Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-390/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Alyans vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 2004-cü ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,649 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrlə psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən 22 aprel 2025-ci il tarixdə saat 19:59da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən kibrit qutusunda bir ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,649 qram olan maddə kustar üsula hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir ildir müxtəlif ünvanlarda anket məlumatlarını bilmədiyi şəxsdən narkotik vasitə və psixotrop maddə alıb istifadə edir. Dəqiq tarixi unutduğu bir neçə gün öncə özünü İran vətəndaşı adının "Aydın” olduğunu bildiyi şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə istifadəsindəki +**********53 nömrədən “votsap” tətbiqi vasitəsi ilə zəng edərək işləyib istəmədiyini, özünün narkotik vasitə istifadə edib etmədiyini və gəlir əldə etmək istəyib istəmədiyini maraqlandıqda işləmədiyini, narkotik vasitələrdən istifadə etdiyini və gəlir əldə etmək istədiyini bildirmişdir. “Aydın” adlı şəxs narkotik vasitə göndərəcəyini həmin narkotik vasitələri götürdükdən sonra pulunu hesablayıb deyəcəyini bildirdikdə onunla razılaşmışdır. Bundan sonra düşünmüşdür ki, "Aydın” narkotik vasitə göndərərsə özü üçün götürüb onun istifadəsində olan +**********81 və +**********53 nömrələri qara siyahıya salar. 22 aprel 2025-ci il tarixdə təxminən saat 19 radələrində "Aydın” adlı şəxsin istifadəsindəki +**********81 mobil nömrədən göndərdiyi məkana uyğun olaraq Xətai rayonu Əhmədli qəsəbəsi adlanan yerə gedib avtomobil qarajının yaxınlığında biri-birinə şəffaf yapışqan lentlə bağlanmış kibrit qutusu ilə qara rəngli sellofan bükümü götürmüşdür. Bir qədər gəldikdən sonra saat 19:59-da Xətai rayonu, S.Ə.Şirvani küçəsi 7 ünvanın qarşısında piyada hərəkət edən zaman üç nəfər şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib telefonla videoçəkiliş edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini bildirdikdə əynindəki boz rəngli cins şalvarın sağ cibindən biri-birinə şəffaf yapışqan lentlə bağlanmış kibrit qutusu ilə qara rəngli sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi kibrit qutusu açıldıqda içərisində bir ədəd ağ rəngli kağız bükümdə olan maddənin “patı-şüşə” olmasını və bir ədəd qara rəngli sellofan bükümün içərisində olan kütlənin “ot” olmasını bildirmişdir. Üzərindən aşkar edilmiş içərisində "patı-şüşə” kimi tanıdığı narkotik vasitə elektron tərəzidə çəkildikdə 1.32 qram və içərisində “ot” kimi tanıdığı narkotik vasitə olan sellofan bükümün 27.87 qram olması müəyyən edilib ayrı-ayrı zərflərdə qablaşdırlıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra onu üzərindən aşkar edilmiş əşya və bükümlərlə birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət edərək gətirib şöbənin təhqiqatçısına təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 22 aprel 2025-ci il tarixdə saat 19:59-da Xətai rayonu, S.Ə.Şirvani küçəsi 7 ünvanın qarşısında tərəflərindən saxlanılaraq videoçəkilişdən istifadə etməklə baxış keçirərək üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etməsini tələb edilmiş, bu zaman sonuncu əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir-birinə yapışqan lentlə bağlanmış bir ədəd kibrit qutusunu və bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Keçirilən baxış zamanı təqdim edilən kibrit qutusunda aşkar edilmiş bir ədəd ağ rəngli kağız bükümün içərisində olan kütlənin "patı-şüşə” kimi tanıdığı psixotrop maddə, bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə marixuana olmasını bildirmişdir. Bükümlər elektron tərəzidə çəkildikdə içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bir ədəd ağ rəngli kağız büküm 1.32 qram, içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan bir ədəd qara rəngli sellofan büküm 27.87 qram olmaları müəyyən edilib ayrı-ayrı kağız zərflərdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilib götürülmüşdür. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bir müddət bundan öncə özünü “İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin ona zəng edərək tanış olduğunu işləmədiyini bildikdə ona narkotik vasitələr göndərəcəyini satıb gəlir əldə edə biləcəyini bildirdikdə razılaşdığını, lakin fikrində onu aldatmaq narkotik vasitəni əldə etdikdən sonra şəxsi istifadəsi üçün özündə saxlamaq və İran vətəndaşının mobil nömrəsini qara siyahıya salmaq fikrinin olmasını, hal hazırda üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu həmin maddələri satmaq fikrinin olmadığını bildirmişdir. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət edilmişdir. Polis bölməsində olan zaman təhqiqatçı tərəfindən müvafiq sənədlər tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadələri elan olunmuş şahidlər Xətai RPİ-nin 34-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ifadələri Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlamaq və icraata qəbul etmək barədə 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata götürülmüş və istintaqı aparılmışdır; (i.v.1) - 22 aprel 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanılmış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan bükülmüş bitki tərkibli narkotik maddəyə bənzər vasitə və 01 (bir) ədəd kibrit qutusunda içərisində ağ rəngli kağıza bükülmüş kristal şəkilli maddəni təqdim etmişdir. Sonra bitki tərkibli narkotik vasitəyə bənzəyən maddə elektron tərəzidə çəkilmiş, çəkisi 27.87 qram və bir ədəd kibrit qutusunun içərisində ağ rəngli kağıza bükülmüş kristal şəkilli maddənin çəkisi 1.32 qram olması müəyyən edilmiş, həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, 01 (bir) ədəd “İphone 13” markalı mobil telefon, 01 (bir) ədəd telefon adapteri və 01 (bir) ədəd alışqan götürülmüşdür sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə hesab edilən maddələri tanımadığı İran vətəndaşından əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama Bakı şəhəri, Xətai rayonu, X5 7 ünvanının qarşısında keçirilmişdir. Üstü yoxlama zamanı “İphone” markalı telefon vasitəsi ilə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən 34-cü PŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol istirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah edilmişdir. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır; (i.v.12-13) - 22 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:59-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 28) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1506 nömrəli 23 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №152" dairəvi möhür əksləri olan, "Təqsirləndirilən şəxs T. “imza"; (ad, soyad oxunmur) “imza” ” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,649 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,649 qram, tədqiqata sərf edildi – 0,040 qr., qalıq – 0,609 qr; (i.v. 44-48) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/625 nömrəli 23 aprel 2025-ci il tarixli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxsimza...” yazılar və imzalar olan ağ rəngli kağız zərfdə 01 (bir) ədəd üzəri skoçlu qara rəngli sellofan bağlamada yaş vəziyyətdə ümumi çəkisi 23,7 qram olan 16 ədəd bitki nümunələri və 12 ədəd yaşılı rəngli bitki hissələrinin tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid Deyildir; (i.v. 50-52) - 24 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v. 73-74) - 24 aprel 2025-ci il tarixli vəsatətin müdafiəsindən imtina edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi Malik Əhmədovun 24 aprel 2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir; (i.v.96-97) - 24 aprel 2025-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (i.v.99-101) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X2 Şəxsinin xx.xx.2025-ci il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müayinədə olmuşdur; (i.v.115) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 05 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.121) Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Quycaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 may 2025-ci il tarixli 76 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Nüzgar kənd sakinidir, hal-hazırda ünvan 5 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır; (i.v.136) Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Quycaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 may 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir; (i.v.137) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2025-ci il tarixli 2364 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür; (i.v.155-156) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 X3 Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının 12 may 2025-ci il tarixli 1530 saylı rəyindən görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixiatrik ekspertizası üzrə aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektul imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmamışdır; (i.v.158- 160) - 11 iyul 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, iş üzrə 15 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,609 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs məxsus üzərində “+**********53” nömrə olan “İphone 13” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, həmçinin şəxsi üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan iki ədəd və Azerfon MMC-dən daxil olmuş bir ədəd DVD-R formatlı disklər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır; (i.v.179-186) İş materiallarına əlavə edilmiş SX seriyalı №0727059 nömrəli hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Ağdam rayon ərazisində aparılmış antiterror əməliyyatlarında iştirak etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,649 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və ölkənin ərazi bütövlüyü uğrunda aparılan anti-terror əməliyyatlarında iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 22 aprel 2025-ci il tarixdən 24 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-də saxlanılan 01 ədəd bükümdə çəkisi 0,609 qram olan psixotrop maddə metamfetamin və tərkibində aktivliyə malik komponentlər olmayan ümumi çəkisi 23,7 qram kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd disk iş materiallarında saxlanılmalı, 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, 70 (yetmiş) manat ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. (CPM-197-198). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Alyans vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saat iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan “İphone 13” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 (iki) gün həbsdə saxlama müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,609 qram psixotrop maddə metamfetamin və tərkibində aktivliyə malik komponentlər olmayan ümumi çəkisi 23,7 qram kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan “İphone 13” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınan - üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş 23 aprel 2025-ci il tarixli, 6/1506 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. 23 aprel 2025-ci il tarixli, 7/625 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Alyans vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 110 (bir yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-390/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-390/2025
12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver