Məhkəmə qərarları › İş №1(011)-407/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-407/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-407/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Alyans" Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 06 aprel 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,879 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 18:05-də Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi 2A ünvanı yaxınlığında saxlanılıb, ünvan 3i RPİ-nin 34-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,879 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi 2A ünvanında yaşayır, ev təmiri sahəsində asma-tavan ustası olaraq işləyir, subaydır. 06 aprel 2023-cü il tarixdə mülki geyimli üç nəfər şəxs onu evindən götürərək zorla maşına əyləşdirib 34-cü polis bölməsinə aparmışlar. Polis Bölməsində ona təzyiqlər etmişlər. Belə ki, ondan sənədi imzalamasını tələb etmişlər. Əks halda onun üzünə 2 nəfər şəxsin duracağını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tutulacağını bildirmişlər. Oda qorxusundan narkotik vasitənin üzərindən çıxması barədə izahatlar vermişdir. Onu tutma protokolunda olan polislər deyil, adı tutma protokolunda olmayan Heydər Hüseynəliyev adlı polis tutmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla bağlı əməliyyataxtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nələrdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri, o, digər üzvü isə Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi, polis kapitanı Şahid2 olub. 06 aprel 2023-cü il tarixdə saat 18:05-də ünvan 6 ünvanı yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar, Təqsirləndirilən şəxs 34-cü polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuş, onun, müdafiəçinin, Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi Şahid2 iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə təhqiqatçı Ülvi Qəhrəmanlı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmiş, təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli, kristal şəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, təhqiqatçı həmin bükümü açaraq içərisinə baxmış, Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manat ödəməklə aldığını bildirmiş, bundan sonra təhqiqatçı Ülvi Qəhrəmanlı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmiş, təqdim olunan psixotrop maddəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və onun 2,00 qram olması müəyyən edilmiş, həmin psixotrop maddəyə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, təhqiqatçı, o və Şahid2 tərəfindən imzalanmış, bundan sonra təhqiqatçı tərəfindən çəkilişin bitdiyi elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 analoji məzmunda ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiklərini eynilə təsdiqləmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, ünvan 7 ünvanın yaxınlığında mülki geyimli iki nəfər şəxs Təqsirləndirilən şəxs qoluna girərək onu aparmışlar. Təqsirləndirilən şəxs ayaqqabılarını dəyişmək istədiyini bildirən zaman onu saxlayan iki nəfər şəxs buna icazə vermədi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmiş, ümumiyyətlə həmin şəxsi tanımamış, bu işlə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi 2A ünvanında yaşayır, ev təmiri sahəsində asma-tavan ustası olaraq işləyir, subaydır, təxminən 14-15 ildir ki, narkotik vasitə istifadə edir. Yeni başladığı vaxtlarda narkotik vasitə sayılan qurudulmuş marixuana istifadə etsə də, sonradan heroin və psixotrop maddə metamfetamin istifadə etməyə başlamış, istifadə etdiyi narkotik vasitələri hər dəfə müxtəlif yerlərdən əldə etsə də, sonuncu dəfə 06 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında olan zaman əvvəllər də narkotik vasitə aldığı, üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi həmin şəxsi uzaqdan görmüş, ona yaxınlaşaraq “patı” deyilən narkotik vasitə metamfetamini almaq istədiyini dedikdən sonra həmin şəxs pul verməyini istəmiş, o, çox vaxt olduğu kimi yenə 20 manat pul ödəməklə həmin şəxsin verdiyi bir ədəd bükümü götürmüş, bükümü əynində olan şalvarın sağ yan cibinə qoyaraq münasib vaxtda istifadə etməyi fikirləşmiş, həmin gün saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində olarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu söyləmişlər. Bundan sonra o Xətai RPİ-nin 34-cü polis şöbəsinə dəvət edilmiş, polis şöbəsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuş, sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o könüllü qaydada əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş metamfetamini çıxarıb təqdim etmiş, sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya və ya predmet aşkar edilməmiş. Daha sonra təqdim etdiyi psixotrop maddə elektron tərəzidə çəkilmiş və psixotrop maddənin bükümlə birlikdə 2.00 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi həmçinin aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 07 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 06 aprel 2023-cü il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə saxlanılan şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxııd iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, ağ rəngli kristal şəkilli narkotik vasitə metamfetaminə bənzər maddəni təqdim etdi, təqdim etdiyi maddəni şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 01 ədəd bükümünü 20 manat dəyərində nağd şəkildə aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirilməsi ilə bağlı verilən suala o, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt satışını həyata keçirmədiyini bildirmişdir. Götürülmüş kütlələr elektron tərəzi vasitəsilə çəkildi və bir bükümdə olan şəffaf rəngli sellofana bükülmüş, ağ rəngli kristal şəkilli olan maddələrin çəkisi 2,00 qram müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2023-cü il tarixli, 6/2032 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №152” dairəvi möhür əksi, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,879 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə qalıq çəkisi 1,879 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, tədqiqatdan sonra qalan çəkisi 1,829 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd “CD-R” formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd “CD-R” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-cü il tarixli, 2916 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2023cü il tarixli 4(011)-246/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 06 aprel 2023cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şohəi Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 06 ay 28 gün azadlıqdan məhrum etmə cəzası tətbiq edilmiş, Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi amnistiya elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 6 ay müddətinə azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, üç nəfər şəxs onu evindən götürərək zorla maşına əyləşdirib aparması, şöbədə ona sənədin imzalanmasını tələb etmələri, imzalanmadığı təqdirdə onun üzünə 2 nəfər şəxsin duracağını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tutulacağını bildirmələri və hazırkı iş üzrə şahid olan şəxs Heydər Hüseynəliyevin əməliyyat-axtarış tədbiri nəticəsində onu saxlayan polis əməkdaşı olması həqiqətə uyğun deyil. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,879 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən və cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 06 aprel 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,829 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 06 aprel 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,829 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar