Məhkəmə qərarları › İş №1(011)-397/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-397/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-397/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühəndis vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.3 və 273.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında istifadəsində olan 5.197.255.55 saylı İP ünvanından 2021-ci ilin 21 avqust, 27 avqust, 28 avqust, 12 sentyabr, 23 sentyabr, 28 sentyabr, 04 oktyabr və 05 oktyabr tarixlərində hüququ olmadan ictimai əhəmiyyətli infrastruktur obyekti sayılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Hidrometeorologiya Xidmətinin kompüter sisteminin tərkib hissəsi olan məlumat toplama server avadanlıqlarına ziyan vurmaq niyyətilə təkrar qəsdən daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 03, 04, 05 və 06 oktyabr 2021-ci il tarixlərində hüququ olmadan ictimai əhəmiyyətli infrastruktur obyekti sayılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Hidrometeorologiya Xidmətinin kompüter sisteminin tərkib hissəsi olan hava proqnozlarının verilməsi üçün nəzərdə tutulmuş “Azerclim2” serveri üzərində mühafizə tədbirlərini pozmaqla “root” tam idarəetmə səlahiyyətlərini əldə edərək “Corobor” adlı qanuni istifadəçi hesabına aid kompüter məlumatlarını silmiş, bununla yanaşı kompüter sisteminin işləməsi üçün əhəmiyyət daşıyan xidmətləri dayandırmış və bu əməlləri ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına mühüm zərər vurulması kimi qəbul edilən əhəmiyyətli zərər vurulmasına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.3 və 273.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək göstərmişdir ki, 2015-ci ildən Milli Hidrometeorologiya Xidmətinin Avtomatik stansiyalar üzrə qrup rəhbəri vəzifəsində çalışmağa başlamışdır. İşlədiyi müddətdə müasir tipli avtomat stansiyalar alınmışdır. Lakin əvvəlki mütəxəssislər onun şəbəkəyə qoşulmasında çətinliklər yaşamışdırlar. 2 həftədən sonra 34 ədəd meteoroloji avtomat stansiyasının serverlərə quraşdırılmasını həyata keçirmişdir. Daha sonra həmin stansiyalardan daxil olan məlumatların vizuallaşması lazım olmuş, bunun üçün əlavə proqram təminatı lazım olmuşdur. Bu da xeyli vəsait tələb etdiyindən rəhbərliyə bildirərək özü proqram təminatı hazırlamışdır. 2016-cı ildə Fransanın “COROBOR” şirkəti ilə müqavilə bağlanmış, MESSİRCOM və MESSİRCLİM proqram təminatından ibarət sistem quraşdırmışlar. Bunun əsas məqsədi gələn məlumatların arxivləşdirilməsi olmuşdur. 2019-cu ildə rəhbərlik dəyişəndən Xidmətin rəhbəri vəzifəsinə Umayra Tağıyeva təyin olunandan sonra avtomat stansiyalarda şəbəkə ilə bağlı problemlər olanda dayanmışdır. Rəhbərlik irad tutanda əvvəllər belə halların olmadığını, avtomat stansiyaların işlədikdə texniki baxış lazım olduğunu bildirmişdir. 2020-ci ildə Telekommunikasiya Mərkəzinə direktor təyin olunmuşdur. Təyin olunandan sonra işlər qaydasına düşməyə başlamışdır. Problem çıxdıqda elektron sənəd dövriyyəsi şəklində həmin problemləri bildirmişdirlər. Nazirlikdə işləmiş mərhum Orxan müəllimlə görüşmüş, o bildirmişdir ki, artıq cavan kadrlara üstünlük verirlər, onu isə aşağı vəzifəyə keçirəcəklər. O etiraz etmiş, bu vəzifədə qalmaq istəməsini bildirmişdir. Birdən-birə əmək müqaviləsinə xitam verilməsi ona çox təsir etmiş, Umayra xanımla görüşmüş, ona işdə qalacağına çalışacağını bildirmişdir. Ondan başqa 5 nəfər mütəxəssisin, 60-61 yaşında bir qadın, 25 yaşında Məhərrəm adlı mütəxəssisin də əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxandan sonra maliyyə sıxıntısı çəkmişdir. Baxmayaraq ki, mütəxəssisdir, yaşı ilə əlaqədar şirkətlər də işə götürməmişlər. Bundan sonra yaşadığı ünvan 1 ünvanında 2021ci ilin 21 avqust, 27 avqust, 28 avqust, 12 sentyabr, 23 sentyabr, 28 sentyabr, 04 oktyabr və 05 oktyabr tarixlərində Hidrometeorologiya Xidmətinin kompüter sisteminin tərkib hissəsi olan məlumat toplama server avadanlıqlarına daxil olmuşdur. Bundan başqa 03, 04, 05 və 06 oktyabr 2021-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Hidrometeorologiya Xidmətinin kompüter sisteminin tərkib hissəsi olan “Corobor” adlı qanuni istifadəçi hesabına aid kompüter məlumatlarını silmiş, bununla yanaşı kompüter sisteminin işləməsi üçün əhəmiyyət daşıyan xidmətləri dayandırmışdır. İlk zəng keçən il iyunun 27-28-də nazirlikdən Elman müəllim zəng etmiş, serverlərin dayandığını bildirmişdir. Elmana demişdir ki, əvvəl də ona zəng etmişlər, parolu istəmişlər, telefonla parol vermək mümkün deyil. Sistemin işləməməsi ola bilsin ki, işığın sönməsi ilə bağlı olmuşdur. İşıq sönəndən sonra əlavə qurğular komandaları bilmədiyi üçün qoşula bilmirlər. Xahiş etmişdir ki, nazirliyin işçisi onunla əlaqə saxlasın, lakin sonra heç kim əlaqə saxlamamışdır. Serveri qoşanda aydın olmuşdur ki, sonuncu məlumat xx.xx.2021-ci il tarixdə gəlmişdir. Həmin tarixə qədər olan heç bir məlumat silinməmişdir. Fikirləşmişdir ki, evdən “Corobor” adında useri pozub yeni istifadəçi adı yaratsın. User “Corobor” adını silib “restart” etmiş, sonra sistemə qoşula bilməmişdir. Ola bilsin orada təmir işləri getdiyinə görə onu şəbəkədən ayırmışdırlar. İstifadəçi adını pozmaqla heç bir fayl pozula bilməzdi. Həqiqətən bilməmişdir ki, bu etdikləri kiber cinayət sayılır. Serverə qoşulmaqda pis niyyəti olmamışdır. Səhvini dərk etdikdən sonra məhkəmə prosesləri ərəfəsində Hidrometeorologiya Xidmətinə müraciət edərək silinmiş proqramların bərpa edilməsinin mümkün olduğunu bildirirərək onların bərpa edə biləcəyini və ona bir şans verilməsini xahiş etmişdir. Ona bu şans verilmiş, Hidrometeorologiya Xidmətində komissiya yaradılmış, rəhbərlik ona sistemdə olan xətaları aradan qaldırmağa şərait yaratmışdır. İki gün çalışdıqdan sonra nasazlıqlar onun tərəfəndən aradan qaldırılmış, sistem açılmış və işləməyə başlamışdır. Corobor sistemi və ona aid olan Azerclim serverində olan Messir- Clim proqram təminatının fəaliyyəti tam bərpa edilmişdir. Serverlər normal işləməyə başlamışdır. Sistem açılandan sonra serverlərin yaddaşlarında olan arxiv məlumatları bərpa edilmişdir. Bundan başqa "Vaisala Metman 100” proqram təminatı və özü yaratdığı “Station “ veb serveri yenidən bərpa edilmişdir. Nəticədə meteo stansiyalardan hər 10 dəqiqəden bir gələn məlumatların vizuallaşdırılması mümkün olmuşdur. Daha sonra əməlindən həqiqətən peşman olduğunu, sistemi bərpa etdiyini, himayəsində xəstə anasının və azyaşlı uşağının olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid9 ifadəsində bildirmişdir ki, Milli Hidrometeorologiya Xidmətinə direktor müavini vəzifəsinə təyin olunmuş, Təqsirləndirilən şəxs da orada tanımışdır. Çalışdığı müddət ərzində Təqsirləndirilən şəxs rəhbərlik tərəfindən verilmiş tapşırıqları icra etmişdir. 2021-ci ildən ETSN X4 Edilməsi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. Ondan sonra sistemdə problem yaranmışdır. Lakin hadisə ilə bağlı ətraflı məlumatı yoxdur. İşlədiyi dövr ərzində Təqsirləndirilən şəxs narazıçılığı olmamış, işinin öhdəsindən gəlmişdir. Təqsirləndirilən şəxs işdən ayrılandan sonra onunla telefon danışıqları olmuş, bununla əlaqədar əsəbi olmuş, sistemlə bağlı problem çıxdığını bildirmiş, oradan sistemi düzəltmək üçün müraciət etmişlər, o da köməklik edib sistemi düzəltmişdir. Özü sistemdə parolun olmasını bilməmiş, sonradan bilmişdir ki, sistemə daxil olmaq üçün parol olur. Sistemin çökməsinin tərəfdarı olmamış, İlhama heç bir tapşırıq verməmiş, nəsə olar deyə serveri bərpa etmək üçün məlumatları kopyalamağı bildirmişdir. Onu sakitləşdirmək üçün səbrli olmasını bildirmişdir. Daha sonra ona dəfələrlə sistemi düzəltməyə kömək etməyini bildirmişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin X2 Mərkəzinin direktoru vəzifəsində işləyir. Kommunikasiya mərkəzi ilə bağlı heç bir əlaqəsi və fəaliyyəti olmamış, server otağına da heç vax daxil olmamışdır. Sadəcə olaraq Yasir xidməti məruzə yazmışdır ki, COROBOR sistemi işləmir. Xidməti məruzəyə əsasən komissiya yaradılmış, o da komissiya üzvü seçilmişdir. Təxminən iyun ayında baxış zamanı doğurdan da COROBOR sisteminin işləmədiyini bilmişlər. 2-ci proses təxminən sentyabr-oktyabr aylarında olmuşdur. Həmin vaxt situasiya mərkəzi yaradılmalı idi, tenderin qalibi olan şirkət avtomat stansiyalardan gələn məlumatı situasiya mərkəzinə yönəltmək istəmişdir. Yönəltmək istədiyi anda statik İP ilə daxil olan komputerin sıradan çıxdığının, kənar müdaxilənin olduğunun şahidi olmuşdurlar. Orada olan məlumatlar da artıq olmamışdır. COROBOR sistemində avtomat stansiyalardan 34 ədəd daxil olan məlumatlar və 33 ədəd əllə yığılan məlumatlar toplanmışdır. COROBOR sistemi təxminən 2016-cı ildə yaradılmış, həmin sistemin qurulmasında iştirak etməmişdir. Bundan başqa dəniz stansiyasında 2 illik qarantiya müddəti olmuş, orada Aznav şirkəti nəzarət etmişdir. Aznav şirkəti ona məlumat vermişdir ki, serverin modemi olmuş, modemin paroluna daxil ola bilməmişdirlər. O da İlhamla əlaqə saxlamış, İlham bilmədiyini demişdir. Lakin müəyyən vaxtdan sonra şirkət daxil olmuş və parolu dəyişmişlər. Sonra dəniz serveri ilə də bağlı problemlər yaranmışdır. Təminən sentyabr aylarında dəniz serverinin fəaliyyəti dayanmış, bütün məlumatlar silinmişdir. Dəniz serverinə cavabdeh Aznav şirkəti olmuş, şirkətin bildirdiyinə görə müdaxilə olmuşdur. Nəticədə 1 illik məlumatlar götürülmüş, Corobor sistemini vasitəsilə əvvəllər daha geniş məlumatlar əldə etmişdirlər. İyun ayında həmin sistem fəaliyyətini tamamilə dayandırmış, Yasir də ona bir neçə də müraciət etmişdir. Məhkəmə iclasında şahidlər Şahid6 və Şahid8 Şahid7 ifadəsinə oxşar ifadə vermişdirlər. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Milli Hidrometeorologiya Xidmətinin Telekommunikasiya mərkəzinin direktoru Təqsirləndirilən şəxs müavini vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs aprelin 5-dən işdən çıxarılmışdır. 2021-ci ilin iyun ayının 16-dan etibarən COROBOR sisteminə giriş etmək olmamışdır. Xarici mütəxəssislərlə danışmışlar, onlar parolun dəyişdiyini bildirmişdirlər. Parolu fransızlar qoymuşdurlar, eyni parolla işləmişdirlər. Təqsirləndirilən şəxsla əlaqə saxladıqda bilmədiyini demişdir. Sentyabrın 27-dən 34 stansiyadan məlumatlar gələn FTP serverdə parollar dəyişməyə başlamışdır. Daha sonra oktyabrın 6-7-də dəniz serverinin söndüyünü görmüşdürlər. Müqavilə əsasında şirkətə müraciət etmişlər, şirkət bunun işıq sönməsi ya da kiminsə proqramı silməsi ilə əlaqədar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs işdən çıxandan sonra parollar aktla təhvil-təslim edilməmiş, bildirmişdir ki, onları heç kimdən təhvil almamışdır. Parolları işçilər bilirdilər, lakin dəyişə bilmirdilər. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində Telekommunikasiya mərkəzində baş mütəxəssis vəzifəsində çalışır. Təqsirləndirilən şəxs mərkəzin direktoru olmuşdur. Corobor sistemin işləməməsi ilə bağlı akt tərtib edilmişdir. Ya məlumatlar işləməmiş, ya da sistemə daxil olmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs “wahtsapp” vasitəsilə səs göndərmişdir ki, server problem var. O isə artıq orada işləmədiyini, serveri quran xarici şirkətlə əlaqə saxlamağı bildirmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində bildirmişdir ki, 2020-ci ildən Milli Hidrometeorologiya Xidmətinin tabeliyində Telekommunikasiya mərkəzinə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Direktor Təqsirləndirilən şəxs olmuşdur. Mərkəzdə hava proqnozu ilə bağlı məlumatlar gün ərzində 43 stansiyadan 8 dəfə, 3 saatdan bir daxil olur. Operatorlar məlumatı e-maildən “word” dokumentinə köçürürlər, onlar isə səhv yaxud düz olmasını yoxlayıb COROBOR sisteminə yerləşdirmişlər. COROBOR sistemin lazım olan məlumatları arxivdə saxlayırdı. İyun ayının 16-dan səhər məlumatları yerləşdirmək üçün gəlmişlər, lakin proqram işləməmişdir. Sistem işləmədiyinə görə onun etdiyi işi özləri görürlər, uzun kodlar olur, hər kodun öz mənası olur, onu əllə yazırlar. Bu da çox çətinlik yaradır. Məhkəmə iclasında Şahid4 Məmmədovna Şahid5 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, 2020-ci ilin aprel ayından isə ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin direktor müavini vəzifəsində çalışır. 2021-ci ilin aprel ayında xidmətin tərkibində olan bölmələrin rəhbərləri xidmət rəhbərliyi qarşısında təqdimat həyata keçirmişdir. Həmin təqdimatın yekununda eşitdiyi qədərilə bir sıra mərkəz rəhbərləri müqavilələrinin müddətinin bitməsi ilə əlaqədar işdən kənarlaşdırılmışdırlar. Kommunikasiya mərkəzinin direktoru olan Təqsirləndirilən şəxs təhvil-təslimi barədə ona məlumat verilmişdi. Şifahi tapşırığı əsasında təhvil-təslim aktı tərtib olunan zaman Təqsirləndirilən şəxs özündə olan parol və istifadəçi kodlarını da təhvil verilməsi bildirmişdi. 2021-ci ilin oktyabr ayında Umayra Tağıyeva onu yanına dəvət edərək Kommunikasiya mərkəzinin serverlərinə və Dəniz mərkəzinin məlumatlarının saxlandığı serverə müdaxilə olduğunu və bir sıra əhəmiyyətli məlumatların silindiyini bildirmişdir. O, bu məsələni araşdırmışdır. Şahid1 və Şahid7 mərkəzin sabiq direktoru Təqsirləndirilən şəxs bu sahədə xüsusi biliklərinin olduğunu və bu işlə bağlı onunla danışmağın zərurətini ona çatdırmışdırlar. Təqsirləndirilən şəxs zəng edərək ondan problem barədə məlumat almağa çalışmışdır. İlham telefon danışığı zamanı onun xidmətə gələrək serverlərə mütəxəssis kimi yerində baxış etmək təklifini qəbul etməmiş, məlumatların qaydasında olduğunu və heç bir silinmənin baş vermədiyini bildirmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işdən çıxandan sonra Hidrometeorologiya Xidmətinin kompüter sistemində problemlər yaranmağa başlamış, bu faktı Təqsirləndirilən şəxs özü də etiraf etmişdir. Məhkəmə prosesində onun səmimi etirafı nəzərə alınaraq Milli Hidrometeorologiya Xidmətinə ünvanladığı ərizəsinə rəhbərlik tərəfindən baxılmış, bununla bağlı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün komissiya yaradılmışdır. Komissiyaya sistemin bərpa edilməsi üçün İlham müəllim dəvət olunmuşdur. Özü də şəxsən komissiyada iştirak etmişdir. Komissiyanın iş prosesi zamanı Təqsirləndirilən şəxs tərəfindən “COROBOR” sisteminə aid olan “Azerclim” serverində olan MESSİR-CLİM proqram təminatının fəaliyyəti bərpa edilmiş, nasazlıq aradan qaldırılmış və hal-hazırda serverlər normal işləyirlər.Sistemdə olan bütün arxiv məlumatları bərpa edilmişdir. Sistemin bərpa edilməsi ilə əlaqədar Komissiya tərəfindən akt tərtib olunmuşdur. Baxış zamanı “MESSİR-CLİM”-in fəaliyyətini təmin edən “MESSİR-COMM” proqram təminatının lisenziya müddətinin bitməsi məlum olmuşdur. Bu yüngülləşdirici halları cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Daha sonra nümayəndə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 19 oktyabr 2022-ci il tarixli 20/1151 saylı məktubunu və Aktı məhkəməyə təqdim etmişdir. İş materiallarında olan DTX X1 31/805 və 31/50 saylı arayışlarından görünür ki, ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin istifadəsində olan məlumat toplama serverlərinə 21, 27, 28 avqust, 12, 23, 28 sentyabr, 04, 05 oktyabr 2021-ci il tarixlərdə 5.197.255.55 saylı İP ünvanının sahibi tərəfindən daxil olmaq hüququ olmadan qanunsuz daxil olmalar baş tutmuşdur. O cümlədən, 5.197.255.55 İP ünvan istifadəçisi “secure shell” vasitəsilə “root” tam idarəetmə səlahiyyətlərini ələ keçirərək “userdel Corobor” əmri icra etməklə “Corobor” istifadəçi adını silmiş, bununla yanaşı infrastrukturun işləməsi üçün zəruri olan “postgresql-9.5.service” verilənlər bazası xidmətinin, “tomcat.service” veb server xidmətinin, “vsftpd.service” ötürmə protokolu xidmətinin fəaliyyətini dayandırmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2022-ci il tarixli 5/494 saylı ekspert rəyindən görünür ki, ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin hesabında olan “DELL Optiplex3020” markalı “Azerclim2” serverinə 5.197.255.22 İP ünvanından 17, 18, 21, 22, 23, 27, 29, 31 avqust, 06, 10, 11, 12, 15, 17, 20, 21, 22, 23, 24, 27, 28, 29, 30 sentyabr, 01, 03, 04, 05, 06 oktyabr tarixlərdə qoşulma həyata keçirilmişdir. Tədqiqat olunmuş ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin hesabında olan “DELL Optiplex3020” markalı “Azerclim2” serverinin “postgresql-9.5.service” verilənlər bazası xidmətini, “tomcat.service” veb server xidmətinin, “vsftpd.service” faylların ötürmə protokolu xidmətinin dayandırılması üçün 5.197.255.22 İP ünvanının istifadəçisi tərəfindən “root” idarəetmə səlahiyyətindən istifadə etməklə “SERVİCE_STOP” əmrinin verilməsi müəyyən olunmuşdur. Nəticədə “SERVİCE_STOP” əmrinin verilməsindən sonra qeyd olunan xidmətlər etibarsız olmuşdur. Tədqiqat işləri nəticəsində 5.197.255.55 İP ünvan tərəfindən “userdel” əmrindən istifadə etməklə 06 oktyabr 2022-ci il tarixdə “corobor” istifadəçi adının silinməsi müəyyən olunmuşdur. Tədqiqat olunmuş ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin hesabında olan “DELL Optiplex3020” markalı “Azerclim2” serverində qurulmuş “Corobor” sisteminin fəaliyyəti bütünlüklə “postgresql-9.5.service” verilənlər bazası xidməti, “tomcat.service” veb server xidməti və “vsftpd.service” faylların ötürmə protokolu xidmətindən asılıdır. Bu xidmətlərin birinin fəaliyyətinin dayandırılması sistemin çökməsi kimi qiymətləndirilmişdir. Tədqiqat olunmuş ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin hesabında olan “DELL Optiplex3020” markalı “Azerclim2” serverində qurulmuş “Corobor” sisteminin fəaliyyəti bütünlüklə “postgresql-9.5.service” verilənlər bazası xidməti, “tomcat.service” veb server xidməti və “vsftpd.service” faylların ötürmə protokolu xidmətindən asılıdır. Bu xidmətlərin birinin fəaliyyətinin dayandırılması sistemin çökməsi, yəni serverin onunla əlaqəli olan kompüter sistemlərinə göstərdiyi xidmətin pozulması və həmin kompüter sistemlərinin işinə ciddi maneənin yaranmasına səbəb olmuşdur. İş materiallarında olan 27 aprel 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd mobil telefona baxış keçirilmiş, “WhatsApp” mobil mesajlaşma proqramına keçirilən baxış zamanı Şahid9 yazmış olduğu mesajlar Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin kompüter sisteminə aid kompüter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması yolu ilə kompüter sisteminin işləməsinə ciddi maneə törətmək niyyəti müəyyən edilir. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd Toshiba Satellite L655 markalı notbuka baxış keçirilmiş, notbukun internet brauzerlərinin tarixçəsinə baxış keçirilən zaman bir neçə serverin daxil olma nömrələrinə (keçidlər) rast gəlindi. Notbukun əməliyyat izləri jurnalının çıxarışı diskdə protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin kompüter sisteminə qanunsuz daxil olma və qanunsuz müdaxiləsinin Toshiba Satellite L655 markalı notbukdan istifadə edilməklə həyata keçirilməsi təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın 19 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, “COROBOR” sisteminin bərpası zamanı təhlükəsizlik tədbirlərinə riayət etmək və bərpa prosesinin düzgün həyata keçirilməsinə nəzarəti təmin etmək üçün Xidmətin xx.xx.2022-ci il tarixli, 1737/Ü nömrəli əmri ilə Komissiya yaradılmışdır. Komissiyanın iş prosesi zamanı Təqsirləndirilən şəxs tərəfindən “COROBOR” sisteminə aid olan “Azerclim” serverində olan MESSİR-CLİM proqram təminatının fəaliyyəti bərpa edilmiş, nasazlıq aradan qaldırılmış və hal-hazırda serverlər normal işləyirlər. Sistemin bərpa edilməsi ilə əlaqədar Komissiya tərəfindən tərtib olunan aktın surəti məktuba əlavə edilmişdir. 12 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Milli Hidrometeorologiya Xidmətinin sabiq əməkdaşı Təqsirləndirilən şəxs iştirakı ilə “Corobor” sisteminin “Azerclim2” serverinin (MESSİR-CLİM) fəaliyyətinin bərpası üçün xx.xx.2022-ci il tarixində serverə texniki baxış keçirilmiş, serverin fəaliyyətinin bərpası zamanı məlum olmuşdur ki, serverin proqram təminatının fasiləsiz işləməsi üçün istifadəçi girişi məhdudlaşdırılmış və proqram təminatının fəaliyyəti dayandırılmışdır. Təqsirləndirilən şəxs tərəfindən “Azerclim2” serverində olan MESSİR-CLİM proqram təminatının fəaliyyəti bərpa olunmuşdur. Bərpa zamanı məlum olmuşdur ki, serverlərin yaddaşlarında olan arxiv məlumatları silinməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tərəfindən “Vaisala MetmahlOO” proqram təminatı da bərpa edilmişdir. Həmçinin Xidmətdə işlədiyi dövrdə Təqsirləndirilən şəxs tərəfindən avtomat meteo stansiyalardan hər 10 (on) dəqiqədən bir ötürülən məlumatların vizuallaşdırılması üçün yaradılmış “STATİON” veb serveri yenidən bərpa edilmişdir. Baxış zamanı “MESSİR-CLİM”-in fəaliyyətini təmin edən “MESSİR-COMM” proqram təminatının lisenziya müddətinin bitməsi məlum olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Toshiba Satellite L655 markalı notbuk və Alcatel markalı smartfon tipli mobil telefon maddi sübut kimi tanınmış və DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş AZ-İ 837680 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2006-cı il təvəllüdlü Ləman Məmmədli adlı azyaşlı uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.3 və 273.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirildi, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.3 və 273.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 271.3 və 273.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.3 və 273.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş dövlət və yerli özünü idarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cinayət törətdikdən sonrakı davranışını, öz təşəbbüsü ilə “COROBOR” sisteminə aid olan “Azerclim” serverində olan MESSİR-CLİM proqram təminatının fəaliyyətini bərpa etməsini, nasazlığın aradan qaldırılmasını nəzərə alaraq cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, ona sınaq müddəti təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus Toshiba Satellite L655 markalı notbuk və Alcatel markalı smartfon tipli mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmalııdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.3 və 273.4cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 273.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona 02 (iki) il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus Toshiba Satellite L655 markalı notbuk və Alcatel markalı smartfon tipli mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar