Məhkəmə qərarları › İş №1(011)-398/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-398/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-398/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1976-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üç uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, F.Ağacanov küçəsi 6/6 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə saat 22:30-da AD 401016 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMW 528İ” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, R.Qəmbərov küçəsi ilə hərəkətdə olan zaman 8 Noyabr prospektinə çıxıb sağa dönərək 40-50 km/saat sürətlə hərəkətinə davam etmək istəyərkən 8 Noyabr prospekti 4 ünvanında yerləşən “Blue Residence” yaşayış kompleksinin qarşısında “Yol hərəkəti haqqında” Azərbayacan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq manevr edərkən öz hərəkəti ilə digər yol hərəkəti iştirakçılarına maneə yaratmamalı olduğu halda bunu etməmiş, hərəkətə başladığı yolun ikinci zolağından sağdan birinci zolağına keçərkən təhlükəli manevr etdiyindən avtomobilin qabaq hissəsi ilə yolun sağ çiynində, hərəkət hissəsində dayanmış “Hyundai Sonata” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobilə çırpılaraq həmin vaxt avtomobilin arxa hissəsində ayaqüstə olan piyada Zərərçəkmiş şəxs vuraraq ona ehtiyatsızlıqdan travmatik şokla müşayiət olunan sol baldırın yuxarı 1/3-nin travmatik amputasiyası, sol budun əzilmiş-cırılmış yarası, sağ baldır sümüklərinin diafizinin açıq yerdəyişən sınıqları, başın ənsə və sağ topuğun əzilmiş-cırılmış yarası, sağ diz oynağının sıyrıqlarından ibarət sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobilə 9190 manat maddi ziyan vurmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yəni, zərər çəkənə ilk tibbi yardım göstərməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən qaçmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xətai rayonu, F.Ağacanov küçəsi 6/6 ünvanda ailəsiylə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır, ailəlidir, üç övladı var və onkoloji xəstədir. 20 ilə yaxındır ki, “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə müxtəlif avtomobil idarə edirmiş. “BMW 528İ” markalı **-TJ-*** dövlət nömrə nişanlı avtomobili təxminən 3 ay olar ki, etibarnamə ilə idarə edir. Həmin avtomobil X1 etibrnamə əsasında pul verib almışdır, lakin adına rəsmiləşdirilməmişdir. 12.05.2021-ci il tarixdə, saat təxminən 22:30 yaşadığı ünvan istiqamətində avtomobili idarə edərək “Nargilə” kafesi deyilən yerə gəlib və orada işıqforun qırmızı işiğı yandığı üçün dayanmışdır. Yaşıl işıq yandıqdan sonra 8 Noyabr prospektində təxminən 40 km/saat sürətlə yolun soldan ikinci zolağında hərəkətə başlayıb. Anidən özünü narahat hiss edib avtomobilin idarəetməsini itirib. Bu zaman qarşıda yolun kənarında dayanan “Hyundai Sonata” markalı, avtomobilin arxa hissəsinə zərbə ilə çırpılmışdır. Zərbə nəticəsində Hyundai markalı avtomobilin arxasında dayanmış orta yaşlı bir kişi avtomobilin arasında sıxılıb qalıb və ayaqlarından xəsarət alıb. O, dərhal avtomobildən düşərək həmin şəxsin yanına yaxınlaşıb. Onkoloji xəstə olduğundan həmin şəxsin ayaqlarının qan içində görüb özünü itirib və nə edəcəyini bilməyib. Yaxınlıqda dayanan şəxsə yaxınlaşıb “bağışlayın, bağışlayın” deyərək oradan uzaqlaşıb. Evi yaxınlıqda olduğu üçün piyada qaçaraq evinə gedib. Yoldaşına törətdiyi hadisə barədə məlumat verib. Həyəcandan özünə gələ bilməyib. Bunu görən qayınatası Arif səhər açılanda onları götürüb Sumqayıt şəhərində yerləşən evinə aparıb. O, özünü pis hiss etdiyindən evdə qalıb. Qayınatası Arif yoldaşı Günel ilə birlikdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına, xəsarət yetirdiyi şəxsə baş çəkməyə gediblər. Həmin xəstəxanada yoldaşı, xəsarət yetirdiyi şəxsin müalicəsi üçün həkimlərə 1350 manat pul vermişdir. Bir gün həmin xəstəxanada yatandan sonra xəsarət alan şəxsi “İstanbul NS” özəl klinikasına köçürüb. Həmin vaxt yoldaşı və qayınatası da həmin şəxsin ailəsi ilə birlikdə özəl klinikaya gedib və oradakı əməliyyat xərclərini qarşılamış, həmin klinikada 4350 manat pul xərcləmişdirlər. Bu müddət ərzində o, Sumqayıt şəhərində, qayınatası Arifin evində olmuşdur. 18.05.2021-ci il tarixdə o, könüllü olaraq polisə gədərək etdiyi əməli etiraf edib. Ağır onkoloji xəstə olduğu üçün hadisənin şokundan bərk həyəcan keçirib emosional gərgin vəziyyətə düşüb hadisə yerini tərk etmişdir. Daha sonra bankdan 50000 manat kredit götürərək zərərçəkmiş şəxsin bütün müalicə və əməliyyat xərclərini, avtomobilinə dəyən zərərini tam şəkildə ödəmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, xəstəliyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, onunla barışmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməsini və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı gələcəkdə də heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə zərərçəkmiş Zərərçəkmiş şəxs səhhəti ilə bağlı xahişini, notarial qaydada təsdiq olmuş barışıq ərizəsini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12.05.2021-ci il tarixdə, saat təxminən 23 radələrində dostu Şahid2 idarə etdiyi **-KY-*** nömrə nişanlı avtomobil ilə 08 Noyabr prospekti ilə üzü şəhər istiqamətində hərəkət edirmiş. Nargilə dairəsini keçəndən sonra avtomobilin yük yerindən səs gəldiyi üçün dostu avtomobili yolun kənarında saxlayıb və qəza dayanma işığını yandırıb. Bu vaxt ön oturacaqda əyləşən qardaşı Şahid1 və o, avtomobildən düşüb abtomobilin arxa hissəsinə keçmişlər. Həmin vaxt dostu Zaur avtomobilin sükanı arxasında əyləşib telefon ilə danışırmış. Avtomobilin yük yerini açıb içəri baxdıqdan sonra yük yerinin qapısını bağlayıb. Həmin vaxt qardaşı Samir avtomobilin arxasından səkiyə qalxıb, ancaq o, avtomobilin arxasında qalıb. Elə bu vaxt anidən onu avtomobil vuraraq Hyundai markalı avtomobilin arxasına çırpılıb. Zərbədən onun hər iki ayağı iki avtomobilin arasında sıxılıb və hər iki ayağından xəsarət alıb. Belə ki, sol ayağı dizdən aşağı hissədən qopub. Bundan sonra onu yolun kənarında qazonun üzərinə uzadıblar. Ayağından bərk qan axdığı üçün ayağını rezinlə bağlayıblar ki, qan axmasın. Daha sonra onu yoldan keçən X6 avtomobilinə əyləşdirib 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar. O, bir gün həmin xəstəxanada qalıb və sonra onu “İstanbul NS” özəl xəstəxanasına yerləşdiriblər. Orada onu əməliyyat ediblər və sağ ayağına mil qoyub bərpa edə bilsələr də, sol ayağını dizdən aşağı hissədən amputasiya ediblər. O, sonradan bilib ki, onu vuran “BMW 528İ” markalı **- TJ-*** dövlət nömrə nişanlı avtomobil olmuşdur. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, Hyundai Sonata markalı, 90KY708 nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi dostu Şahid2 adına olsa da, sözügedən avtomobil ona məxsusdur. Belə ki, 05.05.2021-ci il tarixdə həmin avtomobil alqı-satqı edilmişdir. Belə ki, alqı-satqı günü o, işdən çıxa bilmədiyi üçün alqı-satqıda iştirak edə bilmədiyindən həmin avtomobil dostu Zaurun adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12.05.2021-ci il tarixdə, saat təxminən 23 radələrində dostu Şahid2 idarə etdiyi **-KY-*** nömrə nişanlı avtomobil ilə 08 Noyabr prospekti ilə üzü şəhər istiqamətində hərəkət edirmişlər. Nargilə dairəsini keçəndən sonra avtomobilin yük yerindən səs gəldiyi üçün dostu avtomobili yolun kənarında saxlayıb və qəza dayanma işığını yandırıb. Bu vaxt arxa oturacaqda əyləşən qardaşı Zərərçəkmiş şəxs və o, avtomobildən düşüb abtomobilin arxa hissəsinə keçiblər. Həmin vaxt dostu Zaur avtomobilin sükanı arxasında əyləşib telefon ilə danışırmış. Avtomobilin yük yerini açıb içəri baxdıqdan sonra yük yerinin qapısını bağlayıblar. Həmin vaxt o, avtomobilin arxasından səkiyə qalxıb, ancaq qardaşı avtomobilin arxasında qalıb. Elə bu vaxt anidən “BMW 528İ” markalı **-TJ-*** dövlət nömrə nişanlı avtomobil üzərilərinə doğru hərəkət edib, Hyundai markalı avtomobilin arxasına zərbə ilə çırpılaraq qardaşı Samuru vurmuşdur. Zərbədən qardaşı Samurun sol ayağı dizdən aşağı hissədən qopmuşdur. Bundan sonra qardaşı Samuru yolun kənarında qazonun üzərinə uzatmışlar. Bu vaxt BMW markalı avtomobilin sürücüsü ona yaxınlaşıb “bağışlayın, bağışlayın” deyərək hadisə yerindən qaçmışdır. Həmin vaxt təsadüfən yoldan keçən X6 avtomobilini keçdiyini görüb saxlatmışlar. Sonra qardışının X6 avtomobilinə əyləşdirib 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Daha sonra qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qardaşına dəymiş ziyan tam olaraq ödənildiyindən qardaşı Samur onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, onun qızı Günelin həyat yoldaşıdır. Onların üç övladları var və Aslan ağır onkoloji xəstədir. 12.05.2021-ci il tarixdə, saat təxminən 23 radələrində qızı həyəcanlı formada ona zəng edib Aslanın qəza törətdiyini, bir nəfər şəxsi avtomobili ilə vurduğunu, Aslanın halının pis olduğunu bildirib. Bundan sonra o, Sumqayıt şəhərindən yola çıxıb və 13.05.201-ci il tarixdə saat 01 radələrində qızının evinə gəlib. Onlar gecəni qızının evində keçirdiblər. Səhəri gün o, tanışları vasitəsilə zərərçəkmiş şəxsin 3 saylı şəhər kliniki xəstəxanasında müalicə aldığını öyrənib. Ona görə də qızıyla birlikdə 3 saylı şəhər kliniki xəstəxanasına gediblər. Həmin xəstəxanada xəsarət alan şəxsin müalicəsi üçün həkimlərə 1350 manat pul veriblər. Bir gün həmin xəstəxanada yatandan sonra xəsarət alan şəxsi “İstanbul NS” özəl klinikasına köçürüblər. O da qızı ilə birlikdə özəl klinikaya gediblər və oradakı əməliyyat xərclərini qarşılayıblar, həmin klinikada 4350 manat əməliyyat xərcini veriblər. Həmin şəxsə protes ayaq taxılması üçün qiymətini qarşılamaq şərti ilə 11000 manat qiymətində olan həmin protesi sifariş veriblər. Aslan vicdanlı insan olduğundan zərərçəkmiş şəxsi sağaltmaq üçün bankdan 50000 manat kredit götürmüşdür. Daha sonra Aslan zərərçəkmiş şəxsə dəymiş zərərə görə ümumilikdə 41050 manat pul ödəmişdir. Bu proseslərdə yaxından iştirak etmişdir. Hazırda zərərçəkmiş şəxslə Aslan barışmışlar. İş üzrə Şahid2 məhkəməyə məktub ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini və respublika ərazisində olmayacağı səbəbindən onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Şahid2 ərizəsini mümkün hesab edərək məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12.05.2021-ci il tarixdə, saat təxminən 22:30 radələrində Şahid1 və Zərərçəkmiş şəxs ilə idarə etdiyi 90KY708 nömrə nişanlı avtomobil ilə 08 Noyabr prospekti ilə üzü şəhər istiqamətində hərəkət edirmiş. Nargilə dairəsini keçəndən sonra avtomobilin yük yerindən səs gəldiyi üçün o, avtomobili yolun kənarında saxladıb və qəza dayanma işığını yandırıb. Bu vaxt arxa oturacaqda əyləşən Zərərçəkmiş şəxs qardaşı Samir ilə avtomobildən düşüb abtomobilin arxa hissəsinə keçiblər. Həmin vaxt o, avtomobilin sükanı arxasında əyləşib telefon ilə danışırmış. Həmin vaxt avtomobilinin arxa hissəsinə başqa bir avtomobil çırpılıb. O, tez avtomobildən düşüb və görüb ki, Samurun ayaqları “BMW 528İ” markalı avtomobil ilə onun avtomobilinin arasında sıxılıb. Belə ki, Samurun sol ayağı dizdən aşağı hissədən qopmuşdu. Bundan sonra Samuru yolun kənarında qazonun üzərinə uzadıblar. Bu vaxt BMW markalı avtomobilin sürücüsü Samirə yaxınlaşıb “bağışlayın, bağışlayın” deyib və sonra o, həmin sürücünü görməyib. Həmin vaxt təsadüfən yoldan keçən X6 avtomobilinin keçdiyini görüb saxlatdırıb. Sonra Samuru qopan ayağın bir hissəsi ilə birlikdə X6 avtomobilinə əyləşdirib 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, idarə etdiyi Hyundai Sonata markalı, 90KY708 nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi onun adına olsa da, sözügedən avtomobil Zərərçəkmiş şəxs məxsusdur. 05.05.2021-ci il tarixdə sözügedən avtomobili alqı-satqı etmişlər. Belə ki, Samurun işləri olduğundan o alqısatqıda iştirak edə bilmədiyindən həmin avtomobil onun adına rəsmiləşdirilmişdir. İş üzrə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin arvadı Şahid3 və dostu Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. İş üzrə dindirilmiş digər şəxslərin ifadələri ilə ziddiyət təşkil etməmişdir. İş materiallarından məlum olur ki, hadisə yerini və zamanını müşahidə edən kamera görüntüsü 01 ədəd DVD disk köçürülmüş və sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında maddi sübuta baxış keçirilmişdir. “Blue Residance” yaşayış kompleksinin təhlükəsizlik kamerasından götürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 528İ” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun yaşıl işığından sağa, 8 Noyabr prospektinə dönərək sağdan ikinci zolaqla hərəkətə başlamış, anidən manevr edərək sağdan birinci zolaq istiqamətində gələrək 8 Noyabr prospekti 4 ünvanında yerləşən “Blue Residence” yaşayış kompleksinin qarşısında sağdan birinci zolaqda dayanmış “Hyundai Sonata” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsinə çırpılmış, bu zaman sonuncu avtomobilin arxa hissəsində ayaq üstə dayanmış Zərərçəkmiş şəxs bədən xəsarəti almışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 23 iyun 2021-ci il tarixli, 421 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - travmatik şokla müşayiət olunan sol baldırın yuxarı 1/3-nin travmatik amputasiyası, sol budun əzilmiş-cırılmış yarası, sağ baldır sümüklərinin diafizinin açıq yerdəyişən sınıqları, başın ənsə və sağ topuğun əzilmiş-cırılmış yarası, sağ diz oynağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənbmişdir, qərarda göstərilmiş 12.05.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması və hər iki avtomaşın arasında qalması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 iyul 2021-ci il tarixli 8/1348 saylı ekspert rəyindən görünür ki, “BMW 528İ” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü hadisədən sonra zərər çəkənə ilk tibbi yardım göstərməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 05.06.2020-ci il tarixdə (05.06.2030-cu il tarixədək müddətə etibarlı olan) AD 401016 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 05.06.2020-ci il tarixdə AD seriyalı 401016 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Vəsiqə 05.06.2030-cu il tarixədək etibarlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 08.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial (Bakı şəhər 18 saylı notariat ofisinin xüsusi notariusu Məlikov Cavanşir) qaydada təsdiq edilmiş 12.06.2021-ci il tarixli ərizəsindən və ibtidai istintaqa verdiyi ərizələrdən məlum olur ki, ona dəymiş 41050 manat zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və onlar barışmışlar, ona qarşı heç bir tələb və şikayətləri yoxdur. İş materiallarına əlavə edilmiş Bakı CİTY hospital tərəfindən verilmiş 21.01.2021-ci il tarixli patoloji müayinə nəticəsindən məlum olur ki, Təqsirləndirilən şəxs qalxanvari vəzin xərçəngi (adenokarsinoması), yəni onkoloji xəstəlikdən əziyyət çəkir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 28.04.2012-ci il təvəllüdlü X3, 24.10.2013-cü il təvəllüdlü X5, 02.01.2015-ci il təvəllüdlü X4 adlı üç övladı var. İş materiallarında olan Müdafiə Nazirliyi Bakı Qarnizonu MiH-nin 09 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır. Təqsirləndirilən şəxs nümunəvi vətəndaş kimi qonşular arasında böyük hörmət qazanmışdır. İş materiallarına əlavə edilmiş 056R********** saylı kredit müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən sonra 10 iyun 2021-ci il tarixdə Bankdan 50000 manat kredit götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadisəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, ziyanın tam ödənilməsini, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 50000 manat kredit götürərək zərərçəkmiş şəxsin müalicə və əməliyyat xərclərini, avtomobilinə dəymiş xərcləri ümumilikdə 41050 manat ödəməsi iş materialları, şahid və zərərçəkmiş şəxsin ifadələri ilə sübuta yetirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə Təqsirləndirilən şəxs həmin krediti ödəyə bilməz və daha ağır duruma düşə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş “Blue Residance” yaşayış kompleksinin təhlükəsizlik kamerasindan götürülmüş videogörüntünün köçürüldüyü bir ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə aparılmış məhkəmə xərci ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və həmin hissədə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerini əhatə edən “Blue Residence” yaşayış kompleksinin təhlükəsizlik kamerasindan götürülmüş videogörüntünü əks etdirən bir ədəd CD disk iş materiallarında saxlanılsın. Məhkəmə xərci ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar