Məhkəmə qərarları › İş №1(011)-396/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-396/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-396/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Lənkəran rayonu, Qumbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, evli, orta təhsilli, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 39, mənzil 18-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə tanışı Şahid1, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,549 qram çəkidə narkotik vastə heroin əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin 35-ci Polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, 12 aprel 2022-ci il tarixdə saat 19:50-də ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2da yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş, polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,549 qram qəhvəyi rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. İlkin olaraq səhhəti ilə bağlı problemlər olduğundan ağrıların azalması üçün narkotik vasitələrdən istifadə etməyə başlamış, sonradan isə narkotik vasitələrdən asılı vəziyyətə düşmüşdür. Çox vaxt narkotik vasitə heroindən istifadə etmişdir. 12 aprel 2022-ci il tarixdə günorta saatlarında qonşuluqda yaşayan Zahid adlı şəxslə yaşadığı binanın qarşısında görüşmüş, Zahid də onun kimi narkotik vasitə aludəçisi olduğundan söhbət əsnasında narkotik vasitə alaraq istifadə etmək qərarına gəlmişlər. Razılığa əsasən Zahid narkotik vasitəni əldə etməli, pulun çox hissəsini isə o verməli olmuşdur. Buna görə 20 manat pulu Zahidə verərək sonuncudan narkotik vasitə almasını istəmişdir. Zahid də öz növbəsində həmin pulun üzərinə öz cibindən 10 manat da qoyaraq narkotik vasitə almağa getmişdir. Bir neçə saat sonra Zahid qayıdaraq ona narkotik vasitə heroin vermişdir. Narkotik vasitəni götürdükdən sonra Zahidlə ayrılmışdır. Zahiddən götürdüyü nakotik vasitənin bir hissəsini binanın girişində qəbul etmişdir, bükümdə qalan narkotiki isə əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat təxminən 20 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Onlarla birlikdə 35-ci Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunmuş və bölməyə müdafiəçi dəvət olunmuşdur. Daha sonra bölmədə üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş, axtarış zamanı ona üzərində qeyri-qanuni əşya və ya predmetləri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Verilən suallara cavab olaraq təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni yuxarıda qeyd etdiyi kimi Zahid adlı tanışından əldə etdiyini bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, səmimi etirafını və ağır xəstəliyinin olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 aprel 2022-ci il tarixdə günorta saatlarında qonşuluqda yaşayan Valeh adlı şəxslə yaşadığı binanın qarşısında görüşmüşlər. Valeh də onun kimi narkotik vasitə aludəçisidir. Valehlə aralarında olan söhbət əsnasında narkotik vasitə alaraq istifadə etmək qərarına gəlmişlər. Belə razılığa gəlmişlər ki, o, narkotik vasitəni əldə edəcək, pulun çox hissəsini isə Valeh verəcəkdir. Buna görə Valeh ona 20 manat pul vermişdir ki, gedib narkotik vasitə əldə etsin. Özü də həmin pulun üzərinə öz cibindən 10 manat da qoyaraq narkotik vasitə almağa getmişdir. Bundan əvvəl bir neçə dəfə narkotik vasitə əldə etdiyi Zaur adlı şəxsin yanına getmək qərarına gəlmiş, Zaurun olduğu yeri əvvəlcədən bildiyi üçün Bakı şəhəri, Xətai rayonunda yerləşən “Afrodita” şadlıq sarayının yaxınlığına gedib Zaurla görüşmüşdür. Valeh ilə birlikdə düzəltdikləri 30 manat pulu həmin şəxsə verib iki ədəd bükümdə narkotik vasitə heroin əldə etmişdir. Məhəlləyə qayıdaraq bükümlərdən birini Valehə vermiş, digərini isə özü üçün saxlamışdır. Həmin gün axşam saatlarında məhəlləyə düşmək istəmiş və qalan narkotiki evdə saxlamamaq üçün şalvarın sağ yan cibinə qoymuşdur. Saat təxminən 21 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən bir neçə nəfər şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmiş, birlikdə 35-ci Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunub bölməyə müdafiəçi dəvət olunmuşdur. Daha sonra bölmədə üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş, axtarış zamanı ona üzərində olan qeyri-qanuni əşya və ya predmetləri təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra üzərindən aşkar edilən narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə iştirakçılar tərəfindən imzalar çəkilmişdir. Narkotik vasitələri şəxsi istifadəsi üçün anket məlumatlarını bilmədiyi Zaur adlı şəxsdən “Afrodita” şadlıq sarayının yaxınlığında əldə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq iştirakının təmin edilməsi mümkün olmayan şahidlər Şahid2 və X1 ibtidai istintaq zamanı verdiyi ifadələrini elan edərək tədqiq etmişdir. Şahid Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat baş müvəkkili, polis leytenantı Şahid3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat üzərində araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, xx.xx.1966-cı ildə Lənkəran rayonunda anadan olmuş, Xətai rayonu G.Şıxlinski küçəsi ev 39 mənzil 18-də qeydiyyatda olub və faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə edir. Dərhal Xətai RPİ-nin 35-ci PB-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:50-də ünvan 4 ünvanında saxlayaraq 35-ci PB-nə dəvət etmişlər. Həmin polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasətlərin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunduqdan sonra, müdafiəçinin iştirakı və video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmeti təqdim etməsini istədikdə, Təqsirləndirilən şəxs könüllü sürətdə əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni çıxararaq təqdim etmişdir. Həmin kütlənin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs narkotik maddə hesab olunan heroin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında qonşusu Zahid adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin bükümdəki maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkisi çəkilmiş və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi 0,85 qram olması məlum olmuşdur. Həmin kütlə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid3 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik isə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin maddə zərfdə qablaşdırılaraq möhürlənir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022ci il tarixli, 6/2087 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs (imza)" yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə bükümdə təmiz çəkisi 0,549 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. (Tədqiqatdan sonra qalıq 0.499 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2022-ci il tarixli 2172 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 12 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,549 qram narkotik vasitə heroin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk iş üzrə maddi sübut qismində tanınmış, cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,499 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk isə iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarında olan 14 aprel 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Rzayev X2 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət törədilən vaxta məhkumluğu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1941 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “keçirilmiş infaktdan sonrakı kardiosk” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halarlın mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,499 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,499 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar