Məhkəmə qərarları › İş №1(011)-419/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-419/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-419/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində ünvan 3 ünvanında yerləşən ‘'Status" ehtiyat hissələri mağazasının yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsdən yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə vurmaqla döyərək, sonuncuya sol qaş nahiyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 iyul 2025-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsində yerləşən "Status" ehtiyat hissələri mağazasının yaxınlığında idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsi ilə piyada hərəkət etdiyi üçün, avtomobilini saxlayaraq sonuncuya öz iradını bildirmiş, həmin ərzinin piyadalar üçün nəzərdə tutulmadığını qeyd etmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona qarşı aqressiv cavab vermiş və ona avtomobili sürərək irəlidə saxlamasını və söhbət etmələrini bildirmişdir. O, avtomobili biraz irəlidə saxlamış və avtomobildən düşmüşdür. Bu zaman Zərərçəkmiş şəxs onunla aqressiv danışmağa başlamış, ona və valdeynlərinə qarşı nalayiq ifadələr işlətmişdir. O, Zərərçəkmiş şəxs nalayiq ifadələrinə əsəbiləşərək, sonuncuya yumruqla vurmuşdur. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt onun yanında həyat yoldaşı, Zərərçəkmiş şəxs yanında isə tanımadığı bir xanım olmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, vətən müharibəsi iştirakçısı olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsində yerləşən "Status" ehtiyat hissələri mağazasının yaxınlığında tanışı ilə birlikdə yolun hərəkə hissəsi ilə öz avtomobili istiqamətində hərəkət edən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə sürətlə ona yaxınlaşaraq, onunla aqressiv danışmışdır. O, Təqsirləndirilən şəxs bu hərəkətinə əsəbləşmiş və biraz irəlidə söhbət etməklərini bildirmişdir. Onlar hər iki biraz irəli getmiş və orda aralarında mübahisə yaranmışdır. Həmin vaxt əsəbləşərək Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələrdən istifadə etmiş, Təqsirləndirilən şəxs isə onun üz nahiyyəsinə yumruqla vurmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs yanında tanışı Zarina adlı şəxs, Təqsirləndirilən şəxs yanında isə tanımadığı bir xanım olmuşdur. Təqsirləndirilən şəxs yanında olan xanım hadisəni videoya çəkmiş və səs-küy salmışdır. Hadisə yerinə sonradan gələn şəxslər olmamışdır Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq olmamışdır. Məhkəmə istintaqı zamanı tərcüməçinin iştirakı ilə şahid qismində dindirilmiş X4 kızı ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsində yerləşən "Status" ehtiyat hissələri mağazasının yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə birlikdə avtomobil yolunda piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə sürətlə ona yaxınlaşaraq onlarla aqressiv danışmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla zərbə vurmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək həmin yerdən uzaqlaşmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokolun siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında təhqiqata verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 25 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən ‘'Status" ehtiyat hissələri mağazasının yaxınlığıdır. (i.v. 16- 17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 26 iyul 2024-cü il tarixli, 738 saylı ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. (i.v. 22-23); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 24); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.61-62); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (i.v. 63-65); Sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi haqqında 11 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri təsdiq olunmadığından, həmin xüsusat üzrə barəsində cinayət işi başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılması davam etdirilməsi, məhkəməyədək sadələşdirilmiş material üzrə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsi toplanmış bütün sübutların məcmusu ilə təsdiq olunduğundan, Zərərçəkmiş şəxs ərizəsi, izahatı, ifadəsi, xx.xx.2025-ci il tarixli hadisə yerinin müayinəsinə dair tərtib edilmiş protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PAB" X6 Xətai rayon şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 738 saylı ekspert rəyi, üzləşdirmədə dindirmə protokolunun sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 83-87); - E-məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü X2 adlı bir uşağı var. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş İ-26916 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş İ-2961 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə keçirilmiş hərəkətlərin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını da nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşmançılıq çəkməsini, gənc olmasını, həmçinin 44 günlük ikinci Qarabağ Müharibəsinin iştirakçısı olmasını və bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasənməhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddəti saatla hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası növündə cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdrəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 240 (iki yüz qırx) saat ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsinş Təqsirləndirilən şəxs 20 (iyirmi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar