Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-403/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 , 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 29 may 2021-ci il tarixdə, saat 03 radələrində əvvəllər işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2340 ünvanında yerləşən avtomobil təmiri sexinin arxa hissəsində olan dəmir listləri vintaçanla sındıraraq oradan sexə qanunsuz daxil olub sexdən bir metri 10 manat olmaqla 450 manat qiymətində 45 metr arqon qaynaq aparatının mis naqilini, bir ədəd 300 manat qiymətində silindrin iç səthi ölçən cihazı, bir ədəd 25 manat qiymətində laqondanı, bir ədədi 30 manat olmaqla 60 manat qiymətində 02 ədəd laqondanı, bir ədədi 20 manat olmaqla 40 manat qiymətində 02 ədəd ştangersirkulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 875 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 08 iyun 2021-ci il tarixdə, saat 03 radələrində əvvəllər işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2340 ünvanında yerləşən avtomobil təmiri sexinin arxa hissəsində olan dəmir listləri vintaçanla sındıraraq oradan sexə qanunsuz daxil olub sexdən bir ədəd qiyməti 2000 manat olan Compact 220 markalı arqon qaynaq aparatını, bir metri 10 manat olmaqla 450 manat qiymətində 45 metr arqon qaynaq aparatının mis naqilini, bir ədədi 60 manat olmaqla 120 manat qiymətində 02 ədəd böyük ölçülü mikrometr ölçü cihazını, bir ədədi 40 manat olmaqla 80 manat qiymətində 02 ədəd orta ölçülü mikrometr ölçü cihazını, bir ədədi 25 manat olmaqla 100 manat qiymətində 04 ədəd kiçik ölçülü mikrometr ölçü cihazını, bir ədəd qiyməti 25 manat olan laqondanı, bir ədədi 30 manat olmaqla 60 manat qiymətində 02 ədəd laqondanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2835 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0.286 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış və 11 iyun 2021ci il tarixdə saat 12:00-da Xətai Rayon Polis İdarəsinin 34-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində saxlanılıb 34-cü PŞ-nə aparılaraq orada üstünə videogörüntü ilə baxış keçirilən zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.286 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildən 2017-ci il tarixədək Xətai rayonu, Babək prospekti 2340 ünvanında yerləşən avtomobil təmiri mərkəzində arqon qaynaqçısı işləmişdir. Həmin təmir mərkəzində ilk öncə ustanın köməkçisi kimi işləmiş, sonradan orada usta kimi işləməyə başlamışdır. O, orada usta işləyən Zərərçəkmiş şəxs köməkçisi olmuşdur. O, sexdə işləyən müddətdə narkotik vasitədən istifadə etməyə başlamışdır. Narkotik vastələrdən istifadə etdikdən təxminən 1 ay sonra o, həmin sexdə işdən öz istəyi ilə çıxmışdır. Narkotik istifadəsi üçün ona pul lazım olmuşdur. Ona görə də, o, oğurluq etmək qərarına gəlmişdir. 29.05.2021-ci il tarixdə, saat 02 radələrində yaşadığı mənzildən çıxaraq əvvəllər işlədiyi sexin yanına gəlmişdir. Sexin arxa hissəsində olan dəmir listləri vintaçanla aralayaraq oradan sexə daxil olmuşdur. Sexə daxil olduqdan sonra oradan sexdə olan iki ədəd arqon qaynaq aparatının elektrik naqillərini, ölçü cihazı yəni mikrometr, içərisində alətlər olan çamadanı, iç səthi ölçən cihaz, yəni vnutromer, bir ədəd laqonda və iki ədəd direli qapının yanına qoymuşdur. Bundan sonra qapını içəri tərəfdən açaraq oğurladığı əşyaları hissə-hissə 64 nömrəli məktəbin həyətinə yığmış və evinə getmişdir. Səhər saatlarında 64 nömrəli tam orta məktəbin yanına gəlmişdir. Yaxınlıqda markasını və dövlət nömrə nişanını bilmədiyi taksiyə əl edib saxlatmışdır. Oğurladığı əşyaları taksiyə yerləşdirmiş və taksi ilə Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarı adlanan bazara gəlmişdir. Taksidən düşdükdən sonra taksi sürücüsünə 10 manat gediş haqqı vermiş və taksi sürücüsü çıxıb getmişdir. Həmin əşyaları fərqli şəxslərə satmış və oğurladığı əşyaları satdıqdan sonra 120 manat pul qazanmışdır. Həmin pulu narkotik almağa və digər ehtiyacları üçün xərcləmişdir. Bundan sonra pulu qurtardığı üçün yenə də həmin sexdən oğurluq etmək qərarına gəlmişdir. 08.06.2021-ci il tarixdə, saat 02 radələrində yaşadığı mənzildən həmin sexdən oğurluq etmək üçün çıxmışdır. Təxminən 15-20 dəqiqə piyada sexin yanına gəlmişdir. Eyni qaydada sexin arxa hissəsi dəmir listlərlə örtülü olmuşdur. Həmin dəmir listləri açmaq üçün özü ilə evdən vintaçan gətirmişdir. Bir az ətrafı müşahidə etmişdir ki, ətrafda heç kim olmasın. Təxminən saat 03 radələrində sexin arxa hissəsinə keçmişdir. Sexin arxa hissəsində olan dəmir listləri vintaçanla kəsərək oradan sexə daxil olmuşdur. Sexə daxil olduqdan sonra oradan sexdə olan bir ədəd arqon qaynaq aparatını, digər bir qaynaq aparatını içərisindən təxminən 7 kiloqram mis metalı, sayını xatırlamadığı ölçü cihazı, yəni mikrometr, bir ədəd laqonda və bir ədəd direli qapının yanına qoymuşdur. Bundan sonra qapını içəri tərəfdən açaraq oğurladığı əşyaları hissə-hissə 64 nömrəli məktəbin həyətinə yığmış və evinə getmişdir. Səhəri gün oğurladığı əşyaları eyni qaydada tanımadığı taksiylə 8-ci kilometr bazarına aparmışdır. 7 kiloqram misi, direli və laqondanı tanımadığı şəxsə 8-ci kilometr bazarında satmış, digər oğurladığı arqon qaynaq aparatını və mikrometrləri sata bilməmişdir. Bundan sonra digər bir tanımadığı taksi ilə Suraxanı rayonu, A.Rzayev küçəsində ağacların birinin yanında otluğun içərisində gizlətmiş, həmin əşyaları da başqa gün satacağını fikirləşmişdir. 11.06.2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən 15 manata bir büküm narkotik vasitə olan heroini almışdır. Əhmədli metrostansiyası tərəfdən bir az kənarlaşdıqdan sonra 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş və Xətai rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona hərəkətlərindən özünü şübhəli apardığını deyib, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, səmimi etiraf edərək bir neçə dəfə narkotik maddə heroin istifadə etdiyini deyib, üzərində də bir büküm narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyi təklif etdikdə, o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxardıb təqdim etmişdir və maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, ilk məhkumluğunu, evli olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, dəymiş ziyanı qaytardığını və zərərçəkmiş şəxslə barışdığını, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Zərərçəkmiş şəxs hazırlıq iclasında təqdim etdiyi barışıq ərizəsini nəzərə alaraq onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, Babək prospekti 2340 ünvanda yerləşən avtomobil təmir sexini işlədir. 29.05.2021-ci il tarixdə və 08.06.2021-ci il tarixdə işlətdiyi avtomobil təmir sexindən iki dəfə oğurluq olmuşdur. Belə ki, 28.05.2021-ci il tarixdə axşam təmir sexini bağlayıb evə getmişdir. 29.05.2021-ci il tarixdə səhər gəlib sexi açanda gecə sexdən oğurluq olmasını aşkar etmişdir. Belə ki, həmin gecə ona məxsus avtomobil sexinin arxa hissəsindəki dəmir list kəsilmiş vəziyyətdə olmuşdur. O, sexə nəzər salanda görmüşdür ki, bir metri 10 manat olmaqla 450 manat qiymətində 45 metr arqon qaynaq aparatının mis naqilləri, bir ədəd 300 manat qiymətində markasını xatırlamadığı silindirin iç səthi ölçən cihaz, bir ədəd 25 manat qiymətində laqonda, bir ədədi 30 manat olmaqla 60 manat qiymətində 02 ədəd laqonda, bir ədədi 20 manat olmaqla 40 manat qiymətində 02 ədəd ştangersirkul oğurlanmış və ona ümumilikdə 875 manat maddi ziyan dəymişdir. O, birinci dəfə baş vermiş oğurluq barədə polisə şikayət etməmiş və oğurlanmış əşyaları alaraq yerinə qoymuşdur. 08.06.2021-ci il tarixdə, səhər saatlarında o, işlədiyi sexə gəlib qapını açaraq içəri daxil olanda sexdən təkrar oğurlqu olmasını aşkar etmişdir. Belə ki, naməlum şəxs sexə eyni yerdən, sexin arxasındakı dəmir listi sındırıb girərək bir ədəd qiyməti 2500 manat olan Compact 220 markalı arqon qaynaq aparatını, yeni aldığı bir metri 10 manat olmaqla 450 manat qiymətində 45 metr arqon qaynaq aparatının mis naqillərini, bir ədədi 70 manat olmaqla 140 manat qiymətində 02 ədəd böyük ölçülü mikrometr ölçü cihazını, bir ədədi 50 manat olmaqla 100 manat qiymətində 02 ədəd orta ölçülü mikrometr ölçü cihazını, bir ədədi 30 manat olmaqla 120 manat qiymətində 04 ədəd kiçik ölçülü mikrometr ölçü cihazını, bir ədəd qiyməti 25 manat olan laqondanı, bir ədədi 30 manat olmaqla 60 manat qiymətində 02 ədəd laqondanı oğurlamış və baş vermiş ikinci oğurluq nəticəsində ona ümumilikdə 3395 manat maddi ziyan dəymişdir. Bundan sonra bir neçə gün özü ətrafa soraq etsə də, oğurluğu törədən şəxs barəsində məlumat əldə edə bilməmişdir. Bundan sonra 11.06.2021-ci il tarixdə o, polisə şikayət etmək qərarına gəlmişdir. Baş vermiş oğurluq nəticəsində ona 4270 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, sexdən oğurluq edən şəxs uzun illər onun yanında işləyən Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 34-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsini daşıyır. Xətai rayonunun inzibati ərazisində Gülhüseyn adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 11.06.2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə yollanmışlar. Həmin gün, saat 12:00 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini soruşduqda özünün Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getməyə razılıq vermiş və birlikdə polis bölməsinə yollanmışdır. Polis bölməsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olunmuşdur. Xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü masanın üzərinə qoyaraq bükülünün içərisində heroin olduğunu və həmin heroini öz istifadəsi üçün tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq hər hansı bir cinayət törətməsi barədə suala cavab verərək əvvəllər işlədiyi avtomobil təmiri sexindən oğurluq etdiyini də etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, 29.05.2021-ci il tarixdə saat 03 radələrində əvvələr işlədiyi Xətai rayonu, Babək prospekti 2340 ünvanında yerləşən avtomobil təmiri sexinə gedib sexin arxasında olan dəmir listi kəsərək oradan sexə daxil olmuş, bundan sonra həmin sexdən drel, laqonda, qaynaq aparatı, qaynaq aparatının içərisində olan mis metalını oğurlamışdır. Bundan əlavə, eyni qaydada 08.06.2021-ci il tarixdə saat 03 radlərində yenidən həmin sexə gedərək oradan eyni qaydada ölçü vahidlərini, drel laqonda və mis oğurladığını etiraf etmişdir. 34-cü PŞ-də Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsi Şahid1 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü kağızda olan bükümü könüllü çıxardıb təqdim edərək bildirir ki, həmin bükümün içərisində «heroin» deyilən narkotik vasitədir. Axtarış “Xiaomi ” markalı mobil telefon vasitəsi ilə çəkilərək bir ədəd DVD diskə yazılmışdır . İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/2389 saylı, 11 iyun 2021ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş – 0.286 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra qalıq 0.236 qr. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması Xətai RPİ-nin 34cü PŞ-də keçirilmiş baxış zamanı qeydə alınmış video görüntü olan 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus “Helvi Compact 220” arqon qaynaq aparatı, 05 ədəd mikrometr ölçü cihazı 11 iyun 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayonu A.Rzayev küçəsində yolun kənarında ağacların arasından götürülmüşdür (fotoşəkil iş vərəqi 48-50). İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünasliq ekspertizasının 9/5434 saylı, 12 avqust 2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatın təqdim edilmiş malların 2021-ci ilin may-iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2190,0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan 16 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,286 qram heroin - iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,236 qram narkotik vasitə heroin saxlanması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmişdir. İş materiallarında olan 16 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Helvi Compakt 220” arqon qaynaq aparatı və beş ədəd mikrometr iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1884 saylı, 12 iyun 2021ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-cu il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2021-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan AZ-İİ 381876 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X4 ilə nikahdadır. Doğum haqqında şəhadətnamədən (AZ-İV 551927) məlum olur ki, onların birgə nikahından 21.12.2020-ci il təvəllüdlü Ərtoğrul adlı 1 azyaşlı uşaqları var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutlaran məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər iş materiallara ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağadakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlancında saxlanılan iş üzrə maddi sübut olan tədqiqatdan sonra qalıq qalan 0,236 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmiş “Helvi Compakt 220” arqon qaynaq aparatı və beş ədəd mikrometr hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 138.70 (yüz otuz səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,236 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmiş “Helvi Compakt 220” arqon qaynaq aparatı və beş ədəd mikrometr hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 138.70 (yüz otuz səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-403/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-403/2021
24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver