Məhkəmə qərarları › İş №1(011)-387/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-387/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-387/2023 19.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs «Şam-Fi X25» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1991-ci ildə Tərtər rayonu, Sarov kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən «Şam-Fi X25» Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmçilçisi vəzifəsində işləyərkən maddi məsul şəxs kimi üzərinə qoyulmuş ona təhkim olunan müştərilərə paylanan malların satışından əldə olunan pul vəsaitini baş ofisin xəzinəsinə təhvil verilməsi vəzifəsini yerinə yetirməyərək MMC-yə məxsus malların "xxxx" MMC-yə satışından əldə olunmuş 259,62 manat, fiziki şəxs X11 satışından əldə olunmuş 540,20 manat; fiziki şəxs X3 əldə olunmuş 656,2 manat; fiziki şəxs X8 əldə olunmuş 404,17 manat; fiziki şəxs X2 əldə olunmuş 449,75 manat; "xxxx" MMC-yə satışından əldə olunmuş 2080,21 manat; fiziki şəxs X6 əldə olunmuş 337 manat; fiziki şəxs X1 əldə olunmuş 513,35 manat; "xxxx" MMC-yə satışından əldə olunmuş 348,24 manat; fiziki şəxs X5 əldə olunmuş 180,05 manat; fiziki şəxs X9 əldə olunmuş 316,62 manat; fiziki şəxs X4 əldə olunmuş 215,21 manat; fiziki şəxs X7 əldə olunmuş 810,64 manat; "xxxx" MMC-yə satışından əldə olunmuş 505,24 manat; "xxxx" MMC-yə satışından əldə olunmuş 252,11 manat; "xxxx" MMC-yə satışından əldə olunmuş 450,84 manat; fiziki şəxs X10 əldə olunmuş 453,6 manat; "xxxx" MMC-yə satışından əldə olunmuş 447,55 manat və «Friends Cafe»yə satışından əldə olunmuş 464,72 manat pul vəsaitini davamlı olaraq mənimsəməyə yönələn və vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməllərini həyata keçirərək qulluq mövqeyindən istifadə etməklə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək ona etibar edilmiş özgə əmlakı olan ümumilikdə 9685 (doqquz min altı yüz səksən beş) manat 32 qəpik məbləğində pul vəsaitini MMC-nin ünvan 2 ünvanında yerləşən xəzinəsinə təhvil verməyərək, özünün şəxsi ehtiyaclarına sərf etməklə əmlak sahibinə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən ünvan 3 ünvanında fəaliyyət göstərən “ŞAM-Fİ X25” MMC-də rəsmi əmək müqaviləsi ilə maddi məsul şəxs kimi satış təmsilçisi vəzifəsinə qəbul olunmuş, satış təmsilçisi kimi vəzifəsi ona təhkim olunmuş telefonterminal vasitəsi ilə malların sifarişini iaşə obyektindən qəbul etmək, həmin sifarişi telefonterminal vasitəsi ilə anbara ötürməkdən ibarət olmuşdur. Bundan sonra anbardan həmin sifariş olunan mallar obyektlərə çatdırılmış və o, həmin mallara görə ödənilən pulları yığıb MMC-nin kassasına təhvil verirdi. O, xidmət etdiyi sahələrdə əsasən müştərilər nağd ödənişlər etmiş, bir sıra hallarda isə müştərilər bir başa MMC-nin hesabına ödənişlər etmişlər. 2022-ci ilin aprel ayında şirkət ilə iaşə obyektləri arasında aparılan üzləşdirmə zamanı aşkar edilən pul çatışmazlığına görə və fəaliyyətini dayandırmış müştərilərə görə satış müdiri Mehti müəllimə müraciət edərək həmin pul çatışmazlığının aradan qaldırılması üçün hər ay maaşından pul tutulmasına etiraz etmədiyini bildirmişdir. Belə olan halda MMC tərəfindən audit təşkil olunmuş, onun izahatı alınmış o, öhdəsində 4000 manat çatışmazlığın olduğunu etiraf etmişdir, xx.xx.2022-ci il tarixdə izahatında öhdəsində 11500 manat çatışmazlığın olduğunu yazmışdır. Auditdə iştirak etməkdən imtina etmişdir. Bundan sonra MMC-nin işçiləri pul tələb etdiklərindən o, xx.xx.2022-ci il tarixdə etiraf etdiyi 4000 manat pulu gətirib MMC-yə təhvil vermişdir. Ona məlum olmuşdur ki, auditin sonunda onun 9685 manat borcunun olduğu nəticəsinə gəlinib. Son sözündə Təqsirləndirilən şəxs ilk dəfə belə səhvə yol verdiyini, əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını zərərçəkmiş hüquqi şəxsdən üzürxaxlıq edərək 3500 manat hazırda ödəniş etmək istədiyini və qalan məbləğin isə qısa zamanda ödəyəcəyini qeyd etmişdir.Göstərdiyi xüsusatları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş «Şam-Fi X25» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildən "xxxx" MMC-nin rəhbəri olmaqla direktoru vəzifəsində işləyir, ünvan 4 ünvanında fəaliyyət göstərən "xxxx" X25” MMC-nin fəaliyyət istiqaməti müxtəlif çeşidli ərzaq məhsullarının ölkə ərazisində topdan və pərakəndə satışını təşkil etməkdir. Direktoru olduğu MMC-də nəzarət edilir ki, bölgələrdə işləyən satış təmsilçiləri işi düzgün təşkil edib satışı artırsınlar, habelə gündəlik əldə olunan pul vəsaiti, yəni mağazaların etdiyi nağd ödənişləri yığsınlar və günün sonuna qədər kassaya təhvil versinlər. MMC-də işlərə nəzarət maliyyə sahəsi üzrə maliyyə direktoru Orxan Məhərrəmovdur, Horeka sahəsinə Şahid1 rəhbərlik edir, Şahid2 audit mütəxəssisidir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən rəsmi əmək müqaviləsi ilə maddi məsul şəxs olan satış təmsilçisi vəzifəsinə qəbul olunaraq ona ayrılmış bölgəyə təyin olunmuşdur. Satış təmsilçisi Təqsirləndirilən şəxs vəzifəsi şirkətin məhsullarını bölgədə olan mağazalara təklif edərək satışını təşkil etmək və satışdan əldə etdiyi pulları yığıb firmanın kassasına ödəmək olmuşdur. Belə ki, Qafar satış təmsilçisi kimi ona təhkim olunmuş satış terminalı ilə marketdən sifarişi qəbul edir, anbar həmin sifarişi vahid sistemdə görür və sifariş olunan malları maşına yükləyib sifariş edən mağazaya çatdırır, Qafar həmin malların pulunu aldıqdan sonra terminalda mağazadan pulu aldığı göstərir və mağazanın borcunu terminal vasitəsi ilə silir. Təqsirləndirilən şəxs işlədiyi ərazidə olan mağazaların bir çoxu nağd şəkildə ödəniş edir. 2022-ci ilin aprel ayında Qafarın mal verdiyi mağazaların MMC-yə borclu qaldıqları müəyyən etdikdə audit təşkil olunmuş və bütün araşdırmaların sonunda yekun olaraq müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli H-220 nömrəli müqaviləyə əsasən 259,62 manat, sahibkar - fiziki şəxs X13 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 120 nömrəli müqaviləyə əsasən 540,20 manat; sahibkar - fiziki şəxs X20 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 121 nömrəli müqaviləyə əsasən 656,2 manat; sahibkar - fiziki şəxs X38 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 122 nömrəli müqaviləyə əsasən 404,17 manat; sahibkar - fiziki şəxs X18 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 123 nömrəli müqaviləyə əsasən 449,75 manat; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2020-ci il tarixli H 10 nömrəli müqaviləyə əsasən 2080,21 manat; sahibkar - fiziki şəxs X32 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 320 nömrəli müqaviləyə əsasən 337 manat; sahibkar - fiziki şəxs X15 ilə bağlanmış xx.xx.2022-ci il tarixli 599 nömrəli müqaviləyə əsasən 513,35 manat; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli H 275 nömrəli müqaviləyə əsasən 348,24 manat; sahibkar - fiziki şəxs X27 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 274 nömrəli müqaviləyə əsasən 180,05 manat; sahibkar - fiziki şəxs X39 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 279 nömrəli müqaviləyə əsasən 316,62 manat; sahibkar fiziki şəxs X22 ilə bağlanmış xx.xx.2021-ci il tarixli M 148 nömrəli müqaviləyə əsasən 215,21 manat; sahibkar - fiziki şəxs X36 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 277 nömrəli müqaviləyə əsasən 810,64 manat; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli H 278 nömrəli müqaviləyə əsasən 505,24 manat; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli H 285 nömrəli müqaviləyə əsasən 252,11 manat; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli 183 nömrəli müqaviləyə əsasən 450,84 manat; sahibkar - fiziki şəxs X40 ilə bağlanmış xx.xx.2022-ci il tarixli 1286 nömrəli müqaviləyə əsasən 453,6 manat; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli H 276 nömrəli müqaviləyə əsasən 447,55 manat və «Friends Cafe»dən 464,72 manat manat müştərilər tərəfindən ödənilmiş pulları Qafar həmin müştərilərdən götürərək MMC-nin kassasına təhvil verməmişdir. Mağazalar ilə qarşılıqla araşdırma audit aparıldıqda mağazaların sahibləri Qafara ödənişi vaxtında etdiklərini və heç bir borclarının qalmadığını bildirmişlər. Bununla bağlı Qafarın iştirakı ilə araşdırma aparılmış, hər bir mağaza ilə üzləşdirmələr aparılmış və aşkar edilmişdir ki, həmin nağd şəkildə ödəniş edən mağazalar pulları vaxtında Təqsirləndirilən şəxs ödəmişlər. Təqsirləndirilən şəxs izahatında müştərilərdən qəbul etdiyi pul vəsaitindən şəxsi ehtiyacları üçün təxminən 11500 manat mənimsədiyini etiraf etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs iştirakı ilə daxili təftiş yoxlaması aparılmış və ümumilikdə 15745,67 manat pul vəsaitini mənimsədiyi aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə Qafar vurduğu ziyanın bir hissəsini ödəmək məqsədilə 4000 manat pul vəsaitini və şirkətdə işlədiyi müddət ərzində onun hesabında yığılan 2060,35 manat pul vəsaitini toplayaraq ümumilikdə 6060,35 manat pul vəsaitini şirkətin xəzinə hesabına ödəməklə müştərilərdə borc kimi görünən pul vəsaitini azaltmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs şirkətə olan borcu 9685,32 manat təşkil edir. Təqsirləndirilən şəxs ələ keçirib mənimsədiyi pul ona məxsus olmuşdur, odur ki, Qafarın cinayəti nəticəsində ona maddi ziyan vurulmuşdur. Hazırda təqsirləndirilən şəxs qismən yəni 3500 manat dəymiş ziyandan ödəniş etmək istəməsinə baxmayaraq onunla barışmırlar və şikayətşi olduqlarını nəzərə alaraq onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə zərərçəkmiş şəxs qismində dindirilmiş «Şam-Fi X25» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək çıxışında təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan cəmi 3500 manat ödəniş etməsini qəbul etmədiklərini qeyd edərək , ziyan tam ödənilmədiyindən Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2018-ci il tarixdən «Şam-Fİ X25» MMC-nin audit və təftiş şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. Audit və təftiş şöbəsinin mütəxəssisi kimi onun işi MMC-nin ərazidə obyektlərə mal verib pulunu alan işçilərinin fəaliyyətini yoxlamaqdan ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “ŞAM-Fİ X25” MMC-yə rəsmi əmək müqaviləsi ilə maddi məsul şəxs olan satış təmçilçisi vəzifəsinə qəbul olunmuş və ona ayrılmış bölgəyə satış təmsilçisi təyin olunmuşdur. Satış təmsilçisi Təqsirləndirilən şəxs vəzifəsi şirkətin məhsullarını bölgədə olan iaşə obyektlərinə təklif edərək satışını təşkil etmək və satışdan əldə etdiyi pulları yığıb MMC-nin kassasına ödəməkdir. Qafar satış təmsilçisi kimi ona MMC tərəfindən təhkim olunmuş satış terminalı ilə iaşə obyektlərindən sifarişi qəbul etmiş, bu zaman anbarda həmin sifarişlər vahid sistemdə görünmüş və bundan əlavə sifariş olunan malları maşına yükləyib sifariş verən obyektlərə çatdırmışdır. Qafar həmin malların pulunu aldıqdan sonra terminalda mağazadan pulu aldığını göstərməli və mağazanın borcunu terminal vasitəsi ilə silməli olmuşdur. Qafarın mağazalardan qəbul etdiyi pul vəsaitlərinin kassaya ödənilməməsi ilə bağlı şübhələr yarandığından şöbə müdiri Şahid1 tərəfindən audit şöbəsinə 90-dan çox ticarət məntəqəsində audit keçirilməsi üçün sorğu verilmiş, bunu görən Qafar 11500 manat pulu obyektlərdən yığdığını və öz şəxsi ehtiyaclarına sərf etdiyini bildirmiş və bu barədə yazılı izahat da vermişdir. 2022-ci ilin aprel-may ayları həmin ticarət məntəqələrində yoxlanış keçirildikdən sonra 35 məntəqə üzrə 15745,67 manat vəsait çatışmamazlığı aşkar olunmuş, Təqsirləndirilən şəxs çatışmayan vəsaitdən 4000 manat ödəniş həyata keçirmiş və bu barədə yazılı izahat vermişdir. Daha sonra bəzi obyektlərdən qalıq pullar yığılmış və Qafarın 24 obyektdən yığdığı 9685,32 manat pulu mənimsədiyi müəyyən edilmişdir. Qafarın 9685,32 manatı mənimsəməsi sərbəst auditor tərəfindən aparılan audit zamanı da öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən “ŞAM-Fİ X25” MMC-də işləyir. Satış şöbəsində satış müdiri olaraq Horeka Bölməsinə rəhbərlik edir. Horeka – yəni dükan və mağaza satış nöqtələrindən başqa olan iaşə obyektləri deməkdir. Yəni Horeka bölməsi əsas olaraq otel, restoran və digər bu kimi iaşə obyektlərində məhsulların satışını təşkil edir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən rəsmi əmək müqaviləsi ilə satış təmsilçisi vəzifəsinə qəbul olunmuşdur və faktiki olaraq Horeka şöbəsinin işçisi olmuşdur. Satış təmsilçisi kimi Qafarın vəzifəsi şirkətin məhsullarının əsasən Bakı şəhərinin mərkəzi hissəsində Fəvvarələr meydanında-İçəri Şəhər ərazilərində yerləşən iaşə obyektlərində satışını təşkil etmək və satışdan əldə etdiyi pulları yığıb firmanın kassasına ödəməkdir. Qafarın satdığı malların pulları mağazalar tərəfindən dərhal və nağd şəkildə ödənilmişdir. O, bir müddət sonra Qafarın məhsulları verdiyi obyektlərin MMC-yə çoxlu borcu yarandığını hiss etmiş, ona görə də, həmin obyektlərdə yoxlama təşkil edilməsi üçün rəhbərliyə müraciət etmiş və həmin vaxt, yəni 2022-ci ilin aprel ayında Qafar özü 4-5 min manat yeyintisi olduğunu və qısa müddətdə ödəyəcəyini bildirmişdir. Lakin, buna baxmayaraq MMC tərəfindən yoxlama başlanılmış, belə olan halda Qafar 11500 manat mənimsəməsinin olduğunu etiraf etmiş və həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. MMC-nin apardığı yoxlama zamanı 90-a yaxın obyektdə yoxlama aparılmış, 34 obyektin Qafara təhvil verdiyi pulların sonuncu tərəfindən mənimsəndiyi müəyyən edilmiş və həmin məbləğ 14-15 min manata yaxın təşkil etmişdir. Bundan sonra Qafar könüllü olaraq 4000 manat pul vəsaitini MMC-nin kassasına ödəmiş və daxili auditin gəldiyi nəticəyə görə borcun 9685 manat 32 qəpik təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəcəfi X23 Mehti Azər oğlunun ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 9/9100 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, «Şam-Fi X25» MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs hesabında 9685,32 manat satış pulu çatışmazlığı müəyyən edilməklə, xx.xx.2022-ci tarixli audit aktının gəldiyi nəticənin düzgünlüyü müəyyən olunur. O cümlədən: -Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixinə Cəmiyyətin mühasibat uçotu hesabatına əsasən öhdəliyində olan pul qalığı - 11.778,63 manat; - Faktiki satış nöqtələrinin maddi məsul şəxsləri tərəfindən təsdiq edilmiş borc qalığı - 1821,88 manat; - Təftiş zamanı satış nöqtələri tərəfindən ödəmələr - 271,43 manat; - Təftiş dövründə geri qaytarılan mallar - 0,00 manat; Nəticə: çatışmazlıq - 9685, manat 32 qəpik ». İş materiallarında olan xx.xx.2022-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, MMC-nin satış təmsilçisi, maddi məsul şəxs Təqsirləndirilən şəxs, Cəmiyyətin anbarından satılmaq üçün verilmiş qida mallarının dəyərinin Cəmiyyətin kassasına ödənişini dəfələrlə uzun müddətə gecikdirməklə tam ödəməməsi nəticəsində, onun öhdəsində 9685,32 (doqquz min altı yüz səksən beş manat 32 qəpik) manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmiş, son nəticədə onun tərəfindən həmin məbləğ qədər «Şam-Fi X25» MMC-yə ziyan vurulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 118-K və xx.xx.2021-ci il tarixli 177-K nömrəli əmrlərdən çıxarışdan, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən, həmin bildirişin qeydiyyata alınması ilə bağlı məlumatdan, əmək müqaviləsindən, tam maddi məsuliyyət haqqında müqavilədən "xxxx" MMC-nin satış təmsilçisinin vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə «Şam-Fi X25» Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmçilçisi vəzifəsinə təyin olunmuş və digər öhdəliklərlə birlikdə maddi məsul şəxs kimi üzərinə qoyulmuş ona təhkim olunan müştərilərə paylanan malların satışından əldə olunan pul vəsaitini baş ofisin xəzinəsinə təhvil verilməsi vəzifəsini yerinə yetirməlidir. İş materiallarında olan 22 may 2023-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan AZ-İV № 457393 və AZ-İV 457394 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020ci il təvəllüdlü X33 və X34 iki azyaşlı uşağı var. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin verdikləri ifadələri, ekspert rəyi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 3500 manat dəymiş ziyandan ödəniş etmək istəməsi və zərərçəkmiş tərəfindən həmin məbləğin qəbul edilməməsi faktı məhkəmə istintaqı zamanı baş verdiyindən həmin xüsusat təqsirləndirilən şəxsin xeyrinə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnən digər hərəkətlərin edilməsi qanunun mənasına görə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərfindən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, səmimi etirafı, himayəsində iki azyaşlı uşağının olması, ziyandan 3500 manat ödəniş etmək istəməsi kimi xüsusatlar cəza təyin edərkən nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün olduğundan Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs əlavə cəza olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar