Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-416/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq bir büküm kustar üsulla hazırlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, 05 iyun 2022-ci il tarixdə saat 19:56-da tanımadığı iki nəfər şəxsin işlədiyi ünvan 2 ünvanında yerləşən obyektə gələrək dostunu axtardıqlarını, onu döyüb bıçaqla hədələdiklərini və obyektdə masanın üzərində olan 300 manat pulu götürüb getmələri barədə DİN-in 102 Zəng Mərkəzi Xidmətinə melumat verdikdən sonra, çağırışa dərhal 37-ci PŞ-nin əməliyyat qrupu yollanmış, Təqsirləndirilən şəxs saat 20:20-də işlədiyi obyektin qarşısında polis əməkdaşlarının gəldiyini görüb əlini əynində olan cins şalvarının sağ yan cibinə salıb qaçmaq istəyərkən, 37-ci PŞ-nin əməliyyat qrupu tərəfindən saxlanılmış, üzərində dövriyyəsi qanunla qadağan olunmuş və ya məhdudlaşdırılmış maddə və ya əşyaların olmasına dair şübhə yarandığından ünvan 3 ünvanda yerləşən 37ci PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,595 qram kustar üsulla hazırlanmış, qəhvəyi rəngli narkotik vasitə heroin və bir bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,335 qram kustar üsulla hazırlanmış, ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan təxminən bir il olar ki, narkotik vasitənin heroin, psixotrop maddənin isə metamfetamin növündən istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddəni hər gün qəbul etmişdir. O, onları İran İslam Respublikasının vətəndaşı olan Yavər adlı şəxsdən almışdır. Həmin şəxslə WhatsApp vasitəsilə əlaqə saxlamış, ödəmə terminalı vasitəsilə onun bank hesabına pul köçürdükdən sonra Yavər ona heroin və ya metamfetamini gizlətdiyi yerin şəklini göndərmiş, o da gedib onları oradan götürmüşdür. O, Şahin Soltanovla tanışdır. Tutulmamışdan əvvəlki son 20 gün onunla bir yerdə yaşayıblar. Bildiyinə görə, Şahinin Əlixan adlı şəxsə 650 manat borcu var imiş, o, imkanlaşdırıb Əlixananın pulunu qaytara bilmədiyindən Əlixanla görüşməkdən qaçırmış, Əlixan isə Şahini axtarırmış. Onun özü də Əlixanı tanıyır və onunla heç bir düşmənçiliyi yoxdur. Əlixan onun istifadə etdiyi 055 *** ** ** mobil nömrəyə bir neçə dəfə zəng edərək Şahinin yerini soruşmuş, amma o, Əlixana yalan danışaraq Şahinin harada olduğunu bilmədiyini demişdir. O, 05 iyun 2022-ci il tarixdə saat 20 radələrində iş yerində olmuşdur. Həmin vaxt qapı döyülmüş, qapını açanda Əlixan və onun yanında tanımadığı şəxsi görmüşdür. Onlar içəri keçdikdən sonra Əlixan ondan Şahinin harada olduğunu soruşmuş, Şahinin yerini deməyəcəyi təqdirdə onu bıçaqla vuracağını bildirmiş və cibindən kiçik ölçülü cib bıçağını çıxardıb göstərmişdir. O, Əlixana Şahinin yerini demədiyindən Əlixan və yanındakı şəxs yumruqlarla onun baş və bədəninə vurmağa başlamış, sonra Əlixan Şahini axtarmaq üçün işlədiyi obyektin ikinci mərtəbəsinə qalxmışdır. Əlixanın dostu isə onun yanında qalmış və hərəkət etməyə imkan verməmişdir. Əlixan Şahini obyektdə tapmadığından dostu ilə birlikdə iş yerindən çıxıb getmişlər. Əlixangil gedəndən sonra o, obyektin ikinci mərtəbəsinə qalxıb mətbəxə keçmiş, orada masanın üzərinə qoyduğu təxminən 300 manat məbləğində pulun yerində olmadığını görüb DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. 102-yə məlumat verəndən bir neçə dəqiqə sonra polis əməkdaşları iş yerinə gəlmişlər. O, polisləri görüb özünü itirmiş, şalvarının sağ yan cibində bir büküm «şüşə» və bir büküm «kakos» olduğundan onları tullayıb qaçmaq istəmiş, lakin həyəcandan bunu edə bilməmişdir. Polis əməkdaşları isə onu saxlayaraq 37-ci PŞ-yə gətirmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmiş, sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuş, o da bu təklifdən sonra əynindəki qara rəngli cins şalvarın sol yan cibində saxladığı «Umico» bank kartını, «Leobank» kartını, "Pallmall” siqaretini, alışqanı, iş yerinin açarlarını, "Huawei" markalı mobil telefonunu, şəxsiyyət vəsiqəsini və 10 manat pulunu çıxardıb masanın üzərinə qoymuş, daha sonra isə şalvarının sağ yan cibində saxladığı bir büküm «kokos» və bir büküm «şüşə»ni çıxardıb masanın üzərinə qoymuş, təqdim etdiyi maddələrin heroin və metamfetamin olduğunu, onları İran Respublikasının vətəndaşı Yavər adlı şəxsdən 120 manata aldığını bildirmişdir. Polislər təqdim etdiyi maddələri elektron tərəzidə çəkəndən sonra onları bir ədəd zərfdə qablaşdırmış, özü və digər iştirakçılar həmin zərfə imza etmişlər. Siqaret, alışqan, iş yerinin açarı və 10 manat pul isə özünə qaytarılmış, mobil telefon, Umico kartı, Leobank kartı və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokola imza etmişlər. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Vətəndaş Təqsirləndirilən şəxs tanımadığı iki nəfər şəxsin onun işlədiyi ünvan 4 ünvanında yerləşən obyektə gələrək dostunu axtarmaları, onu döymələri, bıçaqla hədələmələri və masanın üzərində olan 300 manat pulu götürüb getmələri barədə DİN-in 102 zəng mərkəzi xidmətinə xx.xx.2022-ci il tarixdə saat 19:56 dəqiqədə verdiyi məlumat əsasında 37-ci PŞ-nin əməliyyat qrupu hadisə yerinə yollanmışdır. Əməliyyat qrupu saat 20:20-də hadisə yerinə gəlmiş, Təqsirləndirilən şəxs əməliyyat qrupunu gördükdə hadisə yerindən uzaqlaşaraq əlini əynində olan cins şalvarın sağ cibinə salıb qaçmaq istəmiş, lakin əməliyyat qrupu bunu etməyə imkan verməyib onu saxlamış və 37-ci PŞ-ə gətirmişdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyaların və ya maddələrin olmasına əsaslı şübhələr olduğundan onun üzərində şəxsi axtarışın aparılmasından ötrü 37-ci PŞ-nin rəisinin adına raport yazılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması təhqiqatçı polis mayoru Aqil Cəfərova həvalə edilmiş, Aqil Cəfərov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil dəvət edilərək şübhəli şəxsə təqdim edilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması başlanmış, şəxsi axtarışın aparılması zamanı onun vəkili, özü, sahə rəisi Şahid2 və sahə inspektoru Şahid3 iştirak etmişlər. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etməsi təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibində saxladığı «Umico» kartı, «Leobank» kartı, "Pallmall" markalı siqaret qutusu, alışqan, açar, "Huawei” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və 10 manat pul çıxardıb masanın üzərinə qoymuş, daha sonra isə şalvarının sağ yan cibində saxladığı iki ədəd sellofan kəsiyində olan bükümü çıxardıb masanın üzərinə qoymuş, bükümlərdən birində heroin, digərində isə metamfetamin olduğunu və həmin maddələri sosial şəbəkə vasitəsilə tanıdığı Yavər adlı İran Respublikasının vətəndaşından 120 manata əldə etdiyini bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çekildikdən sonra zərfdə qablaşdırmış, həmin zərf özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus olan «Huawei» markalı mobil telefon, "xxxx" ASC-yə aid olan Umico bank kartı və Leobank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən Aqil Cəfərov tərəfindən götürülmüş, digər əşyalar isə onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokola imza etmişlər. İş üzrə digər şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şahidlərin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadələri elan olunmuşdur. Həmin ifadələrində Şahid2 və Şahid3 iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 05 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə, saat 20:20-də saxlanılaraq Xətai RPİ-nin 37-ci polis şöbəsinə gətirilmiş və həmin tarixdə müdafiəçinin iştirakı Xətai RPİ-nin 37-ci PŞ-in inzibati binasında tutulmuşdur (i.v. 16); şəxsi axtarış və götürmə aparılması haqqında 05 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-in CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xətai RPİ-nin 37-ci PŞ-in sahə rəisi, polis mayoru Şahid2, Xətai RPİ-nin PŞ-in sahə inspektoru, polis kapitanı Şahid3, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2, videooperator X5 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının qabaq sol yan cibindən bir ədəd qara rəngli “Huaveu” markalı mobil telefonu, bir qutu “PallMall” markalı siqareti, bir ədəd alışqanı, üç ədəd açarı, şəxsiyyət vəsiqəsini, bir ədəd özünün adına **********991624 nömrəli “Umico” bank kartını, **********868920 nömrəli “Leobank” kartını və 10 manat pulu çıxardıb masanın üzərinə qoymuş, daha sonra şalvarının qabaq sağ yan cibindən iki ədəd sellofan kəsiyindən olan bükümü çıxardıb masanın üzərinə qoymuş, bükümlər açıldıqda birinin içərisində qəhvəyi rəngli, digərinin içərisində isə ağ rəngli kristalşəkilli maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin nə olması soruşulduqda, o, həmin bükümlərdəki maddələrin narkotik vasitə olan “heroin” və psixotrop maddə olan “metamfetamin” olmasını, onları sosial şəbəkədə tanış olduğu Yavər adlı İran İslam Respublikasının vətəndaşından 120 manata əldə etdiyini bildirmişdir. (i.v. 25-26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 iyun 2022-ci il tarixli, 6/3174 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş maddələr...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,595 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 (bir) ədəd bükümdə olan təmiz çəkisi 0,335 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. (i.v. 35-39); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 53); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 05 iyun 2022-ci il tarixdən hesablanmışdır ( i.v. 64- 67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 66.2 və 69.3-cü maddələri tətbiq olunmaqla 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir (i.v. 79-80); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-86/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələri ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 (iki) ay müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 05 aprel 2019-cu il tarixdən hesablanması hökm edilmişdir ( i.v. 81-90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X11 xx.xx.2022-ci il tarixli, 634 rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər-sağ bazu oynağı nahiyəsinin hematoması, sağ təbil pərdəsinin perforasiyası, döş qəfəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə yəni, kənar şəxs tərəfindən yetirilə bilədilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlərin öz boyu hündürlüyündən yıxılma nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir (i.v. 99- 100); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 3852 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostumulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 114-115); Sübutların qiymətləndirilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qismində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli 6/3174 №-li rəyi, Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 Xətai rayon şöbəsinin verdiyi 08 iyun 2022-ci il tarixli 634 nömrəli rəy, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 16 iyul 2022-ci il tarixli 3852 nömrəli rəyi və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materialların cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda bir qrup şəxs tərəfindən döyülməsi və yaşadığı ünvandan 300 AZN pul vəsaitinin oğurlanması ilə bağlı göstərdiyi xüsusatlara hüquqi qiymət vermək mümkün olmadığından bu xüsusatlar üzrə araşdırmanın davam etdirilib hüquqi qiymət verilməsindən ötrü ********* nömrəli cinayət işindən material ayrılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini haradan əldə etməsini müəyyən etmək üçün ********* nömrəli cinayət işindən materialın ayrılması və araşdırma aparılmasından ötrü ərazi aidiyyəti üzrə Xətai RPİ-nin 37-ci PŞ-ə göndərilməsi, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,595 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,335 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, tədqiqatlardan sonra qalan çəkisi 0,545 qram olan narkotik vasitə heroin və çəkisi 0,285 qram olan psixotrop maddə metamfetaminin təqsirləndirilən şəxsin maddi sübutlarla tanış olduqdan sonra, saxlanılmasından ötrü Xətai RPİ- nin Növbətçi Hissəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin videoçəkilişinin yazıldığı bir ədəd CD- R diskin istintaq sənədi kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd «Huawei» markalı «Honor» modelində olan mobil telefon, "xxxx" ASC-yə aid olan bir ədəd Umico bank kartı və bir ədəd Leobank kartı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs yaxın qohumlarının birinə qaytarılması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır ( i.v. 119-124); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının qabaq sol yan cibindən bir ədəd mobil telefonu, bir qutu siqareti, bir ədəd alışqanı, üç ədəd açarı, şəxsiyyət vəsiqəsini, bir ədəd “Umico” bank kartını, “Leobank” kartını və 10 manat pulu çıxardıb masanın üzərinə qoyması, daha sonra şalvarının qabaq sağ yan cibindən iki ədəd sellofan kəsiyindən olan bükümü çıxardıb masanın üzərinə qoymuası, həmin bükümlərin içərisində “heroin” və “metamfetamin” olmasını, onları sosial şəbəkədə tanış olduğu Yavərdən 120 manata əldə etməsini bildirməsi, həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,595 qram olan heroin və «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,335 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,545 qram narkotik vasitə heroin və 0,285 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-416/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-416/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver