Məhkəmə qərarları › İş №1(011)-419/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-419/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-419/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,473 qram, 1,046 qram və 0,622 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2,141 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Xətai rayonu, G. Şıxlinski küçəsi 39 saylı binanın qarşısına daşımış və 09 iyul 2021-ci il tarixdə saat 18:30 dəqiqədə Xətai Rayon Polis İdarəsinin 35ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 3 binanın qarşısında saxlanılıb 35-ci PB-nə aparılaraq orada üstünə videogörüntü ilə baxış keçirilən zaman, əynində olan qara rəngli şalvarın sağ yan cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,473 qram, 1,046 qram və 0,622 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2,141 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü əvvəl təqsirli bilmədiyini bildirsə də sonradan ifadəsində özünü tam təqsirli bildiyini qeyd edərək göstərmişdir ki, 09.07.2021-ci il tarixdə səhər saatlarında Xətai rayonu hərbi liseyin yaxınlığına gəlmişdir. Orada üzdən tanıdığı şəxsdən narkotik vasitə olan heroin istəmişdir. Həmin şəxs onu tanımadığını deyən zaman o, həmin şəxsi tanıdığını deyərək əvvəl də narkotik vasitə aldığını bildirmişdir. Bu zaman həmin şəxs ona inanmış və o, 100 manat qarşılığında ondan üç büküm narkotik vasitə olan heroini almışdır. 09.07.2021-ci il tarixdə saat 18:30 radələrində yaşadığı General Şıxlinki küçəsi 39 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşaraq onu şübhəli şəxs kimi 35-ci PB-nə dəvət etmişlər. Şöbədə ona hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. Sonra əməkdaş ona hüquqlarını izah etmiş və videoçəkiliş ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişdir. Bu səbəbdən əynindəki qara rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmiş 03 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və səmimi olaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin heroini hərbi liseyin yaxınlığında üzdən tanıdığı şəxsdən 100 manata aldığını bildirmişdir. Sonra onun üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ondan götürülmüş büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə belə səhvə yol verdiyini, cavanlığını, səmimi etirafını nəzərə alaraq ona azadlığın məhdudlaşdırması cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 35-ci polis bölməsinin sahə inspektoru vəzifəsində çalışır və polis leytenantı rütbəsini daşıyır. ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 09.07.2021-ci il tarixdə Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində getmişlər. Həmin gün saat 18:30 radələrində ünvan 3 ünvanda onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini soruşduqda özünün Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 35-ci PB-nə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunmuşdur. Vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən üç ədəd siqaretin gümüşü rəngdə iç kağızına bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülünün içərisinə baxdıqda içərisindən tünd qəhvəyi rəngli, toz halında olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddə narkotik vasitə heroindir və həmin heroini öz istifadəsi üçün 09.07.2021-ci il tarixdə, saat 10 radələrində Xətai rayonu Cəmşid Naxçıvanski adına hərbi liseyin yaxınlığından üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 100 manat müqabilində aldığını bildirmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. 35-ci PB-də Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsi ondan öncə dindirilmiş şahid Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. Məhkəmə iclasında şahid Xətai RPİ-nin 35-ci PB-nin operatoru, polis kiçik serjantı Şahid3 Abdulrəhim oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid2 ifadəsinə oxşar olmuşdur. İş materiallarına əlavə edilmiş 09 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlə olan bükülülər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında maddi sübut kimi tanınmış 09 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd DVD-də (X1) olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 03 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş vasitəni təqdim edərək, həmin vasitənin heroin olduğunu və həmin heroini 100 manat müqabilində üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini etiraf edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/2762 saylı, 10 iyul 2021ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən..” yazısı olan zərfdəki 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,473qr, 1,046qr, 0,622qr ümumi təmiz çəkisi 2,141 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Tədqiqata sərf edilmişdir 0.015 qr., qalıq 1,991 qr.). İş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman video çəkilişi əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın 12.07.2021-ci il tarixli, 2295 saylı ekspert komissiyası rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.991 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.07.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli 09 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan (iş vərəqi 81) Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29.07.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi 09 iyul 2021-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,991 qram “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,991 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar