Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-394/2023 24.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhəri doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən başlayaraq övladları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(011)-4828/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək 6930,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən başlayaraq 2 övladı üçün cəmi 340,00 manat aliment ödəməlidir, lakin kifayət qədər imkanı olmadığı üçün həmin ödənişləri vaxtı-vaxtında ödəyə bilməmişdir. Ödənişləri edə bilmədiyi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ona xəbərdarlıq edilmişdir. Təqdimat verilən xx.xx.2023-cü il tarixədək 6930,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. Belə ki, fərdi əməklə, yəni balıq işi ilə məşğuldur, lakin sezon işi olduğu üçün ödənişləri vaxtında edə bilməmişdir. Həmçinin maddi imkanının zəif olması nəzərə alınmadan, yüksək məbləğdə aliment kəsildiyinə görə məhkəmə qətnaməsi ilə razılaşmamış və həmin qətnaməni ədalətsiz hesab etdiyi üçün aliment borcunu tam olaraq ödəməmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, tərəfindən müxtəlif tarixlərdə zərərçəkmiş şəxsin hesabına müəyyən ödənişlər edildiyini, həmçinin rəsmi sənədləri olmasa da atasına məxsus evin sayğaclarını Zərərçəkmiş şəxs adına aliment əvəzi olaraq keçirdiyini bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq övladları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(011)-4828/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixədək 6930,00 manat məbləğində aliment borcu yaranmışdr. Fərdi əməklə məşğul olmaqla ayda təxminən 500,00-600,00 manat məbləğində qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq onun xeyrinə ödənişlər etməmişdir. Həmçinin məsuliyyətsiz bir insan kimi övladları ilə bu vaxtadək maraqlanmamış və onlara heç bir yardım göstərməmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərlə bağlı o, qeyd etmişdir ki, iş məhkəməyə göndərilənədək ödənilmiş məbləğlər təqdimat göndərilərkən nəzərə alınmışdır. Məhkəmə dövründə ödənilmiş məbləğlər isə ittihamın əhatə etdiyi dövrdən sonra da hər ay təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan 340 manatın müqabilində verilmişdir, yəni həmin qəbzlərin ittihamda verilmiş 6930,00 manata heç bir aidiyyəti yoxdur. Ev ilə əlaqədar o, qeyd etmişdir ki, ərə gedəndən həmin evdə yaşamışdır, boşandıqdan sonra da həmin evdə qalmışdır. Kommunal ödənişlərin edilməsində problem yarandığından sayğacların onun adına keçirilməsi zərurəti yaranmışdır. Həmçinin həmin dövrdə keçmiş qaynanası və əri aliment ödənişlərini 2-3 ay yubatması üçün həmin evin sayğacını onun adına keçirmişlər, lakin bu məsələnin təqsirləndirilən şəxsin aliment ödənişlərindən azad edilməsinə heç bir aidiyyəti olmamışdır, onsuz da o evin heç bir rəsmi sənədi yoxdur və o, həmin evdə 10 ilə yaxındır yaşayır və oradan istifadə etmək hüququ var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, borclu Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən başlayaraq övladları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 170.00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(011)-4828/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixədək 6930,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə qərəzli olaraq ödəməmişdir. Bundan əlavə o, bildirmişdir ki, heç bir rəsmi sənədi olmayan evin guya ki, zərərçəkmiş şəxsə aliment əvəzi olaraq verilməsi həqiqəti əks etdirmir. O, bildirmişdir ki, heç ümumiyyətlə ev zərərçəkmiş şəxsə verilməmişdir, zərərçəkmiş şəxs 10 ilə yaxındır ki, həmin evdə yaşayır, sadəcə olaraq həmin evdə olan hansısa kommunal xidmətin sayğacını təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin adına keçirtmişdir. Bunu kommunal ödənişlərin edilməsində problem yarandığından, həmçinin aliment ödənişlərini tam vermək üçün işin istintaqa göndərilməsini 2-3 ay yubatmaq üçün etmişlər. İş materiallarına əlavə edilmiş qəbzlərlə bağlı o, qeyd etmişdir ki, işin məhkəməyə göndərilənədək ödənilmiş məbləğlər təqdimat göndərilərkən nəzərə alınmışdır. Məhkəmə dövründə ödənilmiş məbləğlər isə ittihamın əhatə etdiyi dövrdən sonra da hər ay təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan 340 manatın müqabilində verilmişdir, yəni həmin qəbzlərin ittihamda verilmiş 6930,00 manata heç bir aidiyyəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. İcra məmuru Şahid1 onu şöbəyə cağıraraq, bildirmişdir ki, zərərçəkmiş şəxsin adına evinin kommunal istifadəçi adını keçirsə, onun oğlundan aliment borcu üzrə şikayəti və tələbi olmayacaq. Əvvəlcə o, bununla razılaşmamış, lakin sonra düşünmüşdür ki, həmin evdə o, özü yox, nəvələri yaşayır və razılaşmışdır. İşdən qayıdarkən icra məmuru Şahid1 onu təcili çağıraraq, notariusa getməli olduğunu bildirmişdir. Həmin notariusda mülkiyyətində olan evi zərərçəkmiş şəxsin adına keçirmişdir. Bununla əlaqədar olaraq orda sənədlər imzalamış, lakin həmin sənədlər onda deyil icra şöbəsindədir. Həmin notariusda onunla birlikdə zərərçəkmiş şəxsin özü və digər icra məmuru olmuşdur. Evi zərərçəkmiş şəxsin adına keçirdəndən sonra da ona və onun uşaqlarına köməklik göstərmişdir. Həmin evin tikildiyi torpağı o, 10.000 manata almışdır. Ev isə 3 otaqlı olmuşdur. Evin daxili təmir olunmuşdur. Torpaq 2011-ci il tarixdə alınmışdır. Ev isə 2013-cü ilədək tikilib təmir olunmuşdur. Qeyd etdiyi mülkü zərərçəkmiş şəxsə oğlunun aliment üzrə borcunu ödəmək üçün vermişdir. Evin heç bir rəsmi sənədi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1-2); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4828/2020 saylı 17 noyabr 2020-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, 10 yanvar 2014-cü il təvəllüdlü X1 və 30 dekabr 2014-cü il təvəllüdlü X2 nikah pozulduqdan sonra anaları-iddiaçı Zərərçəkmiş şəxs yanında saxlanılmaqla onun himayəsinə verilmələri, 10 yanvar 2014-cü il təvəllüdlü X1 və 30 dekabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 27 avqust 2020-ci il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir (i.v. 10-15); icraata başlamaq haqqında 13 aprel 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4828/2020 saylı 17 noyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə həmin tarixdə icraata başlanmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir (i.v. 16-17); borclunun barəsində axtarış elan edilməsi haqqında 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 30); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2650/2021 saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir (i.v. 32-34); borcluya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4828/2020 saylı 17 noyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmaqla məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir (i.v. 35-36); "xxxx" ASC tərəfindən verilmiş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2022-ci il tarixdə 200 manat və xx.xx.2022-ci il tarixdə 200 manat məbləğində aliment ödənişi edilmişdir (i.v. 37-38); icraata başlamaq haqqında 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4828/2020 saylı 17 noyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə həmin tarixdə icraata başlanmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir (i.v. 44-45); borcluya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4828/2020 saylı 17 noyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmaqla məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir (i.v. 50); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1005/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, icra sənədi üzrə olan tələb icra edilənədək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır (i.v. 54-56); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 64); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 83-84); təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq Bakı şəhəri Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v. 85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 91); axtarışda olan şəxsin tutulması haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30 radələrində tutulmuşdur (i.v. 92); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 17 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar olaraq təqsirləndirilən şəxs qismində ifadəsinin alınmasına saat 15:50-16:40 aralığında olmuşdur. (i.v. 109-112); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 113-114); sübutların qiymətləndirilməsi haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən ifadələr və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 118-120); “eManat”, M10 və “mpay” ödəniş portallarından və "xxxx" ASC-dən əldə olunmuş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 1700 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2022-ci il tarixdə 11 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 11 manat, xx.xx.2023cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 12 manat, xx.xx.2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən məhkəməyə müxtəlif tarixlərdə aliment ödənişinin həyata keçirilməsi barədə qəbzlər təqdim olunsa da, tərəflərin çıxışlarından və iş materiallarından da məlum olduğu kimi, həmin qəbzlərdən iş məhkəməyə göndərilənədək olan hissəsi təqdimat göndərilərkən nəzərə alınmışdır. Məhkəmə dövründə ödənilmiş məbləğlər isə ittihamın əhatə etdiyi dövrdən sonra da hər ay təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan 340 manatın əvəzi kimi verilmişdir, yəni həmin qəbzlərin ittihamda verilmiş 6930,00 manata heç bir aidiyyəti yoxdur. Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs və onun anası Şahid3 aliment əvəzi olaraq özlərinə məxsus evin sayğaclarını Zərərçəkmiş şəxs adına keçirmələrinə dair verdikləri ifadələrinə münasibətdə qeyd edir ki, ümumiyyətlə hər hansı bir yaşayış evinin sayğacının digər şəxsin adına keçirilməsi sonuncunun həmin mülkə dair sahiblik, istifadə və sərəncamverici hüquqlarının yaranması kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə iclasında şahid qimində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində zərərçəkmiş şəxsin göstərdiyi xüsusatları təsdiqləyərək bildirmişdir ki, Fərqanə Həsənova ailə qurduqdan sonra həmin evdə yaşamağa başlamış, boşandıqdan sonra isə məhkəmə qətnaməsi ilə onun həmin evdən istifadə hüququnun olması tanınmışdır. Həmçinin o ifadəsində bildirmişdir ki, sözügedən yaşayış sahəsinin ümumiyyətlə heç bir sənədi olmamış, kommunal borcların ödənilməsində problem yarandığından və barəsində başlanmış cinayət işinin 2-3 ay müddətində məhkəməyə göndərilməsini ləngitmək məqsədilə(həmin müddətdə aliment ödənişini tam veəcəyini vəd edərək) Təqsirləndirilən şəxs həmin evin sayğaclarından birini F.Həsənovanın adına keçirtmişdir. Məhkəmə qeyd edir ki, sözügedən hal aliment borcunun ödənilməsinə yönəlmiş bir hərəkət deyil. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, yaranmış borcun məbləğini, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 16 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-394/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-394/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver