Məhkəmə qərarları › İş №1(011)-405/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-405/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-405/2025 18.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1989-cu ildə Füzuli rayonunda, anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş Füzuli şəhəri, Ə.Məmmədov küçəsi ev 8-də qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48, mənzil 480-də yaşamaqla xx.xx.2025-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, özgənin əmlakını talama məqsədi ilə 10 may 2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının blokunun açıq giriş qapısından daxil olub 8-ci mərtəbədə 30-cu mənzilin qapısının qarşısında pilləkən meydançasında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 848 manat dəyərində bir ədəd elektrikli scooteri gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 848 manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 15 may 2025-ci il tarixdə saat 06:03-də ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının blokun açıq giriş qapısından daxil olub 7-ci mərətəbədə 34-cü mənzilin qapısı qarşısında meydançada pilləkanın dəmir məhəccərinə qıfılla bağlanmış Zərərçəkmiş şəxs2 məxsus 850 manat dəyərində bir ədəd “Toba Nexima" markalı velosipedi, qıfılı dəmir parçası ilə sındıraraq gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 850 manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda deyilənlərdən yalnız qıfılı sındırmaq hissəsi ilə razı deyil qalan hissədə özünü təqsirli bilir. Belə ki, əvvəllər oğurluq cinayəti törətmişdir. 10 may 2025-ci il tarixdə saat 20 radələrində oğurluq etmək qərarına gələrək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 saylı binanın həyətini gəzən zaman 6-cı blokun qapısının açıldığını görüb bloka daxil olmuş, həmin vaxt yalnız velosiped və ya scooter axtarırmış. O, binanın 8-ci mərtəbəsinə qalxan zaman 30 saylı mənzilin qarşısında Scooterin dayandığını görüb həmin Scooteri oğurlamaq qərarına gəlmişdir. Ətrafa nəzər salıb heç kəsin olmadığını görüb həmin Scooteri oğurlayıb oradan uzaqlaşıb bir başa Xətai rayonunda yerləşən Ukrayna dairəsinin yaxınlığına gəlmiş və orada üzdən tanıdığı, lakin adını və anket məlumatını bilmədiyi tanımadığı şəxsə yaxınlaşıb Scooterin özünə məxsus olduğunu deyərək pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirib oğurladığı Scooteri 15 manata satmış və əldə etdiyi pul vəsaitini öz ehtiyacına xərcləmişdir. Bundan başqa yenidən oğurluq etmək məqsədi ilə 15 may 2025-ci il tarixdə səhər saat 07 radələrində yaşadığı evdən çıxaraq Xətai rayonu, M.Rüstəmov küçəsi 20 saylı binanın həyətinə gəlmişdir. Həmin vaxt binanın 2-ci blokuna daxil olaraq mərtəbələri qalxaraq velosiped və ya scooter axtarırmış. Həmin blokun 7-ci mərtəbəsinə qalxan zaman görmüşdür ki, orada bir ədəd velosiped var və həmin velosipedi oğurlamaq qərarına gələrək ətrafa nəzər salmış və velosipedi oğurlayıb oradan uzaqlaşıb getmişdir. Bundan sonra oğurladığı velosipedi sürərək Xalqlar Dostluğu metrostansiyasının yaxınlığına gəlmiş, həmin vaxt tanımadığı şəxsə yaxınlaşıb velosipedin özünə məxsus olduğunu, anasının xəstə olduğunu, anasına dərman almaq istədiyini, pula ehtiyacı olduğu üçün velosipedi salmaq istədiyini bildirərək, oğurladığı velosipedi həmin şəxsə 80 manata satmış və əldə eldiyi pul vəsaitini öz ehtiyacına xərcləmişdir. Bundan başqa, o, 16 may 2025-ci il tarixdən tutulmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsə də, aralarında barışıq olmuş və həmin şəxslərin şikayəti yoxdur. Əməlindən səmimi peşman olduğunu, qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. 2025-ci ilin mart ayının ortalarında övladı üçün ’'Toba” markalı velosipedi 850 manata almışdır. Həmin velosipedi yaşadığı mənzilin qapısının qarşısında saxlayırmış və velosipedi qıfılla pilləkənin dəmirlərinə bağlamışdır. 15 may 2025-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxıb işə gedən zaman görmüşdür ki, ona məxsus olan velosiped naməlum şəxslər tərəfindən oğurlanıb. Bundan sonra DİN-nin 102-xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmiş, sonra isə polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə gedərək ərizə müraciət etmişdir. Ona dəymiş zərər ödənilməsə də, təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. 2024-cü ilin avqust ayının əvvəllərində övladı üçün Skooteri 848 manata almışdır. Həmin Skooteri yaşadığı mənzilin qapısının qarşısında saxlayırmış. 10 may 2025-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxıb həyətə düşən zaman görmüşdür ki, ona məxsus olan Skooter naməlum şəxslər tərəfindən oğurlanıb. Bundan sonra arvadı Şahid demişdir ki, bu barədə polisə müraciət etsin. Rəvanə də DİN-nin 102- xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmiş, sonra isə polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Ona dəymiş zərər ödənilməsə də, təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 2024-cü ilin avqust ayının əvvəllərində övladı üçün Skooteri 848 manata almışlar. Həmin Skooteri yaşadıqları mənzilin qapısının qarşısında saxlayırmışlar. 10 may 2025-ci il tarixdə saat 20 radələrində əri Zərərçəkmiş şəxs1 evdən çıxıb həyətə düşən zaman görmüşdür ki, qapının qarşısında olan Skooter naməlum şəxslər tərəfindən oğurlanıb. Bundan sonra Elpərəst ona demişdir ki, polisə zəng vurub bu barədə müraciət esin. O da DİN-nin 102-xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barcdə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmiş, sonra Elpərəst polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri zərərçəkmiş şəxslərin və şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 17 may 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, HK-1/781 və HK- 1/819 (34-cü PŞ) araşdırma materialları üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v.1) - hadisə yerinə baxış keçirmə haqqında 11 may 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 94 blok 6 mərtəbə 8-in blokudur. 17 mərtəbəli yeni tikili yaşayış binasıdır. Hər mərtəbədə 8 mənzil yerləşir. Ətrafda bir çox yaşayış binaları vardır. Hadisə yeri üçün əhəmiyyət kəsb edən foto şəkillər çəkilmişdir. (İstintaq hərəkəti aparılarkən çəkilmiş fotoşəkillər protokola əlavə edildi) (i.v. 15-17) - iş materiallarında olan 01 ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 saylı binaya yaxınlaşaraq giriş qapısını açıb içəri daxil olur, bir neçə dəqiqə keçəndən sonra da həmin binanın 30 saylı mənzilinin qarşısında olan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 848 manat dəyəri olan Scooteri sürərək oğurlayıb oradan uzaqlaşıb getmişdir. Baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin vedeogörüntüdə olan və Scooteri sürərək oğurlayan şəxs onun özüdür. (i.v.18) - baxış keçirmə və götürmə haqqında 15 may 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanındadır. 9 mərtəbəli yaşayış binasının 2-ci giriş hissəsində 2ci mərtəbəsinin pilləkənlərə bağlanmış velosiped oğurlamış sağ tərəfi yaşayış binasıdır. Sol tərəfi məktəbdir. Qarşı sırada “AL” market yerləşir. (İstintaq hərəkəti aparılarkən çəkilmiş fotoşəkillər protokola əlavə edildi) (i.v.31-33) - iş materiallarında olan 01 ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 06:03 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi ev 20, 34 saylı qarşısında olan vətəndaş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 850 manat dəyəri olan velosipedi sürərək oğurlayıb oradan uzaqlaşıb getmişdir. Baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin vedeogörüntüdə olan və velosipedi sürərək oğurlayan şəxs onun özüdür. (i.v.34) - cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 17 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:15-də tutulmuşdur. (i.v.50) - zərərçəkmiş şəxs qismində tanımaq haqqında 18 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.64-65) - İş materiallarında olan fotoşəkildən görünür ki, “X1 29”-un qiyməti 920 manatdır. (i.v.73) - zərərçəkmiş şəxs qismində tanımaq haqqında 18 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.76) - “İdeal Kredit” BOKT-ın xx.xx.2024-cü il tarixli ödəniş qrafikindən görünür ki, Şahid 08/1147-24 saylı kredit müqaviləsinə əsasən borcalan kimi aylıq kredit borcu ödəmişdir. (i.v.85) - təqsirləndirilən şəxs şəxs qismində cəlb etmə haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs şəxs qismində cəlb edilmişdir. (i.v.88-89) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-277/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir. Həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 17 may 2025-ci il tarixdən hesablanmışdır. (i.v.109-112) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyatlar və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ş.m.v. 300 misli miqdarda cərimə təyin edilərək azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2022-ci ildə cəzasının sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci ildə Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 04 ay 03 gün vaxtından əvvəl şərti azad edilmişdir. (i.v.117-119) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-209/2923 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 dekabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. (i.v.120-127) - inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə saat 20:30-da inzibati qaydada tutulmuşdur. (i.v.134) -sübutların qiymətləndirilməsi haqqında 17 iyul 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi və əvvəlki cəzası resediv kimi qiymətləndirilməsi, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın 848 manat, Zərərçəkmiş şəxs2 isə 850 manat kimi qiymətləndirilməsi nəzərə alınması qərara alınmışdır. (i.v. 137-142) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-175/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 04 ay 03 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.2-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini, o cümlədən iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-175/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarını nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə həmin Məcəllənin 177.2.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməli, hazırkı cinayət əməlini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə törətdiyinə görə həmin Məcəllənin 76.6.3-cü maddəsinə uyğun olaraq onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona həmin Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-209/2923 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 04 ay 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 17 may 2025-ci il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 17 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan – iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 (iyirmi səkkiz) saat iş saatına görə 308 (üç yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz qalınmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin 7(007)-175/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-209/2023 nömrəli, 30 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 04 (dörd) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 17 may 2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi 28 (iyirmi səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 308 (üç yüz səkkiz) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar