Məhkəmə qərarları › İş №1(011)-396/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-396/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-396/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Sabirabad rayonu, Çiçəkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Muğan Gəncəli Ə/D, Çiçəkli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində ünvan 3 ünvanında “Ağa market” adı altında fəaliyyət göstərən ərzaq məhsullarının satışının təşkil olunduğu mağazanın qarşısında Zərərçəkmiş şəxs ilə əvvəllər yaranmış narazılıqlara aydınlıq gətirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq ictimai asayişi pozub hər kəsin gözü qarşısında sonuncunun ünvanına nalayiq sözlər işlədərək, həmçinin əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyüb yerə yıxaraq ona sağ gözaltı nahiyənin və göz qapaqlarının qançırı, həmin gözün ağlı qişasına qansızma kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, fərdi sahibkarlıqla məşğul olaraq Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində “Ağa” adlı mağazaya getmişdir. Həmin vaxt orada Səlvər adlı şəxslə rastlaşmışdır. Söhbət əsnasında Səlvər ilə əvvəllər aralarında yaranmış problemə görə mübahisə etməyə başlamışlar. Əsəbiləşdiyi üçün əl və ayaq zərbələri ilə Səlvərə xəsarət yetirməyə başlamışdır. Daha sonra iki nəfər mağazanın işçiləri onları ayırmışlar. Yekun olaraq o, əməlindən səmimi peşmançılıq çəkdiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayətinin olmadığını bildirərək barəsində azadlığın məhdudlaşdırılmas cəzasının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində “Ağa” adlı mağazaya getmişdir. Həmin vaxt yaşadığı ərazidə yaşayan şəxs kimi tanıdığı Amid adlı şəxslə rastlaşmışdır. Həmin şəxsi təxminən 02 il olar ki görmür. Mağazadan çıxdıqdan sonra Amid onu insanların gözü qarşısında təhqir etməyə başlamışdır. Daha sonra Amid sakitləşməyərək əl və ayaq zərbələri ilə təkrar üzərinə hücum çəkib yenidən onu döyməyə və digər insanların qarşısında şərəf və ləyaqətini alçaltmağa başlamışdır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hal hazırda ünvan 4 ünvanında yerləşən “Ağa” adlı marketdə mühafizəçi kimi işləyir. 21 may 2023-cü il tarixdə gecə saatlarında işdə olan zaman iki nəfər müştərinin mağazanın qarşısında dalaşdığını görmüşdür. Daha sonra o, sanitar qovşağına getmişdir. Geri qayıdan zaman həmin müştərilərdən birinin digərini döyməsini və təhqir etməsini görmüşdür. Dərhal oraya yaxınlaşaraq iş yoldaşı Heydər ilə birlikdə onları ayırmışdır. Lakin buna baxmayaraq mübahisə edən Amid adlı şəxs hərəkətlərinə davam edərək digərini yenidən döyməyə başlamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, hal hazırda ünvan 4 ünvanında yerləşən “Ağa” adlı marketdə satıcı kimi işləyir. 21 may 2023-cü il tarixdə gecə saatlarında işdə olan zaman iki nəfər müştərinin sözlü mübahisə etdiyini görmüşdür. Onlar mağazanın daimi müştəriləri olan Amid və Səlvər adlı şəxslər idilər. Mübahisə zamanı hər iki şəxsin birbirilərini təhqir etdiklərini görmüşdür. Daha sonra Amid və Səlvər adlı şəxslər mağazanın qarşısına çıxmışlar. Mağazanın qarşısında olan zaman Amid yenidən Səlvəri nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Daha sonra Amid yumruq zərbəsi ilə Səlvərin üz nahiyəsinə vurmuşdur. O, iş yoldaşı Elnur ilə birlikdə onları ayırmışdır. Lakin Amid hərəkətlərinə davam edərək bir neçə dəqiqə ərzində əl və ayaq zərbələri ilə Səlvərə xəsarətlər yetirmişdir. Mübahisə böyüdüyü üçün ətrafdan tanımadıqları bir nəfər şəxs yaxınlaşaraq onları ayırmaqda köməklik göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 21 may 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən “Ağa” marketə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 09-10); videogörüntüyə baxış keçirilməsi haqqında 21 may 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən “Ağa” marketin içərisində quraşdırılmış videomüşahidə cihazı vasitəsilə qeydə alınmış görüntülərə baxış keçirilərkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət və bədən nahiyələrinə yumruq və təpiklə vuraraq döymüşdür (i.v. 11-12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 X3 23 may 2023-cü il tarixli 558 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözaltı nahiyənin və göz qapaqlarının qançırı, həmin gözün ağlı qişasına qansızma müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlər kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir (i.v. 27-28); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 29); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 26 may 2023-cü il tarixli 7785 saylı sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır (i.v. 57); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 26 may 2023-cü il tarixli xx/xx-5733 saylı sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə müalicədə olmamışdır və qeydiyyatda yoxdur (i.v. 58); Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən verilmiş 27 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 59); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 30 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 64); sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi haqqında 31 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış sadələşdirilmiş icraat materialının araşdırılmasının davam etdirilməsi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi X3 Xətai rayon şöbəsinin 23 may 2023-cü il tarixli 558 saylı ekspert rəyinin, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolunun sübut növü kimi qiymətləndirilməsi qərara alınmış və hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmışdır (i.v. 65-67); cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirini etiraf etdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayətinin olmadığını qeyd etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayətinin olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, ünvan 4 ünvanında yerləşən “Ağa” marketin qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət və bədən nahiyələrinə yumruq və təpiklə vuraraq onu döyür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini (CM-59) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuşəməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (CM-59.2) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 01 ədəd “CD-R” formatlı diskin məhkəməyədək sadələşdirilmiş icraat materialında saxlanılması nəzərə alınmalı (CPM- 132), barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını ünvan 1 ünvanında yerləşən evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, müsadirə ediləsi əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd “CD-R” formatlı diskin məhkəməyədək sadələşdirilmiş icraat materialında saxlanılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar