Məhkəmə qərarları › İş №1(011)-413/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-413/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-413/2021 16.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 qzının və Müdafiəçi2 iştirakları ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə və xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, M.Topçubaşov adına X2 mühafizəçi işləyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3rəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qanunsuz gəlir əldə etmək məqsədi ilə 05.10.2020-ci il tarixdə saat 13-14 radələrində ünvan 4 ünvanında fəaliyyət göstərən "535" adlı çay evində Zığ Bələdiyyəsi tərəfindən verilmiş istintaqa məlum olmayan 2005-ci il dövrə aid sənəddə olan möhürün və bələdiyyə sədrinin imzasının əksini əvvəlcədən qeyd olunan məqsəd üçün əldə etdikləri rəngli printer vasitəsi ilə əvvəlcədən hazırladıqları Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin 24.08.2005-ci il tarixli onun adına Zığ qəsəbəsinin şimal hissəsində fərdi ev tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılmasına dair 83 nömrəli sənəncamına köçürməklə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırladıqdan sonra dövlət mülkiyyətində olan qeyd olunan torpaq sahəsini qabacaqdan əlbir olan bir qrup şəxs halında başqasının xeyli miqdarda pulunu ələ keçirtmək məqsədi ilə www.tap.az saytına razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 mülkiyyətində olan torpaq sahəsi kimi təqdim edərək satışa çıxartmış, elanda görüb, sonradan həmin torpaq sahəsinə baxıb almaq qərarına gəlmiş Zərərçəkmiş şəxs qanunsuz hazırladıqları bilə-bilə hüquq verən saxta sənəddən istifadə etməklə aldadaraq torpaq sahəsinin Təqsirləndirilən şəxs2 məxsus olduğuna inandırıb xeyli miqdarda pulunu ələ keçirtmək məqsədi ilə 10.11.2020-ci il tarixdə ünvan 5 ünvanda yerləşən 18 saylı notarial ofisində həmin torpaq sahəsini sonuncuya satacağını vəd edib 15.000 (on beş min) manat pulunu dələduzluq yolu ilə talamış, yəni bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, bilə-bilə hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmiş, aldatma yolu xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən başqasının əmlakını ələ keçirtməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabacaqdan əlbir olan bir qrup şəxs halında qanunsuz gəlir əldə etmək məqsədi ilə 05.10.2020-ci il tarixdə saat 13-14 radələrində ünvan 4 ünvanında fəaliyyət göstərən "535" adlı çay evində Zığ Bələdiyyəsi tərəfindən verilmiş istintaqa məlum olmayan 2005-ci il dövrə aid sənəddə olan möhürün və bələdiyyə sədrinin imzasının əksini əvvəlcədən qeyd olunan məqsəd üçün əldə etdikləri rəngli printer vasitəsi əvvəlcədən hazırladıqları Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin 24.08.2005-ci il tarixli onun adına Zığ qəsəbəsinin şimal hissəsində fərdi ev tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılmasına dair 83 nömrəli sərəncamına köçürməklə bilə-bilə hüquq verən rəsmi sənəndi istifadə etmək məqsədi ilə qanunsuz hazırladıqdan sonra dövlət mülkiyyətində olan qeyd olunan torpaq sahəsini qabaqcaqdan əlbir olan bir qrup şəxs halında başqasının xeyli miqdarda pulunu ələ keçirtmək məqsədi ilə www.tap.az saytına razılaşdıqları kimi onun mülkiyyətində olan torpaq sahəsi kimi təqdim edərək satışa çıxartmış, elanda görüb, sonradan həmin torpaq sahəsinə baxıb almaq qərarına gəlmiş Zərərçəkmiş şəxs qanunsuz hazırladıqları bilə-bilə hüquq verən saxta sənəddən istifadə etməklə aldadaraq torpaq sahəsinin ona məxsus olduğuna inandırıb xeyli miqdarda pulunu ələ keçirtmək məqsədi ilə 10.11.2020-ci il tarixdə ünvan 5 ünvanda yerləşən 18 notarial ofisində həmin torpaq sahəsini sonuncuya satacağını vəd edib 15.000 (on beş min) manat pulunu dələduzluq yolu ilə talamış, yəni bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, bilə-bilə hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmiş, aldatma yolu xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən başqasının əmlakını ələ keçirtməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilib törətmiş olduğu cinayətləri etiraf edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 2020ci ilin iyun-iyul aylarından tanımışdır. Birlikdə işləyərək elektron əşyaların satışını həyata keçirirmişlər. 2020-ci ilin təxminən oktyabr ayında Samirlə söhbət edərkən pulları olmadığı üçün qərara gəlmişlər ki, torpaq sahəsi tapıb, həmin torpaq sahəsinə sənəd düzəldib satsınlar və əldə etdikləri gəliri birlikdə bölsünlər. Zığ qəsəbəsində yaşadığı üçün həmin ərazidə sahibsiz boş torpaq sahəsi tapmışdır. Bundan sonra Samirlə birlikdə internet üzərində satışa qoyulmuş rəngli printeri almışlar və həmin printer vasitəsilə Zığ bələdiyyəsinin sədri tərəfindən verilmiş köhnə sənəddəki imzanı və möhürü saxtalaşdırmaq yolu ilə Samirin adına torpaq sahəsi ayrılması haqqında Zığ bələdiyyəsi sədrinin adından saxta sənəd tərtib etmişdirlər. Daha sonra torpaq sahəsini internet üzərindən satışa qoymuşdur. Satışa qoyulduqdan 1-2 həftə sonra Mirrəşad adlı müştəri torpaq sahəsini almaq istədiyini bildirmişdir. 10.11.2020-ci il tarixdə Mirrəşadın qayınatası, o və Samir torpaq sahəsinə getmişlər, orada torpaq sahəsinin ərazi hüdudlarını mıxça vurmaqla müəyyən edərək Mirrəşadın qayınatasına göstərmişlər. Torpağın ərazi hüdudları müəyyən olunduqdan sonra birlikdə alqı-satqı üçün 18 saylı Notariat ofisinə getmişlər. Alqı-satqı baş tutduqdan sonra onlar oradan ayrılmışlar və əldə etdikləri pulun 4500 manatı Samirdə, 4500 manatı onda qalmış, qalan pulu isə ortaq borclara vermişlər. Bir müddət sonra Mirrəşad sənədlərin saxta olduğunu bildirib torpağı qaytarmaq istədiyini demişdir. Lakin pulu xərclədiyi üçün qaytara bilməmişdir. 24 avqust 2005-ci il tarixli, 83 nömrəli Bakı şəhəri Suraxanı rayonu X3nın və Təqsirləndirilən şəxs2 adına verilmiş 600 kv.m torpaq sahəsinin cizgisinin üzərində olan möhür əksini rəngli printer vasitəsilə orijinal sənəd üzərindəki möhür əksinin köçürülməsi yolu ilə saxtalaşdırmışlar, qeyd olunan sərəncam və torpaq sahəsinin cizgisinin üzərindəki imzaları orijinal sənədin üzərinə surətçıxaran kağız qoymaqla öz xətti ilə çəkmişdir. Eyni zamanda sərəncamın əlyazma mətni və sərəncama əlavə edilmiş sxemin əlyazma mətni onun tərəfindən icra edilmişdir. Daha sonra əməlindən peşman olduğunu,səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini,onunla barışmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib törətmiş olduğu cinayəti etiraf edərək ifadəsində göstərmişdir ki, Rasimi təxminən 2020-ci ilin iyun-iyul aylarından tanımışdır. Rasimlə birlikdə işlənmiş elektron əşyaların satışını həyata keçirirmişlər. O və Rasim 2020-ci ilin təxminən oktyabr ayında birlikdə söhbət edən zaman heç birinin pulu olmadığı üçün qərara gəlmişlər ki, torpaq sahəsi taparaq özləri həmin torpaq sahəsini sənədlərini düzəldib satsınlar və gəlir əldə edib həmin gəliri birlikdə bölsünlər. Rasim Zığ qəsəbəsində yaşadığı üçün boş torpaq sahəsini tapmışdır. Bundan sonra Rasim ona demişdir ki, ofisdə müştərilərdən kiminsə gətirib qoyduğu Zığ bələdiyyəsi tərəfindən verilmiş rəsmi sənəd var və həmin sənədin üzərində Zığ bələdiyyəsinin sədrinin imzası və möhürü var. Həmin sənədi çıxartmaq üçün onlara rəngli printer lazım olduğu üçün internet üzərindən rəngli printer satışını həyata keçirən tanımadıqları şəxsdən printeri almışlar. 2020-ci ilin oktyabr ayının əvvəllərində, təxminən 05.10.2020-ci il tarixdə saat 13-14 radələrində onlar birlikdə Nərimanov rayonu ərazisində yerləşən 535 adlı çay evinə gəlmişlər. Çay evinə gələndə həmin printeri Rasimlə birlikdə gətirmişlər. Rasim özü ilə Zığ bələdiyyəsi tərəfindən verilmiş nömrəsi, tarixi, kimin adına olmasını xatırlamadığı bir sənədi də gətirmişdir. Bundan başqa Rasim özü ilə onun adına Zığ bələdiyyəsi tərəfindən torpaq ayrılmasına dair sərəncam da yazıb gətirmişdir. Həmin sərəncam imzasız və möhürsüz imiş. Birlikdə çay evində olan zaman Rasim printer vasitəsi ilə köhnə sənəddə olan möhürün əksini və sədrin imzasını möhürsüz və imzasız olan onun adına torpaq ayrılmasına dair Bələdiyyə Sədrinin sərəncamı olan kağız üzərinə printerdən surətini çıxartmışdır. Bundan başqa torpaq sahəsinin sxemini də həmin printer vasitəsi ilə möhür əks olunmuşdur. Sxem Rasim tərəfindən çəkilmiş və üzərində Rasim tərəfindən sxemdə olan sözlər yazılmışdır. Sənəd çıxarılmamışdan əvvəl torpaq sahəsinə gedib baxmışlar. Onlar torpaq sahəsinin saxta sənədlərini hazırladıqdan sonra Rasim torpağı internet üzərindən satışa qoymuşdur. Satışa qoyduqdan bir iki həftə sonra həmin torpaq sahəsinə Mirrəşad adlı müştəri çıxmış və torpaq sahəsini almaq istədiyini demişdir. Onlar Mirrəşadla 15000 manata razılaşmışlar. Torpaq sahəsinin saxta üsulla hazırladıqları sənədlərini Mirrəşada göstərmişlər. Mirrəşad sənədlərin arxivini yoxlatdıracağını demişdir. Alqısatqıya qədər o və Rasim Mirrəşadın alqı-satqıya gəlməsi üçün sənədlərin arxiv sənədlərinin onlarda olduğunu yalandan demişlər. 10.11.2021-ci il tarixdə Mirrəşadın qayınatası, o və Rasim torpaq sahəsinə getmişlər, orada torpaq sahəsinin ərazi hüdudlarını Rasim mıxça vurmaqla müəyyən edib Mirrəşadın qayınatasına göstərmişdir. Torpağın ərazi hüdudları müəyyən olunduqdan sonra birlikdə alqı-satqı üçün 18 saylı notarial ofisinə getmişlər. 15000 manat pulu o, Mirrəşadın qayınatasından 18 saylı notariusun inzibati binasının içərisində almışdır. Bundan sonra onlar oradan çıxıb getmişlər. Oradan ayrıldıqdan sonra əldə etdikləri pulun 4500 manatı onda qalmış, qalan pul isə Rasimdə qalmışdır. Bir müddət sonra Mirrəşad sənədlərin saxta olduğunu bildirib torpağı qaytarmaq istədiyini demişdir. Lakin pulu xərclədiyi üçün pulu qaytara bilməmişdir.Qeyd olunan 24 avqust 2005-ci il tarixli, 83 nömrəli Bakı şəhəri Suraxanı rayonu X3nın və onun adına verilmiş 600 kv.m torpaq sahəsinin cizgisinin üzərində olan möhür əksini Təqsirləndirilən şəxs1 rəngli printer vasitəsilə orijinal sənəd üzərindəki möhür əksinin köçürülməsi yolu ilə çıxartmış, qeyd olunan sərəncam və torpaq sahəsinin cizgisinin üzərindəki imzaları orijinal sənədin üzərinə surətçıxaran kağız qoymaqla öz xətti ilə çəkmişdir. Eyni zamanda sərəncamın əlyazma mətni və sərəncama əlavə edilmiş sxemin əlyazma mətni Təqsirləndirilən şəxs1 tərəfindən icra edilmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənilməsini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birgə yaşayır. 2020-ci ilin noyabr ayının əvvəllərində o, “www.tap.az” saytından Bakı şəhəri, Zığ qəsəbəsinin şimal hissəsində 6 sot torpaq sahəsinin 15.000 manata satılması elanını görüb orada qeyd olunmuş Rasim adlı şəxsin ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq torpaq barədə maraqlanmış, elanı yerləşdirən Rasim ona torpaq sahəsinin sənədlərinin qaydasında olduğunu bildirmişdir. O, torpağın sənədlərinin qaydasında olduğunu Rasimdən soruşduqdan sonra həmin gün, qaynatası Şahid2la birgə torpaq sahəsinin yerləşdiyi yerə getmiş, orada onları Rasim qarşılamış və torpaq sahəsini göstərdikdən sonra torpağın mükiyyətçisinin Təqsirləndirilən şəxs2 Sərxan oğlu olduğunu bildirmişdir. Rasim özünün vasitəçi olduğunu demişdir. Növbəti bir neçə gündən sonra o, qaynatası Rəhim və vasitəçi Rasimlə birgə yenidən torpaq sahəsinin olduğu yerdə mülkiyyətçisi Təqsirləndirilən şəxs2la görüşmüş, görüş vaxtı sonuncu Zığ qəsəbə bələdiyyəsinin 24.08.2005-ci il tarixli 23 nömrəli yaşayış evinin tikintisi üçün torpaq ayrılması sərəncamını və sahənin bələdiyyə tərəfindən təsdiq olunmuş sxemini təqdim etmişdir. Təqdim olunan sənədlərin əslləri olmaqla, üzərinə möhürü və imzası olmuşdur. Buna görə də o, Təqsirləndirilən şəxs2 və Rasim adlı şəxlə inanmış, lakin qaynatası Rəhim sənədlərin həqiqi olub-olmamasını müəyyən etməkdən ötrü həmin gün Zığ bələdiyyəsinə gedərək, Rasimin qardaşı, bələdiyyə sədrinin müavini Mehrab adlı şəxslə görüşüb təklif olunan torpaq sahəsinin həqiqətən də Təqsirləndirilən şəxs2 məxsus olub-olmaması barədə maraqlanmışdır. Mehrab isə bildirmişdir ki, torpağın arxiv sənədlərini yoxlamaq üçün mülkiyyətçi Təqsirləndirilən şəxs2 ərizə ilə bələdiyəyə müraciət etməlidir. Samir danışıq zamanı torpağa dair arxiv sənədlərini alacağını söz vermişdir. Bundan sonra o, həyat yoldaşı Telli və qaynatası Rəhimlə birgə torpağa dair alqı-satqını rəsmiləşdirmək üçün Əhmədli qəsəbəsində fəaliyyət göstərən 18 nömrəli notariusa getmiş, orada Samir özü üçün ayrılmış torpaq sahəsini 15.000 manata həyat yoldaşı Telliyə satması barədə ərizə yazmış, notarius da həmin ərizəni təsdiq etmişdir. Daha sonra qaynatası Rəhim Samirə verdiyi 15.000 manat pulu sayaraq sonuncuya vermişdir. Sənədləşmə arvadının adına olsa da onun prosesdən heç bir xəbəri olmamış, pul onun olmuşdur. Qayınatası Rəhim pulu Samirə notarisun yerləşdiyi inzibati binanın yanında vermişdir. O, həmin günü Rasimin istifadəsində olan mobil nömərəyə zəng edərək torpağa dair arxiv sənədlərini tələb etmiş, sonuncu da sənədlərin onda olduğunu bildirərək tezliklə verəcəyinə söz vermişdir. Bundan bir neçə gün sonra o, Suraxanı Rayon İcra Hakimiyyətinə gedərək adını xatırlamadığı əməkdaş ilə görüşmüş və aldığı torpaq sahəsində tikinti işləri aparmaq istədiyini bildirmişdir. İcra Hakimiyyətinin əməkdaşı da ona qeyd olunan torpaq sahəsinin örüş sahəsi olduğunu, orada tikinti işləri aparmağın qadağan olduğunu və təqdim olunan sənədlərin saxta olduğunu bildirmişdir. Bu sözlərdən sonra o, Rasimlə əlaqə saxlamış, sonuncu da problemi tezliklə həll edəcəyinə söz vermişdir.Lakin Rasim və Samir dəfələrlə ona pulu geri qaytaracaqlarına söz versələr də, vədlərinə əməl etməmişdirlər. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Bəhram oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qum adası, ev 72-də ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin noyabr ayının əvvəllərində qızı Telli Muradzadənin əri Zərərçəkmiş şəxs internet vasitəsi ilə Bakı şəhəri, Zığ qəsəbəsinin şimal hissəsində 6 sot torpaq sahəsinin 15.000 manata satılması barədə ona məlumat vermiş, həmin gün də o, sonuncu ilə birgə torpaq sahəsinin yerləşdiyi ünvana getmişdir. Orada onları elanı internetə yerləşdirib nömrəsini qoymuş Rasim qarşılamış və torpaq sahəsini göstərdikdən sonra torpağın mükiyyətçisinin Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Rasim ona və Mirrəşada torpağın sənədləri olduğunu demiş, həmçinin sənədin surətini də göstərmişdir. Növbəti bir neçə gündən sonra onlar vasitəçi Rasimlə birgə yenidən torpaq sahəsinin olduğu yerdə mülkiyyətçisi Təqsirləndirilən şəxs2la görüşmüş, görüş vaxtı sonuncu Zığ qəsəbə bələdiyyəsinin 24.08.2005-ci il tarixli 23 nömrəli yaşayış evinin tikintisi üçün torpaq ayrılması sərəncamını və sahənin bələdiyyə tərəfindən təsdiq olunmuş sxemini təqdim etmişdir. Təqdim olunan sənədlərin əslləri olmaqla, üzərində möhürü və Bələdiyyə sədrinin imzası olmuşdur. Buna görə onlar Təqsirləndirilən şəxs2 və Rasim adlı şəxə inanmışdırlar. Lakin o, sənədlərin həqiqi olub-olmamasını müəyyən etməkdən ötrü həmin gün Rasimlə birgə Zığ bələdiyyəsinə gedərək, Rasimin qardaşı, bələdiyyə sədrinin müavini Mehrab adlı şəxslə görüşüb təklif olunan torpaq sahəsinin həqiqətən də Təqsirləndirilən şəxs2 məxsus olub-olmaması barədə maraqlanmışdır. Mehrab torpağın arxiv sənədlərini yoxlamaq üçün mülkiyyətçi Təqsirləndirilən şəxs2 ərizə ilə bələdiyəyə müraciət etməli olduğunu bildirmişdir. Mirrəşad sənədləşdirməyə gələ bilmədiyindən Samirə vermək üçün 15.000 manat pulu ona vermişdir. Həmin günü Rasim onla və Mirrəşadla əlaqə saxlayaraq Samirin torpağa dair arxiv sənədlərini Bələdiyyədən aldığını bildirmişdir. Daha sonra torpağa dair alqı-satqını rəsmiləşdirmək üçün onlar Əhmədli qəsəbəsində fəaliyyət göstərən 18 nömrəli notariusa getmiş, orada Təqsirləndirilən şəxs2 özünə ayrılmış torpaq sahəsini 15.000 manata qızı Telli Muradzadəyə satması barədə ərizə yazmış, notarius da həmin ərizəni təsdiq etmişdir. Sonra o, kürəkəni Mirrəşaddan aldığı 15.000 manat pulu qızı və Rasimin yanında Samirə vermişdir. Həmin gün Mirrəşad Rasimin istifadəsində olan mobil nömərəyə zəng edərək torpağa dair arxiv sənədlərini tələb etmiş, sonuncu da sənədlərin onda olduğunu bildirərək tezliklə onları verəcəyinə söz vermişdir. Bundan bir neçə gün sonra Mirrəşad Suraxanı Rayon İcra Hakimiyyətinə gedərək İcra Hakimiyyətinin əməkdaşı ilə görüşmüş və aldığı torpaq sahəsində tikinti işləri aparmaq istədiyini bildirmiş və öyrənmişdir ki, qeyd olunan torpaq sahəsi örüş sahəsidir, orada tikinti işləri aparmaq olmaz, təqdim olunan sənədlər də saxtadır. Rasim və Samir dəfələrlə pulu geri qaytaracaqlarına söz versələr də, vədlərinə əməl etməmişdirlər. Sənədləşmə qızı Tellinin adına olsa da pul Mirrəşadın olmuş, sonuncu sadəcə işdən çıxa bilmədiyi üçün qızının adına sənədləşdirmə aparılmış və pulu da o, kürəkəni Rasimdən alıb Samirə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, Zığ bələdiyyəsində 2015-ci ilin yanvar ayından Bələdiyyənin üzvi kimi, bələdiyyə sədrinin müavini vəzifəsində isə 2020-ci ilin fevral ayından işləmişdir. Hazırkı bələdiyyə sədri Emil Quliyev həmin bələdiyyədə 18.02.2020-ci il tarixdən sədr vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 doğma qardaşı olmuş, sonuncu, Zığ qəsəbəsi ərazisində əmlak alqı-satqısı ilə məşğul olmuşdur. O, Zərərçəkmiş şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində tanımış, belə ki, sonuncu ona müraciət edərək qardaşı Təqsirləndirilən şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs2 Zığ qəsəbəsi ərazisində 6 sot torpaq sahəsi aldığını, lakin sonradan həmin torpaq sahəsində tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə məlumat vermişdir. O da Zərərçəkmiş şəxs qardaşının hər hansı qanunsuz əməli varsa bu barədə hüquq mühafizə orqanlarına müraciət edə biləcəyini bildirmişdir. O, satılmış torpaq sahəsində olmamış, həmin torpaq sahəsinin nə vaxt və hansı qaydada satılması haqda heç bir məlumatı olmamışdır. Şahid2 adlı şəxs onunla görüşərkən, o, sonuncuya torpaq sahəsinə aid sənədlərin şübhəli olduğunu bildirmiş və rəsmi olaraq arxivdən onun kötüyünü götürmək üçün mülkiyyətçinin müraciət etməli olduğunu söyləmişdir. Bir müddət sonra Rasimlə Samirin torpaq sənədinin saxtalaşdırdıqlarını və saxta sənədlə Zərərçəkmiş şəxs satdıqlarını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2005-ci il tarixdən 2010-cu il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri vəzifəsində işləmiş, işlədiyi müddətdə Bələdiyyənin 2 möhrü olmuş, birinci möhür o sədr seçiləndə Bələdiyyədə o, seçilməzdən əvvəl mövcud olmuş möhür olmuşdur. Həmin möhür rəsmi qaydada 2006-cı il tarixdə dəyişdirilmiş, 2006-cı il tarixdə möhür dəyişdirildikdən sonra o, sədr işlədiyi müddətdə ikinci möhürlə işləmişdir. 24.08.2005-ci il tarixli 83 nömrəli X1 tərəfindən verilməmiş, sənəddə qeyd olunan imza onun imzası olmamışdır.O, həmin sənədin saxta olduğunu bildirmişdir. 2005-ci il tarixdə mövcud olmuş dairəvi möhür sıradan çıxdığı üçün onun tərəfindən “X6” məktubla müraciət edilmiş, həmin möhür qeyd olunan firmaya təhvil verilmiş və orada məhv edilmişdir. Həmin firma da 2006cı il traixdə Zığ bələdiyyəsinə yeni möhür vermişdir. 24.08.2005-ci il tarixli 83 nömrəli X3 və sərəncamda qeyd olunan torpaq sahəsinə dair sxemdəki imza və möhür onun tərəfindən icra edilməmiş, eləcə də qeyd olunan möhürü həmin sərəncama və sxemə o vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2la 2006-cı il tarixdə ailə həyatı qurmuş, nikahlarından 3 övladları var. Təqsirləndirilən şəxs2 Topçubaşov adına xəstəxanada mühafizəçi işləyirmiş. Təqsirləndirilən şəxs2 Suraxanı rayon prokurorluğu tərəfindən tutulduqdan sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 saxta sənədlərlə Mirrəşad adlı şəxsə torpaq satıb 15000 manat pulunu almışlar. Təqsirləndirilən şəxs2 torpaq satmasından onun xəbəri olmamışdır.Rasimi bir-iki dəfə onların evlərinin həyətində samirlə söhbət edən zaman görmüşdür. Rasimin Samirlə hansı münasibətdə olduğunu, aralarında nə kimi münasibətlərin olmasından xəbəri olmamışdır. Hadisədən bir müddət əvvəl Samir evlərinə gəldikdə əlində köhnə printer olmuşdur.Bir müddət sonra evi yır-yığış edən zaman toz-torpaq basmış printeri görmüşdür. O, həmin printeri lazımsış əşya kimi zibilliyə atmışdır. Lakin, həmin printeri haradan almaqları, nə üçün almaqları və sair barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsi elan edilərək tədqiq edilmişdir.Şahid istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında ailəsilə birgə yaşayır. O, 2017-ci ilin yanvar ayından hazırkı vaxtadək Zığ Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs1 Zığ Bələdiyyəsinin sədr müavini Mehrabın qardaşı kimi 2-3 ildir ki, tanımışdır. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində o, bədəliyyə vergisi ilə bağlı Zığ qəsəbəsində, H.Allahverdiyev küçəsində yerləşən evlərə yaxınlaşıb qeydiyyata düşməyən vətəndaşları qeydiyyata düşməsi üçün bələdiyyə dəvət etmişdir. Mehman H.Allahverdiyev küçəsində evlərdə vətəndaşlara məlumat verən vaxtı Mehrabın qardaşı Rasimi yaxınlıqdakı boş ərazidə bir neçə nəfərlə dayandığını görmüş, Rasim onu yanına çağırmışdır. O, Rasimdən nəyə görə burada olduqlarını soruşmuş, sonuncu ona yanında olan ağ saçlı olan orta boylu oğlanı göstərərək həmin torpaq sahəsinin özünə məxsus olduğunu, satdığını bildirmişdir. Bundan sonra o, xeyir-dua vermiş və oradan uzaqlaşmışdır. Onun Rasimin və yanındakı ağ saçlı oğlanın həmin torpaq sahəsini kimə, nəyə görə neçəyə satmasından xəbəri olmamış və həmin torpaq sahəsinin Bələdiyyənin və ya dövlətin balansında olmasından, torpağın hansı növ sənədinin olmasından xəbəri olmamışdır. Rasim həmin torpaq sahəsinin hüdudlarını müəyyən edərkən ondan nə isə kömək istəməmiş, torpaq sahəsinin hüdudlarının müəyyən edilməsində iştirak etməmişdir. O, orada olan zaman torpaq sahəsinin düzləndiyini görmüş, amma hər hansısa şəxsin nə isə etdiyini görməmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsi elan edilərək tədqiq edilmiş, istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2002-ci ildən Ədliyyə orqanlarında xidmət etməklə, 2009-cu ilin yanvar ayından etibarən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 11-də yerləşən 18 saylı Notariat ofisinin notariusu kimi çalışır. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şimal hissəsində yerləşən 600 kv.m torpaq sahəsinə sərəncam verməyi və orada tikinti işləri aparmağı özündə ehtiva edən, Təqsirləndirilən şəxs2 tərəfindən X5 verilmiş, Bakı şəhər 18 saylı Notariat ofisində tərtib edilmiş, 10 noyabr 2020-ci il tarixli, 178842 nömrəli Etibarnamə üzrə notarial hərəkətlər onun özü tərəfindən aparılmışdır. Etibanamədəki imza və möhür ona məxsusdur. Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş 24.08.2005-ci il tarixli Torpaq sahəsinin ayrılması haqqında sərəncam əsasında 10.11.2020-ci il tarixli Etibarnaməni təsdiq etmiş, həmin sənədin saxta olub-olmamasını yoxlamaq üçün texniki imkan olmadığından təqdim edilmiş sənədin həqiqiliyi ehtimal edilərək etibarnamə təsdiq edilmişdir. Etibarnamənin təsdiq edilməsi üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Əlbəndə oğlundan 1500 və ya 1600 manat məbləğində pul alması ilə bağlı sonuncuların ifadələrində göstərdikləri xüsusatların tamamilə yalan olduğunu, nə Təqsirləndirilən şəxs2, nə də Təqsirləndirilən şəxs1 heç bir formada pul istəmədiyini və almadığını, lakin onların hər ikisinin notarial hərəkətlərinin icrası məqsədilə 18 saylı Notariat ofisində onun kabinetində olduğunu qeyd etmişdir. Elan edilmiş ifadələr ziddiyət təşkil etməmiş və işin yuxarıda sadalanan xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarında olan 10 aprel 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında fəaliyyət göstərən “535” adlı çay evinə daxil olduqda solda yerləşən otaqda saxta sənədi Təqsirləndirilən şəxs2la birlikdə əvvəlcədən sənədi hazırlamaq üçün aldıqları rəngli printer vasitəsilə özündə olan sənəddəki möhür əksini saxta sənədə printer vasitəsilə köçürməklə hazırladığını bildirmişdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli 23 nömrəli Bakı şəhəri Suraxanı Rayonu Zığ Bələdiyyəsinin sədri Emin Quliyevin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 adına Zığ Bələdiyyəsinin 24.08.2005-ci il tarixli 23 nömrəli sərəncamı ilə torpaq sahəsi ayrılmamış və heç bir sənədləşdirmə işləri aparılmamışdır. Sözügüdən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir (cild 1, iş vərəqi 80) İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2021-ci il tarixli, 5/444 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 24 avqust 2005-ci il tarixli, 83 nömrəli Bakı şəhəri Suraxanı rayonu X3nın və Təqsirləndirilən şəxs2 adına verilmiş 600 m torpaq sahəsinin cizgisinin üzərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş 24 avqust 2005-ci il tarixli, 83 nömrəli Bakı şəhəri Suraxanı rayonu X3nın və Təqsirləndirilən şəxs2 adına verilmiş 600 m torpaq sahəsinin cizgisinin üzərində olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş 13 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi 08 aprel 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 10 aprel 2021-ci il tarixli Suraxanı Rayon Prokurorluğunun qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Suraxanı RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 04 may 2021-ci il tarixli Suraxanı Rayon Prokurorluğunun qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 avqust 2021-ci il tarixdə verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri səmimi ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzaları təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür.Bu səbəbdən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzaları təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzaları təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 183.52 (yüz səksən üç manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına və Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 4500 (dörd min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına və Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 4500 (dörd min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 4500 (dörd min beş yüz) manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 183.52 (yüz səksən üç manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar