Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-391/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,592 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 mart 2023-cü il tarixdə saat 21:10-da ünvan 2 ünvanın yaxınlığında olan zaman saxlanılıb ünvan 3ən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofon bükümdə təmiz çəkisi 0,592 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, video çəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitədən istifadə etməyə başlamışdır. Bu səbəbdən 09 mart 2023-cü il tarixdə tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında şəxsi istifadəsi üçün üzdən tanıdığı şəxsdən 30 (otuz) manat müqabilində bir büküm narkotik vasitə heroin almış və cibinə qoymuşdur. Həmin gün saat 21:10 radələrində ünvan 5 ünvanın yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu şübhəli şəxs kimi Xətai RPİ-nin 35-ci PBnə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə polis Bölməsinə gəlmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində heroin olmasını bildirmişdir. Təqdim etdiyi bükülü bir ədəd zərfə qoyulmuş və həmin zərfin üzərində özü də daxil olmaqla iştirakçılar tərəfindən imzalar çəkilmiş və möhürlənmişdir. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, hazırda narkomaniyadan asılılığı aradan qaldırılması üçün "xxxx" MMC-də psixoloji yardım almasını, bunun çox müsbət nəticə verməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, hazırda Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsi daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, üzvü isə Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 olmuşdur. 09 mart 2023-cü il tarixdə saat 21:10 radələrində Təqsirləndirilən şəxs Xətai rayonu, Neapol küçəsi, 26 saylı ünvanın yaxınlığında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib onu 35-ci polis bölməsinə dəvət etmişlər. Müdafiəçi dəvət olunduqdan sonra video çəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellefona bükülmüş, qəhvəyi rəngli, toz şəkilli maddəni çıxarıb masanın üzərinə qoyaraq təqdim edib cibindən çıxardığı həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu “Həzi Aslanov” stansiyasının yaxınlığında öz şəxsi istifadəsi üçün üzdən tanıdığı şəxsdən 30 manat pul müqabilində aldığını bildirmişdir. Təqdim olunan kütlə zərfə qoyularaq möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəkilişin bitdiyi elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilən Şahid2 ondan öncə dindirilən Şahid1 ifadəsinə oxşar ifadə verərək işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. Onun ifadəsi heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il il tarixdə ünvan 6 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış və 35-cı polis bölməsinə dəvət edilmişdir. Həmin polis bölməsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş bükümü təqdim edərək içərisində qəhvəyi rəngli, toz şəkilli maddənin narkotik vasitə heroin oduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 6/1465 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində “...imza Təqsirləndirilən şəxs...” sözləri olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,592 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsinin 04 aprel 2023-cü il tarixli 1887 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,542 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınmışdır. Narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd disk isə cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə saat 21:10-da saxlanılmış və şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 11 mart 2023-cü il il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin X1 təqdim etdiyi arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdən 03 oktyabr 2023-cü il tarixədək "xxxx" MMC-nin ünvan 7 ünvanında yerləşən mərkəzdə qapalı şəraitdə qalır və narkomaniyadan asılılığın aradan qaldırılması üçün psixoloji yardım almaqdadır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğrudan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,542 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, 03 oktyabr 2023-cü il tarixədək "xxxx" MMC-nin ünvan 7 ünvanda yerləşən mərkəzi tərk etməmək, 03 oktyabr 2023-cü il tarixdən sonra isə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,542 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-391/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-391/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver