Məhkəmə qərarları › İş №1(011)-408/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-408/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-408/2023 24.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Hacıqabul Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda sellofan kəsiyinə bükülmüş beş ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 1,050 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 aprel 2023-cü il tarixdə saat 14:00 dəqiqədə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 27 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4da yerləşən Xətai RPİ-nin 35-ci polis bölməsinə gətirilmiş, polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı sellofan kəsiyinə bükülmüş beş ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,205 qram, 0,163 qram, 0,262 qram, 0,204 qram, 0,216 qram, ümumi təmiz çəkisi 1,050 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o on ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir, sonuncu dəfə saxlanıldığı gün tanışı vasitəsi ilə tanımadığı şəxslə Ukrayna dairəsinin yaxınlığına görüş təyin edərək 100 (bir yüz) manat qarşılığında bir qram miqdarında narkotik vasitə olan heroin almış, həmin şəxs narkotik vasitəni beş bükümdə ona vermişdir. Daha sonra yaşadığı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, yaşadığı ünvanın qarşısında tərəfimizdən saxlanılaraq polis şöbəsinə aparılmış, üzərinə baxış keçirilərkən narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24); şəxsi axtarış və götürmə aparılması haqqında 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı polis mayoru X6 tərəfindən, Xətai RPİnin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2, Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1, Xətai RPİ-nin 35-ci PB-nin növbətçi köməkçisi polis baş serjantı X2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakları ilə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında “Panasonic” markalı videokamera vasitəsilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan içərisində 05 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində spesifik iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin heroin (kakos) olduğunu, Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 100 (bir yüz) manat pul müqabilində şəxsi istifadəsi üçün almasını, yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparıldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin ümumi çəkisini müəyyən etmək məqsədi ilə elektron tərəzi ilə çəkilən zaman 1-ci büküm 0.58 qram, 2-ci büküm 0.49 qram, 3-cü büküm 0.59 qram, 4-cü büküm 0.54 qram, 5-ci büküm 0.53 qram və 05 ədəd şəffaf rəngli sellofana bükülmüş maddələrin sellofanla birlikdə ümumi çəkisi 2.70 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlə olan büküm cinayət təqibi üzrə sübut malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi qeyd edilmişdir (i.v. 34-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2023-cü il tarixli 6/2042 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün №154”-li dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,205 qr, 0,163 qr, 0,262 qr, 0,204 qr, 0,216 qr, ümumi təmiz çəkisi 1,050 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbayacan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 44-47); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-247/2023 nömrəli, 08 aprel 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs həbsdə olmağı müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmışdır (i.v. 67- 68); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Xalq Məhkəməsinin 10 noyabr 1995-ci il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 3-cü hissəsinə əsasən 02 (iki) il azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixdə AZ. SSR CM-nin 50-ci maddəsinə əsasən 01 (bir) il 11 (on bir) gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 24 iyun 1997-ci il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 2-ci hissəsinə və 39-cu maddəsinə əsasən əmlakı müsadirə edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1999cu il tarixli amnistiya qərarına əsasən azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-nin 177.2.2; 177.2.3; 178.2.2 və 326.2-ci maddələrinə əsasən 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 67.1 və 76.6.3-cü maddələrinə əsasən 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının sonu ilə xx.xx.2013-cü il tarixdə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.3.3; 234.1; 326.1; 326.2: 66.3 və 93.1.4-cü maddələrinə əsasən 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.2; 177.2.3 və 177.2.5-ci maddələrinə tövsif edilərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib, 234.1, 326.1 və 326.2-ci maddələri nəzərə alınaraq qəti cəza 06 (altı) il müddətinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddələrinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinıə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay müddətinə azaldılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 01 (bir) ay 10 (on) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Daha sonra cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 73-76); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 3274 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 88-89); diskə baxış keçirilməsi haqqında 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 07 aprel 2023-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 37); sübutların qiymətləndirilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmçinin şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin maddi sübut kimi tanınması və istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,050 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0,950 qram narkotik vasitə olan heroin saxlanılması üçün Xətai RPİ-nin növbətçi hissəsinə təhvil verilməsi qərara alınmışdır ( i.v. 107-111); Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146-ci maddələri). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,050 qram heroin şəxsi istehlak miqdarından artıq hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Rəhimov X4 Rayon Məhkəməsinin 1(071)-103/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay müddətinə azaldılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 01 (bir) ay 10 (on) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Göründüyü kimi üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Hacıqabul Rayon Məhkəməsinin 1(071)- 103/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), cəza çəkmə müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1,050 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,950 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «DVD-R» formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (bir yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz ilkin təmiz çəkləri 0,205 qram, 0,163 qram, 0,262 qram, 0,204 qram, 0,216 qram olmaqla ümumi təmiz çəkisi 1,050 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,950 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyərləri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar