rayonu, Babək küçəsi 90 ünvanında 320 saylı Transformator məntəqəsinin olduğunu və həmin ərazidə heç kimin olmadığını görüb həmin məntəqəyə yaxınlaşmışdır. Üzərində olan vintaçanı çıxararaq həmin məntəqənin qapısını açmağa başlamışdır. O, ilk dəfə idi ki transformator məntəqəsinin qapısını açdığından açılmanın alınıb-alınmayacağını bilməmişdir. Vintaçanla qapını açdıqdan sonra qapını içəridən bağlamış və məntəqənin işlək vəziyyətdə olmadığını elektrik naqillərinin məntəqənin içərisində qoşulu olmadığından başa düşmüşdür. Əvvəlcə orada olan elekrik yuvalarının bir neçəsinin qapısını açaraq hansının cərəyana qoşulu olub-olmamasına baxmış və sonra cərəyana qoşulmamış elektrik yuvalarından mis olduğunu bildiyi detalları, yəni bir neçə ədəd olmaqla şina və katuşkaları 1 saat ərzində vintaçanla yerindən söküb üzərində olan qara rəngli torbaya yığdıqdan sonra məntəqəni tərk etmiş, qapısını bağlayıb piyada torba ilə birlikdə təxminən 200 metr məsafəni piyada getdikdən sonra yol ilə hərəkət edən təsadüfi taksi avtomaşınına əl edərək saxlamış, Suraxanı rayonu ərazisində yerləşən «Caspian Oil» şirkətinin yaxınlığında yerləşən metal qəbul məntəqəsinə yollanmışdır. Taksidən dediyi yerdə düşərək metal qəbul məntəqəsinə daxil olmuş və orada işləyən Cəlal adlı şəxsə yaxınlaşıb oğurladığı mis məmulatlarını satmaq istədiyini demişdir. Cəlal ondan həmin mis məmulatlarını haradan əldə etdiyini soruşduqda o, həmin mis əşyaları zibillikdən tapdığını bildirmişdir. Cəlal tərəzi ilə oğurladığı mis məmulatlarını ölçərək təxminən 9 kq olduğunu bildirmiş və ona 90 manat pul vermişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödədiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin Xətai RETSİ-nin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, 15 avqust 2021-ci ildən Azərişıq” ASC Xətai RETSİ-nin istismar şöbəsinin mühəndisi vəzifəsində işləyir. "xxxx" ASC Xətai RETSİ-ni etibarnamə əsasında təmsil edir. "xxxx" ASC Xətai RETSİ-nin rəisi Şahin Qədimli ərizə ilə Xətai RPİ-nin 34-cü PŞ-nə müraciət edərək Xətai rayonu, Babək küçəsi 90 ünvanında yerləşən 320 saylı Transformator mərkəzindən 2 ədəd şin ayrıcı, 1 komplekt yağ açarının şitokları, yağ açarının mühafizə dolaqlarının oğurlanmasını bildirmişdir. Həmin oğurluq hadisəsi zamanı oğurlanmış elekrik avadanlıqlarının dəqiq sayı və çeşidi müəyyən edilmiş və nəticədə həmin Transformator məntəqəsindən dəyəri 900 manat olan 2 ədəd şin ayrıcı, dəyəri 780 manat olan 1 komplekt yağ açarının şitokları, 06 ədəd 380 manat dəyərində yağ açarının mühafizə dolaqlarının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində 2060 manat dəyərində əmlak oğurlanmış və həmin məbləğdə "xxxx" ASC-nin Xətai RETSİ-nə maddi ziyan dəymişdir. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən hüquqi şəxsə dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2023cü ilin yanvar ayından Bakı şəhəri, Suraxanı rayonu, İlham Şükürov küçəsində yerləşən əlvan metal qəbulu məntəqəsində əlvan metalların qəbulu və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs fevral ayının əvvəllərində 1 dəfə məntəqəyə gələrək əlvan metal satmış, həmin vaxt onu tanımışdır. 05 fevral 2023-cü il tarixdə Naib yenə onların məntəqəsinə gələrək yanmış formada olan mis məmulatlarını satmaq istədiyi bildirmişdir. O, Naibdən həmin məmulatların nə olduğunu soruşduqda Naib bildirmişdir ki, fərdi evlərdə elektrik kimi fəaliyyət göstərdiyindən köhnə mis tullantılarını toplayaraq satmaqla özünə gəlir əldə edir. O da Naibin şəxsiyyət vəsiqəsi ilə tanış olub onun ad familiyasını qeyd etdikdən sonra onun təqdim etdiyi mis məmulatlarını məntəqədə olan tərəzi ilə ölçmüş və həmin mis məmulatlarının çəkisinin 9 kiloqram olduğunu Naibə demişdir. Misin hər kiloqramını 10 manat qiymətinə hesablamaqla ona cəmi 90 manat pul vermişdir və Naib çıxıb getmiş, həmin mis məmulatlarını da təxminən bir neçə gün sonra dəmir alan tanımadığı şəxsə 100 manat müqabilində satmışdır. Təqsirləndirilən şəxs satdığı mis məmulatlarının oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul olunmuşdur (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 90 ünvanında yerləşən 320 saylı enerji təchizatı məntəqəsinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 7-9); videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 90 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus 32 saylı enerji təchizatı məntəqəsinin içərisindən oğurluq edilməsi faktı qeydə alınmışdır. Qeyd olunan disk sübut əhəmiyyəti kəsb etdiyindən protokola əlavə edilmişdir (i.v. 11-12); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 27 fevral 2023cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" ASC-nin Xətai RETSİ zərərçəkmiş şəxs qismində və Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 21-22); şübhəli şəxsin tutulması haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 39-40); “CD-R” diskə baxış keçirilməsi haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 05 fevral 2023-cü il tarixdə saat 13:35-də 1 nəfər arıq bədən quruluşlu qarabəniz əynində tünd rəngli gödəkçə, tünd rəngli şalvar və başında papaq olan hündürboylu şəxs "xxxx" ASC-nin balansında olan Bakı şəhəri, Xətai rayonu, Babək küçəsi 90 ünvanında yerləşən 320 saylı Transformator məntəqəsinə doğru piyada hərəkət edərək məntəqənin qapısını özü ilə hadisə yerinə gətirdiyi vintaçanla açdıqdan sonra məntəqin içərisinə daxil olaraq qapını örtür və saat 15:25-də əlində olan qara rəngli torba ilə birlikdə qapıdan çıxaraq arxasınca qapını bağlayaraq piyada həmin ərazidən uzaqlaşır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu təsdiqləmişdir (i.v. 48); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 49-50); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-156/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun barəsində əvvəli 27 fevral 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (i.v. 68-72); ifadənin yerində yoxlanılması haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 73-75); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2000-ci il tarixdə məhkəməyə göndərilmişdir və o, CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək aylıq gəlirinin 20% tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir (i.v. 76-77); hökmün qanuni qüvvəyə minməsinə dair arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü xx.xx.2000-ci il tarixdə qanuni qüvvəyə minmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3053 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2060,00 manat müəyyən edilməklə dəymiş ziyan 2060,00 manat müəyyən edilir. (i.v. 81-84); sübutların qiymətləndirilməsi haqqında 21 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1 və 180-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, hadisə yerinə baxış keçirilməsi, diskə baxış keçirilməsi haqqında protokollar, maddi sübut kimi tanıma haqqında qərar, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmişlər (i.v. 86-90); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-355/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 15 gün olmaqla, 11 iyun 2023-cü il tarixədək uzadılmışdır (i.v. 105-108); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-355/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır; Bakı şəhəri Xətai rayon məhkəməsinin hazırlıq iclasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. zərərçəkmiş hüquqi şəxs Azərişıq” ASC-nin Xətai Rayon Enerji Təchizat və Satış İdarəsinin rəisi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, "xxxx" ASC-nin Xətai Rayon Enerji Təchizat və Satış İdarəsinin balansında olan Xətai rayonu, Babək prospekti 90 ünvanında yerləşən 320 saylı Transformator Məntəqəsində oğurluq hadisəsi ilə bağlı başlanmış cinayət işi üzrə Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Xətai RETSİ-yə vurduğu 2060 manat məbləğində ziyanı tam olaraq ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 27 fevral 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 10 (on) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “CD- R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 10 (on) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 03 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-385/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-385/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver