Məhkəmə qərarları › İş №1(011)-414/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-414/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-414/2022 13.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Zəngilan rayonu, Cahangirbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 17 may 2022-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, ev 23, mənzil 435 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin giriş qapısını üzərində olan dəmir parçası ilə kilid yerini açaraq, qanunsuz olaraq içəri daxil olub, evin yataq otağında yerləşən çarpayının sağ yanındakı saxlanc yeri hesab olunan kamotun siyirtməsindən Zərərçəkmiş şəxs2 məxsus 2500 manat dəyərində 01 ədəd qızıl komplekt, 1750 manat dəyərində 02 ədəd qızıl nişan üzüyü, 200 manat dəyərində 01 ədəd qızıl sancaq, 300 manat dəyərində 01 ədəd qızıl klonlu sep, evin yataq otağında yerləşən çarpayının sol yanındakı kamotun siyirtməsindən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 100 manat dəyərində “HTC” markalı mobil telefon, 500 manat dəyərində 01 ədəd “Tissot” markalı qol saatını və evin qonaq otağında sol tərəfdə yerləşən televizorun üst hissəsində 360 manat dəyərində 01 ədəd qızıl alyans üzüyü gizli talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 5710 (beş min yeddi yüz on) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə saat 15:00-da ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin giriş qapısını üzərində olan dəmir parçası ilə kilid yerini açaraq, qanunsuz olaraq içəri daxil olub, evin qonaq otağında sağ tərəfdə yerləşən şkafdakı ağ rəngli stəkanın içərisindən Zərərçəkmiş şəxs1 məxsus 03 ədəd 50 manatlıq əskinaslarla olmaqla 150 manat pulun, 250 manat dəyərində 01 ədəd boyunbağı və 01 ədəd klon, evin qonaq otağında sol tərəfdə yerləşən saxlanc yeri hesab olunan dolabın üst hissəsində kiçik ölçülü sandıqçanın içərisindən Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 9000 manat olan 26 qramlıq 01 ədəd qızıl sep, 12 qramlıq 01 ədəd qızıl bilərzik, 8 qramlıq 01 ədəd briliant nişan üzüyü, 10 qramlıq 01 ədəd qızıl bilərzik, 6 qramlıq 01 ədəd qızıl materialdan qırmızı qaşlı üzük, 01 ədəd italyan qızıl sep, 01 ədəd onluq qızıl qəpik, 01 ədəd briliant dəst, 01 ədəd qızıl klon, dəyəri olmayan 4,71 qram kütləli üzərindəki qaşları qiymətli qaşlara aid edilməyən sırğanın 01 ədəd tayını və evin qonaq otağında sağ tərəfdə yerləşən şkafdan Zərərçəkmiş şəxs1 məxsus 10 manat dəyərində 01 ədəd “Xinji XJ 636” markalı qol saatı və gizli talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 9410 (doqquz min dörd yüz on) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü tam təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti ağır olduğundan oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. 17 may 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsində olan 17 mərtəbəli yeni tikilini görmüş və binaya daxil olmuşdur. Lift vasitəsi ilə binanın 17-ci mərtəbəsinə qalxmışdır. Ardınca bir-bir mərtəbələrdə yerləşən mənzilləri yoxlamağa başlamışdır. Səs gələn mənzillərdə yaşayış olduğu qənaətinə gəlmiş, digər mənzilləri yoxlamağa davam etmişdir. 4-cü mərtəbədə qapıya yaxınlaşmış və qapıya qulaq asdıqda mənzildən səs gəlmədiyini müəyyən etmişdir. Belə ki, qapını döymüş və cavab verən olmamışdır. Bundan sonra nazik dəmir parçası ilə qapının kilid yerini açmağa nail olmuşdur. Mənzilə daxil olduqdan sonra çarpayının sol yanındakı kamotda 1 ədəd "HTC" markalı mobil telefon, 1 ədəd "Tissot" markalı qol saatını görmüş və götürmüşdür. Digər kamotun siyirtməsində 1 ədəd qutuda müxtəlif çeşidli qızıl-zinət əşyalarını ve 1 ədəd qutuda dəst olan qızıl-zinət əşyalarını götürmüşdür. Qonaq otağında televizorun aşağısında olan siyirtmədən 1 ədəd qızıl üzük tapmış və həmin üzüyü də götürərək cibinə qoymuşdur. 10-15 dəqiqəyə işini bitirib mənzildən çıxıb binanı tərk etmişdir. Oğurladığı əşyaları Sabunçu bazarında ucuz qiymətə tanımadığı şəxslərə 1000 manat dəyərində satmışdır. Daha sonra 21 may 2022-ci il tarixdə saat təxminən 15 radələrində Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində olan 9 mərtəbəli 28 saylı binaya daxil olmuşdur. Binanın 9-cu mərtəbəsinə qalxmış və 9-cu mərtəbədən aşağı mərtəbələrə düşərək səs-küy gəlməyən, evdə heç kimin olmadığı mənzili müəyyən etməyə çalışmışdır. 3-cü mərtəbədə sağ tərəfdə olan mənzilin qapısına qulaq asmış və mənzildən səs gəlmədiyini müəyyən etmişdir. Daha sonra mənzilin qapısını döymüş və heç kəsin qapını açmadığını görmüşdür. Qapını nazik dəmir parçası ilə qurdalayaraq açmışdır. Mənzilə daxil olmuş və otaqda olan şkafı yoxlamağa başlamışdır. Şkafda olan stakanın içindən 150 manat pul, qızıldan boyunbağı və klonun olduğunu görmüş və götürmüşdür. Şkafdan əlavə bir ədəd qara qol saatı da götürüb sol qoluna taxmışdır. Digər şkafda sandıqçanın içərisində müxtəlif çeşidli qızıl-zinət əşyalarını görmüş və onların hamısını cəld şəkildə götürüb şalvarının cibinə doldurmuşdur. Bundan sonra mənzili cəld tərk edərək, mənzilin qapısını örtüb binadan çıxmışdır. Oğurladığı əşyaları Sabunçu bazarında 1100 (min yüz) manata tanımadığı şəxsə satmışdır. Həmin pulu şəxsi istifadəsi üçün istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanından oğurluq yolu əldə etdiyi əşyalardan sata bilmədiyi “Xinji” markalı qol saatını və üzərində qaşları olan sarı rəngli sırğanın bir tayını istintaq orqanına təqdim etmişdir. Daha sonra əməllərindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, işi ilə əlaqədar ayın 15 günündə Xəzər dənizində işləyir və yerdə qalan 15 günü isə yaşadığı ünvanda olur. 09 may 2022-ci il tarixdə saat 10 radələrində o, həyat yoldaşı və övladı ilə birlikdə qayınatasının yaşadığı Şirvan şəhərinə getmişlər. Özü qayıtmış və 10 may 2022ci il tarixdə saat 05-də işi ilə əlaqədar olaraq Xəzər dənizində yerləşən iş yerinə getmişdir. 14 gün müddətində dənizdə işlədikdən sonra 24 may 2022-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı ünvana gəlmişdir. Mənzilin giriş qapısını açarı salaraq açmaq istədikdə qapının artıq açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Daha sonra yaşadığı ünvana daxil olub mənzilin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Mənzildə oğurluq olduğunu anlamışdır. Çarpayının sol yanında olan kamotu yoxladıqda ona məxsus “HTC" markalı mobil telefonun və “Tissot" markalı qol saatının oğurlandığını aşkar etmişdir. Ardınca çarpayının sağ yanında olan kamotu yoxladıqda, ona məxsus 01 ədəd qutuda komplekt qızıl dəstin və 01 ədəd qutuda 02 ədəd qızıl nişan üzüyü, 01 ədəd qızıl sancaq və 01 ədəd qızıl klonu ilə birlikdə sepin oğurlandığını aşkar etmişdir. Ardınca mənzilin qonaq otağına keçdikdə, otağın dağınıq vəziyyətdə olduğunu və qonaq otağında sol tərəfdə yerləşən televizorun üst hissəsində 01 ədəd qızıl alyans üzüyün oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-in 102 Xidmətinə zəng vuraraq, baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona məxsus 2500 manat dəyərində 01 ədəd qızıl komplekt, 1750 manat dəyərində 02 ədəd qızıl nişan üzüyü, 360 manat dəyərində 01 ədəd qızıl alyans üzük, 200 manat dəyərində 01 ədəd qızıl sancaq, 300 manat dəyərində 01 ədəd qızıl klonlu sep, 01 ədəd 100 manat dəyərində "HTC" markalı mobil telefon və 500 manat dəyərində 01 ədəd “Tissot” markalı qol saatı oğurlanaraq ümumilikdə 5710 manat dəyərində maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 21 may 2022-ci il tarixdə təxminən saat 08:15 radələrində mərhum qardaşı X2 yas mərasimi ilə əlaqədar olaraq ailəsi ilə birlikdə yaşadığı ünvandan çıxaraq ünvan 5rdaşının yas mərasimi qurtardıqdan sonra təxminən saat 18:20 radələrində yaşadıqları ünvana o, həyat yoldaşı və kiçik oğlu gəlmişlər. Yaşadıqları ünvana çatdıqda evin qapısının bir qədər aralı vəziyyətdə olduğunu aşkar etmişər. Mənzilə daxil olduqda hər yerin dağıdılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Qonaq otağında sağ tərəfdə olan şkafın orta sol hissəsində olan ağ rəngli stəkanın içərisində 3 ədəd 50 manatlıq əskinaslarla olmaqla 150 manat pulun və həmin stəkanın içərisində olan 250 manat dəyərində 01 ədəd boyunbağı və 01 ədəd klonun, həmin şkafda yuxarı hissədə 50 manat dəyərində “Xinji" markalı qol saatının yerində olmadığını və oğurlandığını müəyyən etmişdir. Bundan sonra həmin otaqda sol künc hissədə olan paltar şkafının yuxarı hissəsində ona məxsus sandıqçanın içərisində ümumi dəyəri 9000 manat dəyəri olan 26 qramlıq 01 ədəd qızıl sep, 12 qramlıq 01 ədəd qızıl bilərzik, 8 qramlıq 01 ədəd brilyant nişan üzüyü, 10 qramlıq 01 ədəd qızıl bilərzik, 6 qramlıq 01 ədəd qızıl materialdan qırmızı qaşlı üzük, 01 ədəd italyan qızıl sep, 01 ədəd onluq qızıl qəpik, 01 ədəd brilyant dəst və 01 ədəd qızıl klonun, bundan başqa qızıl olmayan üzərində qaşları olan sırğanın 01 ədəd tayının oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 9450 (doqquz min dörd yüz əlli) manat dəyərində maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxslə barışdığını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sarı metal gül formasında sırğa və 1 ədəd "Xinji Xj 363" markalı qol saatı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan ünvan 6 ünvanda yerləşən evə qanunsuz daxil olub, gizli olaraq nağd pul, qol saat və qızıl-zinət əşyalarını oğurladığını göstərərək ifadəsini təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan ünvan 7 ünvanda yerləşən evə qanunsuz daxil olub, gizli olaraq mobil telefon, qol saat və qızıl-zinət əşyalarını oğurladığını göstərərək ifadəsini təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, ünvan 8 ünvandan götürülmüş əl izlərindən 3 ədədi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının (2 dəfə) və sol əlinin ovucunun əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 6/3181-9/4065 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4,71 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, qaş hissəsi gümüşü rəngli, digər hissələri sarı rəngli 01 ədəd sırğa tayı mis əsaslı ərintidən, kustar üsulla hazırlanmışdır, qaşları qiymətli qaşlara aid deyildir və tədqiqata təqdim edilmiş 01 ədəd sırğa tayı yararsız olduğundan qiymətsiz müəyyən olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 9/3939 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara kəmərli, üzərində “Xinja Xj 636" yazıları olan qol saatının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 10,00 manat müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/463R nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Lütfizadə küçəsi, ev 23, mənzil 435 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus əmlakın oğurlanması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək təqdiqata təqdim edimiş yararlı əl izlərindən 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi xx.xx.1991-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının (02 dəfə) və sol əlinin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan 25 may 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(007)-244/2014 saylı hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına və CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanmaqla qəti olaraq 3000 manat cərimə və 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.2, 29,177.2.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 3000 manat cərimə cəzasına və 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 20 oktyabr 2017-ci il tarixli 816-VQD Qanunu tətbiq edilərək həmin əməl cinayət hesab edilmədiyindən o, azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkməkdən azad edilmişdir. Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(011)- 381/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1 və 66.2-ci maddələrinə əsasən qəti olaraq 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(011)-456/2020 saylı qərarı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(011)-381/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2, 66.5 və 68.1.1-1ci maddələrinə əsasən həmin cəza Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İsmayılov X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən məhkum olunduğu 3000 manat cərimə cəzasından heç bir ödəniş etməmişdir. İş materiallarında olan 25 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 1 ədəd sırğa tayı, 1 ədəd “Xinji Xj 636” markalı qol saatı və 1 ədəd zərfdə əl-barmaq izləri maddi sübut kimi tanınmış, 1 ədəd sırğa tayı, 1 ədəd “Xinji Xj 636” markalı qol saatı zərərçəkmiş Zərərçəkmiş şəxs1 verilmiş və 1 ədəd zərfdə əl-barmaq izləri cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı cərimə cəzasına məhkum olunsa da, onun əməli cinayətin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qanunvericiliyin tələblərindən göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 3000 manat cərimə cəzası CM-nin 18.4.4-cü maddəsinə əsasən və CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 18.4.1-ci maddəsinə əsasən residiv kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərə alınmaqla bu hökmlə təyin edilmiş cəzaya Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat cərimə cəzası yeni hökmlə tam birləşdirilməli və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi 25 may 2022-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs1 verilmiş 1 ədəd sırğa tayı, 1 ədəd “Xinji Xj 636” markalı qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 1 ədəd zərfdə əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının ümumi dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəzaya Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş və bu günədək ödənilməmiş 3000 (üç min) manat məbləğində cərimə cəzası hazırki hökmlə tamamilə birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 3000 (üç min) manat məbləğində cərimə və 03 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 may 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs1 verilmiş 1 ədəd sırğa tayı, 1 ədəd “Xinji Xj 636” markalı qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 1 ədəd zərfdə əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar