Məhkəmə qərarları › İş №1(011)-39/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-39/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-39/2022 27.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Cəbrayıl şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 iyul 2021-ci il tarixdə saat 12:50 dəqiqədə ünvan 3 ünvanda yerləşən avtomobil təmiri sexinin qapısının açıq olmasından istifadə edib vətəndaş Zərərçəkmiş şəxs məxsus üzərində 6 manat qiymətində ***-***-**-** nar nömrə olan bir ədəd 3170 manat qiymətində “İphone 11 Pro” markalı, **********17077 imei kodlu mobil telefonu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs 3176 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə cinayət törətdiyi üçün məhkum olunmuşdur. Bundan sonra o bildirmişdir ki, 17 iyul 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, K.Əfqari küçəsi ilə piyada gedən zaman görmüşdür ki, yolun kənarında olan avtomobil təmiri sexində usta işləyən bir nəfər şəxs əlində mobil telefonla danışdıqdan sonra mobil telefonu avtomobil təmiri sexinin içərisində olan taxtanın üstünə qoyub hansısa avtomobili təmir etməyə başlamışdır. O, tez həmin sexə yaxınlaşıb təmirə başı qarışmış ustanın avtomobil düzəltdiyini görüb sexin açıq qapısından sexin içərisinə keçib həmin mobil telefonu götürüb cibinə qoymuş və tez həmin yerdən uzaqlaşıb avtobusla Neftçilər metrosuna gəlmişdir. Orada baxıb görmüşdür ki, oğurladığı telefon «İphone 11 Pro» markalı mobil telefondur. Orada küçədə əvvəllər tanımadığı bir nəfər şəxsə yaxınlaşıb «İpnone 11 Pro» markalı mobil telefonu satdığını demişdir. Tanımadığı həmin şəxsə yalandan demişdir ki, telefon özünündür, pul lazım olduğu üçün satır. O, həmin şəxslə razılaşıb telefonu ona 400 manata satıb oradan uzaqlaşmış və pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o bilmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları onu axtarır. Lakin qorxduğu üçün polis şöbəsinə getməmişdir. 16 noyabr 2021-ci il tarixdə gecə vaxtı evdə olduğu vaxt Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları yaşadığı evə gələrək onu tutub polis şöbəsinə gətirmişlər və o, törətdiyi oğurluq cinayətini etiraf etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə bir yerdə yaşayır və təxminən 2 il olar ki, Xətai rayonu, UPD qəsəbəsi, “Mayak” marketin yaxınlığında yerləşən avtomobil təmiri sexini icarəyə götürüb oranı işlədir. Təxminən 1 il bundan qabaq Yasamal rayonu, Elmlər Akademiyasına yaxın yerdə yerləşən “Vorld Telekom” mağazasından ilkin ödəniş kimi 1000 manat pul verib kredit yolu ilə boz rəngli “İphone 11 Pro” markalı, **********17077 imei kodlu mobil telefon alıb telefona hər ay 217 manat pul ödəmişdir. 10 ay 217 manat kredit pulu ödəmiş və beləliklədə həmin telefonu 3170 manata almışdır. Telefonun üzərində 6 manata aldığı ***-***-**-** nar kart nömrəsini işlətmiş, həmin telefonu işlədiyi sexdə olan taxta rəfin üzərində saxlayıb işi ilə məşğul olmuşdur. 17 iyul 2021-ci il tarixdə saat 13 radələrində həmin telefonu işlədiyi sexdə rəfin üstünə qoyub digər sexə keçib təxminən 3-4 dəqiqədən sonra sexə qayıdan zaman görmüşdür ki, telefonu rəfin üzərində yoxdur. Tez yanında şagird işləyən İsmət adlı şəxsin mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, bir qədər sonra Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş və o, şikayət ərizəsi yazmışdır. Sonradan ona məlum olmuşdur ki, ona məxsus mobil telefonu Təqsirləndirilən şəxs oğurlamışdır. Bundan əlavə o qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir və o təqsirləndirilən şəxs ilə barışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə bir yerdə yaşayır və 2021-ci ilin mart ayının əvvəllərindən Zərərçəkmiş şəxs ilə biryerdə ünvan 3 ünvanda yerləşən avtomobil təmiri sexində çilingər işləyir. 17 iyul 2021-ci il tarixdə səhər saatlarında işə gəlib öz işi ilə məşğul olmuş və avtomobil motoru yığmış, sexin içərisində olduğu vaxt görmüşdür ki, sexin içərisində əvvəllər tanımadığı bir nəfər şəxs dayanmışdır. Elə bilmişdir ki, həmin şəxs hansısa müştəri ilə gəlib avtomobil düzəltdirir. Bir qədər sonra baxıb görmüşlər ki, Cavidə məxsus boz rəngli «İPHONE 11 PRO» markalı mobil telefon sexin içərisində saxladığı yerdə yoxdur. Tez telefona zəng etmiş, telefona zəng getsədə sexin içərisindən telefonun səsi gəlməmişdir. Həmin vaxtı baxıb görmüşlər ki, sexin içərisində olan şəxs yoxdur. Dərhal başa düşmüşlər ki, Cavidə məxsus mobil telefonu həmin şəxs oğurlamışdır. Tez qonşuluqda olan kameraya baxmış və görmüşlər ki, həmin şübhələndikləri şəxs həmin servisin qarşısından keçib gedir. Dəqiq bilmişlər ki, Cavidin mobil telefonunu həmin şəxs oğurlamışdır. Sonra Cavid ona məxsus mobil telefonun oğurlanması barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər və Cavid şikayət ərizəsi yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtoservisdə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 8- 10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); 01 iyun 2020-ci il tarixli WTCN-007651 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsindən görünür ki, X1 tərəfindən 1000 manat ilkin ödəniş olunmaqla, 3175 manat məbləğində “İphone 11 Pro 64” markalı mobil telefon əldə olunmuşdur (i.v. 21-24); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 20.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01.11.2007-ci il tarixli hökmünə əsasən CM-nin 221.2.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 09 ay 06 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş (15%); ACDİÜ AR Məhkəməsinin 22.02.2008-ci il tarixli hökmünə əsasən CM-nin 180.2.1, 180.2.4, 66.5, 68, 70-ci maddələri ilə təqsirli bilinərək 03 il şərti sınaq müddəti tətbiq edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.07.2009-cu il tarixli hökmünə əsasən CM-nin 132, 67.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17.09.2012-ci il tarixli qərarına əsasən 18.09.2012-ci il tarixdə CM-nin 132-ci maddəsi ləğv edildiyinə görə həbsdən azad olunmuş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.10.2016-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarına əsasən 14.08.2018-ci il tarixdə cəzanın çəkilməmiş 02 ay 14 günü hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 26.10.2018-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli hökmünə əsasən CM-nin 221.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir (20%) (i.v. 50-52); axtarışda olan şəxsin tutulması haqqında 15 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:50-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 91); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 109-110); ifadənin yerində yoxlanılması haqqında 17 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 122-126); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 17 noyabr 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 131-132); sübutların qiymətləndirilməsi haqqında 23 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış, zərərçəkmiş şəxs və şahidin ifadələri sübut növü kimi qiymətləndirilmişdir (i.v. 140-142); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 08.12.2021-ci il tarixli 211/3-11936 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli 1(008)-105/2020 saylı hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinin təsiri altına düşdüyü üçün Bakı Şəhər Probasiya İdarəsinin 11.11.2021-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 mart 2020-ci il tarixli qərarına əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - CM-in 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən götürüldüyündən, həmçinin böyük ictimai təhlükə törətməyən və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər və ya islah işləri cəzasının, həmçinin azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əvvəllər dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini, ona dəymiş ziyanı ödəmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 15 noyabr 2021-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasının əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar