Məhkəmə qərarları › İş №1(011)-408/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-408/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-408/2021 28.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, subay, ali təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,268 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Xətai Rayon Polis İdarəsininin NMB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 01 iyul 2021-ci il tarixdə saat 13:30-da ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 4rləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,268 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən etibarən narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri fəhləlik ilə məşğul olduğu vaxt yığdığı pulların hesabına alır. Çox vaxt narkotik vasitələri tanımadığı şəxslərdən alır. Həmin şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bilir, lakin onların anket məlumatları barədə məlumatı yoxdur. Bir neçə gün bundan əvvəl tanışı Tofiq adlı şəxsin vasitəsi ilə adını bilmədiyi şəxslə tanış olmuşdur. Həmin şəxs narkotik vasitə satdığını və əgər istəsə ona sata biləcəyini bildirmişdir. 01 iyul 2021-ci il tarixdə saat 10:25 radələrində o, piyada olaraq Azadlıq metrostansiyasının yaxınlığında gəzərkən təsadüfən Tofiq adlı tanışının onu tanış etdiyi həmin şəxs ilə rastlaşmışdır. Elə metrostansiyanın yaxınlığında o, həmin şəxsdən üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. Sonuncu üzərində heroin olduğunu bildirmiş və o, 10 manat verib 01 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Heroini alıb əynində olan şalvarın sağ yan cibinə qoymuş və Azadlıq metrosuna düşüb Əhmədli metrostansiyasına gəlmişdir. M.Rüstəmov küçəsi ev 14 saylı ünvanda piyada olaraq hərəkət etdiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün onu 34-cü Polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmişdir. Hüquqlarının müdafiəsi üçün şöbəyə vəkil dəvət edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılaraq zərfə qoyulmuş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını qeyd edərək yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, halhazırda Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsini daşıyır. xx.xx.1986-cı ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ev 14, mənzil 15-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, onları daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əmrə əsasən onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 qrupun üzvü olmuşdur. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 01 iyul 2021-ci il tarixdə saat 13:30-da ünvan 2 ünvanın qarşısında piyada olaraq hərəkət edən zaman saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edərək sonuncunu Xətai RPİ-nin 34-cü Polis şöbəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbləri izah olunmuş və şübhəli şəxs qismində ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, onun və Şahid2 iştirakı ilə 34-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Fərid Abbasov tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim edərək həmin maddənin narkotik vasitə heroin olduğunu, narkotik vasitə heroini Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində əldə etdiyini bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və əynində olan şalvarın sol yan cibindən 2 manat 50 qəpik məbləğində pul vəsaiti aşkar edilmişdir. Bundan sonra təhqiqatçı təqdim olunan bükümdə olan maddəni zərfə qoyaraq qablaşdıraraq möhürləmiş və zərfin üzərinə iştirakçılar tərəfindən imzalar çəkilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid1 və təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan 01 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs oğlunun üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli kütləni özü təqdim etmiş və bildirmişdir ki, bükümdəki kütlə narkotik vasitə heroindir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Axtarış Samsung A 51 markalı mobil telefon vasitəsi ilə çəkilmiş və bir ədəd “DVD-R” diskə köçürülərək iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməkimyəvi ekspertizasının 02 iyul 2021-ci il tarixli 6/2658 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152" dairəvi möhür əksi olan, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi 0,268 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq 0.218 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsinin 04 avqust 2021-ci il tarixli 2656 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,218 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 01 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 03.07.2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir və o, dərhal MSY-dan azad edilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12.07.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş Xətai rayon 75 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında və istintaqda verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun əməlindən peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halın mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə olınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlundan aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,218 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman narkotik vasitənin üzərindən aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs oğlundan alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,218 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman çəkilişi əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar