Məhkəmə qərarları › İş №1(011)-395/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-395/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-395/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü ildə Kürdəmir rayonu, Karrar kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin briqadiri işləyən, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ev 76 B ünvanında yaşayan, barəsində xx.xx.2024-cü il tarixli qərar ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istitnaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin briqadiri vəzifəsində işləyərək tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının onun tərəfindən pozulması nəticəsində, yəni Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 12 ünvanında yerləşən çoxmərtəbəli ofis binasının tikintisi zamanı “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 2.26-cı bəndinin və “Tikinti. İnventar mühafizə hasarları” 12.4.059-89 DÜST-ün 2.2.1-ci bəndinin tələblərini pozaraq ehtiyatsızlıqdan, inşası aparılan həmin çoxmərtəbəli ofis binasının iş aparılan daimi təsirli istehsalat zonasına aid olan 8-ci mərtəbəsinin kənarlarının müvafiq yükə hesablanmış qoruyucu çəpərlə bağlanmasını təmin etməməsi nəticəsində, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də qəlibçi işləmiş X5 xx.xx.2024-cü il tarixdə, saat 10:50 radələrində yer səthindən 32 metr hündürlükdə armatur-beton sütunlarının qəliblərinin quraşdırılması işini apararkən müvazinətini itirərək müvafiq yükə hesablanmamış qeyd olunan qoruyucu çəpərin üstünə yıxıldıqda, çəpər ağırlığına tab gətirməyib yerindən qopduğundan, sonuncunun yıxılaraq canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan, hündürlükdən yerə yıxılması nəticəsində əmələ gələ bilən başın və bədənin küt travması, baş-beyin əzilməsi, kəllə tağı və əsası sümüklərinin qəlpəli açıq sınıqları, baş beynin yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, başın təpə nahiyəsinin əzilmiş yarası, hər iki baldır sümüklərinin qapalı və sol budun açıq qəlpəli sınıqları, sol budun əzilmiş yarası və hər iki baldırın sıyrıqları kimi bədən xəsarətləri alıb, baş-beynin əzilməsi nəticəsində ölümünə səbəb olmaqla, tikintidə işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibb və məhkəmə-təhlükəsizlik texnikası ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Onlara vurulmuş zərər ödənilmiş, bütün cənazə xərcləri çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin dekabr ayından hazıradək "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. "xxxx" MMC-nin fəaliyyəti çoxmərtəbəli binaların tikintisi zamanı qəlib, dəmir və betonlaşdırma işlərinin aparılmasından ibarətdir. 2023-cü ilin avqust ayından hazıradək “X10”nin sifarişi əsasında Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 12 ünvanında yerləşən yeni tikilməkdə olan ofis binasının dəmir, qəlib və betonlaşdırma işlərinin aparılması tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən "xxxx" MMC-yə həvalə edilmişdir. Belə ki, həmin binanın 9 mərtəbəsi artıq tikilib, daha 4 mərtəbə də tikiləcək və ofis binasının 13 mərtəbəli olması nəzərdə tutulur. Ona görə də, "xxxx" MMC həmin tikilmiş mərtəbələrdə dəmir və betonlaşdırma işlərini aparır. Qeyd olunan tikinti sahəsinin briqadiri Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxsla xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və o, briqadir vəzifəsinə təyin edilmişdir. Briqadir olaraq Təqsirləndirilən şəxs vəzifəsi tikinti sahəsində tikinti-quraşdırma işləri üzrə sahə rəislərinin tapşırıqlarının icrasını təmin etmək, sahədə briqadalar və fəhlələr arasında görüləcək işləri bölüb, onların həmin işlərin düzgün görməsinə nəzarət etmək, onlara ilkin və dövrü təlimat keçərək imza etdirdikdən sonra işə buraxmaqdan ibarətdir. X2 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və o, qəlibçi işinə qəbul edilmişdir. Tikinti sahədində iş vaxtı saat 08:00-da başlayır və 17:00-da bitir. xx.xx.2024-cü il tarixdə, bazar günü olduğu üçün saat 09:30 radələrində işə başlanılmışdır. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs ona telefonla zəng edərək məlumat vermişdir ki, qəlibçi X8 8-ci mərtəbədə beton sütunların ətrafına taxtaların vurulmasını işini görərkən qəfildən öz müvazinətini saxlaya bilməmiş və hündürlükdən yerə yıxılmışdır. O, hadisə baş verən yerə gedib çatanda artıq Tahir Əliyev ölmüşdür. Daha sonra hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə gələrək araşdırma aparmağa başlamışdırlar. Həmçinin qeyd etmişdir ki, Tahir Əliyev təhlükəsizlik qaydalarına riayət edilməsinə dair təlimatla tanış edilmişdir. Bundan başqa, bütün işçilər iş vaxtı adətən fərdi mühafizə vasitələri ilə təmin edilir. Hadisə baş verən gün Tahir Əliyev də qoruyucu kəmər ilə təmin edilmiş, lakin sonuncu kəmərdən istifadə etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırımış digər Şahid2 məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Şahid2 iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə X5 tikinti işləri zamanı hündürlükdən yıxılıb ölməsi faktı ilə əlaqədar toplanmış 120-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v.01); baxış keçirilməsi haqqında 24 mart 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri “X10”nin sifarişi əsasında podratçı şirkət "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli ofis binasıdır. Baxışda iştirak edən X6 göstərmişdir ki, X8 hadisə ərəfəsində beton sütunun qəliblərini sökən zaman orada olan armaturu dartmış, lakin armatur gözlənilmədən və ani olaraq yerindən çıxdığı üçün sonuncu arxaya doğru yıxılmış, mərtəbənin kənarına vurulmuş məhəccər rolunu oynayan armaturlar onun ağırlığına tab gətirməmiş, bu səbəbdən də X8 armaturlarla birlikdə binanın 8-ci mərtəbəsindən, yəni 32 metr hündürlükdən yerə yıxılmış və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.(i.v 2-12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekpertiza və X3 20 aprel 2024-cü il tarixli, 31 nömrəli rəyində göstərilmişdir ki: “1. X1 meyitində başın və bədənin küt travması, baş-beyin əzilməsi, kəllə tağı və əsası sümüklərinin qəlpəli açıq sınıqları, baş beynin yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, başın təpə nahiyəsinin əzilmiş yarası, hər iki baldır sümüklərinin qapalı və sol budun açıq qəlpəli sınıqları, sol budun əzilmiş yarası və hər iki baldırın sıyrıqları müəyyən edildi. Xəsarətlər həyati olub, bərk küt əşya(lar) təsirindən hündürlükdən yıxılma nəticəsində törənmişlər, canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olmaqla baş vermiş ölümlə səbəbli əlaqəlidirlər.

2. X1 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur. Ölümün müddəti meyitin meyitxanada müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir.

3. X1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı narkotik maddələr və etil spirti aşkar edilməmişdir.” (i.v 22-25) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Tİ-30/22 nömrəli tikintiyə icazə barədə sənəddə göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 12 ünvanında çoxmərtəbəli biznes mərkəzinin tikintisinə icazə verilir.(i.v 32-33) xx.xx.2022-ci il tarixli 10 nömrəli Podrat müqaviləsində göstərilmişdir ki, bir tərəfdən bundan sonra “Sifarişçi” adlandırılacaq, "xxxx" Kiçik Müəssisəsinin direktoru, X9 və digər tərəfdən bundan sonra “Podratçı” adlandırılacaq “ASN” Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru Şahid1 bu müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:

1. Müqavilənin predmeti. 1.1. Podratçı müqavilənin tərkib hissəsi olan əlavələrdə razılaşdırılmış sifarişlərin keyfiyyətli, vaxtında, sifarişin xarakterinə uyğun olaraq icra etməyi, Sifarişi isə bu müqavilə şərtlərinə uyğun olaraq icra edilmiş sifarişlərin xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. 1.2. Sifarişlərin icra müddəti, sifarişin adı, xidmət haqqı, xidmət haqqının ödənilməsi şərtləri müqavilənin tərkib hissəsi hesab olunan əlavələrdə qeyd edilir. Müqavilənin 3.4.5-ci bəndinə əsasən, sifarişlərin icrası zamanı təhlükəsizlik qaydalarına riayət etmək və sifarişçinin personalının təhlükəsizliyini təmin etmək, işlərin görülməsi zamanı hər hansı bir səbəbdən baş vermiş bədbəxt hadisələrə görə məsuliyyət daşımaq podratçının vəzifələrinə aid edilmişdir. Bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavə razılaşmada göstərilmişdir ki, sifarişlərin icra ediləcəyi ünvan: ünvan 3arixli zərərçəkmiş şəxsin yaxın qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, X7 zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır. (i.v 132) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2024-cü il tarixli, 3-16-16/2-10/2737 nömrəli rəyində göstərilmişdir ki : “Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov 12 ünvanında yerləşən yeni tikilməkdə olan ofis binasının 8-ci mərtəbəsinin kənarlarının müvafiq yükə hesablanmış qoruyucu çəpərlə bağlanmaması baş vermiş hadisənin texekspertniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydaları»nın 2.26 bəndinin, «Tikinti. İnventar mühafizə hasarları» 12.4.059-89 DÜST-Ün 2.2.1 bəndinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamənin 4-cü bəndinin tələbləri pozulmuş,Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov 12 ünvanında yerləşən yeni tikilməkdə olan ofis binasının işləyən işçilər, o cümlədən X8 biliklərinin yoxlanılması təşkil edilmədən işlərin görülməsinə buraxıldığına görə, «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamənin 4-cü bəndinin tələbləri "xxxx" MMC-nin direktoru tərəfindən pozulmuşdur. Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov 12 ünvanında yerləşən yeni tikilməkdə olan ofis binasının iş aparılan daimi təsirli istehsalat zonasına aid olan 8-ci mərtəbəsinin kənarlarının müvafiq yükə hesablanmış qoruyucu çəpərlə bağlanması təmin edilmədiyinə görə, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydaları»nın 2.26 bəndinin və «Tikinti. İnventar mühafizə hasarları» 12.4.059-89 DÜST-ün 2.2.1 bəndinin tələbləri "ASN İnşaat” MMC-nin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaş(lar)ı tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin müvafiq texniki tərkibli tədbirlərin görülməməsi nəticəsində baş verdiyini nəzərə alaraq, zərərçəkmiş şəxsin özü tərəfindən texniki təhlükəsizlik qaydaları və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir.(ekspertiza xərci 100 manat) (i.v140-143) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 10 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v 144) Sübutların qiymətləndirilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə ittiham elan edilməsinə dair qərar qəbul edilməsi,əməldə cinayət tərkibi olmadığından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində qeyd edilən ifadələr, ekspert rəyləri və digər cinayət işinin istintaq materialları cinayət işi üzrə sübut növü kimi qəbul olunması, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi qərara alınmışdır. (i.v 145-154). 13 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v 161) 13 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 169-170) X7 tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli, **********990 saylı notarial ərizədən görünür ki,”ASN İNŞAAT” MMC-nin rəhbərliyi ilə onun arasında mübahisə həllini tapmış, həmin şirkətə və rəhbərliyə qarşı heç bir şikayət və tələbi yoxdur, iddia və tələbi yoxdur, barışmışdır.(i.v 186) Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 222.3-cü maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması(CM59.1.12), vurulmuş zərərin tam olaraq ödənilməsini(CM59.1.13) nəzərə alır və təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə, hesab edir ki, CM-nin 61-ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan, eyni zamanda tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.) Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan, eyni zamanda tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 03(üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi hesabına keçirilsin. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar