Məhkəmə qərarları › İş №1(011)-406/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-406/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-406/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1974-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 07:30-da arvadı Zərərçəkmiş şəxs birgə kirayə yaşadıqları ünvan 2 ünvanında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə sonuncunun üst dodağın yumşaq toxumalarının şişkinliyi halında əzilməsi və əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2002-ci ildə rəsmi nikaha daxil olmuşlar, bu nikahdan onların iki oğlan və bir qız övladları vardır. Son vaxtlar qısqanclıq zəminində Kamilə ilə aralarında mübahisələr yaranırdı. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 07:30-da işə getməyə hazırlaşan zaman dünən yedikləri yeməkdəki ətin qurban payı verildiyini öyrənmişdir. O da Kamilədən nə üçün bu barədə ona əvvəlcədən demədiyini soruşmuşdur. Bundan sonra aralarında mübahisə baş vermişdir. Əsəbləşərək şillə ilə Kamilənin üz nahiyəsinə vurmuşdur. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar 2002-ci ildə rəsmi nikaha daxil olmuşlar, bu nikahdan onların bir oğlan və iki qız övladları vardır. Evli olduqları müddət ərzində Nofəl ilə aralarında səbəbsiz yerə mübahisələr yaranmışdır. Təxminən 3 aydır ki, soyuq münasibətləri var, demək olar ki, heçbir ünsiyyət qurmurlar. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 07:30-da evdə olan zaman soyuducuda qurban payı verilən əti görüb hardan əldə etməyini soruşmuşdur. O da ona bir nəfər qadın müştərinin pay verdiyini bildirmişdir. O, isə nə üçün icazə almadığını soruşmuşdur. O, ona danışmadıqlarına görə icazə almadığını demişdir. Bundan sonra, Nofəl əsəbləşərək ona yaxınlaşıb yumruqla ağız nahiyəsinə vurmuş və onu təhqir etməyə başlamışdır. Bir neçə dəqiqədən sonra Nofəl işə getmiş və o, 102 xidmətinə zəng edərək məlumat vermişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, onların aralarında qısqanclıq zəminində belə ki, qadın müştərinin ona qurban payı verməsini ona demədiyinə görə mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs onu kirayə yaşadıqları evin qonaq otağında əli ilə vurmuşdur və həmin vaxt evdə onların ikisindən başqa heçkim olmamışdır. Həmçinin o, hal-hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 22 iyun 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanına baş vermiş hadisə ilə əlaqədar olaraq baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 11-12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 xx.xx.2024-cü il tarixli, 672 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağın yumşaq toxumalarının şişkinliyi halında əzilməsi və əzilmiş yarası müəyyən edilmişdir. Xəsarət bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də yıxılma zamanı əmələ gəlməsi inkar olunmur (i.v. 20-21); zərərçəkmiş qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 22); sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri yaranmadığından, həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş hesab edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri, hadisə yerinə baxış protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” X3 xx.xx.2024-cü il tarixli, 672 saylı ekspert rəyi sübut növü kimi qiymətləndirilmişdir (i.v. 52-54); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 56); Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin MKTB-nin 91 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 29 iyun 2024-cü il tarixi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yeri üzrə müsbət xarakterizə olunur (i.v. 60); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olduqlarını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan işə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 40.3, 43.1, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar