Məhkəmə qərarları › İş №1(011)-398/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-398/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-398/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Sigma Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq tanışı X1 10 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,743 qram narkotik vasitə heroin əldə edib üstündə daşımaqla qanunsuz saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Rauf Mailov 30 aprel 2022-ci il tarixdə saat 12:15-də ünvan 2 ünvanın yaxınlığında qanunsuz olaraq narkotik vasitələr əldə edib, saxlamada şühbəli şəxs qismində saxlanılıb ünvan 3 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə üstündə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,743 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, 09 aya yaxındır ki, narkotik vasitə heroini çəkməklə qəbul etmişdir. Həmin narkotik vasitə heroini də o, müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. Narkotik vasitələrdən suiistifadəsi nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.Rauf adlı şəxsi qəsəbə sakini kimi uzun müddətdir ki, tanımış, onunla arasında daim normal münasibət olmuş, hər hansı ədavət və ya düşmənçiliyi olmamış, 2022-ci ilin aprel ayının ortalarında Kənd Əhmədli qəsəbəsində yerləşən çay evlərinin birində Raufla görürüşüb söhbətləşən zaman, onun da narkotik vasitə heroindən istifadə etməsini bilmişdir. Rauf özünün istifadəsi üçün etibarlı mənbədən mütəmadi olaraq narkotik vasitə heroin aldığını bildirmişdir. Rauf narkotik vasitə heroinin bir bükümünü 10 manata aldığını bildirmişdir. 29 aprel 2022-ci il tarixdə axşam saatlarında Raufla rastlaşan zaman fürsətdən istifadə edib, ondan 10 manat pul müqabilində 01 büküm narkotik vasitə heroin istəmiş, bu təklifindən sonra o, üstündə olan 10 manat pulu Raufa verməklə, ondan 01 ədəd bükümdə olan narkotik vasitə heroini almışdır. 30 aprel 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxmış, gizlin bir yerə gedərək üstündə olan narkotik vasitə heroini qəbul etmək qərarına gəlmişdir.Yaşadığı evin yaxınlığında iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin 34-cü Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, daha sonra qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamada şübhəli olduğunu izah edib, onlarla birlikdə Xətai PRİ-nin 34-cü PŞnə getməyini təklif etmiş, o, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə gəlmiş, PŞ-nə gəldikdən sonra ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparalıcağı barədə xəbərdar edilmişdir. Bundan sonra isə şəxsi axtarışına başlanılmış, belə ki, polis əməkdaşları şəxsi axtarışını aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması barədə sorğu etmiş, artıq polis əməkdaşlarının onun qanunsuz əməlləri, yəni narkotik vasitə əldə etməsi barədə məlumatlı olduqlarını bilib, əynindəki şalvarın sağ yan cibində sağladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim edib hər üeyi olduğu kimi onlara etiraf etmişdir. Polis əməkdaşları təqdim etdiyi 01 ədəd bükümə baxış keçirib, çəkisini müəyyən etdikdən sonra qablaşdırıb, möhürləyərək götürmüş,daha sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol yazılmış, protokol ucadan oxunduqdan sonra, o, müdafiəçisi və baxışda iştirak edən digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, səmimi etirafını və ilk dəfə cinayət törətdiyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, daxil olmuş həmin məlumat yoxlanması üçün idarə rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə alındıqdan sonra, əməliyyat-axtarış təbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, çıxarılmış qərar əsasında əməliyyat qrupu təşkil edilmiş, bundan sonra həmin günü saat 12 radələrində əməliyyat qrupunun digər üzvi ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsinə gəlmiş, qeyd edilən ünvan ətrafında əməliyyat mövqeyi tutmuş, bir neçə vaxt ərzində müşahidə apardıqdan sonra xarici görünüşcə Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsin həmin ünvana gəldiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü xx.xx.1998-ci təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, istifadə etməsi barədə məlumat daxil olduğunu izah edib onu qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, bundan sonra onu Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmiş, şöbəyə gəldikdən sonra, Bakı şəhəri, 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunaraq ona təqdim etmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarışı aparılacağı izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, şəxsi axtarışı aparılan zaman ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə şəxsi axtarışı aparılacağı barədə izah edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim edib, bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş, ardınca Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin üstündən başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmiş, eyni zamanda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd sellofan bükümü açıb, həmin bükümün içərisinə baxdıqda orada narkotik maddə hesab olunan heroinə oxşar, spesifik iyə malik, tozşəkilli kütlənin olması müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vaistə heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yaşayan Rauf adlı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üstündə saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzi ilə ölçülmüş, ardınca müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra götürülmüş, ardınca aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, həmin protokol oxunandan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq iştirakının təmin edilməsi mümkün olmayan şahid Xətai RPİ-nin 34-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Onun ifadəsi Şahid2 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli olan narkotik vasitəyə bənzər maddəni təqdim etmiş, bir gün bundan əvvəl Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsinin qarşısında Akif adlı şəxsdən öz istifadəsi üçün 10 manata heroin olduğunu bilərək əldə etmişdir. Həmin maddə tərəzi vasitəsilə çəkilmiş, zərfdə qablaşdırılaraq möhürlənmişdir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd disk protokola əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022ci il tarixli, 6/2522 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zeynalov " sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,743 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (tədqiqatdan sonra qalıq – 0,693 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2022-ci il tarixli 2853 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 11 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,743 qram narkotik vasitə heroin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd disk iş üzrə maddi sübut qismində tanınmış, cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,693 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd disk isə iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 02 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halarlın mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,693 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,693 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar