Məhkəmə qərarları › İş №1(011)-410/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-410/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-410/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-236/17 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Zəngilan rayonu, Zərnəli kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 10 mart 2022-ci il tarixdə saat 03:35-də ünvan 1 ünvanda yerləşən X5 icarə əsasında işlətdiyi “Rəvan market”in açıq vəziyyətdə qalmış nəfəslik pəncərəsindən mağazanın meyvə-tərəvəz bölməsinə qanunsuz daxil olduqdan sonra, mağazanın meyvətərəvəz bölməsini ərzaq bölməsindən ayıran alçipan materialından olan divarın bir hissəsini sındırıb mağazanın ərzaq bölməsinə daxil olaraq soyuducunun üzərinə qoyulmuş, pulların saxlanılması üçün nəzərdə tutulmuş qutunun içərisindən 350 manat nağd pulu, mağazada quraşdırılmış rəflərdən və mağazada olan masanın alt hissəsindən ümumi dəyəri 377 manat təşkil edən, 1 ədədi 3,80 manat olan 8 ədəd 30,40 manat dəyərində “Kent 4 nazik” markalı, 1 ədədi 3,80 manat olan 8 ədəd 30,40 manat dəyərində “Kent 1” markalı, 1 ədədi 4.10 manat olan 8 ədəd 32,80 manat dəyərində “Sobranie ağ nazik’' markalı, 1 ədədi 2,70 manat olan 17 ədəd 45,90 manat dəyərində “Rotmons boz” markalı, 1 ədədi 2,70 manat olan 7 ədəd 18,90 manat dəyərində “Rotmons göy” markalı, 1 ədədi 2,70 manat olan 7 ədəd 18,90 manat dəyərində “Rotmons metal” markalı, 1 ədədi 3,80 manat olan 7 ədəd 26.60 manat dəyərində “Kent qalın” markalı, 1 ədədi 2.70 manat olan 17 ədəd 45,90 manat dəyərində “Palmal boz nazik” markalı, 1 ədədi 3,60 manat olan 7 ədəd 25,20 manat dəyərində “Winston nazik boz” markalı, 1 ədədi 3,60 manat olan 7 ədəd 25,20 manat dəyərində “Winston boz kompakt” markalı, 1 ədədi 3,60 manat olan 8 ədəd 28,80 manat dəyərində “Winston ballı” markalı, 1 ədədi 2,40 manat olan 10 ədəd 24 manat dəyərində “Want boz” markalı, 1 ədədi 2,40 manat olan 10 ədəd 24 manat dəyərində “Want qara” markalı tütün məmulatlarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 727 (yeddi yüz iyirmi yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 03 aprel 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanına hasardan keçmək yolu ilə qanunsuz daxil olub, əşyaların yığılması üçün saxlanc yeri kimi istifadə edilən qarajdan içərisində 5000 manat nağd pul olan 200 manat dəyərində dəmir seyfi taladıqdan sonra, vahid niyyətlə əhatə olunmuş qəsdlə yenidən ünvan 2 ünvanında yerləşən qaraja daxil olub oradan 01 ədəd 150 manat dəyərində su qızdırıcısını gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 5350 (beş min üç yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuşdur. 03 aprel 2022-ci il tarixdə təxminən saat 05 radələrində əvvəllər gördüyü və heç kimin yaşamadığına əmin olduğu ünvan 3 ünvanından oğurluq etməyi qərarlaşdırmışdır. Həmin evin arxa tərəfində olan hasardan həyətə daxil olmuşdur. Evin qapısı bağlı olduğuna görə o, qaraj hissədə axtarış etmiş və su qızdırıcısını oğurlamaq istəmişdir. Həmin su qızdırıcısı sökük vəziyyətdə olmuş və əşyalarla birlikdə kənara qoyulmuşdur. O, su qızdırıcısını götürüb çıxmaq istəyən zaman gözünə seyf sataşmış və seyfə yaxınlaşıb baxan zaman seyfin qapısının açıq olduğunu, içərisində isə heç nə olmadığını görmüşdür. Sonradan həmin seyfin yanında başqa bir seyf olduğunu görmüş və ikinci gördüyü seyf birincidən kiçik ölçülü olmuşdur. Həmin seyfin üzərində elektron rəqəmlər olmuşdur. O qarajda olan zaman seyfi açmağa cəhd etmiş, lakin seyfi aça bilməmişdir. Çətinliklə olsa da seyfi götürüb bayıra çıxartmış və həyətdən təxminən 100-150 metr aralıda iki borunun arasına atıb orada açmağa cəhd etmişdir. O, seyfi açmaq istəyən zaman bir neçə dəfə o yan bu yana tərəfə çevirib içərisində nə isə olduğuna əmin olmaq istəmiş, lakin səs çıxmadığı üçün içərisində qiymətli əşya olmadığını fikirləşmişdir. Eyni zamanda bir qədər aralayıb içərisinə baxan zaman isə içərisində heç nə görməmiş, artıq seyfi açmaqdan imtina etmişdir. Seyfi boruların yanında qoyub təkrar həyətə daxil olub su qızdırıcısını oğurlamış, su qızdırıcısını da evdən bir qədər kənarda boruların yanında söküb içərisində olan misi çıxarmış və misi aparıb NZS-də yerləşən metal qəbulu yerinə 33 manata satmışdır. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə saat 03:30-da Bakı şəhəri, Xətai rayonu, İ.Məmmədov küçəsində olan «Rəvan market» mağazasının yaxınlığından keçərkən marketin sol tərəfdən nəfəslik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş və həmin vaxt marketdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra nəfəslikdən içəri daxil olmuşdur. «Rəvan market» mağazası iki hissəyə bölünmüş, bir hissəsində meyvə-tərəvəz, digər hissəsində isə ərzaq məhsulları satılmışdır. Həmin bölmələri alçipandan olan bir divar ayırmışdır. O, marketin meyvə-tərəvəz bölməsinə nəfəslik pəncərəsindən içəri daxil olanda orada təmir alətlərini görmüşdür, başa düşmüşdür ki, həmin yer təmir olunur. Orada tapdığı bıçaqla alçipanın bir hissəsini kəsəndən sonra əlləri ilə alçipanın digər hissəsini sındırmış və ərzaq bölməsinə daxil olmuşdur.Marketin ərzaq bölməsinə daxil olandan sonra mağazada satıcının yerinə tərəf getmişdir. Satıcı yerinin yanında olan soyuducunun üzərindən pulların saxlanıldığı qutunu götürüb içərisində olan bütün pulları götürmüş və pulları əynində olan gödəkcənin cibinə qoymuşdur. Sonra mağazada bir sellofan torbanı götürüb orada əlinə keçən siqaret bloklarını və qutularını həmin torbanın içərisinə yığmışdır. Mağazadan oğurluq edərkən əlcəklərdən istifadə etməmiş və sifətini də bağlamamışdır. Həmin vaxt o, sərxoş vəziyyətdə olmuş və ani bir məqamda mağazadan oğurluq etmək qərarına gəlmişdir. Mağazada siqaretləri sellofan torbaya yığandan sonra mağazaya daxil olduğu üsulla mağazanı tərk etmişdir. Mağazadan oğurladığı pulları saymış və 350 manat pul olmuşdur. Səhərisi gün oğurladıqları siqaretləri «Həzi Aslanov» metrostansiyasının yaxınlığında bir ərzaq mağazasında olan qadın satıcıya nisbətən ucuz qiymətə satmışdır. Siqaretlərin hamısına görə ona təxminən 250 manat pul vermişdir. O, həmin qadına siqaret satışı ilə məşğul olan şirkətdə işlədiyini və satdığı siqaretlərin şirkət tərəfindən ona müxtəlif vaxtlarda «payok» kimi verildiyini yalandan bildirmişdir. Siqaretlərin satışından əldə etdiyi pulu və mağazadan oğurladığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra səmimi etirafını, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs1 ilə barışdığını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır və özü üçün ehtiyat pulunu da həmin ünvana qoyur. Təxminən bir il olmuşdur ki, özünə məxsus 5000 manat pulu ünvan 4 ünvanında yerləşən evində qaraj kimi istifadə etdiyi yerə dəmir seyfin içərisinə qoymuşdur. Arada həmin seyfin yerində olub-olmamasına baxmış, həmçinin içərisində də pulun olubolmamasına nəzarət etmişdir. 24 aprel 2022-ci il tarixdə pulunu qoyduğu seyfə baxmaq istəyən zaman seyfin yerində olmadığını görmüşdür. Ona görə də bu barədə DİN-nin 102 xidmətinə məlumat verərək pulunun oğurlanması barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər və həqiqətən də içərisində 5000 manat olan dəmir seyfin yerində olmadığını aşkar etmişlər. Daha sonra qaraja ətraflı baxan zaman orada saxladığı 01 ədəd 150 manat dəyərində markasını xatırlamadığı su qızdırıcısmın da oğurlandığını aşkar etmişdir. Ona məxsus fərdi yaşayış evinin qarajından içərisində 5000 manat nağd pul olan 200 manat dəyərində 01 ədəd kiçik ölçülü dəmir seyf, 01 ədəd 150 manat dəyərində su qızdırıcısı oğurlanmışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 5350 manat maddi ziyan dəymişdir. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını,onun xəstə anasına görə barışdığını qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən hazırki vaxta kimi Rəvan adlı şəxsdən ünvan 1 ünvanda yerləşən «Rəvan market»in ərzaq bölməsini icarəyə götürüb oranı işlətmişdir. «Rəvan market»in digər bölməsində əvvəllər meyvə-tərəvəz satılmışdır. İşlətdiyi ərzaq mağazasında növbə ilə iki satıcı işləmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında marketin sahibi Rəvan ona zəng edərək işlətdiyi mağazadan oğurluq olduğunu bildirmişdir. O, Rəvana hadisə ilə bağlı polisə məlumat verməsini xahiş etmişdir. Sonra isə o, özü də marketə getmişdir. Mağazaya gələndən sonra satıcı ilə birlikdə hesabat aparmış və məlum olmuşdur ki, mağazadan ümumilikdə 377 manat dəyərində siqaretlər və soyuducunun üzərində olan, pulların saxlanıldığı karton qutusundan isə 350 manat pul oğurlanmışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 727 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən. Təqsirləndirilən şəxs ilə barışmır, buna görə də onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq şahidlər Şahid1 və X2 iştirakı olmadan ibtidai istintaq zamanı verdiyi ifadələrini elan edərək tədqiq edilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadə verən şahidlər Şahid1 Əhməd qızı və X2 ifadələri təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuş, ziddiyət təşkil etməmiş və işin yuxarıda sadalanan xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-4668-1222 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında Zərərçəkmiş şəxs1 məxsus qarajda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Xətai RPİ-dən və BƏSİİ-dən daxil olmuş) xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı ünvan 1 ünvanında yerləşən “Rəvan” marketin müşahidə kamerasından götürülmüş 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 03:35-də bir nəfər şəxsin mağazanın meyvə-tərəvəz bölməsini ərzaq bölməsindən ayıran, alçipan materialından olan divarın bir hissəsini sındırıb mağazanın ərzaq bölməsinə daxil olması, mağazanı axtarması, satıcı yerinə tərəf getməsi, orada soyuducunun üzərinə qoyulmuş, pulların saxlanılması üçün nəzərdə tutulmuş qutunun içərisindən pulları götürməsi, daha sonra mağazada bir ədəd sellofan torbanı götürüb həmin torbaya mağazada quraşdırılmış rəflərin üzərindən siqaret qutularını götürüb yığması, daha sonra mağazada olan masanın alt hissəsindən siqaret bloklarını götürüb sellofan torbaya yığması, sonra isə saat 03:38-də mağazanı tərk etməsi müşahidə olunmuşdur. Bununla bağlı baxışda iştirak etmiş Təqsirləndirilən şəxs video görüntüdə olan və “Rəvan” marketə daxil olan şəxsin özü olmasını etiraf etmişdir. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, “Rəvan” marketdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiqləyərək hadisənin yerini göstərib necə baş verməsini əyani təsvir etmiş, çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizanın xx.xx.2022-ci il tarixli 3/933 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əlbarmaq izi və 2,3 saylı daktiloplyonkaların səthindəki əl-barmaq izləri, 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1 saylı daktilolentin səthindəki “a”,“b”,“c” əl-barmaq izləri, 2,3,4,5,5 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 7 saylı daktilolentin səthindəki “a”,“b” əl-barmaq izləri, 8 saylı daktilolentin səthindəki “a”, “b”,“c”, “d” əl-barmaq izləri və 9 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından və 2,3 saylı daktiloplyonkaların səthindəki əl-barmaq izləri onun sol əlinin baş barmağından qalmışdır. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, ünvan 6 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiqləyərək hadisənin yerini göstərib necə baş verməsini əyani təsvir etmiş, çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdən tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 07 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-236/17 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 26 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, “Rəvan” marketdə baş vermiş oğurluq hadisəsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə anasına görə barışdığını qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmır, dəymiş ziyan ödənilməmişdir. Buna görə də onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri, məhkəmədaktiloskopik ekspertizasının rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, Zərərçəkmiş şəxs1 barışdığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 50-ci bəndinə əsasən əgər residivin müəyyən edilməsi şəxsin əvvəllər hökmlərin məcmusu qaydasında məhkum edilməsi ilə əlaqədardırsa, yalnız həmin (hökmlərin məcmusu qaydasında cəzanın təyin olunmasına dair) hökm deyil, həm də hökmlərin məcmusunu təşkil etmiş daha əvvəl çıxarılmış digər hökmlər də ayrıayrılıqda nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması müəyyən edildi. Təqsirləndirilən şəxs məhkumluğu göründüyü kimi ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində residiv nəzərə alınaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut “Rəvan” marketdə baş vermiş oğurluq hadisəsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertiza tədqiqatının ümumi dəyəri 161.11 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu 07 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının ümumi dəyəri 161.11 (yüz altmış bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut “Rəvan” marketdə baş vermiş oğurluq hadisəsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar