Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-404/2022 30.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, cavabdeh kimi ondan, övladları - xx.xx.2010- cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(011)-10607/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(005)-2086/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı, icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2022-ci il tarixədək 9600 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2009-cu ilin iyul ayında o, Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Birgə nikah münasibətlərindən 2010-cu ildə Gülay, 2011-ci ildə isə Aygül adlı övladları dünyaya gəlmişdir. Sonradan münasibətləri pozulduğundan, məhkəmənin qərarı əsasında Zərərçəkmiş şəxs ilə aralarında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaqların analarının yanında saxlanması və uşaqların saxlanması üçün ondan hər ay cəmi 280 manat alimentin tutulması qərara alınmışdır. Sonradan məhkəmənin qərarı ilə alimentin miqdarı artırılaraq, ondan hər ay cəmi 320 manat alimentin tutulması qərara alınmışdır. Həmin qərarın icrası ilə bağlı müxtəlif vaxtlarda tələbkar Zərərçəkmiş şəxs hesabına ödənişlər etmiş, lakin gəliri kifayət qədər olmadığından və pandemiya səbəbindən, aliment borcu yaranmışdır. Həmçinin, Məşğulluq mərkəzi tərəfindən ona təklif edilən iş yerlərinin əmək haqqısının az olması səbəbindən, təkliflərdən imtina etmişdir. Tanışlarına olan borclarını ödəməsi və anasının müalicəsinə kifayət qədər pul xərclədiyindən, aliment borcunu vaxtında ödəyə bilməmişdir. Lakin, o, icra məmuru tərəfindən hesablanan 9600 manat aliment borcunun məbləği ilə razı deyildir. Belə ki, 2021-ci ilin noyabr ayında, 2022-ci ilin yanvar və aprel aylarında tələbkar Zərərçəkmiş şəxs hesabına ödədiyi cəmi 1350 manat pul nəzərə alınmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 2009-cu ilin iyul ayında o, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2010-cu ildə Gülay, 2011-ci ildə isə Aygül adlı övladları doğulmuşdur. Münasibətləri pozulduğundan, o, nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, Təqsirləndirilən şəxs ilə birgə nikahları ləğv edilmiş, övladları Gülay və Aygülün onun yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay cəmi 280 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Sonradan o, alimentin miqdarının artırılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs hər ay cəmi 320 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı, aliment borcu yarandığından və icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Lakin, bundan sonra da, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilməsinə baxmayaraq, aliment borcunu tam ödəməmiş və icra məmuru tərəfindən təqdimat verilən tarixədək 9600 manat məbləğində aliment borcu ödənilməmiş qalmışdır. Hazırda isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəlki tarixlərdə bir neçə dəfə ödəniş etməklə, qeyd olunan 9600 manat aliment borcundan 1350 manat hissəsi onun hesabına köçürülmüşdür. O, qalan borcun ödənilməsini tələb edir. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs övladları - xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli icra sənədi Xətai Rayon İcra Şöbəsinin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdə borcluya xəbərdarlıq məktubu göndərilmişdir. Qətnamənin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra, yenidən Təqsirləndirilən şəxs izahatı alınıb və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, aliment borcunu tam olaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə qərəzli olaraq ödəməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibatı məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Beləliklə, borclu Təqsirləndirilən şəxs tərəfindən dövlətin adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən, barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün, müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid - Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2019 saylı, 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilərək, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10607/2017 saylı, 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2019 saylı, 11 aprel 2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi qanunla müəyyən olunmuş müddətdə könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4062/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2019 saylı, 11 aprel 2019-cu il tarixli icra sənədini icra etmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs icra sənədini icra etməsi üçün yeni müddət təyin olunaraq, 10 (on) gün müddətində vaxt verilmiş və bu müddət ərzində icra sənədini tam icra etməzsə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə aidiyyəti üzrə təqdimat veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Həmçinin, iş materiallarında olan qəbzlərin surətindən və hesabdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs aliment borcu ilə bağlı xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 350 manat məbləğində pulu Zərərçəkmiş şəxs hesabına ödəmiş və həmin ödənilmiş cəmi 1350 manat məbləğində pul istintaq orqanına təqdimat verilənədək, icra məmuru tərəfindən ümumi aliment borcundan çıxılmamışdır. İş materiallarından görünür ki, 08 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 29 sentyabr 2022ci il tarixdə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40)”. Həmin Qərarda həmçinin qeyd olunur ki, “məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 29 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-404/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-404/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver