Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-409/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, məhkumluğu olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonunda yerləşən gündəlik evlərdə kirayə yaşayan, barəsində Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-289/2023 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehklak miqdarından artıq miqdarda təmiz çəkisi 0,586 qram narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 02:25-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 bölməsinə gətirilmiş, müdafiəçinin iştirakı və videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,586 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, video çəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 03 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Xətai rayonu, Əhmədli qəsəbəsinə tanımadığı şəxsə yaxınlaşmış və 10 manat pul ödəyib şəxsi istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümdə narkotik maddə heroini almış və həmin narkotik vasitəni cibinə qoymuşdur. Təxminən 02:25 radələrində o, Xətai rayonu, A.Ələsgər küçəsi ilə piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib ona üzərində narkotik vasitə daşımaqda şübhəli olduğumu bildirib polis bölməsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə 36-cı PB-nə gəlmişdir. Bölmədə olan zaman ona hüquq və vəzifələri izah olunmuşdur. O, vəkillə təmin edildikdən sonra onun iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı o əynində olan qara rəngli şalvarının sağ yan cibindəki sellofana bükülmüş bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Ondan aşkar edilmiş büküm zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi barədə birlikdə xidmət apardığı Xətai RPİ-nin 36-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat məlumatı daxil olmuş və həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanaraq iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü özü, rəhbəri isə Şahid1 olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbiri keçirib 27 aprel 2023-cü il tarixdə saat 02:25 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında saxlayaraq özlərini təqdim etmişlər və şübhəli şəxs kimi 36-cı polis bölməsinə dəvət etmişlər. Bölmədə həmin şəxs müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişlə təhqiqatçı Anar Xəlilov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və həmin maddəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. Təqdim olunan kütlə zərfə qoyularaq möhürlənmışdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı mümkün olmayan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında dindirilən Şahid2 ifadəsinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin baş təhqiqatçısı Anar Xəlilov tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması zamanı o əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü təqdim etmişdir. Narkotik vasitə heroinin aşkar edilərək götürülməsi “şəxsi axtarış və götürmə” protokolu ilə rəsmiləşdirilmişdir. Bu istintaq hərəkətinin əks olunduğu videogörüntü DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə edilmişdir. İstintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 28 aprel 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxardaraq təqdim etmiş və həmin bükümdə olan maddənin narkotik vasitə “heroin” olduğunu, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir . İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin ekspertinin 6/2441 nömrəli 27 aprel 2023-cü il tarixli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində “.....(imza) Təqsirləndirilən şəxs..... ” sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,586 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0.536 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin tibb ekspertinin xx.xx.2023-cü il tarixli 3522 A saylı rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatı zamanı sərf ediləndən sonra qalıq qalmış 0,536 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanma anbarına təhvil verilmişdir. Üzərinə şəxsi axtarış və götürülmə aparılan zaman video çəkilişi əks etdirən 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 27 aprel 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2023-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarından yayındığından həmin cinayət işi üzrə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir (hazırda həbsdədir). İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkmiş və hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Qulubəyova Əfruz adlı bir azyaşlı uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olmasını müəyyən etmiş, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oxşar cinayət işi Sabunçu Rayon Məhkəməsinin icraatındadır. Bu xüsusat onun şəxsiyyətini mənfi səciyələndirir. Bu səbəbdən məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyil, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli hökmün tarixindən, yəni 11 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.536 qram “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına maddi sübut kimi təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.536 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-409/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-409/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver