Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-41/2022 15.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1996-cı ildə Naxçıvan MR, Ordubad rayonu, Biləv kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Naxçıvan MR, Ordubad rayonu, Biləv kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci küçə, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə saat 23:55-də ünvan 1 ünvanda yerləşən “Harmony” hotelə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs özünə məxsus “Audi A3” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili hotelin qarşısında parklayıb açarlarını qeydiyyat şöbəsinə vermiş və 13.06.2021-ci il tarixdə saat 06 radələrində avtomobilin yerinin dəyişdirilməsi zərurəti yarandığından hoteldə ofisiant işləyən Təqsirləndirilən şəxs avtomobili bir qədər aralıda parklayacağı bəhanəsi ilə qeydiyyat şöbəsindən avtomobilin açarlarını götürüb mühərrikini işə salmaqla talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirərək Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində Ağ Şəhər dairəsi istiqamətində idarə edərkən, idarəetməni itirmiş və avtomobili yolun sağ hissəsində yerləşən səkiyə vuraraq bir çox avtomobilin detallarını zədələyərək yararsız vəziyyətə gətirməklə Zərərçəkmiş şəxs 15184,00 manat xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 185.2.4-cü maddəsi ilə deyil, Azərbaycan Respublikasının CM-nin 187.1-ci maddəsi ilə tövsif edilməli olduğu aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 10 iyun 2021-ci il tarixdə “Harmony” hoteldə ofisiant kimi işə qəbul olunaraq işə başlamışdır. İyun ayının əvvəllərində o, tanışı Cabbar vasitəsilə həmin hotelə getmiş və orada bir neçə gün qaldıqdan sonra Cabbar onun işləmədiyi üçün hotelin icarədarı Şahid2la danışmış və Orxanın razılığı əsasında o qeyd olunan hoteldə işə başlamışdır. Hoteldə ofisiant olaraq işə başlamışdır. İş saatı hər gün axşam saat 20 radələrində başlayır və səhər saat 08 radələrində bitirdi. O, hoteldə qalaraq istirahət etdikdən sonra axşam yenidən işə başlayırdı. 12 iyun 2021-ci il tarixdə saat 24 radələrində “Audi A3” markalı **-KX-*** dövlət nömrə nişanlı avtomobil hotelin yanında dayanmış və avtomobildən tanımadığı sonradan adını bildiyi müştəri Zərərçəkmiş şəxs düşmüşdür. Maşın saxlanılan yerdə səhərlər zibil maşını gəldiyindən xanıma maşını saxladığı yerdə saxlamamasını bildirmiş, xanım da cavabında ona dikdaban ayaqqabı geyindiyindən, başqa yerin də torpaqlıq, daşlıq yer olduğundan başqa yerdə saxlaya bilməyəcəyini ona bildirərək hotelin içərisinə daxil olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs açarı oteldə olan qeydiyyata vermiş, həmin vaxt hotelin qeydiyyatında Süleyman və Nurlan olmuşdur. Xanım açarı Süleyman və Nurlana verərək lazım olarsa maşını park etmələrini xahiş etmişdir. Süleyman və Nurlan, xanımın xahişini qəbul etmişlər. Daha sonra səhər saat 6 radələrində otelin qeydiyyatçısı vəzifəsində işləyən Nurlan ona maşının açarlarını verərək göstəriş vermişdir ki, Aynurə xanıma məxsus olan nəqliyyat vasitəsinin yerini dəyişsin. O da açarları Nurlandan almış, gedib maşını işə salmış, maşınla hərəkətə başlayandan təxminən 1 dəqiqə sonra maşını səkiyə vurmuş və hadisə baş vermişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs məxsus “Audi A3” markalı **-KX-*** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Maşının bir çox hissələri zədələnmişdir. Maşını idarə etməkdə onun məqsədi yalnəz hotelin qarşısında olan dairədən geri dönüş edib hotelin digər tərəfində maşını park etmək olmuşdur. Nəqliyyat vasitəsini yerini dəyişmək üçün hotelin işçilərinin tapşırığı ilə hərəkət etdirmişdir. Aynurə xanıma məxsus olan maşını talama niyyəti olmadan qanunsuz ələ keçirib sürmək məqsədi olmadığını qeyd etmişdir. Maşını dairədə geri dönüş etdikdən dərhal sonra yolun kənarına vurmuşdur. Daha sonra təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs qəsdən özbaşına açarları götürüb maşını talama niyyəti olmadan qaçırmadığını, maşını parklamaq üçün otelin məsul işçiləri tərəfindən ona göstəriş verildiyini qeyd etmişdir. Maşının açarlarını otelin işçisi olan Nurlan ona vermiş və ona tapşırmışdır ki, maşını başqa yerə park etsin. Buna görə də ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Daha sonra zərərçəkmişə vurduğu ziyana görə əməlindən peşman olduğunu, gəncliyini, əməlin ehtiyatsızlıqdan baş verdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı hazırda ödəməyə imkanı olmadığını, lakin yaxın vaxtlarda hissə-hissə ziyanı ödəyəcəyini qeyd edərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12.06.2021-ci il tarixdə, saat təxminən 24 radələrində ünvan 2 ünvanda yerləşən “Harmony” hotelə gecələmək üçün getmişdir. Hotelə daxil olmazdan əvvəl avtomobili hotelin girişinin sol yanında yerləşən zibil qutularının qarşısında saxlamışdır. Avtomobilindən düşərkən orada işləyən adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq avtomobili həmin yerdə saxlamamağı ona bildirərək, həmin yerdə zibil maşınına mane olacağını bildirmiş və bunun üçün açarını ondan istəmişdir. O isə avtomobilin açarlarını ona təqdim etməyib hotelə daxil olmuş və açarları qeydiyyat şöbəsində olan Şahid3 vermişdir. Daha sonra hoteldə ona ayrılmış otağa qalxmışdır. O, 13 iyun 2021-ci il tarixdə, saat təxminən 10 radələrində hotelin dəhlizinə düşüb qeydiyyat şöbəsinə yaxınlaşaraq avtomobilin açarlarını istəmişdir. Şahid3 avtomobilinin açarını ona təhvil verdikdən sonra avtomobilin hotelin yanında yerləşən parklanma yerində olduğunu söyləmişdir. O parklanma yerinə getdikdə hotelin işçisi olan Təqsirləndirilən şəxs avtomobilinin yanında olduğunu görmüşdür. O, avtomobilinə yaxınlaşanda avtomobilinin sağ hissəsi, yəni sağ arxa təkərdən başlayaraq ön təkərə qədər qapıların alt hissəsinin əzildiyini, sağ arxa və sağ ön təkərlərin sındığını görmüşdür. Bundan başqa, avtomobilin salonunda sağ tərəfdə yerləşən bütün hava yastıqları da açılmışdır. O, avtomobilinin yanında dayanan Altundan nə baş verdiyini, avtomobilinin nə üçün bu hala düşdüyünü sual edəndə Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobili park etmək istəyərkən səkiyə vurmuşdur. Bununla bərabər Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilini hotelin sağ yanında yerləşən parklanma yerində deyil, o əsas yola çıxaraq avtomobili idarə edib Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində Ağ Şəhər dairəsindən “Harmony” hotelə tərəf düşən istiqamətdə hotelə çatmamış təxminən 50 metr aralıqda olan əsas yolun kənarında yerləşən parklanma yerində saxlamaq istədiyini bilidirmişdir. Onu da qeyd etmişdir ki, Altun orada ona üzrxahlıq edərək, avtomobili tanışı bildiyi şəxsə düzlətdirə biləcəyini bildirmişdir. O isə avtomobilin servisdə düzəlməsini tələb etmiş, lakin onlar razılığa gələ bilməmişlər. Bundan sonra hotelin digər işçisi, Şahid3 ona yaxınlaşaraq səbrli olmağını və hotelin müdiri gəldikdə avtomobilin düzəldilməsində köməklik göstərəcəyini bildirmişdir. O, 13 iyun 2021-ci il tarixdə saat 14 radələrinədək gözləmiş, lakin hotelin müdiri gəlməmişdir. Sonda o, DİN-in 102 Xidmətinə zəng vuraraq baş vermiş hadisəsi barədə məlumat vermişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs maşını sürmək istəmiş, yəni talama niyyəti olmadan onun maşınını qaçırmaq niyyəti omuşdur. Daha sonra zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını, bununla bağlı həm Təqsirləndirilən şəxs qarşı həm də “Harmony” hotelin icarədarı Şahid2 qarşı gələcəkdə məhkəmədə mülki iddia qaldıracağını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayından etibarən Xətai rayonu, X.Rüstəmov küçəsi, ev 7C saylı ünvanda yerləşən “Harmony” hoteldə əmək müqaviləsi ilə qeydiyyatçı vəzifəsində işləyir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 12 iyun 2021-ci il tarixdə saat təxminən 23:55 radələrində işlədiyi “Harmony” hotelin qarşısında “Audi A3” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlamış və Zərərçəkmiş şəxs avtomobilindən düşmüşdür. Daha sonra Zərərçəkmiş şəxs hotelin giriş dəhlizinə daxil olaraq qeydiyyat şöbəsinə yaxınlaşmışdır. Təqsirləndirilən şəxs xanımın ardınca gəlmiş, ardınca hotelin 2-ci mərtəbəsində yerləşən, yəni ofisiant kimi işlədiyi “Harmony” restorana qalxmışdır. Zərərçəkmiş şəxs qeydiyyat şöbəsinə yaxınlaşmış və mənim onun yanında olan həmin hoteldə menecer kimi işləyən Şahid3 maşının açarlarını park edilməsi üçün təqdim etmişdir. Ardınca hoteldə xanıma ayrılmış otağa qalmışdır. Şahid3 isə həmin açarları qəbul edərək qeydiyyat şöbəsində olan stolun üzərinə qoymuş və Süleyman ona səhər maşını park etməyi tapşırmışdır. 13 iyun 2021-ci il tarixdə saat təxminən 06 radələrində zibil maşının gələcəyindən maşını həmin yerdən çəkmək zərurəti yarandığından Altuna zəng edib çağıraraq maşının açarlarını ona vermişdir ki, maşını hotelin park yerinə parklasın. Altun maşını park edən zaman yolun kənarına vurmuş və nəticədə maşın əzilmişdir.Hadisə ani olaraq iki dəyqə içində baş vermişdir. Daha sonra Şahid1 ifadəsində göstərmişdir ki, həmin gün maşını park eləməyə adam olmadığından bu işi Təqsirləndirilən şəxs həvalə etmişlər. Hoteldə parklama xidməti olduğunu, hər bir müştərinin avtomobilini park etdiklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququnun olub-olmamasını bilməmişdir. Onun vəzifəsinin gələn müştəriləri qarşılamaq və onları qeydiyyata salmaqdır. Qonaqlar bəzi hallarda 1-2 saata çıxacaqlarını qeyd etdiklərindən həmin hallarda qonaqların maşının park etmirlər. Açarı Süleymanın tapşırığı ilə Təqsirləndirilən şəxs vermiş və ona tapşırmışdır ki, xanımın maşınını park etsin. Daha sonra şahid qismində dindirilən Şahid2 dindirildikdən sonra Şahid1 suallara cavab olaraq bildirmişdir ki, müştərilərin maşınlarını park etmələri barədə hotelin icarədarı Şahid2 ona qeydiyyatçı kimi tapşırıq vermişdir. Yəni Şahid2 onlara maşınları park etməyə icazə vermişdir. Hər zaman müştərilərin maşınlarını park etmişlər. Bu işə görə işçiləri-belboy da olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin may ayında etibarən “Harmony” hoteli icarəyə götürərək, həmin hotelin icarədarı kimi fəaliyyət göstərmişdir. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, o icarədarı kimi fəaliyyət göstərdiyi “Harmony” hotelə işçi qəbulu zamanı 3-5 gün sınaq müddətini keçdikdən sonra işçidən sağlamlıq haqqıda arayış tələb etməklə işə qəbul edir. Sonuncu sınaq müddətini keçdikdən sonra 10 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs işə götürən zaman ondan sağlamlıq haqqında arayışı tələb etmiş və Təqsirləndirilən şəxs ona qeyd olunan sənədi təqdim etdikdən sonra Təqsirləndirilən şəxs rəsmi olaraq müddətsiz fəaliyyət göstərməsi nəzərdə tutulmaqla, elektron formada icazə portalında qeydiyyatdan keçib, ona əmək müqaviləsi haqqında bildirişi təqdim etmişdir. 13 iyun 2021ci il tarixdə hoteldə olmamışdır, hoteldə olmadığı müddətdə özündən sonra şəxs kimi hotelə cavabdeh şəxs Şahid3 olmuşdur. 13 iyun 2021-ci il tarixdə saat təxminən 11 radələrində icarədarı olduğu “Harmony” hotelin meneceri Şahid3 ona zəng vuraraq hotelin ofisiantı Təqsirləndirilən şəxs müştərinin maşınını park edərkən yolun kənarına vurub əzdiyini bildirmişdir. O isə həmin vaxt Siyəzən rayonunda olduğunu bildirərək, hotelə qayıdanda ətraflı söhbət edəcəyi barədə söyləmişdir. 13 iyun 2021-ci il tarixdə saat təxminən 03 radələrində icarədarı olduğu “Harmony” hoteldə olmuşdur. Daha sonra Şahid2 ifadəsində göstərmişdir ki, hoteldə parking xidməti olmamışdır və müştərilərə açarlarını qeydiyyata verdikdə onlara maşınlarına görə hotelin cavabdehlik daşımadığını bildirdiklərini qeyd etmişdir. O müştərinin maşının sürülməsini işçilərə icazə verməmişdir. Hotelin yanında parklanma yeri olduğunu qeyd etmişdir. Belboy vəzifəsi olduğunu və elə bir işçisi olduğunu, lakin həmin işçinin vəzifəsinin müştərinin otağı tərk etdikdən sonra otağı yoxlamaq olduğunu qeyd etmişdir. İşçiləri ilə əmək müqaviləsi olduğunu, həmin hadisə baş verən gün işdə 5 nəfər işçisi olduğunu qeyd etmişdir. Həmin vaxt cavbdeh şəxs Şahid3 olmuşdur. Həmin işçilərin hamısı ilə əmək müqaviləsi olduğunu bildirmişdir. Daha sonra Şahid1 onun qonağın maşınını sürmək tapşırığı verdiyinə dair ifadəsinə cavab olaraq bildirmişdir ki, hoteldə işçilərə maşın park etməyə icazə verməmişdir. Təqsirləndirilən şəxs hadisə baş verməzdən bir neçə gün əvvəl onun tapşırığı ilə Süleyman işə götürmüşdür. Süleymana Altunun sağlamlıq arayışı aldıqdan sonra işlərə cəlb olunmasına razılıq vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin aprel ayının 1-dən etibarən “Harmony” hotelin icarədarı Şahid2 tərəfindən rəsmi olaraq icazə portalından qeydiyyatdan keçib əmək müqaviləsi haqqında bildiriş ona təqdim olunmaqla vaxtamuzd, yəni müddətsiz olaraq həmin hotelin meneceri kimi işə qəbul olunmuşdur. İş vəzifələrinə idarəetmə, giriş-çıxışa nəzarət etmək, malların qəbuludur. Hoteldə işdə olarkən ağ köynək qara şalvar geyinmişlər. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 12 iyun 2021-ci il tarixdə təxminən 23:55 radələrində meneceri kimi işlədiyi “Harmony” hoteldə aşağı düşmüş və kassaya baxmışdır, həmin vaxt bir xanımın “Audi A3” markalı avtomobili ilə otelə gəldiyini görmüşdür. Xanım kassaya yaxınlaşmış və maşının açarlarını uzadaraq zərurət olduqda maşının park edilməsini xahiş etmişdir. Maşının açarlarını qəbul edib reseptionda işləyən Şahid1 vermiş və zibil maşını gəldikdə maşının park edilməsi göstərişini vermişdir. Biraz vaxt keçdikdən sonra yatmağa getmişdir. Səhər açılanda Təqsirləndirilən şəxs ona yaxınlaşaraq maşını park edərkən vurduğunu bildirmişdir. Oda bu barədə otelin rəhbəri Şahid2 məlumat vermişdir. İş materiallarında olan 30 oktyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə saat 6 radələrində “Audi A3” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, hotelin sağ yanında yerləşən parklanma yerinə parklamayaraq, hotelin qarşısından əsas yola çıxmış və təxminən 30 metr avtomobil qət etdikdən sonra əsas yoldan geriyə dönməyə icazə verilən yerdən geri dönərək Bakı şəhəri, Xətai rayonunda yerləşən Ağ şəhərin yaşayış kompleksinin daxilində olan dairə istiqamətində avtomobili idarə etmişdir. Lakin təxminən 50 metr avtomobil idarə etdikdən idarəetməni itirmiş və avtomobili yolun sağ hissəsində olan səkiyə vurmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 9/7151 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı “Audi A3” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 19105,00 manat, O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 15775,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 3330,00 manat. 2.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 15184,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 11854,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 3330,00 manat. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 noyabr 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12.10.2021ci il tarixli tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan X1 27.05.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 126.1, 62, 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.01.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən məlum olur ki, “Harmony” hotelində ofisiant işləyən Təqsirləndirilən şəxs otelin cavabdeh şəxslərinin müvafiq tapşırığı ilə Zərərçəkmiş şəxs məxsus maşının açarları verilmiş və ona maşını hotelin digər tərəfində park etmək tapşırığı verilmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində ona verilmiş tapşırığı icra edərkən, yəni cinayətkarcasına etinasız halda yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsini işə salıb hərəkətə gətirdikdən 1 dəqiqə sonra nəqliyyat vasitəsi yolun kənarına çırpılmış və nəticədə maşına xeyli miqdarda ziyan vurulmasına səbəb olan hadisə baş vermişdir. Yəni baş vermiş hadisədə təqsirləndirilən şəxsin təqsiri ehtiyatsızlıq formasında təzahür etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməsinə dair mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Talama məqdsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə – nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, yalnız onun bəzi elementləri (daha çox sahiblik və istifadə hüququ itirilir). Şərh edilən əməl obyektiv cəhətdən avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada) ifadə olunmuşdur. Qaçırma başqasının avtomobilini və ya başqa nəqliyyat vasitəsini müvəqqəti ələ keçirmədə və onu dayandığı yerdən aparmada ifadə olunur. Avtomobil və ya başqa nəqliyyat vasitəsi onun sahibi və ya buna səlahiyyətli olan şəxs tərəfindən istənilən yerdə saxlanıla bilər. Dayanacaq daimi və ya müvəqqəti ola bilər. Qaçırılan avtomobil və ya başqa nəqliyyat vasitsi özgəsinin olmalıdır, yəni təqsirkarın onlardan istifadə etməyə icazəsi və ya hüququ olmamalıdır. Məhkəmə istintaqı zamanı verilmiş ifadələrdən göründüyü kimi, “Harmony” hoteldə maşının park edilməsi üçün açarlar təqsirləndirilən şəxsə verilmiş və ona maşını park etmək tapşırığı verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən açarları götürməmiş, eləcə də qəsdən gizli olaraq maşının açarlarını başqa formada əldə edib nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməmişdir. Təqsirləndirilən şəxs maşını öz arzusu ilə götürməmişdir. Həmin maşının park olunması üçün ona otelin məsul işçiləri tərəfindən göstəriş verilmişdir. İttiham tərəfi məhkəmə baxışında qanunsuz ələ keçirməni sübuta yetirə bilməmişdir. Əksinə məhkəmədə dindirilən iki şahidin ifadəsindən məlum oldu ki, Təqsirləndirilən şəxs müdriyyətin tapşırığını icra edərkən yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranmış və nəticədə zərərçəkmişə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsinin dispozisiyasında özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilmiş əməl müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsində nəzərdə tutulmuş cinayət subyektiv cəhətdən təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Təqsirkar öz hərəkətləri ilə xeyli miqdarda ziyan vura biləcəyi imkanını qabaqcadan görmür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir. Özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə vəya zədələmədə ifadə olunan əməllərdə, həmin əməllərin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmasına səbəb olan ictimai təhlükəli nəticələrdə və belə əməllərdə xeyli miqdarda ziyan vurulması arasındakı səbəbli əlaqədə ifadə olunur. Burada başqa yüksək təhlükə mənbəyi dedikdə, müxtəlif mexanizmlər, ağır texnika, nəqliyyat vasitələri, elektrik avadanlıqıarı, tezalışan və ya partlayıcı maddələr başa düşülməlidir. Onlarla ehtiyatsız davranma dedikdə, həmin mexanizm, maddə və qurğularla davranmanın texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi və ya onların yararsız vəziyyətdə istismar edilməsi başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs özgənin əmlakını yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən zədələyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasını nəzərə alıb, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 187.1-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 11.4-cü maddəsinə əsasən bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində amnistiya tətbiqinə yol verilmir. Hazırki iş üzrə də təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından və dəymiş ziyan ödənilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsindən, həmin Məcəllənin 187.1-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk məhkumluğunu, ailə vəziyyətini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci 50 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-41/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-41/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver