Məhkəmə qərarları › İş №1(011)-405/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-405/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-405/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Sigma Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 avqust 1988-ci ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs "xxxx" ASC-nin baş ofisində 6 faizlə aldığı lotereya biletlərini ünvan 2 ünvanda fəaliyyət göstərən “Şanlı Urfa” adlı restoranın qarşısında “Piştaxta” üzərində səyyar qaydada satışını həyata keçirməsi üçün 31 mart 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək olan müddət ərzində sonuncunun həmin ofisdən aldığı ümumilikdə 3.052 manat dəyərində 1.100 ədəd lotereya biletlərini satması üçün gündəlik 20 manat əmək haqqı müqabilində alaraq ələ keçirdikdən sonra bütün biletləri pozaraq istifadə etməklə Zərərçəkmiş şəxs ümumilikdə 3.052 (üç min əlli iki) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini göstərmişdir ki, Zərərçəkmiş şəxs sosial şəbəkə vasitəsi ilə tanışmışdır. Belə ki, Zərərçəkmiş şəxs sosial şəbəkədə elan yerləşdirmişdir ki, lotoreya biletlərini satmağa gündəlik 20 manat müqabilində işçi axtarır. Ayxanın elanda yerləşdirdiyi nömrəyə zəng edərək sonuncu ilə danışmış və elanda yerləşdirdiyi işlə məşğul olmaq istədiyini bildirmişdir. Bundan sonra Ayxanla görüşmüş və razılaşmışlar. Zərərçəkmiş şəxs hər gün müxtəlif sayda və qiymətində biletlər gətirib ona təqdim etmişdir. Biletləri Ayxandan təhvil alaraq səhər 08:00 dəqiqədən axşam saat 23:00 dəqiqəyədək Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Həzi Aslanov” stansiyasının yaxınlığında olan “Şanlı Urfa” restoranın qarşısında səkinin üzərində avtobus dayanacağında səyyar şəkildə kiçik piştaxtada satışını həyata keçirmişdir. Satdığı biletlər 1, 2, 5, 10 manat dəyərində olmuşdur. Bir həftə bu qaydada işləmişdir. Sonuncu gün həmin yerdə görüşüb 1.000 ədəd növbəti biletləri Ayxandan götürmüşdür. Həmin vaxtı əlində cəmi 1100 bilet olmuşdur. 06 aprel 2022-ci il tarixdə 1.100 ədəd bileti ələ keçirərək getmiş və Ayxanın əlaqə saxlaya bilməməsi üçün də telefonunu söndürmüşdür. Götürdüyü 1.100 ədəd biletlər 3.052 manat dəyərində olmuşdur. İki gün evə getməmiş və həmin iki gün ərzində götürdüyü 1.100 ədəd biletlərin hamısını pozmuş, yəni istifadə etmişdir. Pozduğu 1.100 ədəd 3.052 manat dəyərində olan biletlərdən 800 manat qazanmışdır. Həmin qazandığı 800 manata da yenə gedib lotereya biletləri almışdır. Lakin həmin biletlərdən də heç nə udmamış və yenə bütün pulları uduzmuşdur. Bundan sonra Zərərçəkmiş şəxslə üz-üzə gəlməkdən utanmışdır. Daha sonra Ayxanın şikayəti əsasında 36-cı PB-nin əməkdaşları tərəfindən bölməyə dəvət olunmuşdur. Bölmədə hər şeyi olduğu kimi etiraf etmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk məhkumluğunu, dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs internet vasitəsi ilə tanımışdır. Bununla bağlı lotoreya biletlərini “28 May”-da yerləşən "xxxx" ASC-nin ofisindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər gün alıb onların gündəlik satışını həyata keçirmək üçün satıcı axtarmışdır. Bu işlə bağlı internet sosial şəbəkəsində elan yerləşdirirərək satıcı axtardığını və günlük 20 manat əmək haqqı verəcəyini qeyd etmişdir. Bir neçə gün sonra elanda yerləşdirdiyi telefon nömrəsinə zəng gəlmiş, zəng edən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və həmin işi istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncuya izah etmiş və satacağı yeri göstərmişdir. Daha sonra isə günlük məvacibini 20 manat olaraq razılaşmışlar. Təqsirləndirilən şəxsla Bakı Metropolitenin “Həzi Aslanov” stansiyasının yanında biletləri satacağı yerdə səhər saatlarında görüşmüşlər. Həmin vaxt Elvinə biletləri vermiş, axşam saatlarında isə hesabat aparıb sonuncunun əmək haqqısını 20 manat pulu vermişdir. Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlanmamış, onunla şifahi razılaşmış və sonuncu səyyar satışla məşğul olmuşdur. Onların arasında heç bir yazılı, rəsmi müqavilə və ya bu kimi sənəd imzalanmamışdır. 07 aprel 2022-ci il tarixində Təqsirləndirilən şəxs günorta 13 radələrində 3.052 manat dəyərində 1.100 ədəd olan lotoreya biletlərini götürüb, piştaxtanı da yığışdıraraq kənara qoyub çıxıb getmişdir. Bir neçə gün Elvin ilə əlaqə saxlamaq istəmiş, ancaq sonuncu telefon zənglərinə cavab verməmişdir. Daha sonra Elvin ilə görüşmüş və məlum olmuşdur ki, sonuncu biletlərin hamısını öz şəxsi maraqları üçün istifadə etmişdir. Ümumilikdə ona 3052 manat maddi ziyan dəymiş, həmin dövr ərzində 500 manat pul geri qaytardığından maddi ziyan 2.552 manat pul olmuşdur. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis kapitanı Faiq Şahverdiyevin tərtib etdiyi 07 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokolu ilə müəyyən edilmişdir ki, hadisə ünvan 2 ünvanda fəaliyyət göstərən “Şanlı Urfa” adlı restoranın qarşısında baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 06 iyul 2022-ci il tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxsin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanın ümumi məbləği 3052 (üç min əlli iki) manat olmuşdur. Təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar