Məhkəmə qərarları › İş №1(011)-412/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-412/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-412/2021 26.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X2 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs2 təklifi İlə 16 iyun 2021-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanının qapısının kilidini Təqsirləndirilən şəxs2 açar seçmə üsulu ilə açdıqdan sonra birlikdə yaşayış sahəsinə qanunsuz daxil olub evin mətbəxində divara bərkidilmiş vəziyyətdə olan 600 manat dəyərində 1 ədəd “Samsung” markalı televizoru divardan açmaqla gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə 03 iyun 2021-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanının qapısını açar seçmə üsulu ilə açaraq, yaşayış sahəsinə qanunsuz daxil olub evin uşaq otağından 1 ədəd 120 manat dəyərində Çin istehsalı “Sony Playstation 2” markalı, “SCPH-90004” modelli oyun aparatını və 1 ədəd 3 manat dəyərində qara rəngli oyun pultunu, yataq otağında dolabın üzərində olan 1 ədəd 80 manat dəyərində Çin istehsalı, “Amazfit Verge” markalı, “A1811” modelli qara rəngli kəmərli qol saatını, 1 ədəd 3 manat dəyərində üzərində “Touch Led” yazıları olan, qara rəngli kəmərli qol saatını, mətbəxdən isə 1 ədəd 80 manat dəyərində 2013-cü il istehsalı, üzərində istismar xarakterli qüsurlar (cızıqlar, korroziya izləri) olan “Polaris” markalı, “PMC 05l7AD” modelli multibişiricini (multivarka) gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 286 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 10 iyun 2021-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanının qapısını açar seçmə üsulu ilə açaraq, yaşayış sahəsinə qanunsuz daxil olub evin dəhlizindən 1 ədəd 50 manat dəyərində hərbi yaşıl rəngli, təxminən 30x50 sm ölçülü, çoxcibli, zəncirbəndlə açılıbbağlanan hərbi çantanı götürərək, evin yataq otağına daxil olmuş orada dolabın üzərində olan 1 ədəd 400 manat dəyərində “notebook”u və evin mətbəxində masanın üzərində olan 1 ədəd 500 manat dəyərində “Lenovo” markalı planşeti və 1 ədəd 70 manat dəyərində tosteri çantanın içərisinə qoyaraq gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1020 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə öz təklifi ilə 16 iyun 2021-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanının qapısını Təqsirləndirilən şəxs2 üzərində gətirdiyi açarla açmaq yolu ilə birlikdə mənzilə qanunsuz daxil olub evin mətbəxində divara bərkidilmiş vəziyyətdə olan 600 manat dəyərində 1 ədəd “Samsung" markalı televizoru divardan açmaqla gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Xətai rayonu, Sergey Senyuşkin küçəsi, ev 27, mənzil 45-də anası Yeganə ilə birlikdə yaşayır. O, Bakı Slavyan Universitetinin tərcüməçilik fakültəsini bitirmişdir. 20 noyabr 2018-ci il tarixdə o, iş tapmaq üçün Polşa Respublikasına getmiş, oradan da Avstriya Respublikasına keçmiş və bir müddət orada yaşamışdır. Daha sonra, koronavirus pandemiyası ilə əlaqədar, iş tapa bilmədiyi üçün 16 mart 2021-ci İl tarixdə yenidən Azərbaycan Respublikasına geri qayıtmışdır. Təqsirləndirilən şəxs2 təxminən 10 ildir ki, tanımışdır. Fəyyarla münasibəti həmişə yaxşı olmuşdur. Fəyyar saç ustası işlədiyi üçün, Fəyyarla münasibəti yaranmışdır. 16 iyun 2021-ci il tarixdə, günorta saatlarında o, Fəyyara zəng etmiş və Fəyyarla Nizami metrostansiyasının yaxınlığında görüşmüşdür. Onlar birlikdə Əhmədli metrostansiyasının yaxınlığına getmişlər. Həmin vaxt Fəyyar ona qardaşı Rişadın tanışı Oksananın evindən oğurluq etməyi təklif etmişdir. O, əvvəlcə Fəyyarla razılaşmamış, Fəyyar isə ona Oksananın evindən əvvəllərdə oğurluq etdiyini, Oksanın evində mətbəxdə olan televizoru oğurlayacaqlarını, qardaşının tanışı olduğunu, şikayət etməyəcəyini demişdir. Bundan sonra o, Fəyyarla birlikdə Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 13 saylı binaya yaxınlaşıb, binanın blokuna daxil olmuşlar. Birinci mərtəbədə yerləşən sağ tərəfdə olan qapıya yaxınlaşmışlar. Həmin vaxt Fəyyar cibindən açar çıxardıb qapını açmış və onlar ikisi də mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra, onlar birlikdə mətbəxə keçmişlər. Mətbəxdə divara dəmirlə bərkidilmiş vəziyyətdə “Samsung” markalı televizor olmuşdur. Həmin vaxt Fəyyar evi gəzərək, televizoru açmaq üçün alət axtarmağa başlamışdır. Fəyyar evin eyvanından bir ədəd vintaçan və bir ədəd kəlbətin götürüb gətirmişdir. Fəyyar əvvəlcə özü açmağa başlamış, sonra isə Fəyyar kəlbətin və vintaçanı ona verib, açmağı davam etməyini, özünün də çıxıb ev sahibinin gəlib-gəlmədiyini yoxlamaq üçün həyətə baxacağını demişdir. O, da kəlbətin və vintaçanı götürüb televizoru açmağa davam etmişdir. O, televizoru açıb yerindən çıxartmış və Fəyyarı çağırmışdır. Daha sonra onlar birlikdə televizoru götürüb evdən çıxmışlar. Evdən çıxdıqdan sonra, onlar bir müddət gəzmiş və yoldan taksi sifariş verərək, birlikdə Nərimanov rayonu ərazisində yerləşən “Funda" klinikasının yaxınlığına getmişlər. Həmin yerə çatdıqdan sonra, Fəyyar televizoru götürüb getmiş və bir müddət sonra geri qayıdaraq televizoru 200 manata satdığını demişdir. Həmin puldan Fəyyar ona heç bir məbləğ verməmişdir. Daha sonra isə onlar sağollaşıb yaşadıqları evə getmişlər. Səhəri gün Fəyyar ona zəng edərək, Oksananın ərinin şikayət etdiyini bildirmişdir. 25 iyun 2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq, özlərini ona təqdim edib, onu polis şöbəsinə dəvət etmişlər. O, da polis şöbəsinə getmiş, etdiyi əməli gizlətməyin bir mənası olmadığını başa düşüb, hadisəni olduğu kimi danışmışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Xətai rayonu, A.Cəlilov küçəsi, ev 12, mənzil 35-də ailəsi ilə birlikdə yaşayır. O, əvvəllər saç ustası işləsə də, hazırda heç bir yerdə işləmir. 2018-ci ildə o, uşaqlıqdan tanıdığı Oksanadan onun üçün “CV” yazmasını xahiş etmiş və gedib Oksanadan götürən zaman, yaşadığı ünvanı görmüşdür. 2021-ci ilin iyun ayında o, iş tapa bilmədiyi üçün çoxlu borcu olmuş və pula ehtiyacı yaranmışdır. Buna görə də o, Oksanadan borc pul istəmək qərarına gəlmişdir. 03 iyun 2021-ci il tarixdə, saat 14 radələrində Oksananın yaşadığı Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 13 mənzil 38-ə getmişdir. O, qapını döysə də, qapını açan olmamışdır. Həmin vaxt onun üzərində 5 ədəd açar olmuşdur. O, həmin açarlardan birini qapını açıb-açmayacağını yoxlamaq qərarına gəlmişdir. Buna görə də, qapını açarlarla yoxlamağa başlamışdır. Həmin vaxt açarlardan biri qapının kilidini açmışdır. O, bir daha səsləyib evdə heç kimin olmadığına əmin olduqdan sonra, oğurluq etmək üçün evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra, sağ tərəfdə yerləşən yataq otağına keçmiş və orada olan kiçik dolabın üzərindən iki ədəd elektron saatı götürmüşdür. Daha sonra uşaq otağına keçmiş və oradan da 1 ədəd “Playstation 2” markalı oyun kompüterini və həmin kompüterə aid 1 ədəd avadanlığı (joystick) götürüb mətbəxə keçmişdir. O, mətbəxdə sellofan torba tapıb, həmin əşyaları torbaya qoymuşdur. Həmin vaxt mətbəxdə bir ədəd “Redmond” markalı multivarka olduğunu görmüş və multivarkanı da götürüb sellofan torbaya qoymuşdur. Həmin sellofan torba ilə evdən çıxmış və evdən çıxan zaman açarla yenə də, evin qapısının bağlamışdır. O, həmin saatları, oyun kompüterini və multivarkanı aparıb yaşadığı evdə otağına qoymuşdur ki, lazım olanda internet vasitəsi İlə aparıb satar. Bundan sonra 10 iyun 2021ci il tarixdə o, yenidən Oksananın evinə girib oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, həmin gün saat 15 radələrində yenidən Oksananın yaşadığı ünvana getmişdir. O, əvvəlcə qapını döyüb evdə heç kimin olmadığına əmin olduqdan sonra, üzərində olan açarla evin qapısını açaraq mənzilə daxil olmuşdur. O, evdə axtarış aparmağa başlamışdır. O, içəri girən kimi dəhlizdə hərbi çanta olduğunu görmüş və çantanı götürüb yataq otağına daxil olmuşdur. Yataq otağında dolabın üzərindən 1 ədəd “notebook” götürüb çantanın içərisinə qoymuşdur. Oradan çıxıb mətbəxə daxil olmuş, həmin vaxt mətbəx masasının üzərində olan 1 ədəd “Lenovo” markalı planşeti və 1 ədəd tosteri də götürüb çantanın içərisinə yerləşdirmişdir. Daha sonra çanta ilə evdən çıxmış və evdən çıxan zaman açarla yenə də, evin qapısının bağlamışdır. O, planşetı 35 manata, “notebooku” 50 manata, tosteri isə 20 manata “tap.az” saytı vasitəsi ilə tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulu isə şəxsi işlərinə xərcləmişdir. Təqsirləndirilən şəxs1 o, təxminən 10 ildir ki, tanımış və İqballa münasibəti həmişə yaxşı olmuşdur. İqballa o, saç ustası işləyən zaman tanış olmuşdur. 16 iyun 2021-ci il tarixdə o, şəxsi işləri ilə əlaqədar Nizami metrostansiyasının yanında olmuşdur. Həmin gün saat 14 radələrində İqbal ona zəng etmiş və onlar Nizami metrostansiyasının yaxınlığında görüşmüşlər. Bir müddət söhbət etdikdən sonra, İqbal gedib narkotik vasitə qəbul etməyi təklif etmişdir. Onlar birlikdə Əhmədli metrostansiyasının yaxınlığına getmişlər. Orada İqbala tanışı Oksananın evindən oğurluq etməyi təklif etmişdir. İqbal onunla razılaşmamış və onlar birlikdə Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 13 saylı binaya yaxınlaşmışlar. Onlar binanın blokuna daxil olub birinci mərtəbədə yerləşən sağ tərəfdə olan qapıya yaxınlaşmışlar. O, cibindən açar çıxarıb qapını açmışdır. Onlar mənzilə daxil olub, mətbəxə keçmişlər. Mətbəxdə divara dəmirlə bərkidilmiş vəziyyətdə “Samsung” markalı televizor olmuşdur. Həmin vaxt o, evi gəzərək televizoru açmaq üçün alət axtarmağa başlamış və evin eyvanından bir ədəd vintaçan və bir ədəd kəlbətin götürüb gətirmişdir. O, əvvəlcə özü açmağa başlamış, daha sonra o, kəlbətini və vintaçanı İqbala verib açmağa davam etməsini, özünün də çıxıb ev sahibinin gəlib-gəlmədiyini yoxlamaq üçün həyətə baxacağını demişdir. İqbalda kəlbətin və vintaçanı götürüb televizoru açmağa davam etmişdir. İqbal televizoru açıb yerindən çıxardaraq onu çağırmışdır. Daha sonra onlar birlikdə televizoru götürüb evdən çıxmışlar. Evdən çıxdıqdan sonra, onlar bir müddət gəzmiş və yoldan taksi sifariş verərək, birlikdə Nərimanov rayonu ərazisində yerləşən “Funda” klinikasının yaxınlığına getmişlər. Orada o, taksidən düşmüş və televizoru özü ilə götürüb bir qədər binaların həyətinə doğru getmişdir. Həmin vaxt o, televizoru yoldan təsadüfən keçən tanımadığı şəxsə 200 manata sataraq, yenidən İqbalın yanına qayıtmış və onlar oradan uzaqlaşıb çıxıb getmişlər. O, oğurladığı əşyaları satan zaman, həmin əşyaların özünə məxsus olmasını bildirmişdir. O, polis əməkdaşlarının onun axtardığını bildiyi zaman, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 13, mənzil 38 ünvanının qapısını açdığı açarı tullamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyanın tam ödənildiyini, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışdığını, onlara qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək, təqsirləndirilən şəxslərə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ünvan 3-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Özü və arvadı Oksana gün ərzində iş yerlərində olur, uşaqları isə idmana və məktəbə getdiyi üçün, yaşadıqları mənzildə çox vaxtlar heç kim olmamışdır. 16 iyun 2021-cı il tarixdə arvadı və uşaqlar qayınatasının evinə getmişlər. 17 iyun 2021-ci il tarixdə, saat 01 radələrində o, yaşadığı evə gedən zaman, evin qapısının açıq olduğunu görmüşdür. O, ailəsinin qapını bağlamadıqlarını fikirləşib evə daxil olmuşdur. Evə daxil olan zaman, mətbəxdə olan “Samsung” markalı televizorun yerində olmadığını görmüşdür. Həmin vaxt evdən oğurluq olduğunu başa düşmüşdür. O, dərhal evə baxmış və ona məlum olmuşdur ki, evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər mənzilə qapını açmaq yolu ilə qanunsuz daxil olaraq, evdən 1 ədəd dəyəri 600 manat olan “Samsung” markalı televizoru, 2 ədəd cəmi 400 manat dəyərində “Huaweı” markalı smart saatı, 1 ədəd 100 manat dəyərində hərbi çanta, 1 ədəd 500 manat dəyərində “Lenovo” markalı planşeti, 1 ədəd 400 manat dəyərində “notebook”u, 1 ədəd 300 manat dəyərində “Polaris” markalı multivarkanı və 1 ədəd 70 manat dəyərində tosterı oğurlamışlar. O, dərhal Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Daha sonra 34-cü Polis Şöbəsinin əməkdaşları gəlmiş və o, hadisə barədə ərizə yazaraq, izahat vermişdir. O, evindən 03 iyun 2021-ci il tarixdə və 10 iyun 2021-ci il tarixdə oğurluq olmasını bilməmişdir. 17 iyun 2021-ci il tarixdə mətbəxdə televizoru yerində görməyən zaman xəbəri olmuşdur. O, özü işi ilə əlaqədar uzun müddət evə gələ bilməmiş, ya da gec saatlarda gəlirmiş, buna görə də, arvadı Oksana da çox vaxt atasıgildə qalırmış. Həmçinin, evdən oğurlanmış digər əşyalar kiçik olduğundan buna fikir verməmişdir. Lakin, televizor oğurlandıqdan sonra digər əşyalarında oğurlandığını aşkar etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onların təqsiri etirafedici ifadələri ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli, 9/4816 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Çin istehsalı, “Amazfit Verge” markalı, A1811 modelli 1 ədəd qara rəngli, kəmərli qol saatı, üzərində “touch led” yazıları olan, 1 ədəd qara rəngli, kəmərli qol saatı, 2013-cü il istehsalı, “Polaris” markalı, PMC 0517AD modelli 1 ədəd multibişirici (multivarka), hərbi yaşıl rəngli, təxminən 30x50 sm ölçülü, çoxcibli, zəncirbəndlə açılıbbağlanan 1 ədəd çanta, Çin istehsalı, “Sony Playstation 2” markalı, SCPH-90004 modelli 1 ədəd oyun aparatı və qara rəngli 1 ədəd oyun pultunun istifadədə olması nəzərə alınmaqla, 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 336 manat müəyyən olunur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd “Amazfit Verge” markalı qol saatı, 01 ədəd “Touch led” markalı qol saatı, 01 ədəd “Polaris” markalı, “PMC 0517AD” modelli multibişirici, 01 ədəd hərbi çanta, 01 ədəd “Sony Playstation 2” markalı oyun aparatı və 01 ədəd oyun pultu sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibinə təhvil verilmişdir. Həmçinin, 16 iyun 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüsü köçürülmüş bir ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının 1839 saylı, 07 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzvi şəxsiyyət pozuntusu, kompensasiya vəziyyəti müəyyən edilir. Təqsirləndirilən şəxs1 müəyyən edilən üzvi mənşəli şəxsiyyət pozuntusu ona ittiham olunan əməl dövründə kompensasiya vəziyyətində olduğu üçün o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi mülicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 25 iyun 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs2 isə 28 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 25 iyun 2021-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 28 iyun 2021-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdırlar. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onların şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətdiyini, törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş maddi ziyanı tam ödəməsini və onda psixi pozuntunun olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətdiyini, törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş maddi ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Təqsirləndirilən şəxs1 25 iyun 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 isə 28 iyun 2021-ci il tarixdən halhazıradək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və onlar dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus bir ədəd “Amazfit Verge” markalı qol saatı, 01 ədəd “Touch led” markalı qol saatı, 01 ədəd “Polaris” markalı, “PMC 0517AD” modelli multibişirici, 01 ədəd hərbi çanta, 01 ədəd “Sony Playstation 2” markalı oyun aparatı və 01 ədəd oyun pultunun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - 16 iyun 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüsü köçürülmüş bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 151 (bir yüz əlli bir) gün həbsdə saxlanılma müddəti 302 (üç yüz iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum edilmiş Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 149 (bir yüz qırx doqquz) gün həbsdə saxlanılma müddəti 298 (iki yüz doxsan səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum edilmiş Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus bir ədəd “Amazfit Verge” markalı qol saatı, 01 ədəd “Touch led” markalı qol saatı, 01 ədəd “Polaris” markalı, “PMC 0517AD” modelli multibişirici, 01 ədəd hərbi çanta, 01 ədəd “Sony Playstation 2” markalı oyun aparatı və 01 ədəd oyun pultunun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - 16 iyun 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüsü köçürülmüş bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar