Məhkəmə qərarları › İş №1(011)-403/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-403/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-403/2022 28.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurbani küçəsi, ev 25/24 Ə-də qeydiyyatda olan, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib, saxlayaraq daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 12 ədəd bükümdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 4,133 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 01 may 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında aralarında olan razılığa əsasən həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 02 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,667 və 0,664 qram olmaqla, 1,331 qram çəkidə olan hissəsini qeyri rəsmi ǝr-arvad münasibətində yaşadığı Şahid1 20 manat müqabilində satmış, 01 may 2022-ci il tarixdə Şahid1 Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı, Təqsirləndirilən şəxs həmin gün saat 17:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli idman şalvarının sol yan cibindən üzərində "Zoluşka” yazıları olan sellofan paketin içərisindən 10 ədəd ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 0,328 qram, 0,134 qram, 0,303 qram, 0,325 qram, 0,306 qram, 0,359 qram, 0,265 qram, 0,197 qram, 0,307 qram, 0.278 qram olmaqla, ümumi təmiz çəkisi 2,802 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənǝ (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur. Lakin, narkotik vasitələrdən istifadə edir. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Şahid1 maddi imkanı pis olduğu üçün ona maddi yardım edir və onunla qeyri-rəsmi ər-arvad kimi yaşayır. Kəmaləyə və ya başqa şəxsə narkotik vasitə satmamışdır. Müxtəlif vaxtlarda əldə etdiyi narkotik vasitəni Kəmalə ilə birlikdə istifadə etmişdir. Yaşadığı ünvandan aşkar edilərək götürülmüş bükümlərdə olan qurudulmuş marixuana ona məxsusdur və şəxsi istifadəsi üçün Şıxov şossesində, yol kənarında tanımadığı şəxsdən əldə etmişdir. Narkotik vasitəni aldığı şəxs narkotiki ona 12 bükümdə satmışdır. 100 manata həmin narkotik vasitələri əldə etmişdir. Polis əməkdaşları onu tutub yaşadığı evdən narkotik vasitə bükümlərini əldə etdikdən sonra onlara narkotikin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş. Lakin, polislər onu məcbur edərək Kamaləyə narkotik vasitə satdığı barədə ifadə verməyə məcbur etmişlər. Kamalənin üzərində narkotik vasitə olmamışdır. Lakin, polislər onların birlikdə qaldıqları evdən Kamaləni də aparmış və polis idarəsində ondan pul müqabilində narkotik vasitə alması barədə ifadə almışlar. O, da polis şöbəsində qorxduğundan məcbur qalıb Kamaləyə narkotik vasitə satdığını və digər bükümlərdəki narkotik vasitəni satmaq istəməsi barədə ifadə vermişdir. Məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu və ona ittiham olunan əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini, ona yüngül cəza verilməsini xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir.Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında inzibati binada qeydiyyatda olsa da, Baki şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsi ev 25 ünvanında yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. 2 il olar ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Narkotik vasitə marixuananı əldə etdikdən sonra bir hissəsini istifadə etsə də, qalan hissəsini pul qarşılığında tanımadığı şəxslərə satmışdır. Narkotik vasitəni istifadə etməyə başlayanda Beyləqan rayonunda adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuana lazım olanda ondan ala bilər. O da narkotik vasitə qurudulmuş marixuana lazım olanda Beyləqan rayonunda gedərək həmin şəxsi tapıb sonuncudan almışdır. Narkotik vasitəni aldıqdan sonra istifadə etməklə yanaşı, satışı ilə də məşğul olmuşdur. Təxminən üç il olar ki, X6 ilə qeyri rəsmi olaraq ər-arvad münasibətində birlikdə yaşamışdır. Kəmala ilə birlikdə yaşayan zaman sonuncunun narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini öyrənmişdir. Kəmaləyə narkotik vasitə lazım olanda sata biləcəyini bildirmişdir. Kamalə də, onunla razılaşdıqdan sonra o, əldə etmiş olduğu narkotik vasitə qurudulmuş marixuananın bir bükümünü 10 manata Kəmaləyə satmışdır. 28 aprel 2022-ci il tarixdə Beyləqan rayonuna gedib əvvəllər narkotik vasitə qurudulmuş marixuana aldığı həmin şəxsi taparaq sonuncu ilə görüşmüşdür. Orada həmin şəxsə 100 manat pul verib sonuncudan 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuananı almışdır. Bakı şəhərinə qayıtdıqdan sonra almış olduğu kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı 12 ədəd ağ rəngli kağız bükümlara bölərək üzərində "Zoluşka" yazısı olan sellofan paketin içərisinə qoyaraq üzərində saxlamışdır ki, müştəri olan zaman sataraq pul əldə etsin. Bundan sonra o, əldə etmiş olduğu 12 ǝdǝd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın 02 ədəd bükümün 01 may 2022-ci il tarixdə saat 13 radələrində Kamalə ilə birlikdə yaşadığı ünvanda sonuncuya bir bükümü 10 manat olmaqla 20 manata satmışdır. Bundan sonra almış olduğu 10 ədəd bükümdə olan narkotik vasita qurudulmuş marixuananı satmaq üçün o da evdən çıxmışdır. Həmin gün, yəni 01 may 2022-ci il tarixdə saat 17:30 radələrində yaşadığı ünvan 2 qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis olduqlarını bildirib onu Xətai RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çakilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əyninda olan boz rəngli idman şalvarının sol yan cibində saxladığı, üzərində "Zoluşka" yazıları olan sellofan paketin içərisində olan 10 adad ağ rəngli kağız bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni həm istifadə, həm də satmaq üçün 28 aprel 2022-ci il tarixdə Beyləqan rayonunda adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 100 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin bitki mənşəli maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, narkotik vasitə qurudulmuş marixuananın istifadəsi ilə yanaşı, satışı ilə məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor va sair təzyiqlər göstərilməmişdir. O, bir neçə dəfə qeyri rasmi ar-arvad münasibətində yaşadığı X4 pul qarşılığında 01 ədəd bükümü 10 manata satmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Kamalənin yaşadığı evda sonuncuya 20 manata 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana satmışdır. Kamalədən başqa müxtəlif şəxslərə pul qarşılığında narkotik vasitə qurudulmuş marixuana satmışdır” (i.v.109-111, 140-142); Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, ünvan 2 ünvanında oğlu və qeyri rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Sonuncu ilə birlikdə müxtəlif vaxtlarda narkotik vasitə istifadə etmiş, lakin ondan heç vaxtı narkotik vasitə almamış, Elmar da ona narkotik vasitə satmamışdır. Belə ki, onun maddi imkan zəif olduğu üçün Təqsirləndirilən şəxs ona maddi yardım edir. Hadisə baş verən günü o, özü Elmara zəng vurmuş və oğlu işdə olduğu üçün evdə tək qaldığını və qorxduğunu, bu səbədən onlara gəlməsini xahiş etmişdir. Polislər evə gələn zaman paltar şkafına Elmar müxtəlif bükümlərdə narkotik vasitə olan marixuna saxladığını bilmişdir. Elmar ona narkotik vasitə satmamışdır. Polis şöbəsində olarkən polis əməkdaşları ona təzyiq göstərərərk Elmarın ona 20 manat müqabilində 2 bükümdə narkotik vasitə satması barədə ifadə almışlar. Məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, polisdə ifadə verərkən təzyiq altında olduğunu və dediklərinin doğru olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir.Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında oğlu X9 ilə birlikdə kirayə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Üç il olar ki, Təqsirləndirilən şəxs ilə tanış olmuş və qeyri rəsmi olaraq ərarvad münasibəti yarandığı üçün Elmar da onunla birlikdə yaşamışdır. İlk vaxtlar Elmarın narkotik vasitə istifadə etdiyini bilməsə də, sonradan sonuncunun narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsini öyrənmişdir. Təxminən bir il olar ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. O, heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntı çəkərək kirayə yaşadığı evin pulunu verməkdə çətinlik çəkmişdir. Buna görə də, Elmar onun maddi cəhətdən sıxıntı çəkdiyini gördüyü üçün onunla birlikdə yaşayaraq ona maddi cəhətdən köməklik etmişdir.Təxminən 2022-ci ilin mart ayının sonlarında Elmar onun narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini bildiyi üçün onda narkotik vasitə qurudulmuş marixuana olduğunu va həmin narkotik vasitədən ona sata biləcəyini demişdir. Elmar ona narkotik vasitə olan qurudulmuş marixuananın 01 bükümünü 10 manata verə biləcəyini, başqa şəxslərdən alınca ondan alaraq istifadə etməyini demişdir. O da Elmarın bu taklifi ilə razılaşmış və Elmardan bir neçə dəfə 01 bükümü 10 manata olmaqla narkotik vasitə olan qurudulmuş marixuana alaraq istifadə etmişdir. 01 may 2022-ci il tarixdə o, Elmardan yenidən narkotik vasitə olan qurudulmuş marixuana alaraq istifadə etmək qərarına gəlmiş və həmin gün saat 13 radələrində yaşadığı ünvan 5 ünvanında Elmardan 02 adǝd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı 20 manata almışdır. Bundan sonra o, Elmardan almış olduğu 02 ədəd bükümdə olan narkotik vasitə olan marixuananı əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq bir qədər hava almaq üçün yaşadığı evdən çıxaraq bir qədər məhəllədə gəzməyə başlamışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixda saat 13:30 radələrində yaşadığı ünvan 6 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu va üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya va ya madda varsa könüllü olaraq taqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 02 ədəd kağız bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni 01 may 2022-ci il tarixdə onunla birlikdə yaşayan Elmar adlı şəxsdən hər bir bükümü 10 manat olmaqla 20 manat pul verib aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin bitki mənşəli maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O narkotik vasitə qurudulmuş marixuananın istifadə etsə də, satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, bir neçə dəfə qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs pul qarşılında 01 bükümü 10 manata narkotik vasita olan qurudulmuş marixuana alaraq istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yaşadığı evdə Elmardan 20 manata 02 adǝd bükümdə narkotik vasitə qurudulmuş marixuana almışdır(i.v.98-100); Məhkəmə iclasında şahid qismində dindirilmiş, Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 bildirmişdir ki, 01 may 2022-ci il tarixində X2 narkotik vasitəni qanunsuz əldə edərək, üzərində saxlaması, daşıması ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. ünvan 1 ünvanının yaxınlığında xarici görkəm əlamətlərinə görə X3 xarici əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsə yaxınlaşaraq idarəyə dəvət etmişlər. İdarədə Kəmalə da əynində olan göy rangli cins şalvarın sağ yan cibindən 02 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasita marixuana olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə birlikdə yaşadığı Elmar adlı şəxsdən hər birini 10 manata olmaqla 20 manat pul verib aldığını, həmin bükümlərin bir ədədini 15 manata olmaqla 30 manata satmaq istədiyini bildirmişdir. O və Şahid2 birlikdə məlumat əsasında saat 17:30 radələrində ünvan 7 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Elmarın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsə yaxınlaşaraq Xətai RPİ-nə dəvət etmişlər. İdarədə şəxsi axtarış keçirilməmişdən əvvəl Elmara üzərində qeyri qanunu maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Elmar da əynində olan tünd boz rəngli idman şalvarın sol yan cibindən üzərində "Zoluşka" yazısı olan sellofan paketi çıxarıb içərisində olan 10 ədəd kağız bükümləri təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Beyləqan rayonunda tanımadığı şəxsdən 100 manata bir ədəd kibrit qutusunda aldığını, həmin maddələri xırda bükümlərə bölüb 02 ǝdəd bükümünü hər birini 10 manata olmaqla 20 manata qeyri rəsmi münasibətdə olduğu Kəmalǝyǝ satdığını bildirmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu Şahid3 vermiş olfduğu ifadəsi ilə eyni məzmunlu ifadəsi elan edilmişdir (i.v. 163- 166). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanmaq və icraata götürmək barədə 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 01); şəxsi axtarış və götürmə aparılması haqqında 01 may 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, 37-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2, Xətai RPİ-nin KTQ-nin inspektor kriminalisti Səftər Heydərovun, Leyla Cəfərzadənin, barəsində şəxsi axtarış və götürmə aparılan Şahid1, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X8 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Şahid1 Aftandil qızı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd kağız vərəqə bükülmüş kütlə təqdim etmiş, həmin maddənin qurudulmuş marixuana olduğunu, Elmar adlı şəxsdən satış məqsədi ilə aldığını bildirmişdir. Həmin maddələr elektron tərəzi ilə çəkilmiş və çəkilərinin 0.8 və 0.9 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 155 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 adad DVD disk protokola əlavə edilmişdir. (i.v. 34-36); şübhəli şəxsin tutulması haqqında 01 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 01 may 2022-ci il tarixdə Xətai RPİ-də tutulmuş, onun azadlığı faktiki olaraq həmin tarixdə, saat 17:30-dan məhdudlaşdırılmışdır ( i.v. 58); şəxsi axtarış və götürmə aparılması haqqında 01 may 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, 37-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2, Xətai RPİ-nin KTQ-nin inspektor kriminalisti Səftər Heydərovun, barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X7 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Mikayılova Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli idman şalvarının sol yan cibindən üzərində "Zoluşka yazısı olan sellofan paketin içərisində 10 ədəd ağ rəngli kağız bükümdə olan maddəni təqdim etmiş, həmin maddənin marixuana olduğunu, həmin maddəni 2 gün əvvəl 100 manat müqabilində Beyləqan rayonunda tanımadığı şəxsdən aldığını, onun 2 bükümünü hər biri 10 manata olmaqla qeyri rəsmi yaşadığı Kamalə adlı qadına satdığını bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 5.2 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 adad DVD disk protokola əlavə edilmişdir. (i.v.69-70); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/423 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, “X1 aşkar edilmiş 2 büküm ...” sözləri, soyadlar və imzalar olan zərfdə 02 ədəd ağ rəngli kağız bükümdə ayr-ayrılıqda təmiz çəkiləri 0,667 qram, 0,664 qram, ümumi çəkisi-1,331 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər.( i.v.79-82); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/424 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 10 büküm ...” yazılar və imzalar olan zərfdə 10 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,328 qram, 0,134 qram, 0,303 qram, 0,325 qram, 0,306 qram, 0,359 qram, 0,265 qram, 0,197 qram, 0,307 qram, 0,278 qramümumi çəkisi 2,802 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər.(i.v.83-87); Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Ceyhun Əsgərov tərəfindən diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd kağız vərəqə təqdim edir, həmin maddənin qurudulmuş marixuana olduğunu, həmin maddəni Elmar adlı şəxsdən satış məqsədi ilə aldığını bildirmişdir. Həmin maddələr elektron tərəzi ilə çəkilmiş və çəkilərinin 0.8 və 0.9 qram olduğu müəyyən edilmişdir.(i.v.112-113);. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Ceyhun Əsgərov tərəfindən diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli idman şalvarının sol yan cibindən üzərində "Zoluşka yazısı olan sellofan paketin içərisində 10 ədəd ağ rəngli kağız bükümdə olan maddəni təqdim etmiş, həmin maddənin marixuana olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə 100 manat müqabilində Beyləqan rayonunda tanımadığı şəxsdən aldığını, onun 2 bükümünü hər biri 10 manata olmaqla qeyri rəsmi yaşadığı Kamalə adlı qadına satdığını bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 5.2 qram olması olduğu müəyyən edilmişdir.(i.v.114-115);. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 125-126); Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 may 2022-ci il tarixli 4(011)-241 saylı qərardınan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində əvvəli 01 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir ( i.v. 149-151); 03 may 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, Şahid1 Aftandil qızının barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır (i.v. 156-157); Bakı şəhəri Xətai rayon məhkəməsinin 04 may 2022-ci il tarixli 3(011)-1756 saylı qərardınan görünür ki, Şahid1 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur (i.v. 158-160); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsin Ambulator X5 haqqında xx.xx.2022-ci il tarixli, 2355 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.172-173); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnamasinə əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.178-179); Sübutların qiymətləndirilməsi haqqında haqqında xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın öz qüvvəsində saxlanılması,məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/423, 7/424 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2355 saylı rəylərinin sübut kimi qiymətləndirilməsi, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,602 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və X2 üzərindən aşkar edilib götürülmüş 1,251 qram çəkidə qurudulmuş marixuananın iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və cinayıt işindən materiallar ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, 2 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.180-192); Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(099)-356 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsiə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 1(106)-768/2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina edilməsi barədə ərizəsi qəbul edilmiş və apellyasiya şikayətiə baxılmasına xitam verilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, məhkəmə-ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs Şahid1 Aftandil qızına narkotik satmaması barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və özünün məhkməyədək icraat dövründə verdiyi ifadələri, Şahid1 Aftandil qızının ifadələri, habelə Şahid1 barəsində Bakı şəhəri Xətai rayon məhkəməsində inzibati xəta haqqında iş üzrə icraata baxarkən verdiyi izahatı ilə də təkzib olunur. Həmin izahatına əsasən Şahid1 özünü təqsirli bilərək əməlindən peşman olduğunu bldirmişdir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddə ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir; 234.2-ci maddəsinə əsasən atış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini və gənc olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(099)-356 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təyin edilmiş 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-356/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə qəti olaraq təyin edilmiş 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 2,602 qram və 1,251 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 144 (bir yüz qırx dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar