Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-392/2022 31.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə qismində» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 12 aprel 2022-ci il tarixdə 30 manat müqabilində şəxsiyyəti istintaqa məlum olmayan Zaur adlı şəxsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,549 qram çəkidə və 01 ədəd bükümdə 0,537 qram çəkidə narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, əldə etdiyi 01 ədəd bükümdə 0,549 qram çəkidə narkotik vasitə heroini aralarında olan razılaşmaya əsasən həmin narkotik vasitənin alınması üçün ona 20 manat pul vermiş tanışı Şahid1 vermiş və Xətai RPİ-nin 35-ci Polis bölməsinin əməkdaşlarının Şahid1 saxlanılması üzrə keçirdikləri əməliyyat tədbirinin davamı olaraq o, 12 aprel 2022-ci il tarixdə saat 21:20-də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş, polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,537 qram qəhvəyi rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 il olar ki, narkotik vasitələrdən istifadə edir. 12 aprel 2022-ci il tarixdə günorta saatlarında qonşuluqda yaşayan Valeh adlı şəxslə yaşadığı binanın qarşısında görüşmüşlər. Valeh də onun kimi narkotik vasitə istifadəçisidir. Valehlə aralarında olan söhbət əsnasında narkotik vasitə alaraq istifadə etmək qərarına gəlmişlər. Aralarındakı razılığa əsasən o, narkotik vasitəni əldə edəcək, pulun çox hissəsini isə Valeh verəcəkdir. Buna görə Valeh ona narkotik vasitə əldə etməsi üçün ona 20 manat pul vermişdir. Həmin pulun üzərinə 10 manat qoyaraq narkotik almağa getmişdir. Bundan əvvəl bir neçə dəfə narkotik vasitə əldə etdiyi Zaur adlı şəxsin yanına getmək qərarına gəlmiş, Zaurun olduğu yeri əvvəlcədən bildiyi üçün Bakı şəhəri, Xətai rayonunda yerləşən “Afrodita” şadlıq sarayının yaxınlığına gedib Zaurla görüşmüşdür. Valeh ilə birlikdə düzəltdikləri 30 manat pulu həmin şəxsə verib iki büküm heroin əldə etmişdir. Bundan sonra o, məhəlləyə qayıdaraq Valeh ilə görüşmüş və əldə etdiyi bükümlərdən birini Valehə vermiş, digərini isə özü üçün saxlamış, daha sonra Valehdən ayrılmış və yaşadığı evə gedərək heroinin bir hissəsini istifadə etmişdir. Həmin gün axşam saatlarında məhəlləyə düşmək istəmiş və qalan narkotiki evdə saxlamamaq üçün şalvarın sağ yan cibinə qoymuşdur. Saat təxminən 21 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmiş, birlikdə 35-ci Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunub bölməyə müdafiəçi dəvət olunmuşdur. Daha sonra bölmədə videoçəkilişdən istifadə edilməklə üzərində axtarış keçirilmiş, axtarış zamanı ona üzərində olan qeyri-qanuni əşya və ya predmetləri təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra şalvarın sağ yan cibində saxladığı 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuşdur. Verilən suallara cavab olaraq o, təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Zaur adlı tanışından əldə etdiyini söyləmişdir. Daha sonra üzərindən aşkar edilən narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə iştirakçılar tərəfindən imzalar çəkilmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, təxminən 4-5 ildir ki, narkotik vasitələrdən istifadə edir. Səhhəti ilə bağlı problemlər olduğundan ağrıların azalması üçün narkotik vasitələrdən istifadə etməyə başlamış, sonradan isə narkotik vasitələrdən asılı vəziyyətə düşmüşdür. Çox vaxt heroindən istifadə etmişdir. 12 aprel 2022-ci il tarixdə günorta saatlarında qonşuluqda yaşayan Zahid adlı şəxslə yaşadığı binanın qarşısında görüşmüş, Zahid də onun kimi narkotik vasitə aludəçisi olduğundan söhbət əsnasında narkotik vasitə alaraq istifadə etmək qərarına gəlmişlər. Razılığa əsasən Zahid narkotik vasitəni əldə etməli, pulun çox hissəsini isə o verməli olmuşdur. Buna görə 20 manat pulu Zahidə verərək ondan narkotik vasitə almasını istəmişdir. Zahid də öz növbəsində həmin pulun üzərinə 10 manat qoyaraq narkotik vasitə almağa getmiş, bir neçə saat sonra Zahid ilə yenidən yaşadığı ünvanın qarşısında görüşmüşlər. Orada Zahid narkotik vasitə əldə etdiyini söyləmiş və ona bir büküm heroin vermişdir. Narkotik vasitəni götürdükdən sonra Zahidlə sağollaşıb ayrılmışdır. Zahiddən götürdüyü nakotik vasitənin bir hissəsini binanın girişində qəbul etmişdir, bükümdə qalan narkotiki isə əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat təxminən 20 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Onlarla birlikdə 35-ci Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunmuş və bölməyə müdafiəçi dəvət olunmuşdur. Daha sonra bölmədə üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş, axtarış zamanı ona üzərində qeyri-qanuni əşya və ya predmetləri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoyaraq təqdim elmişdir. Verilən suallara cavab olaraq təqdim etdiyi maddənin heroin olduğunu, həmin narkotik vasitəni Zahid adlı tanışından əldə etdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar edilən narkotik vasitələr qablaşdılaraq möhürlənmiş, zərfin üzərinə iştirakçılar tərəfindən imzalar çəkilmişdir. Narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Şahid1 Bakı şəhəri, Xətai rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat üzərində araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, xx.xx.1966-cı ildə Lənkəran rayonunda anadan olmuş. Xətai rayonu G.Şıxlinski küçəsi ev 39 mənzil 18-də qeydiyyatda olub və faktiki olaraq həmin ünvanda yaşayan Şahid1 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə edir.Dərhal Xətai RPİ-nin 35-ci PB-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Şahid1 xx.xx.2022-ci il tarixdə saat 19:50-də ünvan 5 ünvanında saxlayaraq 35-ci PB-nə dəvət etmişlər Həmin polis bölməsində təhqiqatçı tərəfindən Şahid1 narkotik vasətlərin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunduqdan sonra, dövlət hesabına müdafiəçi ləyin etmək iiçün, vəkillərin siyahısı təqdim edilmiş, həmin siyahıdan könüllü olaraq müdafiəçi seçdikdən sonra, müdafiəçinin iştirakı və video çəkilişdən istifadə etməklə üzərinə səxsi axtarış keçirilməsi ilə bağlı hüquq və vəzifələr izah olunmuşdur.Təhqiqatçı Şahid1 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmeti təqdim etməsini istədikdə, Şahid1 əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni çıxararaq təqdim etmişdir. Həmin kütlənin nə olması soruşulduqda, Şahid1 narkotik maddə hesab olunan heroin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında qonşusu Zahid adlı şəxsdən 20 manata aldığını bildirmişdir.Həmin bükümdəki maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkisi çəkilmiş və 1 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi 0,85 qram olması məlum olmuşdur. Həmin kütlə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Şahid1 narkotik vasitəni qonşusu Zahid adlı şəxsdən aldığını bildirdiyi üçün tərəflərindən keçirilmiş əlavə əməliyyataxtarış tədbirləri zamanı Şahid1 narkotik vasitəni əldə etdiyi şəxsin xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Xətai rayonu G.Şıxlinski küçəsi ev 39 mənzil 157-də qeydiyyatda olub və faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin gün saat 21.20-do Təqsirləndirilən şəxs Bakı şəhəri ünvan 6 binanın qarşısında saxlayaraq 35-ci PB-nə dəvət etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasətlərin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunduqdan sonra, dövlət hesabına müdafiəçi təyin etmək üçün, vəkillərin siyahısı təqdim edilmiş, həmin siyahıdan könüllü olaraq müdafiəçi seçdikdən sonra, müdafiəçinin iştirakı və video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı hüquq və vəzifələr izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmeti təqdim etməsini təklif olunduqda Təqsirləndirilən şəxs könüllü sürətdə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə olan bükümü təqdim etmiş, həmin kütlənin narkotik vasitə hesab olunan hcroin olduğunu, xx.xx.2022-ci il tarixdə Xətai rayonu ərazisində yerləşən «Afrodita» şadlıq sarayının qarşısında Zaur adlı şəxsdən 30 manata əldə etməsini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin bııkümdəki maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkisi çəkilmiş və həmin 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi 0,86 qram olması məlum olmuşdur. Həmin kütlə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o da, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi də dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması məhkəmə tərəfindən mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Şahid2 iş üzrə digər Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, ayrıca icraata ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir ( i.v. 1-2); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 5); şübhəli şəxsin tutulması haqqında 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə, saat 21:20-də saxlanılaraq Xətai RPİ-nin 35-ci polis bölməsinə gətirilmişdir (i.v. 32); şəxsi axtarış və götürmə aparılması haqqında 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşı, polis serjantı X2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı mobil telefon istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu və xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Afrodita şadlıq sarayının qarşısında Zaur adlı şəxsdən 30 (otuz) manat müqabilində əldə etdiyini və istifadə etmək üçün üzərində gəzdirdiyini, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində ünvan 6 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirmişdir. Götürülmüş kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.86 qram olması müəyyən edilmişdir. (i.v. 43-44); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2022-ci il tarixli, 6/2088 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Vətəndaş Təqsirləndirilən şəxs (imza)” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,537 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroin, vətəndaş Şahid1 götürülmüş heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 51- 54); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 68); 14 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Şahid1 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs ilə narkotik vasitə aludəçisi olduqlarını, xx.xx.2022-ci il tarixdə yaşadıqları ünvanın qarşısında görüşərək narkotik vasitə əldə etmək qərarına gəldiklərini, bu səbəbdən Zahidə 20 manat pul verdiyini, Zahidin də həmin pulun üzərinə 10 manat qoyaraq narkotik əldə etdiyini, bir neçə saat sonra onunla yenidən məhəllədə görüşdüyünü və bir büküm heroin götürdüyünü, bir hissəsini istifadə etdiyini, qalanını isə şalvarının cibinə qoyduğunu, həmin gün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 dədiklərini təsdiq etmişdir ( i.v. 80-82); qətimkan tədbirinin seçilməsi haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 90-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 95); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 2179 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 96-97); Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı ilə əlaqədar 1 ədəd CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olduğunu, onu şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Xətai rayonunda yerləşən Afrodita şadlıq sarayının qarşısında Zaur adlı şəxsdən 30 (otuz) manata əldə etdiyini bildirmişdir (i.v. 105); Sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi faktı öz təsdiqini tapmadığından həmin hissədə cinayət təqibi başlanmasının rədd olunması, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinin tətbiq edilməməsi, Təqsirləndirilən şəxs ifadəsi işin digər halları ilə təsdiq edildiyindən, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəylərinin sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,537 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından qalıq qalmış 0,487 qram narkotik vasitə heroinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, iş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 (bir) ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini aldığı, istintaqa məlum olmayan “Zaur” adlı şəxsin şəxsiyyətini müəyyən etməkdən ötrü cinayət işindən material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün Xətai RPİ-nin 35-ci PB-nə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon Prokuroruna göndərilməsi qərara alınmışdır ( i.v. 116-124); İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Hüseynli Murad adlı övladı vardır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoyub içərisindəki maddənin heroin olduğunu, onu şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,537 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 2 (iki) il 9 (doqquz) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş « polisin nəzarəti altına vermə » qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,487 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-392/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-392/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver