Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-394/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonu, Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Minbaşı Ə/D, Yaxa Dəllək kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə saat 15:55-də etibarnamə əsasında “AE 121721” nömrəli, “BC” sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qara rəngli “Kia Rio” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 2 ünvanda yerləşən “Fəridə” şadlıq sarayının qarşısında 40-50 km/saat sürətlə hərəkətdə olarkən piyadanın yolun hərəkət hissəsini sağdan sola doğru keçməyə başlamasını, yəni hərəkəti üçün təhlükə yaranmasını görüb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən şəxs piyada keçidinə daxil olduğu andan sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda Təqsirləndirilən şəxs həmin qaydaların tələblərini pozması idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə piyada X2 vurması nəticəsində ehtiyatsızlıqdan onun ağır kəllə-beyin travması, baş-beyin ağır dərəcəli əzilməsi, hər iki beyin yarımkürəsinə qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağtərəfli otohemolikvoriyadan ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid bədən xəsarətləri alaraq ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin,əlavə şahidin ifadəsi, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə müxtəlif avtomobilləri idarə etmişdir. “Kia” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 3 ay müddətidir ki, etibarnamə ilə idarə edir. Həmin avtomobil ona “Lux Park 8” taksi şirkəti tərəfindən etibarnamə əsasında verilmiş və həmin şirkətin mobil telefon tətbiqinə qoşulmaqla taksi fəalliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 08:33-də taksi şirkətinin mobil internet tətbiqinə qoşulub, sərnişinləri ünvanlara çatdırmışdır. 15:20 radələrində Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Yeni Günəşli qəsəbəsində sərnişini qeyd etdiyi ünvanda düşürmüşdür. Sonra Bakı şəhəri, Xətai rayonu yerləşən Ukrayna dairəsinə tərəf hərəkət etmişdir xx.xx.2022-ci il tarixdə təxminən saat 15:50 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən Ukrayna dairəsinə çatmış və həmin dairədən Gəncə prospekti istiqamətinə keçmişdir. Gəncə prospekti ilə “Fəridə” şadlıq sarayı istiqamətində avtomobili 40-50 km/saat surətlə idarə etmişdir. ünvan 5 ünvanda yerləşən “Fəridə” şadlıq sarayının yaxınlığında mobil internet tətbiqinə yeni sifariş gəldiyinin səsini eşitmişdir. Mobil telefonda sifarişi qəbul etmiş və anidən piyada keçidindən yolun əks tərəfinə keçən piyadanı avtomobilin sol künc hissəsi ilə vurmuşdur. Hadisə anidən olmuş və o, həmin piyadanın piyada keçidindən keçməsini əvvəlcədən görməmişdir. Piyada keçidində qadın cinsindən olan piyadanı vurduqda, zərbənin təsirindən piyada təxminən 3 metr irəliyə atılmışdır. O, cəld şəkildə avtomobildən düşmüş və qadına yaxınlaşmışdır. Qadın yerdə uzanıqlı və huşu getmiş vəziyyətdə idi. Qadının başından qan axmışdır. Bundan sonra yolda hərəkət dayanmış və bir neçə şəxs avtomobildən düşərək köməyə gəlmişdir. Həmin anda o, özünü itirmişdir. Ətrafdan kömək istəmişdir ki, dərhal qadını təcili tibbi yardıma çatdırsın. Bu zaman ətrafdakılardan tanımadığı və şəxsiyyəti haqqında məlumatı olmadığı kişi cinsindən orta yaşlı bir şəxs ona kömək edərək idarə etdiyi avtomobilin arxa oturacağına qadını uzatmışlar. O, qorxduğu üçün avtomobili idarə etməkdə çətinlik çəkəcəyini görən həmin şəxs özü avtomobilin sükan arxasına əyləşmiş və ona bildirmişdir ki, təcili tibbi yardım yaxınlıqdadır. Bu zaman o, avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Onlar birlikdə təcili tibbi yardım stansiyasına çatmış və oradan qadının vəziyyəti ağır olduğunda qadını təcili tibbi yardım avtomobilinin müşayiəti ilə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik xəstəxanasına aparmışlar. Xəstəxananın qarşısında polis əməkdaşlarının onunla əlaqə saxlamasını gözləmiş və xx.xx.2022-ci il tarixdə o, könüllü olaraq İŞ-nə etdiyi əməli etiraf etmişdir. Bundan başqa əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, gənc olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X7 onun qızıdır. Mərhum qızı X7 xx.xx.2019-cu ildə X4 ilə ailə həyatı qurmuşdur. Onların birgə nigahından 1 azyaşlı oğlu xx.xx.2021-ci il təvəllüdlü X5 olmuşdur. Mərhum qızı ailə həyatı qurduqdan sonra ailəsi ilə birlikdə ünvan 6 ünvanına köçərək yaşamağa davam etmişlər. xx.xx.2022-ci il tarixdə o, mərhum qızı X1 evinə qonaq getmişdir. Həmin gün saat təxminən 15 radələrində mərhum Ləman Əkbərova yaşadığı ünvanda çıxaraq gündəlik azuqə almaq üçün marketə getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 15:55 radələrində qeyd olunan ünvanın eyvan hissəsindən yola baxarkən piyada olan şəxsin piyada keçidi vasitəsilə yolun sol tərəfindən sağ tərəfinə keçən zaman piyada keçidində avtomobil vuraraq yol-nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Həmin zaman yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdən onun olduğu mənzilin eyvan hissəsi ilə arası yaxın olduğundan, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin qızı mərhum X7 olmasını görmüşdür. O, cəld şəkildə qaldığı binadan düşərək yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getmiş və həmin yerdə ona məlum olmuşdur ki, artıq qızı X6 rayonunda yerləşən 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. O da cəld şəkildə həmin xəstəxanaya getmişdir. Qeyd olunan xəstəxanada təxminən 8 gün müayinə və müalicə aldıqdan sonra, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat etmişdir. Cinayətin ehtiyatsızlıqdan törədilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd etmiş və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anasıdır, oğlu qəza keçirən zaman əməliyyat olunmuşdur. Onun qəza törətdiyini 3 gün sonra ona demişdirlər. Mərhum xəstəxanada olarkən onun yanına getmişlər, lakin yaxınları onu qəbul etməmişdirlər. Lakin tez-tez xəstəxanaya gedib xəstə ilə maraqlanırdılar. 8 gün sonra qadın rəhmətə getmişdir. Yenə də dəfələrlə qadının atası Paşa ilə görüşməyə getmiş, lakin qovulmuşdur. Daha sonra Paşa danışmağa razı olmuş, ondan üzrxahlıq istəmiş, oğlunun qəzadan sonra mənəvi sarsıntı keçirdiyini, özünə gələ bilməməsini ona bildirmiş, nəhayət Paşa oğlunu bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X11 xx.xx.2022-ci il tarixli 39 saylı rəyində göstərilmişdir ki, X1 meyitinin üzərində aşkar edilmiş xəsarətlər: açıq kəllə-beyin travması, baş-beyin ağır dərəcəli əzilməsi, hər iki beyin yarımkürəsinə qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağtərəfli otohemoikvoriya müəyyən edilmiş, xəsarətlər həyati olub, bərk küt əşya təsirindən törənmişlər, canlı şəxslərdə həyat üçün təhlükəli oan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir və baş vermiş ölümlə səbəbli əlaqəlidir. X1 ölümünə səbəb almış olduğu küt travması nəticəsində yaranmış baş-beyin ödemi fonunda baş-beyin əzilməsi olmuş, xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin təsiri nəticəsində törənə bilər, ölüm xx.xx.2022-ci il tarixdə saat 06:25-də baş vermişdir, bu da meyitdə gedən ilkin dəyişikliklərlə öz təsdiqini tapmışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 25 aprel 2022-ci il tarixli 2/8767 saylı aktdan müəyyən olunur ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:20-də müayinədən keçirilmiş və o, hadisə zamanı avtomobili ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1248 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, disk açıldıqda içərisində üç ədəd video fayl vardır, faylda olan görüntülər ünvan 5 ünvanda quraşdırılmış TŞ 5-060 nömrəli müşahidə kameralarında qeydə alınmış xx.xx.2022-ci il tarixli saat 15:40 dəqiqədən 16:10 dəqiqəyə kimi olan görüntülərdir. Video görüntülərə baxış keçidikdə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:55-də ünvan 5 ünvanda yerləşən piyada keçidində yolun sağ tərəfindən sol tərəfinə mərhum X7 piyada olaraq keçən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vuraraq xəsarət yetirmiş və mərhum Ləman Paşayevanı yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdən idarə etdiyi avtomobilə mindirərək təcili tibbi yardım stansiyasına aparmışdır. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AE 121721 “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan 09 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi “Kia Rio” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmiş, ünvan 5 ünvanda yerləşən TŞ 5-026 saylı müşahidə kameralarında qeydə alınmış görüntülərin olduğu bir ədəd DVD disk sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 06 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş materiallarında olan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 99 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxsnın təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11 və 59.1.12-cu maddələrinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səmimi etirafını, əməlindən peşman olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. İş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, şəxsiyyətini və yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs yaşayış yeri üzrə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün digər cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs verilmiş “Kia Rio” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. Maddi sübut kimi tanınmış ünvan 5 ünvanda yerləşən TŞ 5-026 saylı müşahidə kameralarında qeydə alınmış görüntülərin olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində yaşayış yeri üzrə probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs verilmiş “Kia Rio” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış ünvan 5 ünvanda yerləşən TŞ 5-026 saylı müşahidə kameralarında qeydə alınmış görüntülərin olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-394/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-394/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver