Məhkəmə qərarları › İş №1(011)-388/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-388/2025

07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-388/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Mustafayev İlkin Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1978-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,742 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 aprel 2025-ci il tarixdə saat 20:25-də ünvan 3 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümdə, təmiz çəkisi 0,742 qram olan, ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, əməlindən səmimi peşman olduğunu bildirərək ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü PŞnin əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 30 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən şöbə rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o, şöbənin əməliyyat müvəkkili, polis kapitanı X6 və şöbənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, X6 və Şahid1 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 30 aprel 2025-ci il tarixdə saat 20:10- 20:20 radələrində ünvan 4 ünvanın qarşısına gəlmişlər. Həmin yerdən mobil telefon vasitəsilə videoçəkiliş etməklə müşahidə aparmağa başlamışlar. Bir neçə dəqiqədən sonra həmin ünvanın qarşısı ilə əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən təxminən 45-50 yaşlarında olan bir nəfər şəxsin piyada hərəkət etməsini görüb ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 9A, mənzil 109-da qeydiyyatda olan və ünvan 2-də kirayə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etdmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini, eləcə də saxlanıldığı andan müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olduğunu izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmet olarsa könüllü təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü, şalvarın arxa sol cibindən isə 1 ədəd boz rəngli «Xiaomi Redmi» markalı mobil telefonu təqdim etmişdir. Büküm açıldıqda içərisindən ağ rəngli, kristal şəkilli kütlə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümün içərisində olan kütlənin nə olmasını, kimdən, nə vaxt və nə məqsədlə əldə etməsini soruşduqda o bükümün içərisində olan kütlənin camaat arasında «şüşə» adlandırılan psixotrop maddə olan metamfetamin olmasını, həmin bükümü 30 aprel 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində nağd pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkildikdə bükümün çəkisinin 1,00 qram olması müəyyən edilmişdir. Həmin büküm içərisi boş olan 1 ədəd zərfin içərisinə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlanıdırılmış Şahid1 məhkəmə iclasına gəlməmiş, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadədə Şahid1 məhkəmə iclas zalında ifadə vermiş Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); 30 aprel 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra polis əməkdaşlarının təklifi əsasında ilk əvvəl əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü, daha sonra şalvarın arxa sol cibindən 1 ədəd göy rəngli "Xiaomi Redmi" markalı mobil telefonu təqdim etmiş, təqdim etdiyi 1 ədəd büküm açıldıqda içərisində ağ rəngli, kristal halında olan kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan kütlənin camaat arasında “şüşə” adlandırılan psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 1,00 qram olması müəyyən edilmiş, aşkar olunmuş büküm 1 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür.(i.v. 11-12) 30 aprel 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, içərisində ağ rəngli, kristal şəkilli kütlə olan 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm 1 ədəd zərfin içərisinə qablaşdırılmış halda təhqiqatçıya təqdim edilmiş, təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs saxlanılması, üstünün yoxlanılması və üzərinə baxış keçirilməsi zamanı videoçəkilişin qeydə alındığı mobil telefonda olan videogörüntülərə baxış keçirilmiş və həmin videogörüntülər VƏ qablaşdırıldığı 1 ədəd zərf götürələrək materiala əlavə edilmişdir.(i.v 19-20) şübhəli şəxsin tutulması haqqında 30 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə, saat 21:50-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 20:25-dən hesablanmışdır (i.v. 30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2025-ci tarixli 6/1616 nömrəli rəyindən görünür ki; tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,742 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(ekspertiza xərci 81 manat) (i.v 43-47) 02 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v 61-62); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının müddətinin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır.(i.v 79-85) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X4 adlı övladı vardır.(i.v 113) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Bakı Şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respubliksaı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 68.1, 67.1-ci maddələrinə əsasən qəti olaraq 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixində cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılıb. (i.v 139- 140) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 il (bir) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli, 1(011)-68/2023 saylı hökmü ilə təyin edilmiş 02(iki) il 06(ay) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 02(iki) il 05(beş) ay 20(iyirmi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən 01(bir) günə iki gün hesablanmaqla 01 il 02 ay 25 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulması və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 01(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməsi və onun üzərində qəti olaraq 01(bir) il 03(üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 08 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması höküm olunmuşdur.(i.v 143-150). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X1 12 may 2025-ci il tarixli 2737 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə qeydiyyatdadır.( i.v.137- 138); Sübutların qiymətləndirilməsi haqqında 02 iyul 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılsın və sonuncu həmin maddə ilə məhkəmə məsuliyyətinə verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilməsi və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 34cü PŞ-yə göndərilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 0,742 qram psixotrop maddə metamfetamin üzrə tədqiqat aparıldıqdan sonra qalıq qalmış 0,692 qram çəkidə psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri başa çatdıqdan sonra məhkəmə baxışınadək saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, iş üzrə psixotrop maddə metamfetaminin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisinin 0,742 qram olması nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əvvəl törətmiş olduğu cinayət əməlinə münasibətdə əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxs hesab edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə görə cinayətlərin residivi kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün, şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması, diskə baxış keçirilməsi haqqında protokollar, maddi sübut kimi tanıma haqqında qərarlar, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. (i.v.158-166); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında protokol və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokollarda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 92.0.3-cü maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə yetkinlik yaşına çatmayanlar üçün məhkumluq ödənilmiş hesab edilir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay müdətinə azadlıqdan məhrumetmə cəzasından şərti azad olunduğu xx.xx.2024-cü il tarixdən 02 il müddət keçmədən yenidən cinayət törətdiyindən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal-cinayətin residivi(CM61.1.1) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması (CM 59.1.4), törətdiyi əməldən səmimi peşman olması (CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində məcburi müalicə təyin olunmalı və xx.xx.2023-cü il tarixdən Bakı şəhər NM-də(F19X2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – şəxsi axtarış və baxış keçirilməsi görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disklər iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosu tərəfindən vəkil Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qəniyev X3 Xidmətinin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,692 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2023cü il tarixdən Bakı şəhər NM-də (F19X2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” formatlı disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 20 (iyirmi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosu tərəfindən vəkil Müdafiəçi 220 (iki yüz iyirmi) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar