Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-387/2022 25.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 05 may 2022-ci il tarixdə tanışı X4 22 manat pul müqabilində, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,739 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və daxil olmuş əməliyyat məlumatı əsasında, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə, saat 15:00-da ünvan 2 ünvanının qarşısında saxlanılıb, ünvan 3İnin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə edilməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, bir ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0,739 qram ağ rəngli, kristal şəkilli kütlə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, bir ildən artıqdır ki, inyeksiya yolu ilə narkotik vasitələrdən qəbul edir. 05 may 2022-ci il tarixdə, saat 11 radələrində Xətai rayonu, Babək prospektində yerləşən kafenin yaxınlığında tanışı Dadaş adlı şəxslə görüşərək, 22 manat pul müqabilində şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin almışdır. Dadaşdan aldığı psixotrop maddə bir qrama yaxın və şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olmuşdur. Həmin maddənin bir qismini dərhal yaxınlıqda qəbul etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. Həmin gün, günorta ssatlarında “Əhmədli” metrostansiyasının yaxınlığında mülki geyimli polis əməkdaşları onu saxlayaraq, özlərini təqdim edib, yaxınlıqda yerləşən polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən vəkil dəvət olunmuş və daha sonra vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan şalvarının cibindən bir büküm psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddə olan metamfetamini özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəllər Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində işləyir. Xətai rayonu, Rezervuar küçəsi, ev 20-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib, istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri o, üzvü isə şöbənin əməliyyat müvəkkili Şahid2 təyin edilmişdir. 05 may 2022-ci il tarixdə, saat 14:30-da “Əhmədli” metrostansiyasının qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb, sonuncunu saxlamaqla, özlərini təqdim etmişlər. Həmin şəxs də özünü xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu bildirib, Mehmana onlarla birlikdə 34cü Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil dəvət edilərək, Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra, videoçəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, bir ədəd şəffaf sellofanı çıxardıb təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılmış, həmin bükümdə ağ rəngli, kristal şəkilli maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Babək prospektində Dadaş adlı şəxsdən 22 manata öz istifadəsi üçün aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid X9 bildirmişdir ki, bədənində ağrılar olduğu üçün, Masallı rayonunda yaşayan, adını bilmədiyi və üzünü görmədiyi şəxsdən «WhatsApp» mobil tətbiqi vasitəsilə əlaqə saxlayıb, psixotrop maddə metamfetamin almışdır. Narkotik vasitə lazım olanda, həmin şəxsə «WhatsApp» mobil tətbiqi vasitəsilə zəng etmiş, ona hər hansı bir elektron ödəmə terminalına yaxınlaşmağını demişdir. Terminalın yanında olanda, həmin şəxsə təkrar zəng etmiş və sonuncu bank hesabının nömrəsini demişdir. Bundan sonra, həmin bank hesabına müəyyən məbləğdə pul köçürmüşdür. Pulu köçürəndən sonra, həmin şəxs ona ödədiyi məbləğə uyğun olan narkotik vasitəni harada gizlətdiyini demiş və həmin yerə gedib oradan narkotik vasitəni götürmüşdür. Psixotrop maddələrə verdiyi pulu çıxarmaq üçün, onların bir hissəsini bir neçə dəfə uşaqlıqdan tanıdığı Mehman adlı şəxsə satmışdır. Sonuncu dəfə Mehmanla xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığında 22 manata bir bükümdə metamfetamin satmışdır. Mehmana satdığı psixotrop maddə tutulmamışdan iki gün əvvəl Masallı rayonunda həmin şəxsdən aldığı metamfetaminin bir hissəsidir. Metamfetaminin bir hissəsini istifadə etmiş, az bir hissəsini 22 manata Mehmana satmış, qalan hissəsini isə özünə saxlamışdır ki, ağrıları başlayanda onlardan istifadə etsin. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Xətai rayonu, Babək prospektində olan zaman, iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər və onun şəxsiyyəti ilə maraqlanmışlar. Özünü polis əməkdaşlarına təqdim edəndən sonra, polis əməkdaşları Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində o, üzərində olan metamfetamini təqdim etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 05 may 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən, bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli, kristal şəkilli kütləni təqdim edərək, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, Xətai rayonu, Babək prospektində, Dadaş adlı şəxsdən 22 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli, 6/2604 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 152” möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,739 qram ağ rəngli, kristalşəkilli kütlə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq - 0,689 qramdır. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2022-ci il tarixli, 6/3063 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş, “...Təqsirləndirilən şəxs..” qeydli zərfdə olan bir bükümdəki psixotrop maddə - metamfetamin kütləsi ilə “...D.Qasımov...” qeydli zərfdə olan iki bükümdəki psixotrop maddə - metamfetamin kütlələri komponent tərkiblərinə görə eynilik təşkil edirlər. İş materiallarından görünür ki, 0,689 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, cinayət işinin materiallarından X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 18 may 2022-ci il tarixli, 2593 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 07 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 26 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 05 may 2022-ci il tarixdən 07 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,689 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,689 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-387/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-387/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver