Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-413/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Xocalı rayonu, Xocalı şəhəri, Kərkicahan qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 2347/48 mənzil 841-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,393 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 05 ədəd bükümdə ümumi təmiz çəkisi 1.127 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai Rayon Polis İdarəsininin 34-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 03 iyun 2022-ci il tarixdə saat 21:30-da ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2 yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,393 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram; 0,195 qram; 0,245 qram; 0,218 qram və 0,235 qram olmaqla ümumi təmiz çəkisi 1,127 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6 ilə yaxındır ki, narkotik vasitə marixuana istifadə edir. Bu yaxınlarda ilk dəfə olar ki, narkotik vasitə olan heroin də qəbul etmişdir. Narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində anket məlumatlarını dəqiq bilmədiyi şəxslə əlaqə saxlayıb əldə etmişdir. Belə ki, o, həmin şəxsin ona təqdim etdiyi hesab nömrəsinə pul köçürmüş və həmin şəxs bir az müddət keçdikdən sonra ona işarələnmiş yerin şəklini ataraq narkotik vasitələri həmin ünvanda olan şəxsdən götürə biləcəyini bildirmiş və o da oradan həmin şəxsdən özü üçün narkotiki götürmüşdür. 02 iyun 2022-ci il tarixdə yenə də həmin üsulla özü üçün narkotik vasitə sifariş vermiş və həmin gün təxminən saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Böyük Şor stadionunun yaxınlığında əvvəllər də bir neçə dəfə narkotik vasitəni götürdüyü üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 05 büküm marixuana və 01 büküm kakos adlanan heroini 30 manat pul müqabilində əldə etmiş və həmin narkotiki üzərində gəzdirmişdir. 03 iyun 2022ci il tarixdə saat 21:30 dəqiqədə ünvan 1 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra o, Xətai RPİ-nin 34-cü Polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunaraq şöbəyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o, əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofanda olan 05 ədəd ümumilikdə ayrı-ayrı qəhvəyi rəngli kağızlara bükülmüş narkotik vasitə olan marixuananı və 01 ədəd şəffaf rəngli sellofanda narkotik vasitə olan heroini çıxarıb könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, ailə vəziyyətini, himayəsində 1 azyaşlı uşağının olmasını, ağır vərəm xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Məlum, qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən xx.xx.1986-cı ildə Xankəndi şəhərində anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri, o digər üzvü isə Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 olmuşdur. 03 iyun 2022-ci il tarixdə saat 21:30 dəqiqədə Təqsirləndirilən şəxs Xətai rayonu, Telnov küçəsi 2347/48 saylı ünvanın yaxınlığında görüb onu saxlamışdırlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 34-cü polis şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona hüquq və vəzifələrini izah etmiş, daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olubolmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmiş, təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 05 ədəd qəhvəyi rəngli bükümü və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək masaya qoymuşdur. 05 ədəd qəhvəyi rəngli kağıza bükülmüş maddələrin marixuana olmasını, 01 ədəd şəffaf rəngli sellofanda olan bükümün kakos - heroin olmasını söyləmişdir. Bundan sonra təhqiqatçı narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşmuş, cavabında Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri şəxsi istifadəsi üçün onlayn olaraq internet üzərindən tanımadığı şəxsdən sifariş verdiyini və Bakı şəhəri, Nizami rayonu, yeni tikilmiş stadionun yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını və adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün ümumilikdə 30 (otuz) manata aldığını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq iştirakının təmin edilməsi mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadə Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofanda olan beş büküm qəhvəyi rəngli kağıza bükülmüş bükümləri və bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Bunlardan beş bükümü ot şəklində narkotik vasitə marixuanaya bənzər büküm və bir bükum qəhvəyi rəngli qatı toz şəklində narkotik maddəyə bənzər kütlə olmuşdur. Təqsirləndirilən şəxs beş büküm qəhvəyi rəngli kağızda marixuana olduğunu, bir bükümün isə narkotik maddə olan kakos (heroin) olmasını bildirmişdir. Həmin qəhvəyi rəngli kağıza bükülmüş beş büküm narkotik vasitə olan marixuanaya bənzər maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, ümumilikdə çəkisinin 1,69 qram olması və bir büküm şəffaf rəngli narkotik vasitə olan heroinə bənzər maddənin çəkisinin 0,59 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrə bənzər maddələri onlayn olaraq internet üzərindən tanımadığı şəxsdən sifariş verdiyini və Bakı şəhəri, Nizami rayonu, yeni tikilmiş stadionun yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını və adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün ümumilikdə 30 (otuz) manata aldığını bildirmişdir. İş materiallarında olan 05 iyun 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində olan videogörüntüdə Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 05 ədəd qəhvəyi rəngli bükümü və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək masaya qoymuşdur. 05 ədəd qəhvəyi rəngli kağıza bükülmüş maddələrin marixuana olmasını 01 ədəd şəffaf rəngli sellofanda olan bükümün “kako" heroin olmasını söylədi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri şəxsi istifadəsi üçün onlayn olaraq internet üzərindən tanımadığı şəxsdən sifariş verdiyini və Bakı şəhəri, Nizami rayonu, yeni tikilmiş stadionun yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını və adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün ümumilikdə 30 (otuz) manata aldığını bildirmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2022-ci il tarixli 7/571 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs..." yazılar və imzalar olan zərfdəki 5 (beş) ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,234 qram; 0,195 qram, 0,245 qram; 0,218 qram; 0,235 qram ümumi çəkisi - 1,127 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəmarixuanalardır. Həmin marixuanalar tərkiblərinə görə eynidir (Tədqiqatdan sonra qalıq 1.027 qr). İş materiallarında olan 04 iyun 2022-ci il tarixli 6/3147 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №152" möhür əksi, "...Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,393 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (Tədqiqatdan sonra qalıq 0.343 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2022-ci il tarixli 3421 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə 0,343 qram narkotik vasitə heroin və 5 ədəd bükümdə 1,027 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd disk isə iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 05 iyun 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli Sabunçu rayonu Mənzil-Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən hal-hazırda Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllə, mənzil 841-də yaşayır, yaşadığı müddətdə qonşulardan və sakinlərdən heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü Nərmin Mustafayeva adlı azyaşlı uşağı var. İş materiallarında olan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının xx.xx.2022ci il tarixli 173 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs “Ağciyərlərin infiltrativ vərəmi, dağılma mərhələsi, TDM (+) MDR forma. Ağciyər qan hayxırma” diaqnozu ilə stasionar müalicədədir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,393 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxladığına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham edilmişdir. Lakin 05 ədəd bükümdə ümumi təmiz çəkisi 1.127 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından yəni (5 qramdan) az olduğundan cinayət məsuliyyəti yaratmır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun evli olmasını, 1 azyaşlı uşağının olmasını və vərəm xəstəliyindən əziyyət çəkməsini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,343 qram narkotik vasitə heroin və 1,027 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,343 qram narkotik vasitə heroin və 1,027 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-413/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-413/2022
22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver