Məhkəmə qərarları › İş №1(011)-387/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-387/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-387/2021 08.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştırakları ilə xx.xx.1997-ci ildə Hacıqabul rayonu, Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Hacıqabul rayonu, Kolanı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə 05.05.2021-ci il tarixdə, saat 13 radələrində fəhlə işlədiyi, Nümayəndə təsisçisi və direktoru olduğu "xxxx" MMCnin Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Qarabağ atları meydanında yerləşən "xxxx" MTK yaşayış kompleksinin 4-cü blok, 3-cü mərtəbəsindəki elektrik şaxtasından bir metrinin qiyməti 1 manat 50 qəpik olan 72 manat qiymətində 48 metr 3x2.5mm TTR markalı mis naqili, bir metrinin qiyməti 3 manat 50 qəpik olan 42 manat qiymətində 12 metr 4x4 mm2 N2XH markalı mis naqili, bir metrinin qiyməti 5 manat olan 60 manat qiymətində 12 metr 4x6 mm2 N2XH markalı mis naqili, bir metrinin qiyməti 8 manat olan 480 manat qiymətində 60 metr 4x10 mm2 N2XH markalı mis naqili gizli olaraq talayıb "xxxx" MMC-nə 654 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında və istintaqda verdiyi ifadələri,ekspert rəyi və işin digər materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Hacıqabul rayon Kolanı kəndində yaşıyır və oradada qeydiyyatdadır. 2021-ci ilin yanvar ayından Bakı şəhəri, Ağ şəhər, Qarabağ Atları meydanında inşa edilən "xxxx" MTK-da fəhlə işləmişdir. 05.05.2021-ci il tarixdə əmək haqqı veriləcəyi deyilmişdir. Onu da qeyd etmişdir ki, ona 60 manat əmək haqqı hesablanmışdır. Belə ki, o, kafel və metlax arasına dolğu vuraraq dolanmışdır. Götürdüyü işin kvadratı az olduğundan ona az əmək haqqı hesablanmışdır. Borcu olduğundan və az əmək haqqı alacağından 04.05.2021-ci il tarixdə, axşam saatlarında işlədiyi binadan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, səhəri gün əmək haqqını götürmək üçün ofisə gedəndə binadan naqil oğurlamağı qərarlaşdırmışdır. Səhəri gün, yəni 05.05.2021-ci il tarixdə əmək haqqını götürmək üçün Ağ şəhər, Qarabağ Atları meydanında inşa edilən "xxxx" MTK-nin ofisinə yollanmışdır. Onu da qeyd etmişdir ki, həmin gün onunla birlikdə fəhlə işləyən Rəşad da əmək haqqını almaq üçün ofisə getmişdir. Nahar fasiləsi zamanı sakitlik olduğundan o, binanın 4-cü blokuna daxil olub 3cü mərtəbəyə qalxmışdır. Ordan götürdüyü kəlbətin ilə 4-cü blokun elektrik şaxtasından elektrik naqillərini kəsmişdir. Kəsdiyi naqilləri blokdakı mənzillərin birinin qapısının arxa hissəsində gizlətmişdir. Axşam saat təxminən 19 radələrindən sakitlik olduğunu gördükdən sonra naqilləri gizlətdiyi mənzilə qalxmış və həmin naqil toplarını pəncərədən küçəyə tərəf atmışdır. Sonra aşağı düşüb həmin naqilləri kisəyə qoyub plakatın arxasında gizlətmişdir. Bundan sonra Rəşada yaxınlaşıb sonuncunun telefonu ilə bir evdə yaşadığı Samirin mobil telefonuna zəng edərək İbrahim ilə birlikdə işlədiyi yerə gəlməsini, yükü olduğu üçün köməyə ehtiyacı olduğunu onlara bildirmişdir. Samir, İbrahim və Rəşad ilə birlikdə kirayədə yaşayayırlar. Samir ilə İbrahim dondurma sexində fəhlə işləmişdir. O, plakatın yanında dayanıb Samir ilə İbrahimi gözləmişdir. Bu vaxt Rəşadın evə getdiyini görmüşdür. Rəşad da onun plakatın yanında dayandığını görüb ona yaxınlaşmışdır. Rəşad kisələrin içindəki naqilləri görmüş və oğurluq etdiyini bilmişdir. Ona düzgün etmədiyini bildirmişdir. Sonra İbrahim ilə Samir də dediyi yerə gəlmişdir. Bundan sonra Samir naqil olan kisənin yanında gözləmiş, İbrahim isə onunla birlikdə taksi arxasınca getmişdir. Təxminən 15 dəqiqə sonra Keşlə qəsəbinin girişində Gratewoll markalı, nömrə nişanını xatırlamadığı, taksi ilə oğurladığı naqilin yanına gəlmişdirlər. O, avtomobildən düşüb kisələri taksinin yük yerinə qoymuşdur. Sonra Samir, İbrahim və o, taksiyə əyləşib kirayədə yaşadığı ünvana gəlmişdir. Rəşad isə piyada çıxıb getmişdir. Evə çatanda naqilləri avtomobilin yük yerindən boşaltmışdırlar. O, evdə Samir və İbrahimə naqilləri oğurladığını bildirmişdir. Hər ikisi onunla sözlə mübahisə etmiş və nə üçün onları zibilə saldığını bildirmişdirlər. 08.05.2021ci il tarixdə o, oğurladığı naqili kəlbətin ilə 10-15 sm olmaqla hissələrə bölüb əzmiş və Xətai rayonu, OPD deyilən yerdə metal qəbulu məntəqəsinə aparmışdır. Metal qəbul edən şəxs naqili haradan əldə etdiyini soruşmuşdur. O da elektrik olduğunu, işlədiyi yerlərdən artıq qalan naqil hissələrini yığdığını bildirmişdir. Naqilləri də 10-15 sm olmaqla kəsdiyindən həmin şəxs ona inanmışdır. Orada metal qəbulu edən şəxs misi tərəzidə çəkmiş və çəkisinin 14 kq olduğunu, 200 manat etdiyini bildirmişdir. O, həmin şəxslə razılaşmış və 200 manat pulu götürüb oradan uzaqlaşmışdır. Əldə etdiyi pulun bir hissəsini borcuna vermişdir.Səhərisi polis bölməsinə dəvət etmişdirlər və orada o, hər şeyi polis əməkdaşlarına etiraf etmişdir. Bir daha qeyd etmişdir ki, o, oğurluğu tək törətmişdir. Samir ilə İbrahim oğurluq etdiyini yaşadığı ünvana çatandan sonra bilmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmişə dəyən ziyanı tam olaraq ödədiyini, bir daha belə hallara yol verməyəcəyini, əvvəllər məhkum olunmamasını qeyd edərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tələb və şikayətinin olmamasını nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin aprel ayından Rəşad, Samir və Cavani ilə eyni evdə kirayədə yaşamışdır. O, Samir ilə birlikdə dondurma sexində fəhlə işləmişdir. 05.05.2021-ci il tarixdə, günün ikinci yarısı Samir bildirmişdir ki, Cavani mobil telefonuna zəng edib kömək lazım olduğunu, işdən çıxdığı üçün oradakı əşyalarını daşımaq üçün onları köməyə çağırdığını bildirmişdir. Həmin gün işdən çıxandan sonra axşam vaxtlarında Samir ilə birlikdə Cavaninin işlədiyi Bakı şəhəri, Ağ şəhər, Qarabağ Atları meydanında inşa edilən "xxxx" MTK-ya yollanmışdır. Ora çatanda torpaq yolda plakatın yanında Cavani ilə Rəşadı görmüşdür. Orada Cavani demişdir ki, işdən çıxmışdır və yükü aparmağa taksi lazımdır. O, yerdə kisə olduğunu görmüş, amma içində nə olduğunu bilməmişdir. Belə ki, düşünmüşdür ki, həmin kisədə Cavaninin alətləri var. Bundan sonra o, Cavani ilə birlikdə piyada Keşlə qəsəbəsinin girişinə, məscidin yanına getmişdir. Orada qara rəngli markasını bilmədiyi taksi avtomobilinə əyləşib yük olan plakatın yanına gəlmişdir. O, avtomobildə əyləşmiş və Samir də avtomobilə əyləşmişdir. Cavani avtomobildən düşüb kisəni avtomobilin yük yerinə qoymuşdur. Sonra Cavani özü də avtomobilə əyləşmiş və onlar kirayədə yaşadığı evə getmişdir. Rəşad avtomobilə əyləşməmiş və piyada çıxıb getmişdir. Evə çatanda yükü boşaldanda görmüşdür ki, sözügedən kisədəki yük naqil toplarıdır. O, Cavanidən həmin naqillərin nə olduğunu soruşmuşdur. Cavani də naqili oğurladığını bildirmişdir. O, buna bərk əsəbləşmiş və Cavani ilə sözlə mübahisə edib nə üçün onları zibilə saldığını demişdir. Bundan sonra o, əynini dəyişib dostunun evinə getmişdir. Gecəni orada keçirdikdən sonra səhəri gün oradan işə yollanmışdır. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin aprel ayından Rəşad, İbrahim və Cavani ilə eyni evdə kirayədə yaşamışdır. O, İbrahim ilə birlikdə dondurma sexində fəhlə işləmişdir. 05.05.2021-ci il tarixdə, günün ikinci yarısı Cavani ona zəng edərək, kömək lazım olduğunu, işdən çıxdığı üçün oradakı əşyalarını daşımaq üçün onları köməyə çağırdığını bildirmişdir. O da bu barədə İbrahimə demişdir. Həmin gün işdən çıxandan sonra aşxam vaxtlarında İbrahim ilə birlikdə Cavaninin işlədiyi Bakı şəhəri, Ağ şəhər, Qarabağ Atları meydanında inşa edilən "xxxx" MTK-ya yollanmışdır. Ora çatanda torpaq yolda plakatın yanında Cavani ilə Rəşadı görmüşdür. Orada Cavani demişdir ki, işdən çıxıb və yükü aparmağa taksi lazımdır. O, yerdə kisə olduğunu görmüş, amma içində nə olduğunu bilməmişdir. Bundan sonra Cavani ilə İbrahim birlikdə piyada taksi saxlatmaq üçün getmiş və təxminən 15 dəqiqə sonra qara rəngli markasını görmədiyi taksi avtomobili ilə ora qayıtmışdır. Cavani avtomobildən düşüb plakatın yanındakı kisəni avtomobilin yük yerinə qoymuşdur. Cavani də avtomobilə əyləşdikdən sonra kirayədə yaşadıqları evə getmişdirlər. Ancaq Rəşad işi olduğundan piyada çıxıb getmişdir. Evdə yükü boşaldanda görmüşdür ki, sözügedən kisədəki yük naqil toplarıdır. Onlar Cavanidən bu qədər naqilin onda haradan olmasını soruşmuşdur. Cavani də həmin naqilləri binadan kəsib götürdüyünü bildirmişdir. Bundan sonra İbrahimlə birlikdə Cavani ilə sözlə mübahisə etmiş və nə üçün onları zibilə saldığını, onları da bu işə cəlb etməsini demişdir. Sonra İbrahim evdən çıxıb getmişdir. O da gecəni evdə qalmış və səhəri gün işə yollanmışdır. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin mart ayından Bakı şəhəri, Ağ şəhər, Qarabağ Atları meydanında inşa edilən "xxxx" MTKda usta köməkçisi kimi işləmişdir. 05.05.2021-ci il tarixdə əmək haqqı veriləcəyi deyilmişdir. Həmin gün o da əmək haqqını götürmək üçün işə getmişdir. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə bir evdə kirayədə yaşamış və Cavani də sözügedən MTK-da fəhlə kimi işləmişdir. Həmin gün Cavani də əmək haqqını götürməyə getmişdir. Əmək haqqının verilməsi gecikdiyindən onlar günün sonuna kimi orada gözləmişdir. 05.05.2021-ci il tarixdə günün sonunda əmək haqqını ala bilmədiyi üçün o, evə yollanmışdır. Binanın çöl tərəfi ilə yaşadığı evə piyada gedəndə görmüşdür ki, Cavani binadan bayır tərəfində olan plakatın yanında gözləyir. o, Cavaniyə yaxınlaşanda yerdə kisənin içində naqil olduğunu görmüş və onun oğurluq etdiyini başa düşmüşdür.Buna görə ona irad tutaraq düzgün etmədiyini demişdir. Bir az keçmişdir ki, bir evdə kirayədə qaldığı Samir ilə İbrahim Cavaninin yanına gəlmişlər. Cavani ilə İbrahim taksi çağırdıqdan sonra naqili avtomobilin yük yerinə qoyub özləri də avtomobilə əyləşib oradan uzaqlaşdırlar.İbrahim və Rəşad Cavaninin oğurluq etdiyini başa düşməmişlər. Bundan sonra o, piyada yaşadığı evə getmişdir. Səhəri gün o, əmək haqqını almaq üçün yenidən işə yollanmışdır. Ondan bir az sonra Cavani də işə gəlmişdir. Orada anbardar bildirmişdir ki, dünən binadan mis naqil oğurlanmışdır. Bir müddət sonra polis əməkdaşları gəlmiş və onları polis bölməsinə dəvət etmişdirlər. Lakin o, orada Cavaninin mis naqil oğurlaması barədə heç nə deməmişdir. Onları təkrar polis bölməsinə dəvət edəndə hər şeyin polis əməkdaşlarına məlum olduğunu görmüş və polis bölməsində bildiklərini polislərə demişdir. Məhkəmə iclasında dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında metal qəbulu sexi işlədir. Hər gün saat 09 radələrində metal qəbulu sexini açır və axşam saat 21 radələrində metal qəbulu sexini bağlayır. O, həmin sexdə əlvan metal alır. 08.05.2021-ci il tarixdə, günün ikinci yarısı bir nəfər tanımadığı, sonradan adının Cavani olduğunu bildiyi şəxs işlədiyi sexə gəlmişdir. Sexə daxil olaraq mis satmaq istədiyini bildirmiş və misi hansı qiymətə qəbul etdiyini soruşmuşdur. O, əvvəl həmin şəxsin gətirdiyi misə baxmış və gətirdiyi misin təxminən 10-15 sm hissələrdə kəsik və əzik olmasını görmüşdür. O, həmin şəxsdən misi haradan əldə etməsini soruşanda, həmin şəxs elektrik olduğunu, işlədiyi yerlərdən artıq qalan mis naqilləri topladığını demişdir. O, həmin şəxsdən şübhələnməmiş və misi kiloqramı 14 manatdan ala biləcəyini demişdir. Həmin şəxs onunla razılaşmış və misi tərəzinin üzərinə qoyub çəkmişdir. Qarşılığında həmin şəxsə 200 manat pul vermiş və çıxıb getmişdir. Məhkəmə iclasında Şahid4 istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və təqsirləndirilən şəxsin ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan kompleks əmtəəşünaslıq ekspertizasının 17.06.2021-ci il tarixli, 6/2043-9/3384 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - 1 ədəd, istifadədə olmuş, üzərində markalama təxminən 23 sm, üzəri ikiqat qara-boz rəngli izolasiyalı, ümumi diametri 15,6 mm, 4 damarlı, ayrı-ayrı izolasiyalı, damarlarının diametri 4,3 mm olan tək simli (d-2,5 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır; - 1 ədəd, istifadədə olmamış, üzərində markalama göstəricisi olmayan, uzunluğu təxminən 18 sm, üzəri qara rəngli izolasiyalı, ümumi diametri 15,5 mm, 4 damarlı, ayrı-ayrı izolasiyalı, damarlarının diametri 5,2 mm olan 6 simli (d-1,5 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır; - 1 ədəd, istifadədə olmamış, üzərində markalama göstəricisi olmayan, uzunluğu təxminən 20 sm, üzəri ikiqat qara rəngli izolasiyalı, ümumi diametri 14,3 mm, 4 damarlı, ayrı-ayrı izolasiyalı, damarlarının diametri 4,0 mm olan tək simli (d-2,5 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır; - 1 ədəd, istifadədə olmamış, üzərində markalama göstəricisi olmayan, uzunluğu təxminən 24 sm, üzəri ağ rəngli izolasiyalı, ümumi diametri 10,0 mm, 3 damarlı, ayrı-ayrı izolasiyalı, damarlarının diametri 3,1 mm olan çox simli (d-0,2 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqdim edilmiş kabellərin 1 metrinin 2021 -ci ilin aprel-may aylarına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Təqdim edilmiş bir ədəd, istifadədə olmuş, üzərində markalama göstəricisi olmayan, uzunluğu təxminən 23 sm, üzəri ikiqat qara-boz rəngli izolasiyalı, ümumi diametri 15,6 mm, 4 damarlı, ayrı-ayrı izolasiyalı, damarlarının diametri 4,3 mm olan tək simli (d-2,5 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır - 5,0 manat; 2. Təqdim edilmiş 1 ədəd, istifadədə olmamış, üzərində markalama göstəricisi olmayan, uzunluğu təxminən 18 sm, üzəri qara rəngli izolasiyalı, ümumi diametri 15,5 mm, 4 damarlı, ayrı-ayrı izolasiyalı, damarlarının diametri 5,2 mm olan 6 simli (d-1,5 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır - 8,0 manat; 3. Təqdim edilmiş 1 ədəd, istifadədə olmamış, üzərində markalama göstəricisi olmayan, uzunluğu təxminən 20 sm, üzəri ikiqat qara rəngli izolasiyalı, ümumi diametri 14,3 mm, 4 damarlı, ayrı-ayrı izolasiyalı, damarlarının diametri 4,0 mm olan tək simli (d-2,5 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır - 3,5 manat; 4. Təqdim edilmiş 1 ədəd, istifadədə olmamış, üzərində markalanma göstəricisi olmayan, uzunluğu təxminən 24 sm, üzəri ağ rəngli izolasiy, ümumi diametri 10,0 mm, 3 damarlı, ayrı-ayrı izolasiyalı, damarlarının diametri 3,1 mm olan çox simli, (d-0,2 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır – 1,5 manat. İş materiallarında olan 11 may 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs 11 may 2021-ci il il tarixdə saat 20:00-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. İş materiallarında olan Xətai RPİ İŞ-nin müstəntiqi Elşən Həsənovun qətimkan tədbiri seçilməsi haqqında qərarından məlum olur ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08.06.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. İş materiallarında olan hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, dəymiş ziyanın ödənilmiş və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi etirafını, əvvəllər məhkum olunmamasını, vurulmuş ziyanın tamamilə ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk məhkumluğunu, vurulmuş ziyanın ödənilməsini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 ay 29 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hazırda qeydiyyatda olmaqla yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə məsrəfləri ilə bağlı məsələni araşdıraraq məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci 109.50 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 05 (beş) ay 28 (iyirmi səkkiz) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Hacıqabul rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci 109.50 (yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar