Məhkəmə qərarları › İş №1(011)-390/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-390/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-390/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,775 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 30 aprel 2022-ci il tarixdə saat 12:35-də Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi 1 ünvanda yerləşən evin qarşısında saxlanılıb ünvan 2 Xətai RPİnin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman, əyində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,775 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan əvvəl iki ay əvvəl narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən istifadə etməyə başlamış, narkotik vasitəni daima olaraq istifadə etmişdir. Yalnız əhval-ruhiyyəsi yaxşı olsun deyə narkotik vasitə əldə edərək vaxtaşırı qəbul etmişdir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərdindən pulla alaraq doldurma yolu ilə qəbul etmişdir. X3 4-5 ay olar ki, tanıyır və sonuncu ilə mütəmadi olaraq Kənd Əhmədli qəsəbəsində görüşüb söhbət etmişlər. Ruslan da narkotik vasitə istifadə etmişdir. Onunla söhbət edən zaman biri-birilərinə narkotik vasitə istifadə etdiklərini demişlər. 30 aprel 2022-ci il tarixdə səhər saatlarında yuxudan oyanıb narkotik maddə əldə etmək üçün Kənd Əhmədli qəsəbəsi ilə piyada gedən zaman təsadüfən küçədə Ruslan ilə rastlaşmışdır. Söhbət zamanı Ruslanda narkotik vasitə olmasını öyrənib istəmişdir. Ruslan ilə bir kənara çəkilib ona 20 manat pul vermişdir. Ruslan da bir ədəd büküm vermiş və içərisində “kakos” olmasını demişdir. Bükümü açıb baxdıqda “kakos” kimi tanıdığı heroin olmasını görmüşdür. Narkotik vasitəni cibinə qoyub çıxıb getmişdir. Saat təxminən 12:35 radələrində yaşadığı ünvan 4 ünvanda yerləşən evin qarşısına çatdıqda iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmalarını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı bildirilmiş və 34-cü PŞ-nə dəvət edilmiş, onlara etiraz etməmiş və polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olması barədə sual verilmiş, bu zaman o da bildirmişdir ki, həmin bükümdə narkotik vasitə heroin vardır. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində qara rəngli qatı halında toz şəkilində maddə olması müəyyən edilmişdir. Polis əməkdaşı tərəfindən narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.98 qram olması müəyyən edilmişdir. Həmin maddəni nə vaxt və haradan əldə etməyi barədə sual verilmişdir. O da həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 12 radələrində tanıdığı Ruslan adlı şəxsdən Əhmədli qəsəbəsində şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Üzərində narkotik maddələr olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Ruslanın narkotik vasitəni haradan və hansı yolla əldə etməsini bilməmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. 30 aprel 2022-ci il tarixdə Fərid adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis şöbəsinə məlumat daxil olmuşdur. Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 həmin məlumatın yoxlanılması və Fərid adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Fərid adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri Şahid1, o isə üzvü təyin olunmuşdur. Bundan sonra Fərid adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, Şahid1 ilə birlikdə məlumata əsasən ünvan 5 ünvanda yerləşən evin qarşısına gəlmişlər. Saat 12:35 dəqiqədə həmin ünvanın qarşısında Fərid adlı şəxsi onlarda olan əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs adının Fərid oğlunu bildirdikdə onlar Fəridə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Fərid də etiraz etməmişdir. Bundan sonra onlar Fərid adlı şəxsi polis şöbəsinə gətirmişlər. Şöbədə Fərid adlı şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən sonra məlum olmuşdur sonuncu xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Raport yazıb şöbə rəisinə məruzə etmişlər. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan açılaraq içərisinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddə “kakos” kimi tanıdığı narkotik maddədir. Təqsirləndirilən şəxs həmin maddəni haradan və nə üçün əldə etməsi barədə sual verildikdə sonuncu həmin maddəni şəxsi istifadəsi üçün Xətai rayonu Kənd Əhmədli qəsəbəsində əvvəllərdən tanıdığı Ruslan adlı şəxsdən 20 manata almasını bildirmişdir. Aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.98 qram olmuşdur. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 152 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən şəxslər tərəfindən imza etmişdir. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, ayrılmış cinayət işinə 20110307 nömrəsi verilmişdir ( i.v. 1-4); cinayət işinin başlanması və icraata götürülməsi haqqında 01 may 2022-ci il tarixli qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs və X5 barəsində isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 6-7); şübhəli şəxsin tutulması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə, saat 12:35-də saxlanılmışdır (i.v. 26); şəxsi axtarış və götürmə aparılması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in ə/m, polis leytenantı Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in ə/m, polis baş leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefon istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilində narkotik maddəyə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması soruşulduqda sonuncu həmin maddənin narkotik vasitə “kakos”, yəni heroin olmasını bildirmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.98 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddəni Xətai rayonu, Əhmədli qəsəbəsində əvvəllərdən tanıdığı Ruslan adlı şəxsdən özünün istifadəsi üçün 20 manata almasını bildirmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 152 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir (i.v. 40-41); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 may 2022-ci il tarixli, 6/2521 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,775 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 50-53); 01 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Xətai RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında Təqsirləndirilən şəxs ilə X7 arasında üzləşdirilmə aparılmışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrini təsdiq etdiyini, qarşında oturmuş olan X2 üzərinə qarşı 30 aprel 2022-ci il tarixdə səhər saatlarında yuxudan oyanıb narkotik maddə əldə etmək üçün Kənd Əhmədli qəsəbəsi ilə piyada gedən zaman təsadüfən küçədə onunla rastlaşdığını, Söhbət zamanı Ruslanda narkotik vasitə olmasını öyrənib istədiyini, Ruslan ilə bir kənara çəkilin ona 20 manat pul verdiyini, Ruslan da ona bir ədəd büküm verdiyini və içərisində “kakos” olmasını dediyini, Bükümü açıb baxdıqda “kakos” kimi tanıdığı heroin olmasını gördüyünü, onun narkotik vasitəni cibinə qoyub çıxıb getməsini, saat təxminən 12:35 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, 34-cü PŞ-yə gətirildiyii, sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni Ruslandan aldığını bildirmişdir. X7 isə üzləşmə zamanı Təqsirləndirilən şəxs qeyd etdikləri ilə razı olduğunu, İran İslam Respublikası vətəndaşından narkotik vasitəni aldıqdan sonra narkotik vasitənin bir bükümünü Təqsirləndirilən şəxs 20 manata satdığını etiraf etmişdir ( i.v. 62-64); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 65); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin qərar təqsirləndirilən şəxsə 02 may 2022-ci il tarixdə, saat 16:50-də elan edilmişdir (i.v. 83-85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 103); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 2910 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin, Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 104-105); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Nəzərli Samirin atası Təqsirləndirilən şəxsdur ( i.v. 111); Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs oğli və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində Xətai RPİ-nin 34-cü PŞ-in inzibati binasının içərisində xidməti otaqların birində şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən “CD” diskə Xətai RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik leytenantı X4 tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan açılaraq içərisinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddə “kakos” kimi tanıdığı narkotik maddədir. Təqsirləndirilən şəxs həmin maddəni haradan və nə üçün əldə etməsi barədə sual verildikdə sonuncu həmin maddəni şəxsi istifadəsi üçün Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində əvvəllərdən tanıdığı Ruslan adlı şəxsdən 20 manata almasını demişdir. Aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.98 qram olmuşdur. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 152 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz, əşya aşkar edilməmişdir (i.v. 114-115); İş materiallarına əlavə edilmiş "xxxx" MMC reabilitasiya mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən etibarən ünvan 6 ünvanında yerləşən "xxxx" reabilitasiya mərkəzində yatılı qalmaqla reabilitasiya kursu keçir. Onun reabilitasiya kursu 6 ay müddətinə təyin edilmişdir və xx.xx.2022ci il tarixə kimi davam edəcəkdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbanı çıxarıb təqdim etməsi, içərisində “kakos” kimi tanıdığı narkotik vasitənin olduğunu və öz istifadəsi üçün aldığını bildirməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,775 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, cəza təyin edilərkən 48 saatdan artıq tutulub saxlanması nəzərə alınmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün ona təyin olunmuş 02 (iki) il müddətində azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,695 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar