Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-42/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 234.1-1-ci maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək sonuncunu Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən kimi işə götürülməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 25 dekabr 2021-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında “İmişli" kafesinin qarşısında Şahid1 icarə əsasında idarə etdiyi "Kia Forte" markalı istintaqla dövlət qeydiyyat nömrəsi müəyyən edilməyən avtomobildə 10 000 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 10 000 (on min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2021-ci ildə həbsdən çıxdıqdan sonra heç bir yerdə işləməmişdir. 2021-ci ilin iyul ayında Bakı şəhəri 3-cü mikrorayonda yerləşən çayxanada Şahid2 ilə tanış olmuşdur. Həmin vaxt o, Əliyə özünü dövlət qrumlarının birinin əməkdaşı kimi təqdim etmişdir. Onunla münasibətləri yaxşı olmuşdur. xx.xx.2021-ci ildə ona pul lazım olduğundan Şahid2 borca 3000 manat pul almışdır. 2021-ci ilin sentyabr ayında ümumi tanışları vasitəsilə Şahid1 ilə tanış olmuşdur. Onunla da münasibətləri yaxşı olmuşdur. O, Rəşada özünü apelyasiya məhkəməsində hakim köməkçisi kimi təqdim etmişdir. 2021-ci ilin dekabr ayında Əli ona zəng edərək bir nəfəri işə düzəltməkdə köməklik etməyini xahiş etmişdir. O, Əliyə həmin şəxsi 10 000 manat pula FHN-də yanğınsöndürən kimi işə düzəldə biləcəyini bildirmişdir. Bir müddət sonra ona Salyan rayonunda yaşayan Cavid adlı bir şəxs zəng edərək nömrəni Əlinin verdiyini bildirib FHN-ə işə düzəlmək istədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, Cavidlə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkda görüşmüş Rəşad adlı dostu vasitəsilə onu işə düzəltdirəcəyini bildirmiş, Xətai metrostansiyasının yaxınlığında yerləşən FHN-nin kadrlar idarəsinə getməli olduğunu demişdir. Səhərisi gün Cavid 10 000 manatı və sənədlərini götürüb yenidən görüşməyə razılaşmışlar. Caviddən ayrıldıqdan sonra o, Əliyə zəng edərək sabah Cavidlə görüşəcəyini bildirib həmin vaxtı onun da iştirak etməyini xahiş etmişdir. Bildirmişdir ki, Caviddən alacağı puldan borclu olduğu 3000 manatın 1000 manatını qaytaracaq. Əli onunla razılaşaraq gələcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında o, Rəşada zəng edərək Xətai rayonunda yerləşən "İmişli" kafesinə dəvət etmişdir. Bildirmişdir ki, bir nəfəri FHN-ə işə düzəldəcək ondan alacağı puldan Rəşada borclu olduğu 800 manatın 400 manatını qaytaracaq. Xahiş etmişdir ki, Rəşad həmin şəxsə sivi yazmağa köməklik etsin və birlikdə yaxınlıqda yerləşən FHN-nin kadrlar idarəsinə getsin, orada işləyən tanışı Nofəl adlı şəxsə sənədləri təqdim etsin. Nofəlin nömrəsini Rəşada vermişdir. Rəşaddan sonra o, tanışı Nəfələ zəng edərək bildirmişdir ki, nömrəsini dostu Rəşada verib bir azdan Rəşad bir nəfərin sənədlərini və sivisini gətirib FHN-nin Xətai metrostansiyasının yanında yerləşən binasının qarşısında Nofələ verəcək. Xahiş etmişdir ki, baxıb görsün həmin şəxsin FHN-ə istənilən vəzifəyə işə düzəlməsi mümkündürmü. Nofəl isə ona heç bir problemin olmadığını və sənədlərə baxdıqdan sonra xəbər edəcəyini bildirmişdir. Əlavə olaraq o, Nofəlin FHN-də işləməməsini, sonuncunun FHN-nin kadrlar idarəsində işləyən tanışlarının olmasını, onlarla məsləhət etməsini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Xətai rayonunda yerləşən "İmişli" kafesində o, Rəşad, Əli və Cavidlə görüşmüşdür. Görüş zamanı Rəşad Cavidə sivi yazmağa köməklik edib sənədlərini götürüb Cavidlə birlikdə Nofəllə görüşməyə getmişlər. Bir müddət sonra isə geri qayıdaraq sənədləri təhvil verdiklərini bildirmişlər. Daha sonra Nofəl Rəşada zəng edərək həmin şəxsin işə götürülməsinin mümkün olmasını bildirmişdir. O, Cavidlə birlikdə kafedən çıxaraq Rəşadın maşınında Caviddən 10000 manat pul almışdır. O, pulu götürüb Cavidlə birlikdə kafeyə qayıdaraq yanvar ayının 15-ə kimi işi düzələcəyini bildirmişdir. Səhərisi gün o, Rəşadla Xətai rayonu Neapol dairəsinin yanında görüşmüş və borclu olduğu puldan 400 manatını vermişdir. Bir neçə gün keçdikdən sonra isə o, Lənkəran şəhərinə getmiş, orada Əli ilə görüşüb ona da borclu olduğu puldan 1000 manatını vermişdir. Deyilən vaxtda Cavid bir neçə dəfə ona zəng etdiyindən o, Rəşaddan xahiş etmişdir ki, Cavidlə danışsın və yenidən FHN-ə aparıb Nofəllə görüşdürsün. Rəşad da onun dediyi kimi Cavidlə birlikdə FHN-ə getib Nofələ zəng etmiş, lakin Nofəl görüşdən imtina etmişdir. Bundan sonra Rəşad bir neçə dəfə də ona zəng edərək öz narazılığını bildirib Cavidin pulunu qaytarmağını demişdir. Lakin maddi vəziyyətilə əlaqədar Caviddən aldığı pulu qaytara bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, onun dələduzluq niyyəti ilə bağlı heç kimin heç bir məlumatı olmamış, əldə etdiyi puldan heç kimə heç bir məbləğdə pul verməmiş, aldığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında atası Cəlilabad rayonunda ziyarətgahda olan zaman əslən Lənkəran şəhərindən olan və orada yaşayan Əli adlı şəxslə tanış olmuşdur. Həmin vaxtı o, özünə iş axtardığı üçün atası onun nömrəsini Əliyə vermişdir. Əli həmin vaxtdan ona zəng edərək bildirmişdir ki, FHN-nin Bakı şəhərində yerləşən idarələrin birində onu yanğınsöndürən kimi işə düzəldə bilər. Əli söz verdiyi iş üçün 10 000 manat pul istəmişdir. O, razılaşdıqdan sonra Əli İlqar adlı şəxsin nömrəsini verib Bakı şəhərinə getməyini bildirmişdir. xx.xx.2021ci il tarixdə o, Bakı şəhəri Nərimanov rayonundakı parkda İlqar ilə görüşmüşdür. İlqar bildirmişdir ki, Xətai metrostansiyasının yanında yerləşən FHN-nin kadrlar idarəsinə getməli olduğunu və səhərə 10000 manat pulu gətriməlidir. O, rayona qayıtmadan qohumlarımdan 10 000 manat borca pul alıb, səhərisi gün, yəni xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Xətai rayonu ərazisində yerləşən "İmişli" kafesində Rəşad, Əli və İlqarla birlikdə görüşmüşdür. Görüş zamanı Rəşad ona sivi yazdıraraq, hərbi biletini, şəxsiyyət vəsiqəsini və əmək kitabçasının surətlərini götürüb Rəşadın maşınında FHN-nin idarəsinə getmişlər. Orada idarənin qarşısında bir nəfər sənədləri qəbul etmişdir. Sonra onlar "İmişli" kafesinə qayıtmışlar. Təxminən 2 saat kafedə oturduqdan sonra Rəşada zəng gəlmiş, telefonla danışdıqdan sonra mənə bildirmişdir ki, "razılıq verilib". İlqar mənə bildirmişdir ki, 2022-ci ilin yanvar ayının 15-ə kimi iş həll olacaq. Sonra o, İlqarla birlikdə kafedən çıxıb Rəşadın avtomobilinə əyləşib əlbə əl İlqara 10 000 manat pulu vermişdir. Həmin vaxtı maşında İlqarla ondan başqa heç kim olmamışdır. Pulu verəndən sonra onlar kafeyə qayıtmışlar. Qayıdandan sonra Rəşad, Əli və İlqar kənara çəkilib bir müddət söhbət etdikdən sonra Əli ilə Rəşad çıxıb getmişlər, İlqar isə kafeyə qayıtmışdır. O, İlqarla bir az çay içdikdən sonra görüşüb ayrılmışdır. O, sonradan bilmişdir ki, həmin vaxt aldıqları pulu öz aralarında bölmüşlər. Bunu sonradan İlqar özü etiraf etmişdir. İlqarın ona dediyi vaxt tamam olanda o, onların hər üçü ilə əlaqə saxlayaraq işinin nə üçün uzandığını soruşmuşdur. Onlar ona hər dəfə səbirli olmağını deyirmişlər. 2022-ci ilin aprel ayında Rəşad ona FHN-nin həkim komissiyasından keçməli olduğunu bildirib Bakıya çağırdı. O, Bakıya gəlib Rəşadla görüşüb FHN-nin kadrlar idarəsinə getmişdir. Orada Rəşad telefonla kiminləsə danışıb ona bildirmişdir ki, işçilər yoxdur bir neçə gündən sonra gələr. 2022-ci ilin yay aylarında o, yenidən Rəşadla danışıb tək FHN-nin kadrlar idarəsinə getmişdir. O, ora gedib qapının ağzında NBM yazılan yerdə olan əməkdaşa komissiyadan keçməyə gəldiyini bildirmişdir. Həmin əməkdaş isə ona, "səni bura kim çağırıb, geri qayıt" demişdir. O, bu barədə İlqara məlumat vermişdir. İlqar ona Rəşadla danışıb xəbər edəcəyini bildirmişdir. Sonra İlqar ona zəng edərək sonra gəlməsini demişdir. Həmin vaxtdan İlqar, Rəşad və Əli onu gözlədərək müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışlar. Odur ki, Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Odur ki, verdiyi izahatın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ildən ümumi tanışları vasitəsilə Təqsirləndirilən şəxslə tanış olmuşdur. Həmin vaxtı İlqar Bakı Apelyasiya məhkəməsində hakim köməkçisi vəzifəsində çalışırmış. İlqarla münasibətləri yaxşı olub, hətta 800 manat borca pul da vermişdir. xx.xx.2021-ci il tarixdə İlqar onun əl telefonuna zəng edərək bir nəfər şəxsi FHN-ə işə düzəldib 10 000 manat pul alacağını deyib bu işdə sivi yazmağa köməklik etməyini xahiş etmişdir. O, İlqarla razılaşmışdır. İlqar ona FHN-nin kadrlar idarəsində çalışan dostu Nofəlin nömrəsini verib bildirmişdir ki, səhər onunla danışıb işə qəbul olunacaq adamı FHN-nin kadrlar idarəsinə aparıb sənədləri versin. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində İlqar ona zəng edərək Xətai metrostansiyasının yanında yerləşən "İmişli" kafesinə çağırmışdır. O, ora gələndə İlqardan başqa orada Əli və Cavid adlı şəxslər də var idi. O, həmin şəxsləri birinci dəfə idiki görürdü. Söhbət əsasında İlqar ona bildirdi ki, Cavidi FHN-ə işə düzəldir, ona sivi yazmağa köməklik etmək lazımdır. O, Cavidə sivi yazmağa köməklik edəndən sonra Cavidlə birlikdə FHN-nin kadrlar idarəsinə getmiş, idarənin qarşısında Nofəl ilə görüşmüşlər. O, sənədləri Nofələ verdikdən sonra Nofəl ona zəng edib cavab deyəcəyini bildirmişdir. O, Cavidlə birlikdə yenidən İmişli kafesinə qayıtmışlar. Təxminən saat yarım kafedə oturandan sonra Nofəl ona zəng edərək Cavidin işinin düzəlməsinin mümkün olduğunu bildirmişdir. O, bu barədə İlqara məlumat vermişdir. İlqar Cavidlə birlikdə kafedən çıxıb onun maşınına minmişlər. Təxminən 5- 10 dəqiqədən sonra İlqarla Cavid qayıtmışlar. Həmin vaxtı kənara çəkilib İlqar onlara bildirmişdir ki, Caviddən 10000 manatı almışdır. O, İlqar və Cavidlə görüşüb əli ilə birlikdə onlardan ayrılmışdır. Əlinin xahişi ilə 20 yanvar metrostansiyasının yanında düşürüb evinə getmişdir. Səhərisi gün o, İlqarla Xətai rayonu Neapol dairəsinin yanında gürşmüş və İlqar ona borclu olduğu puldan 400 manatını vermişdir. Cavidin işi deyilən vaxtı düzəlmədiyindən İlqar arada ona yığaraq Cavidi FHN-nin kadrlar idarəsinə göndərməyini xahiş etmişdir. O, da İlqarın dediyi kimi Cavidi FHN-nin kadrlar idarəsinə göndərirdi. X18 aldatdığını bilib dəfələrlə ona zəng edərək Caviddən aldığı pulu qaytarmasını, ona görə Cavidin şikayət edəcəyini bildirmişdir. İlqar isə hər dəfə ona narahat olmamağını yaxın vaxtlarda pulu qaytaracağını bildirmiş . Əlavə olaraq bildirmişdir ki, onun İlqarın Cavidi aldadaraq pulunun ələ keçirməsi niyyəti barədə heç bir məlumatı olmamışdır. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Şahid1 tərəfindən məhkəməyə göndərilmiş teleqramda qeyd olunmuşdur ki, ağır şəkər xəstəsi və ayaqlarında yara olduğu üçün məhkəmə iclasına gələ bilməmiş, istintaq dövründə verdiyi izahatı təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid X17 ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla Bakı şəhərində 3-cü mikrorayonda yerləşən çayxanada tanış olmuşdur. İlqar ona özünü dövlət idarələrinin birində çalışan vəzifəli şəxs kimi tanıtmışdır. Bildirmişdir ki, kimisə işlə təmin etmək lazım olsa ona müraciət etsin. 2021-ci ilin sentyabr ayında Cəlilabad rayonunda ziyarətgaha getdiyi zaman orada Zahid adlı bir şəxslə tanış olmuşdur. Söhbət əsasında Zahiid ona bildirmişdir ki, onun 35 yaşlı Salyan rayonunda yaşayan oğlu işsizdir. Onun üçün bir iş axtarır. İlqarın ona dediyi sözlərə görə Zahidə bildirmişdir ki, onun Bakı şəhərində dotu var onunla danışıb oğlu üçün bir iş tapa bilər. Bir birlərinin telefon nömrələrini götürərək ayrılmışlar. O, Lənkəran şəhərinə qayıtdıqdan sonra İlqara zəng edərək bir nəfərin işə qəbul olmaq istəməyini bildirmişdir. İlqar ona Fövqaladə hallar nazirliyində yanğınsöndürən kimi işə qəbul etdirə biləcəyini bildirib, bunun üçün 10000 manat pul istəmişdir. İlqarın ona dediklərini o Zahidin oğlu Cavidə bildirmiş və İlqarın telefon nömrəsini vermişdir ki, gedib Bakı şəhərində görüşüb özü danışsın. xx.xx.2021-ci il tarixdə axşam saatlarında İlqar ona zəng edərək Cavid ilə görüşdüyünü, problemsiz onun işini həll edə biləcəyini bildirmişdir. Xahiş etmişdir ki, səhər tezdən Cavidlə görüşəndə o da iştirak etsin. O, səhər tezdən Lənkəran şəhərindən çıxaraq Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən İlqarın dediyi İmişli kafesinə getmişdir. Orada İlqarın tanışı Rəşad adlı bir şəxs də var idi. O, Rəşadı birinci dəfəydi ki görürdü. Bir müddət kafedə oturduqdan sonra Cavid də onların yanına gəlmişdir. X20 tanış etmişdir. Rəşad Cavidə sivi yazmağa köməklik etdikdən sonra Cavidlə Rəşad yaxınlıqda olan FHN-ə getmişlər. Təxminən 1 saatdan sonra onlar geri qayıtmışlar. Bir müddət sonra Rəşada zəng gəldi və Rəşad İlqara bildirdi ki, Cavidin işə qəbul olmasının mümkündür. Bundan sonra İlqarla Cavid kafedən çıxıb təxminən 5 dəqiqə sonra geri qayıtmışlar. İlqar onları kənara çəkib bildirmişdir ki, o, Caviddən 10000 manat pulu alıb və yaxın vaxtlarda Cavidi söz verdiyi işə qəbul etdirəcək. Bundan sonra onlar sağollaşıb çıxıb getmişlər. O, Rəşaddan xahiş etmişdir ki, onui 20 yanvar metrostansiyasının yanında düşürsün. Rəşad onu 20 yanvar metrostansiyasının yanında düşürmüşdür. O, taksi tutaraq Lənkəran şəhərinə evinə qayıtmışdır. Bu hadisədən təxminən 3-4 gün sonra İlqar Lənkəran şəhərinə gəlib onunla görüşüb borclu oluğu 3000 manatdan 1000 manatını vermişdir. Bildirmişdir ki, qalan hissəsini yaxın vaxtlarda qaytaracaq. Belə ki, xx.xx.2021-ci il tarixdə İlqar ondan notarial qaydada 3000 manat borca pul almışdı. Əlavə olaraq bildirmişdir ki, onun İlqarın Cavidi aldadaraq pulunun ələ keçirməsi niyyəti barədə heç bir məlumatı olmamışdır. Eyni zamanda, iş materiallarına əlavə olunmuş şahid X17 tərəfindən məhkəməyə göndərilmiş teleqramda qeyd olunmuşdur ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmiş, istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, ümumi tanışları vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Onunla münasibətləri daim yaxşı olub. 2021-ci ilin dekabr ayının sonlarında İlqar ona zəng edərək bir nəfər şəxsin FHN-ə işə düzəlməsi üçün sənədlərinə baxmağını xahiş etmişdir. Belə ki, İlqar bilirdi ki, o, həmin vaxtı Xətai metrostansiyasının yanında kafe işlətdiyinə görə nahar fasiləsində FHN-nin əməkdaşları onun işlətdiyi kafeyə gəlib gedirdilər. Onların bir çoxu ilə münasibətləri yaxşı olub. İlqar ona Rəşad adlı bir dostunun nömrəsini verib bildirmişdir ki, ona zəng edib işə düzəlmək istəyən bir şəxslə gələcək və sənədləri ona təqdim edəcək. Ondan sənədlərə baxıb həmin şəxsin işə düzəlməsinin mümkün olub olmamasını deməyini xahiş etmişdir. O, Xətai metrostansiyasının yanındakı FHN-nin qarşısında görüşməyi razılıq vermişdir. Bir müddət sonra Rəşad ona zəng edərək bir nəfər tanımadığı şəxslə FHN-nin qarşısına gəlib görüşmüşlər. Rəşad ona yanındakı şəxsin sivisini, şəxsiyyət vəsiqəsinin, hərbi biletin, atestatının surətlərini vermişdir. Həmin vaxt tələsdiyi üçün o, bildirmişdir ki, sənədlərə baxıb xəbər edəcək. Bundan sonra işlədiyi kafeyə qayıdıb sənədlərə baxmış, eyni zmanda FHN-ə işə qəbulla bağlı onlayn müraciət formasına baxıb Rəşada zəng edərək təqdim edilən sənədlər əsasında həmin şəxsin FHN-ə işə qəbul olmasını mümkünlüyünü bildirmişdir. Sonradan İlqardan heç bir xəbər ala bilmədiyindən işə qəbulla bağlı müraciət etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 15 avqust 2023-cü il tarixli cinayət işinin başlanılmasını rədd edilməsinə dair qərarın ləğv olunaraq cinayət işinin başlanılıb aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında RPİ-nin TŞ-də toplanmış 488/23 nömrəli material üzrə TŞ-nin baş təhqiqatçısı, polis mayoru Nurlan Ağazadə tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsinə dair 13 may 2023cü il tarixli qərar ləğv olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (i.v. 1) - 13 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanılması rədd edilmişdir; (i.v. 24-25) - 21 avqust 2023-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; (i.v. 29) - 29 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v. 31) - 02 dekabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs 3000 (üç min) manat məbləğində pulu borc vermiş, “borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür; (i.v. 50) - 15 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v. 52) - 21 may 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir; (i.v. 65) - 22 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v. 80-81) - 22 may 2024-cü il tarixli seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs – xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır; (i.v. 91) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 06 iyun 2024-cü il tarixli tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.1, 68.1.1-1, 66.5-ci maddələri ilə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2021-ci il tarixdə isə cazasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azdlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs sözügedən dələduzluq cinayətini xx.xx.2021-ci il tarixdə törətməsinə baxmayaraq həmin xüsusat üzrə o, xx.xx.2024- cu il tarixdə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsini nəzərə alaraq sonuncunun əməlində cinayətlərin residivi yaranmır. Bundan başqa, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 234.1-1-ci maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; (i.v. 97-105) - Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli 1(101)-1021/2024 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 1-ci, 178.2.2-ci, 178.2.4-cü və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İmamverdiyev liqar Valeh oğluna qəti olaraq 5 (bes) il 6 (alti) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 iyun 2023-cü il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cozanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; (i.v. 180-238) - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 1(103)-2216/2024 saylı qərarının surətindən görünür ki, məhkum edilmiş şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxs X2 nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 1(101)-1021/2024 nömrəli hökmü mülki iddia hissəsində dəyişdirilmişdir. Zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş mülki iddia təmin edilmiş və 13.500 (on üç min beş yüz) manat pul məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs X4 qaytarılması qərara alınmışdır. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 23 iyul 2022-ci il təvəllüdlü X7, 22 iyun 2012-ci il təvəllüdlü X5 və 08 aprel 2015-ci il təvəllüdlü X1 İlqar Valeh oğlunun övladlarıdır; (i.v. 106-107) - 24 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır; (i.v. 109-116) - 14 iyun 2024-cü il tarixli ittiham aktının təsdiq edilmədən cinayət işinin əlavə istintaqa qaytarılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Xətai RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Tural Məşədiyev tərəfindən 10 06.2024-cü il tarixdə tərtib edilmiş ittiham aktı təsdiq edilməmiş və cinayət işi əlavə ibtidai istintaq aparılmasından ötrü Xətai RPİ-nin İstintaq şöbəsinə qaytarılmışdır; (i.v. 130-132) - 19 iyun 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; (i.v. 133) - 21 iyun 2024-cü il tarixli ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, 5 ayadək, yəni 21 avqust 2024-cü il tarixədək uzadılmışdır; (i.v. 139-140) - 09 iyul 2024-cü il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, xx.xx.1979-cu ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şahid1 olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərancamına verilməsi məqsədi ilə barəsində axtarışı elan olunmuşdur; (i.v. 146) - 09 iyul 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v. 148) - Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 15 iyul 2024-cü il tarixli 61№-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs özünü ailədə, yaşadığı məhəllədə nümunəvi aparmaqla, qonşularla yaxşı münasibət saxlayır və məhəllə daxili tədbirlərdə fəal iştirak edir. Təqsirləndirilən şəxs haqqında Xətai rayonun 4 nömrəli Sahə inzibati Ərazi dairəsinə nə yazılı və ya şifahi şəkildə heç bir şikayət daxil olmamışdır; (i.v. 151) - 06 avqust 2024-cü il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində axtarış elan edilmiş Şahid1 istintaq orqanına gələrək səhhəti ilə əlaqədar mobil telefonu işlətmədiyinə görə onunla əlaqə saxlanılmadığını, istintaqa gəlməli olduğunu bildiyi anda könüllü olaraq istintaq orqanına təhvil olmasını bildirmişdir; (i.v. 152) - 06 avqust 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir; (i.v. 154) - 07 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v. 167-168) - 07 avqust 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs xx.xx.1979-cu il tarixdə Səlyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış. Səlyan rayonu Kərimbəyli kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Şahid1 barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilsin; (i.v. 175) - 12 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ləğv edilməsi haqqında Xətai rayon prokurorunun qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs cəlb edilməsi barədə Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Tural Məşədiyevin xx.xx.2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir; (i.v. 240-243) - 19 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. (i.v. 246-253) - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 01 iyul 2023-cü il tarixli məlumatın verilməsindən görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlillik var. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş-beyin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-9 dəfə). Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ikinci dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayətlərin residivi iş üzrə cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1021/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə, ona qəti cəzası təyin edilməlidir. Çəkilən cəza qəti cəza müddətinə hesablanmasını nəzərə almaqla cəzasının əvvəli 02 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şəxsin bilavasitə tutulduğu tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz qalınmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1021/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 02 iyun 2023-cü il tarixdən hesablansın; Təqsirləndirilən şəxs digər cinayət işi üzrə hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-42/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-42/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver