Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-412/2025 26.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1980-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək guya sonuncu üçün X1 ucuz qiymətə “Chevrolet Malibu” markalı avtomobil gətirəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 21 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 47 ünvanında onun idarə etdiyi istintaqla dövlət qeydiyyat nişanı müəyyən edilməyən “X4” markalı avtomobilin salonunda 14.000 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 14.000 (on dörd min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, onun zərərçəkmiş şəxsin əmlakını ələ keçirməklə dələduzluq etmək niyyəti olmayıb. O, Gürcüstan Respublikasında maşın tapmış, həmin maşının sahibi ilə Vəli danışmışdır. Sadəcə olaraq özünün başqa problemləri olduğu üçün verdiyi vədi yerinə yetirə bilməmişdir. Zərərçəkmiş şəxsdən aldığı pulu başqa işə yatırmış, həmin iş alınmadığı üçün hal-hazırda pulu qaytara bilmir. Həmin maşının alınması ilə əlaqadər olaraq 100 ABŞ dolları beh göndərmişdir. Azadlıqda olacağı təqdirdə zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyəcəkdir. Ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda, bir ilə yaxın Rusiya Federasiyasının Perm şəhərində yaşamış, ailəlidir, lakin övladı yoxdur, heç bir yerdə işləmir və əvvəllər məhkum olunmamışdır. 2007-ci ildən 2023-cü ilə qədər maşın alqı-satqısı ilə məşğul olaraq Almanya Respublikasından və Gürcüstan Respublikasından ölkəyə müxtəlif avtomobillər gətirərək satmış, 2019-cu ildən isə sosial şəbəkələr vasitəsilə satışa çıxarılmış müxtəlif növ avtomobilləri sifariş edən müştərilər üçün alıb Azərbaycan Respublikasına gətirərək satmışdır. Xətai rayonunda yerləşən "Grand Dental" xəstəxanasında diş həkimi işləyən Zərərçəkmiş şəxs ilə 2018-ci ildə tanış olmuş və onun xidmətindən istifadə edərək dişlərini müalicə etdirmiş, sonradan isə Vəli ilə yaxın münasibətləri yaranmış, söhbət zamanı Vəli maşın alqı-satqısı ilə məşğul olduğunu bilirək 2023-cü ilin oktyabr ayında əlaqə saxlayaraq özünə avtomobil almaq istədiyini və 19.000 manat pulu olduğunu bildirmiş. Vəliyə həmin məbləğə «Chevrolet Malibu» markalı avtomobil ala biləcəyini dedikdə razılaşdığı üçün satışa çıxarılan uyğun avtomobil axtarmağa başlamış, hətta tapmış olduğu avtomobillərin bir neçəsinin şəklini Vəliyə göndərsə də bəyənməmiş, sonra Vəliyə X1 "Chevrolet Malibu" markalı avtomobil gətizdirə biləcəyini deyərək 14.000 manat ilkin ödəniş etməli olduğunu və 5.000 manat isə avtomobilin gömrük rüsumunu ödədikdən sonra avtomobili Bakı şəhərinə gətirilib ona təhvil verə biləcəyini bildirmişdir. 2023-cü ilin oktyabr ayının ikinci yarısında Vəli ilə Xətai rayonu, Gəncə prospekti 47 ünvanında görüşərək tanışının satmaq üçün verdiyi "Mersedes Vita" markalı avtomobilin içində Vəlidən 14.000 manat almış və bir ay müddətində istədiyi avtomobilin Bakı şəhərində olacağını bildirmişdir. Bundan sonra sonra Vəlinin istədiyi avtomobili onlayn tapmış və poçt vasitəsilə 100 manat beh göndərmiş, lakin həmin avtomobili almamış, Vəlidən aldığı 14.000 manatı isə problemləri olduğu üçün xərcləmiş, bir müddət sonra isə tanışı Rusiya Federasiyasının Perm şəhərində yerləşən avtoservisdə işləməyə dəvət etdiyindən Rusiyaya getmiş və Vəlidən aldığı pulu avtoservisdə işləyib qaytaracağını fikirləşmiş, ancaq orada problemləri yarandığı üçün Zərərçəkmiş şəxs 14.000 manatını düzəldib qaytara bilməmişdir.(i.v 192-193) Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclas zalında bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxsin ifadəsində onu maşın sahibi ilə danışdırmağı 2-ci maşın ilə əlaqədardır. Belə ki, təqsirləndirilən şəxs ilkin olaraq maşın söhbətinin alınmadıqdan sonra təkrar maşın tapmağa çalışmış, həmin maşının sahibi də, ona bildirmişdir ki, Rəmzi maşının pulunu göndərəcəyi təqdirdə ona maşını göndərə bilər. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona vurulmuş zərər ödənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid məhkəmə iclasına gəlməmiş, həmin şahidin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Belə ki, Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində sadəcə olaraq Zərərçəkmiş şəxs eşitdiklərini ifadəsində bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu Asəf Zeynallı 61 ünvanında qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsi, Çernyaxovski küçəsi ev 22-də yaşayır, evlidir, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs ilə 8 ildir qohumdur və Vəli qaynıdır, onunla münasibətləri yaxındır, Vəli diş həkimi olmaqla Xətai rayonu, Gəncə prospekti 47 ünvanında yerləşən « Grand Dental» klinikasında işləmiş, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, qaynı Vəlidən eşitdiyinə görə Təqsirləndirilən şəxs xəstəsi olmuş və sonradan aralarında yaxın münasibət yaranmış, Rəmzi özünü Vəliyə avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim etmiş, Gürcüstandan, Avropadan və X1 maşın gətirməsini bildirmiş, 2023-cü ilin oktaybr ayının əvvəllərində qaynı Vəli özünə avtomobil almaq istədikdə Təqsirləndirilən şəxslə məsləhətləşmiş və Ramzi istədiyi avtomobili Amerikadan ucuz qiymətə gətirə biləcəyini demiş, sonradan qaynı X2 «Chevrolet Malibu» markalı avtomobil gətirməsi üçün işlədiyi klinikanın qarşısında Rəmzinin maşınında təklikdə 14.000 manat verməsini eşitmiş, danışığa görə maşın gəldikdən sonra Vəli 5.000 manat da gömrük rüsumu ödəməli olmuş, Rəmzi pulu aldıqdan sonra bir ay müddətində maşını gətirib təhvil verəcəyini söz versə də hər dəfə müxtəlif bəhanələrlə Vəlini aldatmış, sonra isə Rusiyaya qaçıb getmişdir. Qaynı Zərərçəkmiş şəxs 14.000 manatı Rəmziyə verərəkən yanında olmasa da bu barədə sonradan bildirmiş və bir neçə dəfə yanında Rəmzi ilə telefonda danışmış, 6-7 ay sonra isə qaynı Vəli maşının gəlmədiyini görüb Rəmzidən pulunu tələb etməyə başlamış, ancaq Rəmzi pulu qaytaracağına söz versə də telefonunu söndürüb gizlənmiş və müxtəlif bəhanələr gətirərək vaxtı uzatmış, sonda isə Rəmzi qaçıb Rusiya Federasiyasına getmiş, ona görə Vəli polisə müraciət etmək qərarına gəlmişdir.(i.v 122-124) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 oktyabr 2024-cü il tarixli cinayət işi başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə ünvanlanmış 23 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Rəmzi adlı şəxs ABŞ-dan “Chevrolet Malibu” markalı avtomobil gətirmək adı ilə onun 14.000 manat pulunu almış, lakin avtomobili gətirib çıxarmamışdır.(i.v 5) Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatlarından görünür ki, xx.xx.2024-cü il tarixində, saat 14:59:28-də Azərbaycan Respublikasının ərazi hüdudlarını tərk edərək Rusiya Federasiyasının Perm şəhərinə getmişdir.(i.v 11) 24 oktyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 28) 24 oktyabr 2024-cü il tarixli məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrənin «Watsapp» proqramı vasitəsilə qeydə alınmış mesajlar, səs yazıları, avtomobil şəkilləri və 04 ədəd video olması aşkar olundu. Həmin mesajalara baxış keçirildikdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında X1 "Chevrolet Malibu" markalı avtomobil gətirilməsi, pulun verilməsi barədə mesajlar, səslər, şəkillər və "Chevrolet Malibu" markalı avtomobilin videogörüntüləri müəyyən edildi (i.v 42) 06 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.( i.v 125) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu andan hesablanması qərara alınmışdır.(i.v 140-144) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir.(i.v 145) Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Rusiya Federasiyası Perm şəhərində tutularaq xx.xx.2025-ci il tarixində Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.(i.v 164) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2025-ci il tarixədək uzadılmışdır.(i.v 203-204) 23 iyul 2025-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində Xətai rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs Ramzan oğlu ilə aralarında olan «Watsapp» mesajları, səs yazıları, fotoşəkillər və videolar olan olan 01 "CD" disk maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı nəzərə alınması, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədiyi nəzərə alınması, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halların müəyyən edilmədiyi nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs Ramzan oğlu ilə aralarında olan “Watsapp” mesajları, səs yazıları, fotoşəkillər və videolar olan olan 01 "CD" disk və həmin diskə baxış keçirilməsi protokolu işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v 205-211) Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmiş və tərəflər arasında yaranan münasibətlərin məhz mülki xarakter daşımasına dair təqsirləndirlərin şəxsin istinad etdiyi hallar iş üzrə toplanmış sübutlarla təkzib olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsdən pulu alarkən niyyətinin dələduzluq olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü cinayət məsuliyyətindən kənarda qoymaq niyyətinə dəlalət edir. Belə ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirmiş olduğu pul vəsaitlərinin maşın alınması üçün xərclənməsi müəyyən edilməmişdir. Həmçinin təqsirləndirilən şəxs özü məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində həmin pulu başqa işə xərcləməsini qeyd etmiş, bu xüsusat təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs pulu almamışdan qabaq ona verdiyi vədə əməl etməməsinə dəlaət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut- Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan “Whatsapp” mesajları, səs yazıları, fotoşəkillər və videolar olan 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 24 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan “Whatsapp” mesajları, səs yazıları, fotoşəkillər və videolar olan 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın Təqsirləndirilən şəxs 20 (iyirmi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-412/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-412/2025
26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver