Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-390/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Mədinə Saleh qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 xx.xx.2006-cı ildə ailə qurmuş və bu nikahdan 1 uşağı dünyaya gəlmişdir. xx.xx.2014-ci ildə nikaha xitam verilmiş və uşaq anasının himayəsində saxlanılmışdı. Budan sonra aliment ödənilməsi öhdəliyi onun üzərinə qoyulmuşdur. O yığılmış aliment borcunu ödəməkdən azad edilməyinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Xətai Rayon məhkəməsinin icraatında 2(011)-2966/2022 saylı mülki iş olmuşdur. Həmin mülki iş üzrə cavabdeh yəni X7 tərəfindən iddia ərizəsinə yazılı şəkildə verilmiş etiraz ərizəsində onun şərəf və ləyaqətini alçaldan təhqir və böhtanlar yazmışdır. Həmin təhqir və böhtanlar aşağıdakılardan ibarətdir. 1) X2 hər ay böyük miqdarda müavinət almışdır. 2) Xəsarət Norveçdə işləyərkən iş yerində olduğundan oradan iddiaçıya hər ay külli miqdarda əmək müavinəti və pensiya ödənilir. 3) Həmin məbləğ iddiaçının Norveç Banklarının birində açılmış hesaba köçürülür. 4) İddiaçının qeyd etdiyi 1-ci qrup əlilliyin alınması və məhkəməyə təqdim olunan sənədlər isə müəmmalıdır. 5) İddiaçı 1-ci qrup əlillik almaqda Norveç dövlətindən hər ay əlavə vəsait əldə etmək niyyəti güdmüşdür. 6) İddiaçı Norveçdə yaşadığı müddətdə biznes fəaliyyəti ilə məşğul olur. 7) Həmçinin iddiaçı Mehman Mirzəyev bacı və qardaşlarının adına avtomobillər və evlər alıb. Kirayə verərək əlavə gəlirlər əldə edir. Göstərilən bütün bunlarla bağlı o istər Prokurorluq istərsə də Polis orqanlarına müraciət etmiş və ən sonda Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərfindən yazılı şəkildə aidiyyəti üzrə Məhkəməyə müraciət edilməsi bildirilmişdir. Göründüyü kimi rəsmi sənəddə ona qarşı istər böhtan istərsə də şərəf və ləyaqətini alçaldan təhqirlər yazaraq qərəzli şəkildə məhkəməyə etiraz ərizəsi göndərmişdir. Onun cəmiyyət içində olan nüfuzuna xələl gətirmiş, şərəf və ləyaqətinə toxunan əməllər törətmişdir. Belə ki, onun xarici ölkədə bank hesabı olmamış, heç bir qohumuna ev və ya maşın almamış, xarici ölkədə biznesim olmamışdır. Bütün bu deyilənlər hamısı böhtandır. Bundan başqa aktın özüdə təsdiq edir ki, həmin illərdə ona borclu olmadığı halda böhtan ataraq borclu olduğunu bildirmişdir. Əlilliyinin və məhkəməyə təqdim edilmiş sənədlərin müəmmalı olması isə ona qarşı təhqirdir, şərəf və ləyaqətimi alçaldan böhtandır. Əlavə olaraq bu baş verələr onun sağlamlığına da ciddi təsir edərək, xəstəliyi ilə mübarizə aparmaqla yanaşı öz hüquqlarını müdafiə etmək məcburiyyətində qoyaraq, dolayısıyla xəstəliyinin daha da ağırlaşmasına səbəb olmuşdur. Göstərilən hallar onu alçatmaq mənəvi iztirab keçirməyi üçün məqsədli şəkildə edilmişdir. O 1-ci qrup əlil olaraq dövlət tərəfindən, onun müstəqil məhkəmələri tərəfindən hüquqlarımın lazımı şəkildə qorunacağına inanır və dövlətinə güvənir. Ona xəstə halında böhtanlar atan və təhqir edən şəxsin qanuna müvafiq şəkildə cəzalandırılması və məsuliyyətə cəlb edilməsini istəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və onun müdafiəçisi şikayətdə qeyd edilənlərlə razı olmadığını, şikayətin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etdiyini bildirmiş və şikayətin məhkəmənin icraatına qəbul edilməməsini xahiş etmişlərr. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əsk olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin məcəllənin 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Sözü gedən məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqdaxüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin məcəllənin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunsa da, konkret olaraq həmin məcəllənin 147ci maddəsinin hansı hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi qeyd edilməmişdir Beləliklə, şikayət vermiş şəxs təkrarən məhkəmə iclasında iştirak etməkdən imtina etdiyindən və şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 302.2.3-cü tələblərinə əsasən məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X3 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili X8 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X3 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili X8 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-390/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-390/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver