Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-405/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyada olan və ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 14 iyun 2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 18 iyun 2021-ci il tarixdə saat 01 radələrində Xətai rayonu M.Hadi küçəsi 79 saylı ünvanın qarşısında saxlanılıb ünvan 3-cı Polis Bölməsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman əyində olan qara rəngli cins şalvarının sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd sellofan bükümdə təmiz çəkiləri 0,325 qram və 0,420 qram, ümumi təmiz çəkisi 0,745 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, uzun müddət narkotik vasitə istifadə etmiş və buna görə də, bir neçə dəfə məhkum olunmuşdur. Narkotik maddənin “şüşə” kimi tanıdığı növündən istifadə etmişdir. 14 iyun 2021-ci il tarixdə yaşadığı evdən çıxaraq Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən avtomobil bazarına gəlmiş, orada tanımadığı şəxsdən 90 manat pul verib iki büküm narkotik maddə almışdır. 17 iyun 2021-ci il tarixdə gecə saatlarında narkotik vasitənin qalan qismini şalvarının cibinə qoyub evdən küçəyə çıxmış, saat 01 radələrində bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin NMB-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özü haqqında məluat verdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını bildirib Xətai RPİ- nin 36-cı PB-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə üzərində vidoçəkilişdən istifadə olunmaqla şəxs axtarış aparılmışdır. Axtarış zaman üzərində qanunsuz əşya olması barədə sual verilmiş, bu zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş narkotik maddələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Əməlindən peşmandır, ailəsinə yeganə qazanc gətirən şəxsdir. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, 18 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində saxlaması, satması və daşıması barədə Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis idarəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə idarənin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təyin olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, və əməliyyat müvəkkili Şahid2 məlumata əsasən ünvan 5 ünvanın qarşısına gəlmişlər. Saat 01 radələrində Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmiş, o da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra onlar birlikdə polis bölməsinə gəlmişlər. Bu barədə dərhal raport yazıb bölmə rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarışda vəkil, o və idarənin əməliyyat müvəkkili Şahid2 iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Nəsrəddin özü könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, sellofanın içərisində narkotik vasitə “şüşə” vardır, narkotik vasitəni 14 iyun 2021 ci il tarixdə günorta saatlarında Bakı şəhəri Babək prospektində “Maşın bazarı” nın yaxınlığında üzdən tanıdığı və adını bilmədiyi şəxsdən qramını 18 manatdan olmaqla 5 qram alaraq üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli kristal şəkilli həmin maddə elektron tərəzi ilə çəkilmiş və 1.0 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri 151 saylı möhür ilə möhürlənmişdir. Zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşı, Nəsrəddin özü, vəkil və o, imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşı, vəkil, Nəsrəddin və o, imza etmişdir. İdarəyə məlumat Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə daxil olsa da, onun narkotik vasitəni satdığı şəxslər müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 18 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 18 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 18 iyun 2021-ci il tarixdə, saat 01:45-də Bakı şəhər Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasında tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 18 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Xətai Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xətai Rayon Polis İdarəsinin NMB əməliyyat müvəkkili, polis leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, çəkiliş aparan şəxs Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis leytenantı X2, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmışdır. Şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl proses iştirakçılarına hüquq və vəzifələri izah olunmuşdur. Barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd sellofan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur ( i.v. 36-37); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2021-ci il tarixli, 6/2466 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Aslanov...” sözləri olan zərfdəki iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,325 qr., 0,420 qr., ümumi təmiz çəkisi 0,745 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxidir (i.v. 45-49); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir ( i.v. 58); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-255/2021 saylı, 19.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 (üç) ay müddətində müəyyən edilmiş, həbsetmənin əvvəli 18.06.2021-ci il tarixdən hesablanmışdır ( i.v. 76-80); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamənin 08.07.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Lenin Rayon Xalq Məhkəməsinin 26.11.1982-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-in 15, 109-cu maddənin 3cü hissəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin 05.11.1985-ci il tarixli qərarı ilə 26.11.1982-ci il tarixli hökm ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmiş, Bakı şəhər Məhkəməsinin 07.08.1987-ci il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri təyin edilərək azad olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13.09.2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək narkomaniyadan məcburi müalicə tətbiq olunmaqla 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 iyun 2013-cü ildə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 27.06.2013-cü il tarixli qərarı ilə 07 ay vaxtından əvvəl şərti azad olunmuşdur ( i.v. 87-89); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-730/2021 saylı, 07 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 06 dekabr 2019-cu il tarixdən 04 iyul 2020-ci il tarixə qədər olan 6 (altı) ay 28 (iyirmi səkkiz) gün ona təyin ediləcək cəzanın müddətinə daxil edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 7 (yeddi) il 5 (beş) ay 2 (iki) gün müəyyən edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 07 iyul 2021-ci il tarixdən hesab edilmiş, cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir ( i.v. 98-105); Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin A-0702/05 nömrəli, 13 sentyabr 2005-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şahı oğlu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 27 yanvar 2005-ci il tarixdən hesablanması hökm edilmişdir ( i.v. 106-111); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 25.06.2021ci il tarixli, 2048 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəiyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 118-119); sübutların qiymətləndirilməsi haqqında 19 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadələri toplanmış bütün sübutların məcmusi ilə təqsdiq edildiyindən, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, məhkəmə-kimyəvi ekspertiza üzrə Azərbaycan Respublikası ƏN-nin MEM-in verdiyi 18 iyun 2021-ci il tarixli 6/2466 nömrəli rəy, məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin verdiyi 25 iyun 2021-ci il tarixli 2048 nömrəli rəy, şəxsi axtarış və götürmə aparılması, diskə baxış protokolları iş üzrə sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əvvəlki cəzası residiv kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,745 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0,645 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı məhkəmə kimyəvi ekspertizasının rəyində göstərdiyi miqdara əsasən götürülmüş və həmin miqdarla ona ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir( i.v. 120-129); təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında 20 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmunu əlavələr və dəyişiklik edilmiş və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 131); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyub içərisində şüşə olduğunu və öz istifadəsi üçün aldığını, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 0,745 qram olan metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər eyni növ cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olamaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 18 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixə qədər həbsdə saxlanıldığı 19 (on doqquz) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(101)-730/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış 07 (yeddi) il 05 (beş) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 07 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixə qədər həbsdə saxlanıldığı 19 (on doqquz) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 11 (on bir) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(101)-730/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış 07 (yeddi) il 05 (beş) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 11 (on bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,645 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-405/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-405/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver