Məhkəmə qərarları › İş №1(011)-391/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-391/2022

14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-391/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 fevral 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, üç ədəd bükümdə, ümumi təmiz çəkisi 1,555 qram narkotik vasitə tiryək əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında, Xətai RPİ-nin 34cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 04 may 2022-ci il tarixdə, saat 18:45-də Xətai rayonu, A.Rəhimov küçəsinin yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərə görə eyni olan, üç ədəd şəffaf rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,338 qram, 0,811 qram, 0,406 qram, ümumi təmiz çəkisi 1,555 qram olan tünd rəngli qətranabənzər maddələr - kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xətai rayonu, A.Rəhimov küçəsində yerləşən yaşayış sahəsində yaşayır. O, ara-sıra narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alırmış. 04 may 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı evin qarşısında olduğu zaman, polis əməkdaşları onu saxlamış və daha sonra onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmuş və bundan sonra o, məcbur olub videoçəkiliş zamanı üzərindən aşkar olunaraq götürülmüş üç ədəd bükümdə narkotik vasitə olan tiryəki əldə edib üzərində daşıyaraq saxlamağını etiraf etmişdir. Əslində isə ibtidai araşdırmada verdiyi ifadələri həqiqəti əks etdirmir, məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 may 2022-ci il tarixdə Xəlid adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması və satması barədə polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Xəlid adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə şöbənin əməliyyat müvəkkili Şahid2 təyin olunmuşdur. Həmin gün Şahid2 ilə birlikdə Xətai rayonu, A.Rəhimov küçəsinə getmişlər və axşam saat 19 radələrində Xəlid adlı şəxsin əlamətlərinə oxşar şəxsi müəyyən edib, sonuncuya yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onlar sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Xəlid adlı şəxsin şəxsiyyəti dəqiqləşdirildikdə məlum olmuşdur ki, sonuncu xx.xx.1992-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Daha sonra, dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, həmin şəxsin üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən üç ədəd sellofanı çıxardıb təqdim edərək, həmin sellofanlarda olan maddələrin narkotik vasitə olmasını, narkotik vasitəni sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı Ağa adlı şəxsdən Xırdalan şəhərindən götürərək, hesaba 50 manat pul köçürməsini, narkotik vasitəni şəxsi istifadəsi üçün almasını, həmçinin 04 may 2022-ci il tarixdə bir büküm narkotik vasitəni 20 manata Vüsal adlı şəxsə satmasını bildirmişdir. Daha sonra aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 04 may 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofana bükülmüş qara rəngli kristal şəkilli kütləni təqdim edərək, həmin bükümlərdəkinin narkotik maddə olmasını, həmin maddəni bir neçə gün əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Ağa adlı şəxsin dediyi ünvan olan - Xırdalan şəhərində, ünvanı dəqiq bilmədiyi yerdə, binanın arxa hissəsindən dörd ədəd büküm götürdüyünü və həmin şəxsin kart hesabına 50 manat pul göndərdiyini, həmin narkotik maddəni həm şəxsi istifadəsi, həm də satış məqsədi ilə üzərində saxladığını, 04 may 2022-ci il tarixdə tanışı Vüsal adlı şəxsə bir bükümü 20 manata satdığını bildirmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2022-ci il tarixli, 6/2573 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Osmanov...” sözləri olan zərfdəki üç ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,338 qram, 0,811 qram, 0,406 qram, ümumi təmiz çəkisi 1,555 qram olan tünd qəhvəyi rəngli, qətranabənzər maddələr - kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir. Tədqiqatdan sonra qalıq - 1,505 qramdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2022-ci il tarixli, 6/2861 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Osmanov...” sözləri olan zərfdəki üç ədəd bükümdə, ümumi təmiz çəkisi 1,505 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəklə üzərində “...(imza) Qurbanov...” sözləri olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,835 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqatdan sonra qalıq - 1,455 qramdır. İş materiallarından görünür ki, 1,455 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin məsul saxlanca təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 26 may 2022-ci il tarixli, 2806 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə ittiham elan edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs qismində əlavə dindirilməsi zamanı, Təqsirləndirilən şəxs bildirmişdir ki, ilkin izahatında narkotik vasitəni 20 manata Vüsal Qurbanova satdığını dediyi üçün, problem yaranacağını fikirləşib, sonrakı ifadələrində və üzləşdirmədə sonuna qədər narkotik vasitəni Vüsal Qurbanova satdığını qeyd etmiş, əslində isə bu belə olmamış, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün almış, narkotik vasitələrin satışı ilə məşğul olmamış, o cümlədən, X5 04 may 2022-ci il tarixdə narkotik vasitə verməmişdir. Eyni zamanda, təqsirləndirlən şəxs qismində dindirilən zaman, X8 da üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs almadığını və narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün alaraq, üzərində saxladığını bildirmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi xaric edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Həmçinin, cinayət işinin materiallarından X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatın təmin edilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İş materiallarından görünür ki, 06 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 18 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 fevral 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən altı il keçmədən hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanılarkən və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmasını bildirsə də, bununla bağlı hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Prokurorluğunun müstəntiqinin qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 24 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,455 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 162 (bir yüz altmış iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 11 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 24 sentyabr 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,455 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 162 (bir yüz altmış iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar