Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-385/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X3 və müdafiəçisi Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və xüsusi ittiham qaydasında şikayət verən X4 iştirakı ilə, xüsusi ittiham qaydasında X4 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X5 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ticarət obyekti ona məxsusdur. Həmin ticarət obyekti bir müddət əvvəl fəaliyyətə başlamışdır. Ticarətdə müəyyən uğurlu nəticələrin əldə etmək üçün müasir dövr görülən işlərin sosial şəbəkələrdə nümayiş etdirilməsini tələb edir. Onun "İnstaqram" və digər sosial şəbəkələrdə şəxsi hesabı olduğu üçün o da öz əl işlərini sosial şəbəkələrdə nümayiş edir. Onun bu şəbəkərlərdə mindən artıq izləyiciləri vardır. Bir neçə gün bundan əvvəl o öz işini qurmaqda hansı çətinliklərlə üzləşməyi, bura qədər hanzı əziyyətlər hesabına gəlib çıxmağı və işinin ərsəyə gətirməkdən ötrü başladığı yolun nə qədər ağır olmağı barədə bir video çarx hazırlayıb sosial şəbəkədə özünə məxsus hesabda paylaşmışdır. Bundan sonra X3 onun paylaşdığı çarxa şərh bildirərək "Butun Cavanşir bilir ki o abyekti Kim ve nece tikib....Danıwanda duzun danış....Menim o abyekte göre bawimdan axitigim Qan haram xowun olsun halal elemirem!!! Seni adam eliyen var..." kimi cümlələr yazmışdır. Bununla da X3 mənə böhtan atmış, mənim haqqımda həqiqətə uyğun olmayan məlumatlar paylaşmışdır. Əfsanə Əlizadənin sosial şəbəkələrdə onun haqqında yazdığı yazılar heç bir halda həqiqəti əks etdirmir və böhtan xarakteri daşıyır. Onun sosial şəbəkələrdə min nəfərdən artıq izləyicilərinin olduğunu nəzərə alsaq onun bu hərəkətləri onun işgüzar nüfuzuna xələl gətirməyə, onu sosial şəbəkərlərdə biyabır etməyə xidmət edir. Ona görə də hesab edir ki, onun əməlində Azərbaycan Respublikasıl Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və o, törətdiyi əmələ görə məsuliyyətə cəlb olunmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün müvafiq məhkəmə aktı qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X3 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X1 müdafiəçisi Müdafiəçi şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X5 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 147.2-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Adı çəkilən Plenum Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, xüsusi ittihamçı qanunvericiliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Belə ki, hazırki şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, həmçinin qeyd olunan hesabın X2 məxsus olubolmaması, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmiş, həmçinin CPM-in tələblərinə riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə bağlı X5 şikayətin tərtib olunduğu yeri göstərməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X5 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X5 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-385/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-385/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver