Məhkəmə qərarları › İş №1(011)-399/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-399/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-399/2025 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ saat 16:50-də Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dadaş oğlunun iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” yaşayış kompleksi, 1-ci bina, 7-ci giriş, mənzil 182 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 6,09 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 16 may 2025-ci il tarixdə saat 00:29 dəqiqədə Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,09 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni hər dəfə Bakı şəhərində tanımadığı şəxslərdən almışdır. 15 may 2025-ci il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsində olarkən tanımadığı şəxsdən qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitəni cibinə qoyaraq axşam saatlarında Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evinə gedərək dekor işləri ilə məşğul olmuşdur. Bu zaman polis əməkdaşları “Venesiya” şadlıq evinə daxil olaraq onu saxlamışlar. Daha sonra videoçəkiliş vasitəsilə onun yenidən saxlanılması görüntüsü yaradılmışdır. Videoçəkiliş zamanı onun üzərindən çıxarıb təqdim etdiyi büküm əvvəlcədən üzərində olan büküm olmamışdır. Belə ki, onun üzərində olduqca az miqdarda narkotik vasitə olmuşdur. Beləliklə, çəkisi 6,09 qram müəyyən olunan büküm ona aid olmamışdır, polis əməkdaşları tərəfindən həmin bükümü üzərinə götürməyə məcbur edilmişdir. O da qorxaraq bununla razılaşmışdır. Polis əməkdaşları tərəfindən ona xəsarət yetirilməsə də, fiziki və psixoloji təzyiqə məruz qalmışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadə arasında müəyyən qədər ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dilndirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 aydır ki, narkorik vasitə qurudulmuş marixuanadan istifadə edir. Hər dəfə istifadə etdiyi narkotik vasitələri Bakı şəhərində tarımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. Lakin, heç zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində olarkən tanımadığı şəxsdən 40 manata bir büküm qurudulmuş marixuana almışdır. O, həmin bükümü əynindəki qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Axşam saat 23 radələrində Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evinə dekor işləri görməyə getmişdir. İşini bitirdikdən sonra xx.xx.2025-ci il tarixdə saat 00:29-da taksi tapmaq məqsədilə gəzəgəzə Xətai rayonu, G.Mehmandarov küçəsi 28 ünvanının qarşısından keçərkən üç nəfər mülki geyimli şəxs videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin istifadəsində şübhələndikləri üçün onu saxladlarını bildirmişlər. Hüquq və vəzifələri izah edildikdən sonra üzərində narkotik vasitə olub olmaması soruşulmuşdur. O, əynindəki qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bükümdəki maddənin nə olması soruşulduqda həmin maddənin marixuana olmasını bildirmişdir. Qara rəngli gödəkcəsinin sol yan cibindən isə özünə məxsus “Bakı Kart” və “Rothman" markalı siqaret qutusunu təqdim etmişdir. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 6,28 qram olması müəyyən olunmuşdur. Həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə 35-ci polis bölməsinə getmişdir. Orada siyahı üzrə seçdiyi vəkillə təmin olunaraq hüquq və vəzifələri izah olunmaqla şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 may 2025-ci il tarixdə saat 00:29 dəqiqədə ünvan 3 ünvanında zahiri əlamətləri “Elbəyi” adlı şəxsə uyğun olan bir şəxsin hərəkətdə olduğunu görüb videoçəkilişdən istifadə edilməklə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ad, soyadını soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncuya hüquq və vəzifələri izah olunmaqla paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanılmışdır. Baxış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan edilmiş əşyaları könüllü təhvil verməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş yaşıl rəngli spesifik iyə məxsus olan ot kütləsini təqdim edərək üzərində aşkar olunan maddənin marixuana olduğunu bildirmişdir. Əynindəki gödəkcəsinin sol yan cibindən isə 1 ədəd “Bakı Kart” və “Rothman” markalı siqaret aşkar olunmuşdur. Aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş, çəkisinin qablaşdırma ilə birlikdə 6,28 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şəxsin üzəri yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunaraq, iştirakçılara ucadan oxunmuş, heç bir əlavə şikayət daxil olmadığı üçün düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 may 2025-ci il tarixdə saat 00:29 dəqiqədə ünvan 3 ünvanında zahiri əlamətləri “Elbəyi” adlı şəxsə uyğun olan bir şəxsin hərəkətdə olduğunu görüb videoçəkilişdən istifadə edilməklə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ad, soyadını soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncuya hüquq və vəzifələri izah olunmaqla paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanılmışdır. Baxış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan edilmiş əşyaları könüllü təhvil verməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş yaşıl rəngli spesifik iyə məxsus olan ot kütləsini təqdim edərək üzərində aşkar olunan maddənin marixuana olduğunu bildirmişdir. Əynindəki gödəkcəsinin sol yan cibindən isə 1 ədəd “Bakı Kart” və “Rothman” markalı siqaret aşkar olunmuşdur. Aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş, çəkisinin qablaşdırma ilə birlikdə 6,28 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şəxsin üzəri yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunaraq, iştirakçılara ucadan oxunmuş, heç bir əlavə şikayət daxil olmadığı üçün düzgünlüyü imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 may 2025-ci il tarixli şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi haqqında haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, 16 may 2025-ci il tarixdə saat 00:29 dəqiqədə ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılmışdır. Baxış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan edilmiş əşyaları könüllü təhvil verməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş yaşıl rəngli spesifik iyə məxsus olan ot kütləsini və əynindəki gödəkcəsinin sol yan cibindən isə 01 ədəd “Bakı Kart” və 01 ədəd “Rothman” markalı siqareti təqdim etmişdir. Şifahi sorğu zamanı üzərində aşkar olunan maddənin marixuana olduğunu bildirmişdir. Aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş, çəkisinin qablaşdırma ilə birlikdə 6,28 qram olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 10-15). 16 may 2025-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,09 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq çəkisi isə 6,07 qram təşkil etmişdir (cild 1, iş vərəqə 38-41). 29 may 2025-ci il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 95-96). 15 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6,09 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 6,07 qram təşkil edən qurudulmuş marixuana Bakı şəhər Xətai rayon Polis İdarəsinə məsul saxlanca verilmişdir (cild 1, iş vərəqə 106-110). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 81). Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına dair xüsusatlar öz təsdiqini tapmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməklə, üzərində ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitədən olduqca az miqdarda narkotik vasitə olması, polis əməkdaşları tərəfindən iş materiallarında olan videoçəkilişin aparıldığı vaxtdan daha öncə saxlanılması, fiziki-psixi təzyiqə məruz qalması ilə əlaqədar bildirdikləri özünü müdafiə xarakteri daşıyaraq, həqiqəti əks etdirməməklə, iş üzrə 16 may 2025-ci il tarixli şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi haqqında haqqında protokol, həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntüləri, 16 may 2025-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi, şahid ifadələri, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2026-cı il tarixli qərarı və digər mötəbər sübutlarla tam təkzib olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın 1-ci Siyahısının 109-cu bəndinə əsasən – 5 qram və daha artıq çəkidə (500 qrama qədər) narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2025-ci il tarixli 08 saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilməli, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14 iyul 2018-ci il, 08 mart 2020-ci il, 07 sentyabr 2022-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 82- 83). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olunması prinsipi rəhbər tutulmaqla, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xətai rayon prokurorunun 17 may 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilərək, həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Qərarın 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər də nəzərdə tutulmuşdur. Qərarın 6-cı hissəsinə əsasən, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Qərarın 7-ci hissəsinə əsasən, Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 7.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin 101, 115.1, 122.2, 124, 125, 127.2, 133.2, 136.3, 137, 138.2–138.4, 139.2, 139-1, 140.2, 140.4, 141.4, 142.4, 142.5, 145.2, 146.2, 151, 152.1–152.3, 153.1–153.3, 159.4, 162.2, 162.3, 167-1.3–167-1.5, 167-2.2, 167-3, 168, 168-1.2, 168-1.3, 169.2, 170.1, 170.2, 171.1, 171-1.1, 171-2, 172, 176-1, 176-2, 177.1, 177.2, 180.1, 180.2, 182.1, 183.1, 185.2, 186.2, 188.3, 189-1.4, 192.2, 192.3, 192-2.1, 192-2.2, 192-2.4, 192- 2.5, 193.2, 193.3, 193-1.1, 194.2, 195-1.3, 195-2.2, 199.2, 200.4, 200-1.3, 200-2.3, 200- 3.1–200-3.4, 201.2, 204.1, 205, 205-1, 206.1–206.2, 206-1, 207, 208, 209.3, 213.2, 213.3, 213-1.2, 214-2, 220.2, 221.2, 221.3, 222.3, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 226.3, 227.1, 227.2, 227-1, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233, 233- 1.1, 233-4.2, 233-4.3, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1–240.2, 243, 244, 244-1.2, 244-1.3, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 255.2, 256.3, 258.3, 259.2–259.4, 260.2, 260.3, 262.2, 263.2, 263-1.1, 263-1.2, 264, 265.2, 265-1.2, 266.2, 267.3, 268.2, 270-1.3, 271.3, 272.3, 273.4, 281.1, 281-1.1, 283, 283-1.4, 284.1, 284-1, 284-2.1, 285, 288.1–288.3, 289, 290, 291, 292.2, 292.2-1, 294.2, 294.3, 295.1, 296.2, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 302.3, 304.2, 306, 307.3, 308, 308-1, 308-2.4, 309.1, 312.1, 312-1, 313, 314.2, 314.3, 314-1.1, 314-2.2, 314-3.2, 314-3.3, 314-4, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 318, 318-1.2, 319.2, 320, 321.2, 323, 324, 328.2, 328.3, 329.1, 329.2, 330.1–330.3, 332.1-2, 332.2, 335.3, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.1-1, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 aprel tarixli 92-İİİQD nömrəli Qanunu ilə sanksiyaları ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-İVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 610-İVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1231-İVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 184-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 199-cu maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 199.3-cü maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 315.1-ci və 315.2-ci maddələrində və həmin Qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 335.2-ci maddəsində, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 22 dekabr tarixli 776-VİQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VİİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 142.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin 69-cu maddəsinin ikinci hissəsində, 93-5-ci maddəsinin birinci hissəsində, 93- 6-cı maddəsinin birinci hissəsində, 93-9-cu maddəsinin ikinci hissəsində, 100-cü maddəsinin birinci hissəsində, 113-cü maddəsinin ikinci hissəsində, 114-cü maddəsinin dördüncü hissəsində, 120-ci maddəsinin ikinci hissəsində, 126-cı maddəsində, 171-ci maddəsinin birinci hissəsində, 178-ci maddəsinin ikinci hissəsində, 185-ci maddəsində, 208-ci maddəsinin ikinci və üçüncü hissələrində, 220-ci maddəsinin birinci və üçüncü hissələrində, 229-cu maddəsinin birinci hissəsində, 241-ci maddəsinin “q” bəndində, 255- 1-ci maddəsinin “v” və “q” bəndlərində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri, 88-ci və 88-1-ci maddələr, 91ci maddənin ikinci və üçüncü hissələri, 143-cü maddənin üçüncü və dördüncü hissələri, 145-ci maddə, 147-ci maddənin üçüncü hissəsi ilə, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli 90-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60cı, 65-ci və 191-1-ci maddələrlə məhkum olunmuş şəxslər; 7.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər; 7.5. təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər; 7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər; 7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər. Həmin qərarının 29-cu bəndinə əsasən Məhkəmələr tərəfindən amnistiyanın tətbiqi məsələlərinə baxılarkən məhkəmə iclasında müvafiq prokurorun və müdafiə tərəfinin iştirakı ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara riayət edilməlidir. Təqsirləndirilən şəxs himayəsində 14 iyul 2018-ci il, 08 mart 2020-ci il, 07 sentyabr 2022-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin (1.16-cı bəndə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxs) təsiri altına düşür. Hazırki iş üzrə Azərbaycan Respublikası Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. Cinayət-Prosessual Məcəllənin 43.3-cü maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda məhkəmə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarın 43-cü bəndində göstərilmişdir ki, CPM-in 39.1.12-ci maddəsində nəzərdə tutulmuş hal olduqda (təqsirləndirilən şəxs amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli olduqda) və müdafiə tərəfi həmin bəraətverici sayılmayan əsasla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə CPM-in 44.2.2-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsi təyin olunmuş cəzadan azad etməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi və bu maddə ilə ona cəzanın təyin edilməsi (cinayətlərin məcmusu olduqda, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) haqqında qərarlardan sonra şəxsin CPM-in 39.1.12-ci maddəsində göstərilən əsasla həmin cəzadan azad edilməsi haqqında qərar əks etdirilməlidir. Məhkəmə cinayət işi üzrə yuxarıda qeyd olunan halları və sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığı olmadığından, onun barəsində “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə, təqsirləndirilən şəxsi cəzadan azad etməklə barəsində ittiham hökmü çıxarılmalıdır. 17 may 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir (cild 1, iş vərəqə 68-70). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,07 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şübhəli şəxsin üstünün yoxlanılması və üzərinə baxış keçirilməsi, götürmə hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 39). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dadaş oğluna ödənilməsi üçün 330 (üç yüz otuz) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44.2.2, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,07 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin; 02 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dadaş oğluna 330 (üç yüz otuz) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar