Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-41/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Ağdam rayonu, Muradbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağdam rayonu, Muradbəyli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, , istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,342 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 3 ünvanın qarşısında saxlanılaraq ünvan 2 yerləşən Xətai RPİ-nin 34-cü polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümün içərisindəki, təmiz çəkisi 0,342 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərk məhkəməyə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə etsə də, tutularkən onun üzərində heç bir narkotik vasitə olamışdır. Onu Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tutaraq 34-cü polis şöbəsinə təhvil vermişlər. Tutularkən narkotik vasitənin təsiri altında olmasını özü könüllü etiraf etmişdir.34-cü PŞ-nin əməliyyat müvəkkili Kamil onu aldadaraq həbs olunmayacğını bildirərək, verilmiş sənədlərə qol çəkməsini bildirmiş, o da, Kamilə inanaraq sənədlərə qol çəkmişdir. Ədalətli qərar qəbl edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Muradbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 3 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bədənində ağrılar olduğu üçün heroinin onun ağrılarını yüngülləşdirməsi səbəbi ilə müxtəlif yerlərdə qiyabi tanıdığı, yəni anket məlumatlarını bilmədiyi, yalnız adlarını bildiyi şəxslərdən narkotik vasitə heroin əldə edib istifadə etmiş. 18 sentyabr 2022-ci il tarixdə axşam saatlarında «Neftçilər» metrostansiyasının yaxınlığında gəzərkən yalnız üzdən tanıdığı bir şəxslə rastlaşmış, həmin şəxsdən təxminən bir ay bundan əvvəl bir dəfə istifadə etmək üçün bir bükümdə narkotik vasitə heroin almış, bu dəfə həmin şəxslə rastlaşanda ondan narkotik vasitə heroin istəmiş, həmin şəxs isə ona bir büküm heroini 30 manata almağı təklif etmiş, o isə ona üzərində yalnız 10 manat pulun olduğunu bildirməklə ağrılarının başladığını demiş və xahiş etmişdir ki, narkotik vasitə “kakosu”, yəni heroini ona 10 manata satsın. Sonda həmin şəxs razılaşıb ona 10 manata bir bükümdə heroin satmışdır. O, narkotik vasitəni götürüb yaxınlıqda yerləşən bir binanın girişinə daxil olaraq aldığı heroinin bir hissəsindən istifadə etmiş, sonra yaşadığım ünvana qayıtmışdır. Narkotik vasitənin qalan hissəsini isə əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur ki, ağrıları başlayanda, həmin narkotik vasitədən istifadə edər. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı binanın qarşısında dayanan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onun şəxsiyyəti ilə maraqlanmışlar. O, özünü polis əməkdaşlarına təqdim edəndən sonra, polis əməkdaşları onun Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirmiş və ona əllərini ciblərimə salmağa imkan verməyərək Xətai RPİ- nin 34-cü PŞ-nə gətirmiş, polis şöbəsində hüquq və vəzifələrim izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmişvə üzərində şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd siqaret kağızından olan bükümü cibimdən çıxardıb masanın üzərinə qoymuş. bundan sonra polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, üzərində siqaret və alışqandan başqa heç nə aşkar olunmamışdır. Sonra polis əməkdaşı bükümü açıb onun içərisində olan maddənin nə olduğunu soruşmuş, o cavabında bükümün içərisində olan maddənin narkotik vasitə “kakos” olduğunu və həmin narkotik vasitəni “Neftçilər”-də tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Polis əməkdaşı bükümü elektron tərəzidə çəkdikdən sonra onu bir ədəd zərfdə qablaşdırmış, o və digər iştirakçılar zərfdə imza etmişlər, sonra üzərimdə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilərək iştirakçıların imzası ilə təsdiq edilmişdir.. (i.v.47-48, 55-56); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o 19 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Şahid1 ilə birlikdə məlumat əsasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 3 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə aparmışlar. Şöbəyə dəvət edilmiş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qili rəngli kağız büküm, həmin şalvarın arxa sağ cibindən 01 ədəd gümüşü rəngli alışqan, əynində olan köynəyin sağ döş cibindən 01 ədəd "Prima" markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq qızılı rəngli həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tǝrǝzidə çəkildi və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,54 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə digər şahid X10 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər şahid X6 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 19 sentyabr 2022-ci il tarixdə, saat 12:00-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 34-cü polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 12:30-da müdafiəçinin iştirakı Xətai RPİ-nin 34-ci PŞ-nin inzibati binasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-in CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Xətai RPİ-nin 34-cü PŞ-in sahə inspektoru, polis leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X7 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağızda olan bükümü masanın üzərinə qoydu, ardınca arxa sağ cibindən 01 ədəd gümüşü rəngli alışqanı və sağ döş cibindən 01 ədəd "Prima" markalı siqaret qutusunu təqdim edərək üzərində başqa əşya olmamasını bildirmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş qızılı rəngli kağız bükümdə olan tozşəkilli kütlənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirdi kiǝ 01 ədəd qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli olan maddə narkotik vasitə hesab olunan heroindir. Qeyd olunan maddəni necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün Bakı şəhəri, Nizami rayonu, "Neftçilər" metrosunun yanında anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 10 manat dəyərində aldığını bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirilməsi ilə bağlı verilən suala o, heç vaxt satış etmədiyini bildirmişdir. Götürülmüş kütlələrelektron tərəzi vasitəsilə çəkildi va bir bükümdə olan qızılı rəngli falqa kağızına bükülmüş, qəhvəyi rəngli toz şəkilli olan maddələrin çəkisi 0,54 qram müəyyən olunmuşdur. (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2022-ci il tarixli, 6/5337 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, AR DİN "Zərflər üçün №152" dairəvi möhür əksi, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,342 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 08 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin" in siyahısına (Siyahı İ) daxildir. Təqdim edlmiş heroin bir bükümdə olduğundan müqayisəli tədqiqat aparılmadı. (i.v. 39-41); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 50); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanmışdır ( i.v. 64- 67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 26 oktyabr 2022-ci il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin, xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 221.3 va 127.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 180.1, 67.1-ci maddəsinə Əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq olunmaqla 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.( i.v. 78-80); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-149/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaqla 01 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması hökm olunmuşdur.(i.v 82-91) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-444/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi hökm olunmuşdur.(i.v 93-101) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 5712 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 111-115); Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X2 tərəfindən diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı təhqiqatçı X4 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışını aparması, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümü təqdim etməsi, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını deməsi, təqdim etdiyi narkotik vasitəni özünün istifadəsi üçün Bakı şəhəri, Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında 10 manat pul müqabilində tanımadığı şəxsdən aldığını bildirməsi müəyyən edilmişdir..( i.v. 119);. sübutların qiymətləndirilməsi haqqında 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvədə saxlanılsın və barəsində seçilmiş "habs" qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilsin və Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilmasi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifdadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid ifadələri, şəxsi axtarış va götürmə haqqında protokol, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2022-ci il tarixli 6/5337 nömrəli, məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 5712 nömrəli rəyləri toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uygun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməsi, iş üzrə sübut əhəmiyyəti kasb etdiyindən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0.342 qram kustar üsulla hazırlanmış narkotik vaista heroin və şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd "CD-R" formatlı disk maddi sübut kimi tanınsın, tədqiqat zamanı sərf olunduqdan sonra qalıq çəkisi 0.292 qram narkotik vasitə heroin prosessual tərəflər cinayət işinin istintaq materialları ile tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun talehi holl edilənədək müvafiq olaraq Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, 01 ədəd "CD-R" formatlı disk isə cinayət işi materiallarına əlavə edilməsi, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2022-ci il tarixli 6/5337 nömrəli rəyində göstərilən rəqəmlər əsas götürülməklə, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə heronin təmiz çəkisi 0,342 qram hesab edilməsi, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilǝrǝk götürülmüş narkotik vasitə heroinin əldə edilmə mənbəsinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılsın, araşdırma aparılması və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai RPİ-nin 34-cü PS-nə göndərilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş şəxs hesab edilsin və onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 120-128); “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü, X3 adlı övladı var. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə olan bir ədəd siqaret kağızından olan bükümü cibindən çıxarıb təqdim etməsi, şəxsi istifadəsi üçün “Neftçilər”-də tanımadığı şəxsdən 10 manata əldə etməsini bildirməsi, aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş və həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və özünün məhkməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri ilə təkzib olunur. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli, 4(011)-491/2022 saylı qərardan görünür ki, təqsirləndirilən şəxs istintaqın və məhkəmənin normal gedişinə mane olmaq, istintaq orqanından gizlənmək fikri yoxdur və istintaqın çağırışına vaxtında gələcəyini bildirərək, barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi ağırlaşdırıcı hal hesab olunur; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,342 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını(CM 59.1.4) nəzərə alır və onu yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-149/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Bununlada onun əməlində cinayətin residivi müəyyən edilmişdir Təqsirləndirilən şəxs əməlində residivin olması(CM-61.1.1) cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əvvəllər də hazırki ittiham olunmuş cinayətlə eyni məzmunlu cinayət əməllərini törətməsini, həmin cinayətə görə məhkum olunmasını, əməlində cinayətin residivin olması, yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) aymüddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,292 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili X9 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-41/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-41/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver