Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-409/2021 12.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs oğlunun, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə sifariş əsasında mətbəx mebeli istehsalı ilə məşğul olduğu barədə “Tap.az” internet saytına elan yerləşdirməklə, həmin elan əsasında mətbəx mebeli dəstinin hazırlanması ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs1 ilə birlikdə sonuncunun qızı Şahid1 yaşadığı ünvan 2 ünvanına gələrək sifariş verəcəkləri mebelin ölçülərini götürdükdən sonra 1350 manata hazır edəcəyini bildirib, həmin mebel dəstinin 20 gün müddətində hazırlayaraq evə çatdırıb quraşdırılacağı barədə yalan məlumat verib etibarını qazandıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq Zərərçəkmiş şəxs1 01 yanvar 2021 -ci il tarixdə ünvan 2 ünvanında 500 manat pulu nağd almış, 19 yanvar 2021 -ci il tarixdə Təqsirləndirilən şəxs sözünə əsasən Zərərçəkmiş şəxs1 200 manat pulu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Bizim marketin içərisindəki terminal vasitəsi ilə Şahid2 məxsus, lakin faktiki olaraq Təqsirləndirilən şəxs istifadə etdiyi “Unibank” kartına göndərmiş, sonuncu həmin pulu kartdan çıxarıb ələ keçirməklə vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 700 (yeddi yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə sifariş əsasında mətbəx mebeli istehsalı ilə məşğul olduğu barədə “Tap.az” internet saytına elan yerləşdirməklə, həmin elan əsasında mətbəx mebeli dəstinin hazırlanması ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs2 ilə 06.01.2021 -ci il tarixdə, saat 13 radələrində sonuncuya məxsus Bakı şəhəri, Xətai rayonu 29/30, Panorama Park yaşayış kompleksində yerləşən “İ” bloku, 14-cü mərtəbədə yerləşən 6 saylı mənzildə görüşərək sifariş verilən mebelin ölçülərini götürdükdən sonra 2800 manata hazır edəcəyini bildirib, həmin mebel dəstinin 15 gün müddətində hazırlayaraq evə çatdırıb quraşdırılacağı barədə yalan məlumat verib etibarını qazandıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq həmin gün Zərərçəkmiş şəxs2 800 (səkkiz yüz) manat pulu nağd almış, 08.01.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs sözünə əsasən Zərərçəkmiş şəxs2 500 manat pulu Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığındakı ödəmə terminalı vasitəsi ilə Şahid2 məxsus, lakin faktiki olaraq Təqsirləndirilən şəxs istifadə etdiyi “Unibank” kartına göndərmiş, sonuncu həmin pulu kartdan çıxarıb ələ keçirməklə vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 1300 (min üç yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Özü 2016-cı ildə ailə hayətı qurmuşdur. Himayəsində 2 azyaşlı uşağı - 05.05.2017-ci il təvəllüdlü X3 və 19.09.2019-cu il təvəllüdlü X2 var. Özü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ünvanını dəqiq xatırlamadığı “Sevgi Palace” şadlıq sarayının arxasında sex işlətmişdir. Həmin sexdə dəhliz və mətbəx üçün mebellər hazırlamışdır. Müştəriləri az olduğundan Tap.az internet saytında mebel sifarişi ilə bağlı öz adından elan yerləşdirib müştəri qazanmağa çalışmışdır. 19 dekabr 2020-ci il tarixdə istifadəsində olan nömrəsinə özünü Zərərçəkmiş şəxs1 kimi təqdim edən şəxs internetdə onun elanını gördüyünü, mebelləri çox bəyəndiyini və qızı Püstəxanımın yaşadığı evə mebel sifariş etmək istədiyini bildirdişdir. 01 yanvar 2021-ci il tarixdə o, həmin şəxslə zəngləşərək görüşdükdən sonra onlar birlikdə həmin şəxsin qızının yaşadığı ünvan 4 ünvanında yerləşən 42 saylı mənzilə getmişlər. Zərərçəkmiş şəxs1 qızı ilə birlikdə mebel seçdikdən sonra mətbəxin ölçülərini götürməyə başlamışdır. Ölçüləri götürdükdən sonra o Zərərçəkmiş şəxs1 mebelin 1350 manata başa gələcəyini bildirmiş və mebelin hazırlanması üçün ilkin olaraq 500 manat pul istəmişdir. Zərərçəkmiş şəxs1 cibindən çıxardığı 500 manatı ona vermiş, o da öz növbəsində 20 günə mebeli hazır edəcəyini bildirmişdir. Bundan sonra o Zərərçəkmiş şəxs1 və qızı ilə sağollaşıb işlədiyi sexə getmişdir. 05 yanvar 2021-ci il tarixdə özünü Zərərçəkmiş şəxs2 kimi təqdim etmiş şəxs onun istifadəsində olan nömrəyə zəng vuraraq nömrəni Tap.az internet saytından götürdüyünü və evinə mətbəx mebeli sifariş etmək istədiyini bildirmişdir. O da həmin şəxslə razılaşmış, heç bir problem olmadığını, istənilən mebeli mətbəx üçün hazırlaya biləcəyini bildirmişdir. Səhəri gün, yəni 06 yanvar 2021-ci il tarixdə həmin şəxs ona zəng vuraraq evinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu 29/30 ünvanında yerləşən Panorama Park yaşayış kompleksinin “İ” blokunda, 14-cü mərtəbədə yerləşən 6 saylı mənzilə dəvət etmişdir. O da həmin şəxslə razılaşmış və saat 13 radələrində ünvana getmişdir. Orada mətbəxin ölçülərini götürmüş və həmin mətbəxə uyğun sxem çəkmişdir. Ələkbər çəkdiyi sxemi bəyəndikdən sonra o, Ələkbərə həmin mebelin 2800 manata başa gələcəyini bildirmiş, mebelin hazırlanması üçün 800 manat pul istəmişdir. Ələkbər ona 800 manatı verdikdən sonra o Ələkbərə mebelin 15 günə hazır olacağını bildirmişdir. 2 gün sonra, yəni 08 yanvar 2021-ci il tarixdə o, Ələkbərə yenidən zəng vuraraq mebelin hazırlanması üçün əlavə olaraq 500 manat pul istəmiş və həmin pulun kart vasitəsilə atmalı olduğunu bildirmişdir. Bundan sonra o qardaşı Elnura məxsus, lakin onun istifadə etdiyi kartın şifrəsini göndərərək həmin karta pulu göndərməyini bildirmişdir. Bir neçə dəqiqə sonra Ələkbər ona zəng vuraraq karta 500 manat pulu göndərdiyini bildirmişdir. O da həmin pulları götürmüşdür. Materialların qiymətinin qalxdığına görə lazım olan materialları sifariş edə bilməmişdir. 19 yanvar 2021-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs1 ona zəng vuraraq mebelin hansı vəziyyətdə olduğunu maraqlanmışdır. O da mebellə bağlı heç bir işə görə bilmədiyindən Zərərçəkmiş şəxs1 guya avtoqəza keçirdiyini və mebeli bir müddət sonra hazır olacağını bildirmişdir. Amma əlində olan pulların hamısını materiallara xərclədiyinə görə həmin mebelləri düzəldə bilməmişdir. Ona görə də Zərərçəkmiş şəxs1 müxtəlif bəhanələr gətirirmiş. Əlində pul olmadığına görə Zərərçəkmiş şəxs1 ilə telefon danışığı zamanı sonuncudan əlavə 200 manat istəmiş və həmin pulu qardaşına məxsus amma onun işlətdiyi karta göndərməli olduğunu bildirmişdir. Telefon ilə danışdıqdan sonra kartın şifrəsini həmin şəxsə atmışdır. Bir müddət sonra həmin şəxs kartına 200 manat pul göndərmişdir. Bundan sonra o həmin pulları xərclədiyindən və müştərilərə pulu qaytara bilmədiyindən hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Daha sonra işlərinin zəif olduğundan sexdəki işini dayandırmışdır. Bundan sonra maddi vəziyyətinin yaxşı olmadığına görə müştərilərin zənglərinə hər dəfə bir bəhanə gətirərək mebeli düzəltməkdən və onlara olan borclarını qaytarmaqdan yayınmışdır. Daha sonra əməlindən peşman olduğunu, ilk məhkumluğunu, iki azyaşlı uşağının olmasını, dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, qanunda nəzərdə tutulduğu miqdarda zərərin 25 faizini dövlət büdcəsinə ödədiyini nəzərər alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2020-ci ilin dekabr ayının ortalarında qızı Şahid1 yaşadığı ünvan 6 ünvanına yeni mətbəx mebeli sifariş etmək qərarına gəlmişdir. Bu məqsədlə müxtəlif mağazaları və müxtəlif elanları axtarırmış. 19.12.2020-ci il tarixdə Tap.az internet saytında Elmar adlı şəxsin mebel sifarişi başlığı altında elan paylaşdığını görmüşdür. Həmin mebellər diqqətini çəkdiyindən elanın aşağı hissəsində olan xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs telefonda özünü Elmar kimi təqdim etmişdir. 01 yanvar 2021-ci il tarixdə sonuncu ilə zəngləşərək, Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında Heydər Əliyev adına parkın qarşısında görüşmüşdür. Elmar adlı şəxslə görüşdükdən sonra birlikdə qızının yaşadığı ünvan 7 ünvanda yerləşən 42 saylı mənzilə getmişdir. Mənzilə daxil olduqdan sonra mətbəxə keçmiş və Elmar əlindəki kataloqu onlara təqdim edərək oradan istənilən materialdan istənilən mebeli yığa biləcəyini bildirmişdir. O və qızı Püstəxanım birlikdə qərara gələrək mətbəx üçün xoşlarına gələn mebeli seçib Elmar adlı şəxsə öz seçimini bildirmişdir. Elmar onun seçimini gördükdən sonra mətbəxdə mebelin ölçülərini götürməyə başlamışdır. Ölçüləri götürdükdən sonra Elmar adlı şəxs həmin mebeli 1350 manata hazır edəcəyini bildirmişdir. Bundan sonra Elmar ondan mebeli hazırlamaq müqabilində 500 manat pul istəmişdir. O da elə mətbəxdə cibindən 500 manat pul çıxarıb Elmara vermişdir. Elmar pulu götürdükdən sonra 20 yanvar 2021-ci il tarixdə mebelin hazır olacağını bildirmişdir. O Elmarla razılaşmış və sağollaşmışlar. 20 gün müddət ərzində Elmar adlı şəxs bir dəfə də olsun onunla əlaqə saxlamamışdır. 19 yanvar 2021-ci il tarixdə səhər saatlarında o Elmar adlı şəxsə zəng vuraraq mebelin hansı vəziyyətdə olduğunu maraqlanmaq istəmişdir. Elmar telefonu götürən kimi avtomobil qəzasına düşdüyünü və ona görə də mebelin hazır olması üçün biraz daha vaxt aparacağını bildirmişdir. Telefon danışığı zamanı mebelin hazır olması üçün Elmar adlı şəxs ondan əlavə olaraq 200 manat pul istəmişdir. Bundan sonra Elmar onun telefonuna qardaşı Şahid2 məxsus bank kartının şəklin atmış pulu ora göndərməli olduğunu bildirmişdir. O da Elmarla razılaşmış və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Bizim Marketin içərisində olan aparatların birindən Elmarın göndərdiyi karta 200 manat göndərmişdir. Yanvar ayının sonunda o, Elmar ilə yenidən əlaqə saxlamışdır. Elmar telefonu götürərək problemlərinin olduğunu, pula ehtiyacının olduğunu, mebeli hazır edə bilmədiyini və 10 gün müddətində ondan aldığı pulu qaytaracağını bildirmişdir. O da Elmarın sözlərinə inanaraq pulu qaytarması üçün 10 gün vaxt vermişdir. 10 gün keçdikdən sonra o, yenidən Elmara zəng vursa da, artıq onun nömrəsinə zəng çatmırmışdır. Həmin vaxtdan bu günədək Elmar adlı şəxs ilə telefon əlaqəsi yarada bilməmişdir. Hazırda ona dəymiş 700 manat ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş 1300 manat ziyanın təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək, onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs2 barışıq ərizəsini nəzərə alaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edərək tədqiq etmişdir. Zərərçəkmiş ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Tap.az saytında bir mebel elanı diqqətini çəkmişdir. Həmin elanın aşağı hissəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, həmin şəxsə evdə olan mətbəxə mebel sifariş edəcəyini bildirmişdir. Həmin şəxs isə heç bir problem olmadığını, istənilən mebeli mətbəx üçün hazırlaya biləcəyini bildirmişdir. 06 yanvar 2021ci il tarixdə o, Elmar adlı şəxs ilə əlaqə saxlayaraq həmin şəxsi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, Panorama park yaşayış kompleksinin “İ" blokunda yerləşən 14-cü mərtəbədə olan 6 saylı mənzilinə dəvət etmişdir. Günorta saatlarında, yəni təxminən saat 13 radələrində həmin şəxs onun təmir etdiyi evə gəlmişdir. Həmin şəxslə söhbət edib hansı üslubda mebeli istədiyini bildirdikdən sonra Elmar adlı şəxs mətbəxin ölçülərini götürüb istədiyi formada mebelin sxemini çəkməyə başlamışdır. Çəkib qurtardıqdan sonra o, həmin sxemə baxmış və bəyənmişdir. Bundan sonra həmin şəxs mebelin ona ümumilikdə 2800 manata başa gələcəyini bildirmişdir. Bundan sonra Elmar mebelin hazırlanması üçün ilkin olaraq ondan 800 manat pul istəmişdir. O da cibindən çıxardığı 800 manatı Elmara verdikdən sonra sonuncu mebelin 15 günə hazır olacağını bildirərək mənzili tərk etmişdir. 2 gün sonra, yəni 08 yanvar 2021-ci il tarixdə Elmar yenidən ona zəng vuraraq mebelin hazırlanması üçün əlavə 500 manat pul istəmiş və pulu kart vasitəsilə göndərməli olduğunu bildirib ona kart şifrəsi vermişdir. O da Elmarın bu sözlərinə inanaraq Əhmədli metrostansiyası yaxınlığında yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə həmin kart şifrəsinə 500 manat pul göndərmiş və həmin kartın Şahid2 məxsus olduğunu bildirmişdir. Pulu göndərdikdən sonra mebelin hazır olmağını gözləməyə başlamışdır. Təxminən 10 gün sonra o, Elmara zəng vuraraq mebelin hansı vəziyyətdə olduğunu maraqlanmışdır. Elmar isə yaxın vaxtlarda mebelin hazır olacağını bildirərək dəstəyi asmış, daha sonra Elmarla bir neçə dəfə əlaqə saxlasa da, gah zənglərinə cavab verməmiş, gah da müxtəlif bəhanələr ilə mebelin hazırlanmasını ləngidirmiş. Həmin vaxtdan bir müddət keçdikdən sonra o, Elmara yenidən zəng etmək istədikdə artıq Elmarın telefonlarına zəng çatmamışdır. Bundan sonra o aldadıldığını düşünmüş və Elmarın bu hərəkəti ilə bağlı Xətai RPİ-nin 34-cü PŞ-nə şikayət etmişdir. Zərərçəkmiş şəxs2 verilən suala cavab olaraq, baş vermiş dələduzluq hadisəsi zamanı ona 1300 manat maddi ziyan dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Şahidlərin ifadəsi zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs oğlunun ifadələrinə oxşar olmuşdur. Elan edilmiş ifadələr heç bir ziddiyət təşkil etməmişdir. Bununla da cinayət işinin yuxarıda sadalanan xüsusatları bir daha öz təsdiqini tapmışdır. İş vərəqi 50-də olan 17.07.2021-ci il tarixli təqdimetmə protokolundan məlum olur ki, ki, Kərimov X1 Elmar İlham oğlunun göndərdiyi “Unibank” kartına 200 manat pulu göndərmiş və həmin qəbzin surətini istintaqa təqdim etmişdir. Odur ki, həmin qəbzin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Qəbzin surəti iş vərəqi 51-də). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 21 avqust 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.2ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan məlum olur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu ailəlidir və himayəsində 12.04.2017-ci il təvəllüdlü X3 və 12.03.2019-cu il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı var. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05.08.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 14 avqust 2021-ci il tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs məhkəmə çağırışlarına dəfələrlə gəlmədiyindən axtarışa verilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. Bakı İstintaq Təcridxanasının 21.10.2021-ci il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 16.10.2021-ci il tarixdə axtarışla tutulmuş və saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Həmin tarixdən Təqsirləndirilən şəxs oğlu həbsdədir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 23.10.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş 700 manat ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 oğlunun məhkəməyə təqdim etdiyi 11.11.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş 1300 manat ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. "xxxx" ASC-nin Yasamal filialının 12.11.2021-ci il tarixli, 27096 nömrəli qəbzin sürətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə dəymiş ziyanın 25 %-ni, yəni 500 (beş yüz) manat dövlət büdcəsinə (büdcə təsnifat kodu 143300) ödənilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxslərin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə təkrarən dələduzluq cinayətinin törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanın ümumi məbləği 2000 (iki min) manat olmuşdur. Təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Bundan başqa vurduğu ziyanın iyirmi beş faizi miqdarını (500 manat) dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən ləğv edilməlidir. İş üzrə maddi sübut – 01 ədəd qəbzin surəti iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut – 01 ədəd qəbzin surəti iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-409/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-409/2021
12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver